Xəlilzadə F.

Bir ömrün əfsanəsi

 

2004-cü il mayın 10-da M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında bəstəkar Arif Məlikovun ümummilli lider Heydər Əliyevə ithaf etdiyi 8-ci simfoniyasının - "Əbədiyyət"in ilk ifası oldu. Dövlət mükafatı laureatı, xalq artisti Rauf Abdullayevin dirijorluq etdiyi, Ü.Hacıbəyov adına Azərbaycan Simfonik orkestrinin və solist Rəşidə Behbudovanın ifası ilə səsləndirilən bu möhtəşəm musiqinin təsiri xeyli müddət zalda qəribə bir sakitlik yaratdı. Bir neçə saniyə sürən qeyri-adi fasilədən sonra salonu bürüyən sürəkli alqışlar sanki bir daha "Əbədiyyət"in sonsuzluğunu təsdiq edirdi. Bu hadisədən dörd il keçsə də, o qeyri-adi musiqinin varlığımıza hopmuş sədaları bizi yenə də həmin aləmə çəkir. Nədənsə tez-tez eşitmək istəyirik əbədiyyət haqqında bəstələnmiş o musiqini. İndiyə kimi filarmoniyada keçirilən simfonik konsertlərdə belə bir məqama təsadüf olunmamışdı ki, əsərin ifası bitəndən sonra dərhal alqış olmasın. Arif Məlikovun qüdrətli musiqisi elə bir zirvədə qərar tutmuşdu ki, burada həyat bütün tufanları, qasırğaları, sakitliyi, rahatlığı, olum və ölümü ilə tərənnüm edilirdi. İnsanlar elə bir ruhi aləmin sehrinə düşmüşdülər ki, ifa başa çatandan sonra zalda yaranmış müəyyən sakitliyin də öz mənası var idi. Sanki tufan yatdı, günəş doğdu və qəfildən alqış sədaları salonu bürüdü. Bu əsərin ən böyük təsir gücü onda idi ki, həyatdakı səslərin hamısının musiqi ifasına nail olunmuşdu. İnsan həyat uğrunda çırpınır, yüksəkliyə qalxır və enir, əbədiyyətin yolçusuna çevrilirdi. Yarım saatdan artıq davam edən "Əbədiyyət" Azərbaycan musiqi mədəniyyətinin növbəti bir sənət zirvəsinə ucaldı.

Əlbəttə, ötən əsrdə Azərbaycanın çox qüdrətli bəstəkarları olub. Onların haqqında fikirləşəndə heyrətə gəlirsən: Üzeyir Hacıbəyov, Qara Qarayev, Fikrət Əmirov, Soltan Hacıbəyov, Cövdət HacıyevE və bu parlaq sıradan bizə qənimət və yadigar qalan, müasirimiz olan, dünyanı dolaşan şöhrətindən qürur duyduğumuz Arif Məlikov. Onlar təkcə Azərbaycan mədəniyyətinin deyil, bəşər incəsənətinin korifeyləridir. Qürur duymalı haldır ki, millətimizin sənətkar oğlu Arif Məlikov dünya simfonistlərinin nəhənglərindən sayılır. Məşhur musiqiçilərin Arif Məlikov yaradıcılığı ilə bağlı fikirlərini oxuduqca onun sənətinə olan bəşəri marağın, pərəstişin, sözün əsl mənasında vurğunluğun səbəblərini anlayırsan. Arif Məlikovun musiqisində fikir dərinliyi, gözəllik, qeyri-adilik, coşqunluq, müasirlik və bunların vəhdətində orkestri ustalıqla cazibəyə salaraq təbii ahəngdə idarə etmək qabiliyyəti çox güclüdür. Əslində heç kəsə qismət olmayan məhz Arif Məlikovun taleyinə yazılmış bir ömrün əfsanəsi yarım əsrdən çoxdur ki, dünyanın sənətsevərlərini öz cazibəsində saxlamaqdadır.

Arif Məlikov 13 sentyabr 1933-cü ildə Bakıda anadan olub. Bu gözəl şəhərdə böyüyüb, oxuyub. Uşaq vaxtı valideynləri ilə birlikdə ən çox getdiyi ünvan Opera və Balet Teatrı olub. "Leyli və Məcnun"a, "Əsli və Kərəm"ə, "Koroğlu"ya baxıb. Avropa sənətkarlarından Verdinin, Çaykovskinin operaları onu xüsusilə valeh edib. Uşaqlıqda kitaba elə güclü meyil göstərib ki, çoxu onun gələcəkdə mütləq ədəbiyyatçı olacağını sanırmış. 14 yaşında ikən aydınlaşıb ki, Arifin musiqiyə güclü məhəbbəti var. Valideynləri ona tar da alıblar. Əvvəllər musiqi duyumunun gücünə tanış melodiyalar səsləndirən Arif sonralar onlara şəxsi improvizasiyalarını əlavə edərmiş.

A.Zeynallı adına musiqi məktəbində oxuyanda Arif bir gün küçədə təsadüfən Üzeyir Hacıbəyovu görür. 15 yaşlı Arif böyük bəstəkarın arxasınca qarabaqara gedərək bir neçə məhəllə keçib. Gözlərini Üzeyir Hacıbəyova dikərək yol getdiyindən kiməsə toxunub. "Korsan" sualını eşidib. Amma o günləri yada salan bəstəkar şərafətlə söyləyib: "Mən kor deyildim, mən görürdüm, mən canlı Hacıbəyovu görürdüm". Üzeyir bəylə bağlı ikinci görüş isə ona dünyanın ən böyük kədər və sarsıntısını bağışlayıb. Arif Məlikov 1948-ci ilin payızında dahi bəstəkarın ölümündən çox təsirlənib. O ağır günlər gənc musiqiçinin qəlbində dərin izlər salıb.

1953-cü ildə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasına daxil olan Arif Məlikov Qara Qarayevin sinfində dərs alıb. Böyük bəstəkarın dərslərini, sinif saatlarını, söhbətlərini, tapşırıqlarını bütün təfərrüatı ilə bugünə kimi yaddaşında saxlayan və onun tövsiyələrinə həmişə əməl edən Arif Məlikov hələ birinci kursda oxuyarkən çoxlu musiqi əsərləri bəstələmişdir.

1956-cı ildə Bakıda Azərbaycan bəstəkarlarının I qurultayı keçirilirdi. Həmin tədbirdə protokola əsasən ancaq tanınmış incəsənət xadimləri, böyük bəstəkarlar iştirak edirdilər. Qurultay vaxtı konservatoriya tələbəsi Arif Məlikov skripka və fortepiano üçün bəstələdiyi süitanı ifa edib. Qurultay iştirakçıları gəncin istedadına valeh olublar. XX əsrin böyük bəstəkarı Dmitri Şostakoviç Arif Məlikov haqqında mətbuatda xoş sözlər deyib. Bu, gələcək böyük bəstəkar barəsində ilk xeyir-dua, ilk "resenziya" olub.

Tələbəlik illəri bir-birindən uğurlu və zəngin əsərlərlə onun bioqrafiyasına həmişəlik həkk olundu. Arif Məlikovun yaradıcılığa başlaması ilə Azərbaycan musiqi mədəniyyətinin yeni səhifələri yazıldı. Arif Məlikovun 1957-ci ildə bəstələdiyi "Nağıl" simfonik poeması böyük rezonans doğurdu. Bu əsər həqiqətən Arif Məlikovun qeyri-adi, parlaq musiqi yaradıcılığının əsl göstəricisi oldu. Məhz "Nağıl" əsl teatr səviyyəsinə məxsus xüsusiyyətlərini, məqsəd aydınlığını, konkretliyi ifa edərək musiqili teatra yeni istedadlı bir simanın - Arif Məlikovun qətiyyətlə gəldiyini təsdiqlədi. O zaman bu, nadir hadisə idi ki, tələbənin əsəri konservatoriya səhnəsində səsləndirilsin. Arif Məlikovun süitaları, "Nağıl" simfonik poeması, Birinci simfoniyası görkəmli dirijorların iştirakı ilə nəinki Bakıda, az sonra Moskvada səsləndirildi. Birinci simfoniya Azərbaycan simfonizmində yeni parlaq səhifələr açdı. 1959-cu ildə bəstəkarın ikinci simfonik poeması - "Füzuli" də müəllifə şöhrət gətirdi. Arif Məlikov 26 yaşında respublika mükafatına layiq görüldü.
Arif Məlikov istedadı, sənəti dünyaya bəlli olanda o, çox gənc idi. 23 mart 1961-ci ildə azərbaycanlı bəstəkarın Leninqrad Dövlət Opera və Balet Teatrında "Məhəbbət əfsanəsi" baleti tamaşaya qoyuldu
.
Böyük türk şairi və dramaturqu Nazim Hikmətlə Arif Məlikovu dərin dostluq, xüsusilə də ata-oğul münasibətləri bağlayırdı. Doğmaca övladından ayrı düşmüş Nazim Hikmət Arifi oğlu Mehmet qədər sevərmiş. Bakıda böyük şairin çoxlu dostları var idi. Bütün Azərbaycan Nazim Hikməti ürəkdən sevirdi. Bakıya yolu düşəndə hamı onu öz evinə dəvət edirdi. Nazim isə "öncə oğluma dəyməliyəm" deyərmiş. Arif Məlikov da bu məhəbbətə öz oğulluq sevgisini məhz belə əzəmətlə cavablandırdı. O, böyük şövqlə, həvəslə Nazim Hikmətin "Məhəbbət əfsanəsi" pyesi əsasında eyni adlı baletini yazdı. Arif Məlikovun bu baletində ilk dirijor məhz maestro Niyazi oldu. Baletə böyük həyəcanla baxan Nazim Hikmət tamaşadan sonra jurnalistlərə verdiyi müsahibələrinin birində belə söyləmişdi: "Arif Məlikov mənə deyəndə ki, "Məhəbbət əfsanəsi" baleti yazmaq istəyirəm, həmin gün mən çox şad oldum. Bu gün gördüklərim təsdiqlədi ki, mən nahaq yerə sevinməmişəm. Bir daha əmin oldum ki, balet muzey incəsənəti deyil, bu, müasir incəsənətdirE Mən çox həyəcanlandım ki, səhnədə Şərq necə görünəcək. Arif Məlikov baletdə Şərq adamına müasir insanın dünyabaxışı ilə baxıb. Buna görə də əsərdə "şirin" Şərq, "Əlibaba və qırx quldur" nağılından əsər-əlamət yoxdur. Və bu da yeni baleti çox teatr tamaşalarından fərqləndirib".

"Məhəbbət əfsanəsi" pyesi fəlsəfi bir əsərdir. Bütün insanlığa məxsus olan bu əsərə səhnə həyatı vermək və ağlagəlməz uğur qazanmaq özü bir əfsanəyə bənzəyir. Nə yaxşı ki, bu, həqiqətdir. Hisslərin poetik və romantik ifadəsi, musiqi dilinin zənginliyi, əlvanlığı və neçə-neçə mütəxəssisin söylədiyi fikirlər "Məhəbbət əfsanəsi"nin taleyinə xoş sabahlar yazdı. Düz 47 ildir ki, Arif Məlikovun bu baleti dünya teatrlarının böyük səhnələrində səslənməkdədir. Dünyanın ən qədim və möhtəşəm sənət məbədi sayılan Böyük Teatr (Moskva) 42 ildir müntəzəm surətdə öz repertuarında "Məhəbbət əfsanəsi"nə xüsusi yer ayırır. Arif Məlikov yeganə azərbaycanlı bəstəkardır ki, onun əsərləri bu teatrda hər il tamaşaya qoyulur. Dünyanın yüzdən artıq teatrının məmnuniyyətlə təqdim etdiyi "Məhəbbət əfsanəsi"nin müəllifdə 60-dan artıq variantı köçürülmüş videolenti var. Bu baletin səhnəyə çıxarıldığı ölkələrin bəzilərinə diqqət edək: Rusiya, Özbəkistan, Çexiya, Bolqarıstan, Türkiyə, Polşa, Almaniya, Macarıstan, Finlandiya, Sloveniya, Amerika Birləşmiş Ştatları, Yaponiya, Misir, eləcə də keçimş sovet respublikalarının əksəriyyəti. "Məhəbbət əfsanəsi" baletini yüksək qiymətləndirən və öz hisslərini qısqanclıq bilmədən böyük məhəbbətlə dilə gətirmiş Dmitri Şostakoviçin mülahizələri maraqlıdır: "Arif Məlikov istedadlı bəstəkardır. Musiqisi əsl professionaldır. Onun əsərində dərin musiqi dramaturgiyası, daxil inkişaf, dəqiqlik, qəhrəmanların xarakterini yüksək səviyyədə ifadə etmək məziyyətləri var. Orkestrin idarə edilməsində Arif Məlikovun nadir istedadı musiqiyə rəngarənglik və tamaşaçılara məftunluq gətirib".

Arif Məlikov yaradıcılığı boyu Nazim Hikmətə müraciət etməyi çox sevib. Nazim Hikmət poeziyasındakı qeyri-adilik, daxili etiraflar, hiss və duyğuların birbaşa vətən həsrəti ilə qovuşması bəstəkarı həmişə riqqətə gətirib. Bu məhəbbətin nəticəsində onun şeirlərinə üç silsilə - 12 romans yazıb. O, 1986-cı ildə ikinci silsilə romanslarına görə dövlət mükafatı laureatı adına layiq görülüb.

Zəngin və çoxsahəli yaradıcılığı ilə nəinki azərbaycanlı həmkarlarından, hətta dünya bəstəkarlarından fərqlənən Arif Məlikovun bir-birinin ardınca yaratdığı iri musiqi əsərləri - "Vətən", "Metamorfozalar", "Axırıncı aşırım" simfonik poemaları və 8 simfoniyası, eləcə də digərləri Azərbaycan simfoniyasını irəli aparan gəminin sükanını dəyişərək ona yeni istiqamət, təntənə, vüsət, inkişaf, eləcə də şöhrət gətirdi. Müxtəlif ölkələrin konsert salonlarında və festivallarda ifa olunan bu simfoniyalar müəllifinə ardıkəsilməyən təşəkkür, təbrik, teleqram, məktub və dəvətlər gətirdi.
Arif Məlikov paralel şəkildə müxtəlif janrda musiqi əsərləri üzərində işləməkdə də çox mahir bəstəkardır. Təsəvvürə gətirin ki, Beşinci simfoniya hələ tamamlanmamış o, iki maraqlı kamera əsəri: fortepiano üçün "Anilik" və Skripka üçün sonatanı başa çatdırdı.
Bəstəkarın 1969-cu ildə Leninqrad Dövlət Opera və Balet Teatrında "İkilikdə" ("Bu torpaqda iki nəfər") adlı baleti tamaşaya qoyuldu. 1981-ci ildə is
ə "İki ürək" baleti tamamlandı. Böyük və möhtəşəm əsərlərlə yanaşı, Arif Məlikov "Torpağın səsi" kantatasını, "Dalğalar" operettasını, fleyta və orkestr üçün konsertini, bir sıra kamera instrumental əsərlərini, bədii filmlərə ("Sehrli xalat", "26 Bakı komissarı", "Axırıncı aşırım" və s.), eləcə də Dram Teatrında səhnəyə qoyulmuş tamaşalara ("Torpağa sancılan qılınc", "Atabəylər", "Natəvan" və b.) musiqilər yazdı. Ömrü boyu ancaq musiqi əsərləri yaradan və bununla da təkcə Azərbaycana deyil, bütövlükdə bəşər mədəniyyətinə fədakarcasına xidmət edən Arif Məlikov 50-yə yaxın mahnının müəllifidir. Onun qanad verdiyi nəğmələri xalq artistləri Rəşid Behbudov, Şövkət Ələkbərova, Zeynəb Xanlarova və başqaları ifa etmişlər.

Arif Məlikov mənə maraqlı bir hadisə danışmışdı. 1979-cu ildə ABŞ-da olarkən "Nyu-York Tayms" qəzetinin müxbiri bəstəkardan müsahibə alıb. Müxbir azərbaycanlı bəstəkara "Russkoe slovo" adlı bir qəzet də bağışlayıb. Orada Arif Məlikov haqqında böyük bir material da var imiş. Müxbir bildirib ki, 1917-ci ildən başlayaraq "Russkoe slovo"da Sovet İttifaqı haqqında həmişə tənqid yazıblar. Hətta yaxşı işləri də pis qələmə veriblər. Bu qəzetin tarixində birinci hadisədir ki, Sovetlər birliyində yaşayan bəstəkar haqqında müsbət material dərc edilib. Bu da bəxtdən Arif Məlikovun qismətinə düşüb. Nədənsə Arif Məlikovun söylədiyi bu əhvalat məni çox təəssüfləndirmişdi. Niyə biz bəzən öz qüdrətimizi olduğu kimi görə bilmirik? Arif Məlikovun baletləri dünyanın hər yerində, eləcə də qardaş Türkiyədə dəfələrlə tamaşaya qoyulub. Tamaşaçılar da bu əsərlərdən böyük zövq alıblar. Məşhur xeyriyyəçi İhsan Doğramacı Arif Məlikovun Yeddinci simfoniyasının şərəfinə xüsusi konsert salonu tikdirib. Bəs bizim günahımız nədir? Biz niyə bu məşhur baletlərə öz doğma səhnəmizdə baxa bilmirik? Halbuki 1962-ci ildə "Məhəbbət əfsanəsi" baleti bizim teatrda da tamaşaya qoyulub böyük rəğbətlə qarşılanmışdı. İndi nə olub? Bunun üçün mütləq Moskvaya, Sankt-Peterburqa, Ankaraya, yaxud da hansısa xarici ölkəyə getmək lazımdır? Ağla gətirmək və inanmaq olmur ki, dünyanın məşhur teatrlarının repertuarından düşməyən "Məhəbbət əfsanəsi"nə bizim doğmaca Opera və Balet Teatrında illərdir hökm sürən laqeydlik buzu ərimək bilmir. Arif Məlikov söyləyir ki, bəzən ona deyirlər ki, sən bu baleti bizim imkanlarımıza görə sadələşdir. Çox gülünc fikirdir. Dünyanın məşhur musiqiçiləri söyləyirlər ki, yaranmış hər bir əsər tamaşadan-tamaşaya yenə də zənginləşməli, yeniləşməli, daha da dərinləşməlidir. Bizim Opera və Balet Teatrında isə əksinə düşünürlər. Necə ola bilir ki, ötən əsrin 60-cı illərində bu teatrda möhtəşəm əsərləri tamaşaya qoymaq üçün imkanlar var idi, indi yox? Əlbbətə, Arif Məlikov da bu fikirdədir ki, hazırda Opera və Balet Teatrında fəaliyyət göstərən truppa ilə "Məhəbbət əfsanəsi"ni tamaşaya qoymaq olmaz. Bu isə teatr rəhbərliyinin problemidir. Həftənin altı günü Opera və Balet Teatrı tamaşaçılarına əsərlər təqdim etməlidir. Ayda bir dəfə Arif Məlikova müraciət etmək olmaz?

Bu baletin müəllifdə 130 videokaseti var. Bəs deyilmi şit və bayağı musiqiləri telekanallarda səsləndirmək? Məgər Arif Məlikovun əsərlərini ekranda təqdim etmək də maliyyə çətinliyi ilə bağlıdır? Hər dəfə bu dahi bəstəkarla söhbət edəndə baletlərinə tamaşa edə bilmədiyim üçün xəcalət çəkirəm. Bu laqeydliyi zaman bizə bağışlamayacaq.
Ulu öndər Heydər Əliyev Arif Məlikovun yaradıcılığını çox sevirdi. Moskvada çalışdığı illərdə Arif Məlikovun Rusiyada tamaşaya qoyulmuş əsərlərinin tamaşaçıları arasında
tanış simanın təbəssümlü baxışlarını görən bəstəkar həmişə Heydər Əliyevin iştirakından ilham aldığını, qürurlandığını söyləyirdi. 1994-cü ildə ümummilli lider Heydər Əliyev Arif Məlikovu özü ilə birlikdə Məkkə ziyarətinə apardı. Arif Məlikov danışır ki, mənim üçün təəccüblü və maraqlı fakt budur ki, ziyarət zamanı unudulmaz Heydər Əliyev mənə dedi: "Arif, bilirsən səni bura niyə gətirmişəm? İstəyirəm ki, sən buraları da görəsən və bunun təsiri altında bir simfonik əsər yazasan". Heydər Əliyevin bu sözləri bəstəkarı heyrətə gətirib. Heydər Əliyevin qüdrətli duyumu, dərin hissiyyatı qarşısında heyrətini gizlədə bilməyən Arif Məlikov deyir: "İnanmıram ki, adi adam Məkkədə simfonik musiqi haqqında fikirləşə bilsin. Simfonik əsər yazan mənəmsə, orada mən belə şeylər fikirləşmirdim. Çünki Məkkə, Mədinə hara, Quran hara, böyük simfonik əsər hara?! Bunlar bir-birinə uyuşmayan, üst-üstə düşməyən, tamamilə əks məsələlərdir. Amma böyük şəxsiyyət hiss edirdi ki, məhz orada qidalanıb dəyərli simfonik əsər yazmaq mümkündür".

Musiqisevərlərlə bərabər dövlətimiz həmişə Arif Məlikov yaradıcılığını yüksək qiymətləndirib. Sovet dövründə də belə idi, müstəqilliyimizi qazandıqdan sonra da. Dövlət mükafatı laureatı, xalq artisti, "İstiqlal" ordenli, Prezident təqaüdçüsü Arif Məlikovun külliyyatı yenidən çap edilərək mütəxəssislərə çatdırılacaq. Ölkə başçısının sərəncamına əsasən yubileyin daha geniş və təntənəli keçirilməsi üçün dövlət səviyyəsində hazırlıq işləri görülməkdədir. Dahi Üzeyir Hacıbəyovdan mənəvi, Qara Qarayevdən isə həqiqi dərs alan Arif Məlikov dünyanın yeganə korifeyidir ki, bizim aramızdadır. Gələcək bəstəkarların yetişməsində böyük əməyi olan Arif Məlikov 1965-ci ildən konservatoriyanın - indiki Musiqi Akademiyasının professorudur. Bir faktı da deyək ki, dünyanın bir neçə ölkəsindən Arif Məlikova dəvətlər gəlib. Onu yüksək maaşla işə çağırıblar. Getməməyinin səbəbini soruşmamış özü maraqlı bir cümlə işlətmişdi: "Vətən nə seçilər, nə də keçilər. Onun şirini də, qubarı da əzizdir". Eşidirsinizmi, vətən oğulları, bir-birinizi beləcə sevin və əzizləyin. Nə qədər ki taleyin və zamanın fürsəti var, istedadlılara, dünyanın qəbul etdiyi nəhəng sənətkarlara məhəbbətlə yanaşın və bu təcrübəni Azərbaycanda vaxtilə həyata keçirən ümummilli liderin əməllərindən, eləcə də onun ardıcıllarının diqqət və həssaslığından nümunə götürün.

Azərbaycan
.- 2008.- 13 sentyabr.- S. 11.