Novruz bayramını qeyd edən
ölkələrin ikinci
əlaqələndirici iclası başa
çatıb
7 ölkənin
Novruz Beynəlmiləl Faylı razılaşdırılıb
Novruz
bayramının Bəşəriyyətin Qeyri-Maddi
Mədəni İrsinin Reprezentativ Siyahısına daxil
edilməsi ilə əlaqədar bu günlərdə Tehran
şəhərində Novruz bayramını qeyd edən
ölkələrin ikinci əlaqələndirici iclası
keçirilmişdir. İclasda Azərbaycan, İran,
Qırğızıstan, Pakistan, Tacikistan, Türkiyə
və Özbəkistanın nümayəndələri
iştirak etmişlər. İclasda Azərbaycanı
Mədəniyyət və Turizm Nazirliyinin mədəniyyət
siyasəti şöbəsinin müdiri Fikrət Babayev
və Nizami adına Azərbaycan Milli Ədəbiyyat Muzeyinin
beynəlxalq əlaqələr şöbəsinin müdiri
Şəfəq Əlibəyli təmsil etmişlər.
25 avqust tarixində keçirilmiş iclasın rəsmi
açılışında İran İslam Respublikasının
vitse-prezidenti, mədəni irs, əl işləri
və turizm təşkilatının rəhbəri E.Maşaei,
YUNESKO-nun Tehrandakı ofisinin direktoru Qun Li Hun, YUNESKO-nun
İran Milli Komissiyasının baş katibi Reza Seidabadi
çıxış ediblər. 3 gün davam etmiş
gərgin müzakirələr nəticəsində 7
ölkənin Novruz Beynəlmiləl Faylı razılaşdırılmış,
fayla əlavə ediləcək videofilm və fotoşəkillər
hazırlanmışdır. Sənədlərdə
və foto-video materiallarda bütün ölkələr
bərabər səviyyədə təmsil olunmuşdur.
Sənəddə yalnız Novruz bayramını xarakterizə
edən və bütün ölkələr
üçün müştərək olan cəhətlər
saxlanılmışdır. Qeyd edilən sənədlər
və foto-video materiallar sentyabr ayının ortalarına
kimi hər bir ölkəyə göndəriləcək
və rəsmi razılıq məktubu əldə edildikdən
sonra sentyabr ayının 30-dək YUNESKO-ya təqdim ediləcək.
Səs.- 2008.- 4 sentyabr.-
S. 12.