Musiqi ictimaiyyəti Üzeyir Hacıbəylinin adının akademiyaya qaytarılmasına sevinir


Azərin: “Mən oranı həmişə Üzeyir bəyin adına tanımışam

 

Üzeyir Musiqisi Günündə Azərbaycanın musiqi sənətini yüksəklərə qaldıran Üzeyir Hacıbəylinin ruhu şah edildi. Prezident İlham Əliyev Bakı Musiqi Akademiyasına Üzeyir Hacıbəylinin adının qaytarılması ilə bağlı sərəncam verdi. Musiqi ictimaiyyəti bu addımı təqdir edir.

Bakı Musiqi Akademiyasından dahi bəstəkarın adının götürülməsi bir çox problemlərə səbəb olmuşdu. Bütün musiqi ictimaiyyəti buna etiraz edərək, adın qaytarılmasını tələb edirdi. Hətta akademiyanın tələbələri bununla bağlı aksiyalar da keçirirdilər. Akademiya rəhbəri Fərhad Bədəlbəyli öz növbəsində akademiyaya Ü.Hacıbəylinin adının qaytarılmasını təkidlə tələb edirdi. Sonradan bəstəkarın adının qaytarılacağına əmin olunduqdan sonra söz-söhbətlərə son qoyuldu. Nəhayət, musiqi bayramında adın qaytarılması ilə musiqi ictimaiyyəti sevinməyə ikinci səbəb tapdı. Musiqi bayramı münasibətilə silsilə tədbirlər keçirildi. Müxtəlif mədəniyyət ocaqlarında konsertlər, teatrlarda tamaşalar nümayiş olundu.

Hazırda mədəniyyət xadimləri hesab edir ki, Ü.Hacıbəylinin adının akademiyaya qaytarılmaması mümkün deyildi. Onlar təmir olunan akademiyaya baxıb, keçmiş illərini doyunca xatırlayıblar. Bəstəkar Faiq Sücəddinov isə daha çox kövrəlib. Həm adın qaytarılmasına sevinib, həm akademiyanı gəzərək, keçmiş illərini xatırlayıb: “Üzeyir Hacıbəylinin adının qaytarılmasına çox sevindim. Bu belə olmalıydı. O vaxtlar Mərkəzi Komitədə Üzeyir bəyin adının akademiyaya verilməsi fikri meydana gəlmişdi. Ziyalılar məsləhətləşdikdən sonra ad akademiyaya verildi. Sonra isə xoşagəlməz hadisə baş verdi. Yəni ad akademiyadan götürüldü. Bir il əvvəl bununla bağlı sorğu aparılmışdı. Sual belə idi: “Üzeyir Hacəbəylinin adının qaytarılmasını istəyirsiniz, ya yox”. Üzeyir Hacıbəyli Azərbaycan musiqisinin banisidir. Dünən akademiyanı gəzərkən keçmiş illəri xatırladım. Əvvəlki illərə qayıtdım. Akademiyanın ikinci mərtəbəsində Azərbaycan musiqiçilərinin-Qara Qarayev, Niyazi, Bülbül başqalarının şəkillərini görüb çox sevindim”.

F.Sücəddinov onu da bildirdi ki, Ü.Hacıbəylinin adının qaytarılması bir çoxlarına nümunə olacaq. Sənət adamlarının adlarına qarşı humanist münasibət nəticəsində onlar tarixdə qala bilərlər: “Heç kim unudulmamalıdı. Sənət zirvəsi sayılan insanların adlarına qarşı hümanist münasibət olmasa, onlar tarixdə yaşaya bilməzlər. Biz sənətkarlarımızı yaşatmalıyıq”.

Müğənni Azərin isə Ü.Hacıbəylinin adının akademiyadan götürülməsini heç vaxt qəbul etmədiyini, tez bir zamanda adın akademiyaya veriləcəyinə də əmin olduğunu dedi: “Açığı, Üzeyir bəyin adının akademiyadan götürülməsinə heç fikir vermirdik. Bizim üçün akademiya həmişə Üzeyir bəyin adına olub. Həm ad axır-əvvəl qaytarılmalı idi. Bunun başqa yolu yoxdur. Haqq həmişə yerini tapır. Sevinirik ki, rəsmi formada ad akademiyaya verildi”.

Digər bəstəkar Gövhər Həsənzadə də bu sərəncama çox sevinir. F.Sücəddinov kimi onun da, Ü.Hacıbəylinin adını daşıyan akademiya ilə bağlı kövrək xatirələri çoxdur: “Çox sevinirəm, belə olmalıydı. Mən Üzeyir Hacıbəyli adına Dövlət Konservatoriyasını bitirmişəm. Bununla da fəxr edirəm. İndi çox məmnunam. Bu dahi insan Azərbaycanın musiqi sənətini inkişaf etdirib. Onun adı Azərbaycan incəsənətinin başında durur. Bilirsiniz ki, bizim professional musiqi sənətimiz onunla başlayıb. Onun yaradıcılığına bir nəzər salın. Görün bu insan nələr qoyub gedib. Hamı kimi bu xəbərə mən çox sevindim prezidentin sərəncamını çox yüksək qiymətləndirirəm”.

İki sahil.- 2008.- 20 sentyabr.- S. 16.