Qaliboğlu E.


Xalqdan aldığımı xalqa da qaytarmışam


Aşıq Mahmud: "Sinəmdə olan bütün klassik dastanları yazıb Folklor İnstitutuna vermişəm"

 

Azərbaycanda aşıq sənətinin kökü çox qədimdir. Bu gün sözügedən sahədə xüsusi yeni zənginliklər müşahidə olunmasa da, ümumən aşıq sənəti yaşayır. Azərbaycan aşıq sənətinin mahiyyəti Türk Ruhunun dərin, köklü ifadəsidir. Xalqımız ruhunu sazda bütün çalarlarıyla ifadə edə bilib. Çağdaş dövrdə Azərbaycan aşıq sənətini yaşadanlardan biri Aşıq Mahmudla söhbətimiz bu barədədir. 73 yaşlı aşıq Azərbaycan aşıq sənətinin ruhuna yaxşı bələddir. Sinəsində onlarla dastanlar, xalq havacatları, nəğmələri yatır. Söhbətə Aşıq Mahmud özü körpü salır:

- Qədim türk yurdu olan Göyçədə anadan olmuşam. Yurdumuzun böyüklüyünü, əlçatmazlığını həmişə sazda vəsf etməyə çalışmışam. 7 seriyalıq "Abbas və Gülgəz" filminə çəkilmişəm. Bu filmə çəkilmək həyatımda önəmli rol oynayıb. Orada 250 qatar şeir oxumuşam. Sinəmdə olan bütün klassik dastanları yazıb vermişəm Folklor İnstitutunun direktoru Hüseyn İsmayılova. Bu dastanlar antologiyada çıxacaq. Bu, o deməkdir ki, xalqdan aldığımı xalqa da qaytarmışam.

Hüseyn İsmayılov neçə illər qabaq mənə dedi ki, xalqın mənəvi sərvətini öyrənmisən, yaşatmısan; sağ ol, indi xalqın incilərini xalqa qaytar, bu dünyadan borclu getmə. O dastanları yazıb verəndən sonra o qədər yüngülləşdim ki, sanki bir dərdim-qəmim qalmadı. Bəlkə də ömrümdə mənəvi cəhətdən bu qədər rahat olmamışdım.

- Göyçə kimi əzəli bir türk yurdunda doğulmağınızı necə xatırlayırsınız?

- Göyçə mahalı oğuz türklərinin dədə-babadan məskunlaşdığı tarixi bir yerdir. O yerlər türk üçün yaranıb. Bu səbəbdəndir ki, daim orada bu qədər saysız-hesabsız saz-söz adamları yetişib. O yerlərin suyu, dağı-havası adamı saza-sözə birdəfəlik bağlayır. Ümumiyyətlə, Qərbi Azrbaycanda elə bir dağ-dərə yoxdur ki, türklərin adı ilə bağlı olmasın. Erməni nə qədər yalandan uydurur-uydursun, əhəmiyyəti yoxdur: o yerlər başdan-başa türk üçün yaranıb. Göyçədən 1946-cı ildə ailəlikcə çıxmışam. O zaman uşaq idim. Amma o zamandan hafizəmdə həmin kəndlərin adları, o yerlər necə qalıbsa, qətiyyən çıxmır ürəyimdən. Ermənilər nəyə çatıblarsa, bicliklə əldə ediblər. Xüsusən bolşeviklər gələndə və SSRİ dağılanda daha çox qamarladılar. Məsəldir, ermənidən heç vaxt bəy olmaz. Həmişə ermənilər türklərin qapılarında, türklərin süfrələrinin qırıntıları ilə böyüyüblər. Erməni türkün çörəyini yedi, axırda da nankor çıxdı. Türkün xasiyyətidir ki, basdığını kəsmir. Amma erməni qaniçəndir. Türk isə anadangəlmə qeyrətlidir, qeyrətli adamlar adətən rəmli olurlar. Türk qəhrəmanları həmişə kövrək olublar.

- Göyçədən çıxandan sonra oralara çoxmu getmisiniz?

- De ki, elə bir ilim olubmu ki, oralara getməyəm? Nəinki ayım-günüm? Ta ki, o yerlərdən camaatımız elliklə-zorla qovuldu. Göyçə sinəmdə sağalmayan bir yaradı. O yerlərin xeyrində-şərində daim iştirak etmişəm. Tovuzda böyümüşəm. Sonrakı inkişafım demək olar, bu bölgəylə bağlıdır. Göyçə, Tovuz, Qazax bir bölgədir. Ulu babamız vaxtilə Tovuzdan gedib Göyçəyə. Türk babalarımız öz yurdunda köç eləyib, görüb ki, bu yurd yaşamaq üçün daha yaxşıdır. Nəslin bir ucu get-gedə o ellərdəki türklərə qarışıb, onlar da bərilərə get-gəllərini artırıblar və s.

- Azərbaycan-Türk ruhu aşıq sənətində özünün ifadəsini bütünlüklə təsdiq edir. Sizcə, Azərbaycan Türkünün saza veriyi töhfələr nədən ibarətdir?

- Bu töhfələri saymaqla qurtarmaz. Müxtəlif türk ellərində olmuşam, saza olan doğma münasibəti görmüşəm. Azərbaycan Türkləri bildiyiniz kimi, Qarsda da yaşayır. Buradakı türklərlə Qarsdakı türklərin aşıq sənəti arasında çox fərq yoxdur. Hətta ləhcələri də eynidir. Həmişə düşünmüşəm ki, bu sənətin kökü Azərbaycanda daha dərindir. Bu mənada Azərbaycan aşıq sənətinin inkişafında Göyçə aşıq sənətinin müstəsna rolu var. Ona görə ki, bu sənət Şah İsmayıl Xətaidən bəri güclü inkişaf edib. Miskin Abdaldan bəri bu sənətin Göyçədə xeyli nümayəndələri olub. Miskin Abdal Şah İsmayılın sarayında məsləhətçi olub. Şah İsmayıl ona həmişə "mürşidim" deyərmiş.
Şah İsmayılın vəfatından sonra Miskin Abdal gəlib Göyçəyə - Sarıyaqub kəndinə, orada yaşayıb. Sonradan bu nəfəs Ağ Aşığa, ondan Aşıq Alıya, Alıdan Ələsgərə, Ələsgərdən də başqalarına keçib. Azərbaycan aşıqları Göyçə aşıqlarından çox bəhrələniblər.

- Sizin yaradıcı nəsliniz, Aşıq Əkbərlə, İmranla dostluğunuzdan danışaydınız. Aşıq Əkbərin səsi uşaqlıqdan bəri yaddaşımdadır. Hədsiz gözəl, duru səsi vardı.

- Aşıq Əkbər Tovuzdan, Aşıq İmran isə Göyçədəndir. Aşıq Əkbərlə 40 il bir yerdə sənət dostluğumuz olub, toylara getmişik. Aşıq İmran ustadım olub. İmran Əkbərdən də, məndən də böyük idi. Əkbərin səsində büllurluq vardı, səsi kimi özü də incə adam idi. Əkbər aramızdan gedəndə 60 yaşı da olmazdı. Heyif ondan, çox yaşamadı.

- Özünüzü sözün əsil mənasında, sinəsi dolu aşıq hesab edirsinizmi?

- Azərbaycan aşıq sənəti ilə bağlı ustadım nə öyrətdisə, götürdüm. Özümün də axtarışlarım oldu. Təbii ki, aşıq sənəti çox dərindir, tükənməz bir xəzinədir. Hesab edirəm ki, bilmədiyim bildiyimdən çoxdur. Amma aşıq sənətinin mayasını qanım-canım kimi bilirəm. Əgər bu sənətə eşqim olmasaydı, bu qədər havacatları, dastanları ürəyimə, ağlıma yığa bilməzdim. Bu sərvəti xalqın yaddaşından yığmışıq. Bizim vaxtımızda məsuliyyət çox güclü idi. Kəndlərə toylara gedirdin, camaat aşıqdan çox şey tələb eləyirdi. Sən də məcbur olurdun hər şeyi öyrənəsən.

ğsaqqallar deyirdi ki, ay bala, filan yerdə düz oxumadın. Gələn dəfə gələndə öyrən. O dövrdə ustadların da tələbi böyük idi. İndiki gənclərin qabiliyytini kimsə inkar eləmir. Amma barmaqlarının iti, səslərinin yaxşı olmasına baxmayaraq bildiklərini əvvəllərdəki kimi zənginləşdirmirlər. İndiki cavan aşıqlar dastanları öyrənməyə çox həvəsli deyillər. Çünki toylarda bu dastanları tələb eləyən yoxdur. Təbii ki, xalq ruhuna münasibətdə hamı tələbkar olmalıdır ki, aşıq sənəti də zənginləşsin. Qabaqlar aşıq məclislərində bir yüngül şeir oxusaydın, ağsaqqal deyərdi ki, oğlum, bu şeiri get evinizdə oxu, məclis sözü deyil. Həmin aşıq da hesabını götürərdi. Aşıq ayılardı ki, hər sözü məclisdə oxumaq olmaz.

- Azərbaycanda aşıq sənətinin çağdaş inkişafından razısınızmı?

- Son vaxtlar aşıq sənətinə yeni səviyyədə meyl artıb.

Aşıqların son qurultayının da çağırılması bu mənada yaxşı əlamətdir. Azərbaycanın cavan aşıqları indi daha məsuliyyətlə aşıq sənətini yaşatmalıdırlar.

- Deyirlər xalq qarşısında xidmətləri olan aşığa "xalq aşığı" fəxri adı verilsin.

- Təbii, bunun maddi və mənəvi tərəfi var. Aşığa xüsusən mənəvi qayğı çox gərəklidir. Aşığın özü mənəvi məsuliyyətini gözəl başa düşməlidir. Aşıq ilk növbədə özü xalqın aşığı olmalıdır. Aşığın xalqdan sevgi umması yalnız bu zaman ola bilər. Bir kişi uşağını aparır ustadın yanına ki, ona aşıqlıq öyrətsin. Ustad deyir ki, ay kişi, bu uşaqdan aşıq olmaz, çünki ağzı əyridir. Kişi deyir, ay ustad görmürsən bunun ağzı tarazdı. Deyir ay kişi, bu uşaq sözü düz deyə bilmir. Sənət o qədər həssasdı ki, gərək heç nədə, o cümlədən də tələffüzdə səhv eləməyəsən. Ələsgər kimi bir ustad vaxtilə 10 il Aşıq Alıya qulluq eləyib.

- Saz sizi hansı imtinalara çatdırıb?

- Siqaret çəkmirəm. Aşığa içki də olmaz. Təbii ki, aşıq çox şeylərdən imtina eləməsə, onun sabahı olmaz. Bacardığım qədər səsimi qorumuşam. Bütün bunlar imtinalarımın sayəsində olub. Səsimi saxlamağım çətinliklər bahasınadır. Araq içib siqaret çəkən aşıqlar onda ayılırlar ki, yarı yolda qalıblar. Gərək aşıq sənətinə dönük çıxmasın. Ölənə kimi səsini saxlasın.

- Azərbaycan aşıq məktəblərini necə təsnif edərdiniz?
- Qafqazın çox yerlərində, Orta Asiyada, İranda, Türkiyədə olmuşam. Güney Azərbaycanda da çoxlu toylarr getmişəm. Azərbaycan aşıq məktəbləri arasında fərq qoymuram. Sazı gərək aşıq ürəyinin başında gəzdirə. Mən Tovuz aşıqları ilə Şirvan aşıqları arasında fərq qoysam, onda aşıq olmaram ki? Əksinə, aşıq məktəblərinin müxtəlifliyi özü bir gözəllikdir. Standartçılıq olmaz. Gərək bir əlvanlıq olsun. Aşıq Şakiri gözəl xatırlayıram. Onun səsi olduqca gözəl, ürəyə yatımlı idi. Şakirin səsi o qədər gözəl idi ki, ürəkdən oxuyurdu. Aşığın ədəb-ərkanı hər şeydən irəlidir.

Şirvanda məşhur balabançı Əli Kərimov da vardı. O zurna-balabanda əvəzsiz bir sənətkar idi. Bu gün də onu əvəz edən sənətkar yoxdur. Hər zurna-balaban çalmaq istəyən özünü ona oxşatmaq istəyərdi. Ümumiyyətlə, Şirvanda nəfəs alətləri qədimdən çox inkişaf edib. Bu sənətin ötən yüzildən bəri Azərbaycanda geniş səviyyədə inkişaf etməsində Əli Kərimovun müstəsna xidmətləri var.

- Aşıqların özünün milli geyiminin olması barədə müzakirələr başlayıb.

- Aşıqların özünün geyimi olmalıdır. Bu barədə hamı düşünməlidir. Yadımdadır, Aşıq Əsədin gözəl aşıq geyimi vardı. İndi də onu saxlayırar. Mədəniyyət və Turizm Nazirliyi aşıq paltarı barədə ciddi müzakirələr aparacaq. Hər halda bu, olduqca vacib bir məsələdir

 

Xalq cəbhəsi.- 2008.- 16 sentyabr.- S. 14.