Nəcəfov F.

Milli operamızın iftixarı

 

 

Özünün ölməz əsərləri ilə milli opera sənətimizi yüksəklərə qaldıran xalqımızın istedadlı bəstəkarı, Azərbaycan peşəkar operasının banisi Üzeyir Hacıbəyov milli dəyərlərimizin və yaradıcılıq qüdrətimizin təbliği sahəsində misilsiz xidmətləri ilə tanıyır. Ü.Hacıbəyovun adı çəkiləndə ilk növbədə onun bəstələdiyi "Leyli və Məcnun", "Əsli və Kərəm", "Koroğlu" operaları yada düşür. Görkəmli opera sənətçilərindən Hüseynqulu Sarabski, Hüseynağa Hacıbababəyov, Bülbül, Şövkət Məmmədova, Ağababa Bünyadzadə, Sona Bağırova, Həqiqət Rzayeva, Məmmədtağı Bağırov, Əhməd Anatollu və başqaları adı çəkilən operalardan müxtəlif ariyaların, duetlərin, mahnı və romansların ilk ifaçıları olmuşlar.

1932-ci ildə Ü.Hacıbəyov Azərbaycan radiosunda ilk notlu xalq çalğı alətləri orkestri yaratdı. O, bu orkestrin bədii rəhbəri və baş diriyoru idi. Elə həmin ildə bəstəkar xalqımızın qəhrəmanlıq dastanı olan "Koroğlu" operası üzərində işə başladı. Operanın mətnini, xüsusən əsərdə ifa olunan ariya və mahnıların sözlərini o illərdə radionun ədəbi hissə müdiri Məmməd Səid Ordubadi yazırdı. Hər iki müəllif opera üzərində beş ilə yaxın birgə işləyərək gərgin əmək sərf etmişdilər.

Azərbaycan Radiosunun ilk diktorlardan biri, Əməkdar artist Soltan Nəcəfov o illərlə bağlı xatirələrində yazıb:

"...Söhbət zamanı Ordubadi bizə deyərdi: "Üzeyir bəylə işləməkdə çox çətinlik çəkirəm. O, yazdığı ariyanın melodiyasını bir necə dəfə dəyişir, yeni təkliflər ortaya atır, bu isə yazdığım şerin ölçüsünə düz gəlmir, ona görə də şerin vəznini və ya qafiyəsini tez-tez dəyişməyə, həm də sözləri təzələməyə məcbur oluram".

Sonra özü bu tələbkarlığa haqq qazandırırdı: "İşin gedişi göstərir ki, hər halda ortalığa yaxşı əsər çıxacaq. Çox vaxt operanın mətni üzərindəki işimiz özümüz də hiss etmədən gecə yarıyadək uzanırdı. Üzeyir bəyin həyat yoldaşı Məleykə xanımın armudu stəkana süzdüyü və arabir təzələdiyi pürrəngi çay, süfrədəki dadlı mürəbbələr aramızda yaranan gərgin vəziyyəti və yorğunluğu yaddan çıxarırdı".

Söhbətdən belə məlum olurdu ki, bəstəkar Koroğlu rolunun ifaçısı Bülbülü də vaxtaşırı evinə dəvət edib bəstələdiyi ariyanı özü fortepianoda çalar və Bülbülə oxudarmış. Ordubadinin dediyinə görə, Bülbül Koroğlunun ariyasını ifa edərkən bəzi yerlərdə melodiyanın daha təsirli olması üçün verdiyi təklifləri Üzeyir bəy də bəyənərək qəbul edib".

Nəhayət. operanın yaranması yolunda sərf edilən gərgin yaradıcılıq əməyi öz gözəl bəhrəsini verdi. Xalqımızın mübariz oğlu Koroğlunun qəhrəmanlığından bəhs edən opera 1936-cı ildə tamaşaya qoyulmaq üçün M.F.Axundov adına Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrına təhvil verilir.

Hələ ilk tamaşadan iki il əvvəl operanın ayrı-ayrı parçaları, xüsusən Koroğlu və Nigarın ariyaları Bülbül, Yaqub Rzayev, Gülarə İsgəndərova və radionun o zamankı vokal qrupunun solistlərindən Ruqiyyə Çobanzadə və başqa müğənnilər tərəfindən dəfələrlə efirdə səslənmiş və Bakının müxtəlif konsert salonlarından radio ilə yayımlanmışdı. Tamaşaçıları və dinləyiciləri yeni operanın məzmunu ilə daha yaxından tanış etmək yolunda bəstəkarın bu faydalı təşəbbüsü mühüm rol oynamışdı.

"Koroğlu" operasının ilk tamaşası 1937-ci il aprelin 30-da Azərbaycan radiosu ilə translyasiya edildi. Operada rollar bu cür bölüşdürülmüşdü: Koroğlu-Bülbül, Nigar-Gülara İsgəndərova, Həsən xan-Məmmədtağı Bağırov, Alı-Əydər Sultanov, Ehsan paşa-Əli Zülalov, İbrahim xan-Böyükağa Mustafayev, Həmzə bəy-Hacıbala Hüseynov, Xanəndə qız-Məhbubə Paşayeva, Təlxək-Qulam İsgəndərov, 1-ci əyan-İsmayıl Eloğlu. Libretto müəllifi Həbib İsmayılov, quruluşcu reyissor İsmayıl Hidayətzadə idi. İlk tamaşada Ü.Hacıbəyov özü diriyorluq edirdi.

S.Nəcəfov xatirələrində bu tarixi translyasiya haqqında yazır:

"Həmin gün mən studiyada növbətçi diktor idim. Fasilələrdə hər pərdənin ayrıca məzmununu oxumaqla bərabər rolları ifa edən aktyor heyəti ilə dinləyiciləri tanış edirdim. Yaxşı yadımdadır, tamaşanın ilk günü pərdə aralarındakı fasilə 30-40 dəqiqəyədək uzanırdı. Bu uzun sürən fasilələr isə operaya böyük maraqla qulaq asan dinləyiciləri çox darıxdırdığına görə onlar tez-tez radio studiyasına zəng edib növbəti pərdənin nə vaxt başlanacağını xəbər alırdılar.

Operanın 3-cü -"Çənlibel" pərdəsi arasındakı fasilə vaxtından çox uzanmışdı. Bunun səbəbini telefonla opera teatrındakı növbətçi texnikimiz Fərid Tuquşevdən xəbər aldıqda o bizə bildirdi ki, operanın 3-cü pərdəsində Koroğlu səhnəyə atla gəlməlidir. Lakin səhnədə iştirakçıların çoxluğundan və hay-küydən at hürkmüşdü və Bülbül onu ram etməyə çalışırdı.

Fasilə çox uzansa da Koroğlunun at belində səhnəyə gəlişi tamaşaçılar tərəfindən uzun zaman arası kəsilməyən gurultulu alqışlarla qarşılandı.

Ümumiyyətlə, "Koroğlu" operasının ilk təntənəli tamaşasında teatrda bayram əhval-ruhiyyəsi hiss olunurdu.

M.Maqomayev ağır xəstə olmasına baxmayaraq, operanın premyerasında iştirak edirdi. Lakin özünü pis hiss etdiyi üçün əsərə 3-cü pərdəyədək baxa bilib. Ertəsi günü ona baş şəkməyə gedərkən tamaşa haqqında rəyini xəbər aldım. Müslüm bəy "Koroğlu"ya yüksək qiymət verməklə bərabər təəssüflə dedi: "Heyif ki, bu operaya axıradək baxmaq mənə qismət olmadı!"

Mərhum bəstəkarın yüksək qiymət verdiyi "Koroğlu" operası az vaxt içərisində tamaşaçıları valeh edən qiymətli sənət əsərinə çevrildi.

Operanın 4-cü pərdəsində Koroğlunun oxuduğu "Çünki oldun dəyirmançı, çağır gəlsin dən Koroğlu" aşıq mahnısı xalq arasında dillər əzbəri olub. Radioda verilən konsertlərdə bəzi müğənnilər də bu operadakı aşıq mahnısını tar və kamançanın müşayiətilə dəfələrlə tərənnüm etmişlər".

1938-ci il aprelin 5-də Azərbaycan incəsənətinin Moskvada keçirilən dekadası zamanı Böyük Teatrın səhnəsindən translyasiya edilən "Koroğlu" operasının səsi bir çox Respublikalara yayıldı. Ümumiyyətlə, "Koroğlu" operası Moskva tamaşaçıları qarşısında üç dəfə oynanıldı. Orkestrə əməkdar incəsənət xadimi Əşrəf Həsənov diriyorluq edirdi.

Ümumittifaq radiosunun musiqi redaksiyası həmin tamaşanın tonfilmə yazılmış nüsxəsini Azərbaycan radiosuna hədiyyə göndərib.

1956-cı il avqustun 20-də M.F.Axundov adına Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının artistləri, xoru və simfonik orkestrinin iştirakilə "Koroğlu" operasının radio versiyası lentə yazıldı. Orkestrə SSRİ xalq artisti Niyazi diriyorluq edirdi. Aparıcının sözlərini isə Respublikanın Xalq artisti Əli Zeynalov oxuyurdu. Koroğlunun rolunu opera səhnəmizin unudulmaz görkəmli xadimi, SSRİ Xalq artisti Bülbül ifa edirdi. Bu radio-tamaşada Vera Abışeva-Nigar, Ağababa Bünyadzadə-Həsən xan, Hacıbala Hüseynov-Həmzə bəy, Qulam İsgəndərov-Təlxək, Rəhilə Cabbarova isə Xanəndə qız rolunda çıxış etmişdilər. Bu radio-tamaşa ilk dəfə 1956-cı il sentyabrın 14-də efirdə səsləndi.

İllər ötdükcə opera səhnəsindən və efirdən yeni-yeni "koroğluların" və "nigarların" qəlbə yatan xoş təranələri səsləndi. Firəngiz Əhmədova, Firuzə Muradova, İbrahim Cəfərov, Lütfüyar İmanov, Adil Məlikov və başqaları opera sevərlərin dərin rəğbətini qazana bildilər.

1959-cu ilin mayın 22-də Moskvada Azərbaycan incəsənəti və ədəbiyyatı ongünlüyü keçirildi. Ü.Hacıbəyovun "Koroğlu" operası dekadanın ən gözəl sənət nümunəsi kimi yenə də paytaxt ictimaiyyətinin hüsn-rəğbətini qazandı.

Mayın 24-də başlanan birinci tamaşada SSRİ Xalq artistləri Bülbül, Firəngiz Əhmədova, Respublikanın Xalq artisti Ağababa Bünyadzadə və teatrın əsas aktyor heyəti iştirak etdi. Mayın 28-də göstərilən ikinci tamaşada isə opera teatrının gənc aktyorlarından Lütfüyar İmanov-Koroğlu, FiruzəMuradova-Nigar, Mürsəl Bədirov-Alı, Faiq Mustafayev-Həsən xan rollarının ifaçıları kimi ilk dəfə belə möhtəşəm tədbirdə çıxış etdilər. Bu çıxış həm də onlar üçün öz ustadları qarşısında ən mühüm və çətin bir imtahan idi. Gənc aktyorlar bu çətin imtahandan alnıaçıq çıxdılar. Onların ilk uğurlu çıxışları tamaşaçılar tərəfindən hərarətlə alqışlandı. Bu tamaşa translyasiya zamanı lentə yazılaraq Azərbaycan radiosunun fonotekasının "Qızıl fondu"na daxil edilib.

Hər dəfə Üzeyir bəy yadigarı olan bu qiymətli sənət incisini dinlədikcə, o böyük sənətkarın ölməz ruhu qarşısında baş əyməyə bilmirsən.

 

Kaspi.- 2008.- 17 sentyabr.- S. 11.