Həyatda ekrandakı
Cahandar ağa qədər hökmlü və zəhmli
olmamışam
Onu daha çox Azərbaycan kinosunun Cahandar
ağası kimi tanısaq da, "Gəncəbasarlı
qisasçı" filmində Göyüş, "Mən ki
gözəl deyildim" filmində İmran, "Qocalar,
qocalar" filmində Bəhri, "Qətl günü"
filmində Zülfüqar, "Özgə vaxt",
"Məkanın melodiyası" və başqa ekran
əsərlərində də parlaq obrazlar yaradıb. Teatr səhnəsində onlarla dəyərli rol oynayıb. Kino və teatr
sənətimizdə öz
imzası olan xalq artisti, Gəncə
Dövlət Dram Teatrının aktyoru Ələddin Abbasovla söhbətimizə onun sənətə gəlişi
ilə bağlı ənənəvi sualla başladıq. Sənətkar
suallarımızı özünəməxsus
təmkinlə, ətraflı
şəkildə cavablandırdı.
"Mən sənətə 1938-ci ildə
gəlmişəm. Səhnə fəaliyyətim Gəncə Dram Teatrından başlayıb.
Burada bir neçə il yardımçı heyətdə
işlədim. Sonra məni aktyor qrupuna qəbul etdilər. O zamanlar Gəncədə Yüngül
Sənaye Texnikumunda oxuyurdum. Gəncə Dram Teatrında məşhur bir aktyor vardı - Məmmədrza Şeyxzamanov.
O, bizim dərnəyimizin
rəhbəri idi. Biz dərnəkdə Cəfər Cabbarlının
"1905-ci ildə" əsərindən
parçalar hazırlayası
olduq. Şeyxzamanov mənə Haykaz Ağamyan obrazını tapşırdı və mən də oynadım. Sonra Məmmədrza Şeyxzamanov
mənim aktyorluq məharətini bəyənib
dedi ki, gəlsənə, səni
teatra işə götürək? Mən dedim ki, axı
texnikumda oxuyuram, bəlkə təhsilimi başa vurandan sonra gəlim teatra. Ancaq Şeyxzamanov
israr etdi. Mən də gəldim teatra. Burada 5-6 ay idi
ki, işləyirdim, repertuara Cəfər Cabbarlının "1905-ci ildə"
pyesini saldılar. Məmmədrza dedi ki, bu oğlan
vaxtilə mənim dərnəyimdə Haykaz Ağamyan rolunu oynayıb. Qoy elə burada da həmin rolu
Ələddin oynasın.
O vaxtlar teatrımızda
Miribrahim Həmzəyev
adlı bir aktyor vardı. O, sonralar xalq artisti
Zəroş Həmzəyeva
ilə ailə qurdu. Mirİbrahim Həmzəyev Haykaz Ağamyan rolunun ifaçısı idi. Sonralar Naxçıvana getdi. Bu rolu
mənə təklif etdilər. Mən də bu rolu
yeni quruluşda oynadım. Bir dəfə tamaşa zamanı Miribrahim lojada əyləşib mənim oyunuma diqqətlə tamaşa edirdi. Tamaşa qurtarandan sonra teatrın direktoruna deyər ki, bu uşağı kefli vəziyyətdə teatra niyə buraxmısınız? Kefli
vəziyyətdə də
rol oynayarlar? Mən də ki dilimə bir damcı da içki vurmamışdım. Direktor
məni öz kabinetinə çağırdı
və tənbeh etdi. Dedi, bəs
ayıb deyil sənin üçün,
içkili halda teatra gəlmisən? Dedim, nə içki, nə zad, mən heç
pivənin də tamını bilmirəm. Miribrahim də kənardan söhbətimizə
qulaq asırdı. Yaxın gəlib soruşdu ki, doğrudan içkili deyilsən? Qayıtdım
ki, atamın canı üçün içməmişəm. Rolum
bu cürdü, mən də elə oynamışam. Miribrahim məni qucaqlayıb öpərək dedi, ay sənin qadan
alım, nə yaxşı oynadın bu obrazın kefli vəziyyətini. (Ələddin müəllim
burada kövrəlir) İndi də yadıma düşəndə
qəhərlənirəm. Çox
gözəl insanlar itirmişik. Bir müddət keçdi, bu tamaşa başqa quruluşda hazırlandı və mənə Baxşı rolu verildi. Sonra
isə bu əsərdə Əmiraslan
Salamov rolunu oynadım. Əsərdə
Əmiraslan Salamov bakılı obrazıdır
və mən də bu obraza
girərək bakılı
ləhcəsiylə danışırdım.
Orada bir epizod var, sən
də məni bağışla, Salamov qubernatorun arvadının arxasınca baxaraq deyir: "Pah atonnan, adə, Bahadur bəy, bu arvad dögül
ey, elə bil paraxoddu". Bu rolumdan sonra
çoxları deyirdilər
ki, Ələddin əslən gəncəli
deyil, bakılıdı.
Həmin tamaşadan sonra teatrın kollektivi məni bəyəndi. Atamın isə mənim teatra gəlməyimdən
xəbəri yox idi. O, mənim aktyor olmağımı istəmirdi. Biz ailədə 5 qardaş idik. Ən kiçiyi
mən idim. Böyük qardaşım
o zaman Moskvada
təhsil alırdı.
Atam onunla məsləhətləşdi. Qardaşım da atama dedi ki, qoy
hansı sənəti
istəyir, ora da getsin. Bu gün
sənətimin sayəsində
məni nəinki Gəncə, bütün Azərbaycan, hətta Qafqaz xalqları tanıyır. Hara gedirəmsə
gedim, əksəriyyət
məni Cahandar ağa adıyla çağırır. Cahandar
ağa obrazı mənə daha doğmadır. Sanki bu obrazla mən atamın xarakterini ekranda yaradırdım. Atam da Cahandar
ağa kimi bir insan idi".
Ə.Abbasov sənət aləmində
özünə ilk müəllim
saydığı M.Şeyxzamanovu
dərin ehtiramla xatırlayır: "Sənətdə
ilk müəllimim Məmmədrza
Şeyxzamanov olub. Onun təkidi, qayğısı nəticəsində
peşəkar səhnəyə
addım atmışam.
Amma özümdən
böyük başqa sənət yoldaşlarımın,
çalışdığım kollektivin, rejissorların da əməyini dana bilmərəm. Mənim yüksəlməyimdə,
tanınmağımda onların
da özünəməxsus
rolu olub".
Qocaman aktyor həm səhnədə, həm də ekranda yaddaqalan rollar oynasa da, teatrı
daha çətin və məsuliyyətli sənət hesab edir: "Mənim üçün daha çox məsuliyyət tələb edən sənət teatrdı. Teatr işi çox çətindir. Kinoda vəziyyət bir qədər başqadır, çəkiliş,
montaj-filan, səsləndirmə
zamanı hansısa nöqsanları aradan qaldırmaq olur. Amma tearda tamaşaçı
hər şeyi birbaşa görür. Odur ki, gərək
sənətə daha ciddi yanaşasan, çox hazırlaşasan".
Ə.Abbasov Cahandar ağa kimi hökmlü və zəhmli bir kişi rolunu
uğurla oynasa da, həyatda bu obrazdan fərqli
təbiəti var:
"Mən həyatda
onun qədər hökmlü və zəhmli deyiləm, olmamışam da. Hamı ilə dil tapıram, səmimiyyəti, mehribanlığı
xoşlayıram. İstər qadınlarla,
istər kişilərlə
tez ünsiyyət qura bilirəm. Amma yeri gələndə
hökmlü olmağı
da bacarıram".
Söhbət zamanı onun özünəxas yumor hissinə malik olduğunu duysaq da, istər kinoda, istərsə də teatrda hər zaman ciddi obrazlar ifa edib. Soruşanda
ki, heç səhnədə və ya ekranda komik
rollar oynamaq fikrinə düşübmü,
cavabı birmənalı
oldu: "Qətiyyən.
Heç vaxt fikirləşməmişəm. Amma elə olub
ki, rejissorlar mənə bəzi komik obrazları məsləhət görüblər.
Məsələn, Məcid
Şamxalovun "Qayınana"
əsərində İlqar
rolunu, Altay Məmmədovun
"Kişilər" əsərində
İnşallahı oynamışam.
Ancaq bunu rejissorun məsləhətilə
etmişəm və rollarım da tam komik deyildi".
Öyrəndik ki, qocaman səhnə xadiminin ömrü boyu indiyədək arzusunda olduğu bir rol var: "Ümumiyyətlə, mən
teatra Cəfər Cabbarlının "Aydın"
əsərindəki Aydın
rolunu oynamaq arzusuyla gəlmişdim. O zamanlar teatrın direktoru Ələkbər Seyfi və rejissor
Nəsir Sadıqzadə
məhz mənə görə bu əsəri repertuara salmışdılar".
Bəzi həmkarlarından fərqli
olaraq, aktyorluğu özünə peşə
seçdiyi üçün
Ə.Abbasovun ürəyindən
heç vaxt peşmançılıq hissi
keçməyib: "Özümü
xoşbəxt hesab edirəm ki, aktyorluq sənətini seçmişəm. Bu sənəti çox sevirəm. Aktyor olduğuma görə heç vaxt peşmançılıq çəkməmişəm.
Müharibə dövründə
əsgərliyə getmişəm.
Qayıdıb gələndən
sonra da yenə öz sənətimlə məşğul
olmuşam. İndinin özündə də bu sənətin
vurğunuyam, aktyorluğa
həvəsim bir zərrə də azalmayıb. Həyatımdan
tam mənada razıyam.
Mənim həyatımın
çox gözəl anları olub. 3 övladım var: 2 oğlum, 1 qızım. Qızım Bakıda yaşayır. 8 nəvəm,
1 nəticəm var. Ailəmdən
də çox razıyam. Hamı mənə hörmətlə
yanaşır, heç
kəs bir sözümü iki eləmir. Həyatda mənə qol-qanad verən dostlarım çox olub. Təəssüf ki, onlar rəhmətə gediblər. Çox gözəl sənət
yoldaşlarımı itirmişəm.
Bunlar adama ağır gəlir. Amma bütövlükdə
həyatımdan narazılığım
yoxdur".
525-ci qəzet.- 2008.- 19
sentyabr.- S. 7.