Mükərrəmoğlu M.
Azərbaycan
torpağı bəşər mədəniyyətini
zənginləşdirən elə simalar yetirmişdir ki, onlar
xalqımızın əbədi şöhrəti kimi
yaşamış, yaşayır və yaşayacaqdır. Azərbaycan xalqına əbədi şöhrət
qazandıran belə dahi şəxslərdən
biri də böyük bəstəkar
Üzeyir Hacıbəyovdur.
Üzeyir Hacıbəyov
irsi bitib-tükənməz xəzinədir.
Bu dahi bəstəkarın əsərləri üzün
illərdir ki, xalqımızı mənəvi
saflığa səsləyir,
onun şöhrətini
dünyaya yayır. İlk milli operanın — “Leyli və Məcnun”un yaranmasından 100 il ötdü. ”Koroğlu" operası dünyanın neçə-neçə ölkəsinin
səhnələrində
göstərilib. Xalqımız
öz dahi övladının yaradıcı
irsinə həmişə
böyük hörmət
və məhəbbətlə
yanaşır. Təsadüfi
deyil ki, bu böyük sənətkarın anadan olduğu gün Azərbaycanda Milli Musiqi Günü kimi hər il
bayram edilir. Bu gün yenə
musiqi bayramıdır,
Üzeyir bəyin doğulduğu gündür.
Bu münasibətlə
hansı tədbirlər
keçiriləcək?
Bu suala cavab tapmaq
üçün dünən Mədəniyyət və Turizm
Nazirliyinin mətbuat xidmətinə müraciət etdik. Bildirdilər ki, artıq tədbirlərə
başlanılmışdır. İlkin olaraq MDB ölkələrinin Gənclər
Simfonik Orkestrinin Azərbaycan Dövlət Filarmoniyasında konserti keçirildi. Ayın 18-də isə səhərdən görkəmli
siyasət və mədəniyyət xadimləri
Fəxri Xiyabanda Üzeyir bəyin məzarını ziyarət
edəcəklər.
Sonra Bakı Musiqi Akademiyası qarşısında Üzeyir
Hacıbəyov adına
Azərbaycan Dövlət
Simfonik Orkestrinin, Dövlət Xor Kopellasının və Müdafiə Nazirliyinin Hərbi Orkestrinin iştirakı ilə ənənəvi konsert keçiriləcək.
Bu gün həm də
Azərbaycan bəstəkarlıq məktəbinin 100
illiyinə həsr olunmuş “Azərbaycan
bəstəkarlıq irsinin tədqiqi–dünən və bu
gün” adlı elmi-praktik konfrans keçiriləcək.
Tədbir Azərbaycan Musiqi Mədəniyyəti Dövlət
Muzeyində olacaq.
Dahi bəstəkarın
ev muzeyində keçirilən tədbir isə daha
əhatəli təşkil ediləcək.
Opera və Balet
Teatrında yeni teatr mövsümünün
açılışı da nəzərdə tutulmuşdur. Mövsümün açılışı
“Koroğlu” operası
ilə olacaq. Musiqili Komediya Teatrında isə bəstəkarın “O olmasın,
bu olsun” tamaşası göstəriləcək.
Ölkənin
bütün klub və mədəniyyət evləri dahi
bəstəkarın ad günü münasibətilə
müxtəlif tədbirlər hazırlamışlar. Sentyabrın 19-na qədər
həmin tədbirlərin
davam etdirilməsi nəzərdə tutulmuşdur.
Ağcabədi rayonunda
Üzeyir Hacıbəyov adına Parkın və “Qarabağ
Musiqi Mərkəzi”nin də açılışı olacaq.
Respublikanın
kinoteatrlarında “Üzeyir Hacıbəyov” sənədli
və “Üzeyir Hacıbəyov: Uzun ömrün
akkordları" bədii filmləri, həmçinin
böyük bəstəkarın əsərləri
əsasında lentə alınmış “Arşın mal
alan”, “O olmasın, bu olsun” filmləri nümayiş etdiriləcək.
Xalq qəzeti.- 2008.- 18 sentyabr.- S.
6.