Tamaşaçı sevgisini
itirmədim
Firəngiz Mütəllimova:
"...gərək 7-8 dəfə baş əyək"
Onunla
görüşümüz hər dəfə çox
səmimi alınır. Çünki özü olduqca
sadə və səmimi insandır. Çoxlarına olduqca şən, zarafatcıl görünən müsahibimiz
hər söhbətimizdə
narahat, bir qədər qəmli, dalğın görünür.
Çünki nisgillidir.
Vətən həsrəti qəlbini
didib-parçalayır.
Şuşa üçün
yaman darıxdığını
dönə-dönə
söyləyir. Şuşalı
günlərini, uşaqlığın
qayğısız illərini,
atası ilə bağlı xatirələrini
danışdıqca xəyala
dalır, gözləri
dolur. Bütün
bunları nəzərə
alaraq budəfəki söhbətimizdə Firəngiz
xanımı uzaq keçmişə aparmaq istəmədik. Sənətindən,
yaradıcılıq yeniliklərindən
xəbər almağı
üstün bildik. ...İlk dəfə Gülnar obrazı ilə tanınıb, yadda qalıb və minlərlə tamaşaçının qəlbinə
yol tapıb. Səhnədə əvəzolunmaz
obrazlar yaratmaqla yanaşı, eyni zamanda "Ləziz saat" verilişinin aparıcısıdır. Beləliklə,
qonağımız xalq
artisti Firəngiz Mütəllimovadır. - Həyatın
öz qanunları var. Biz insanlar
da bu qanunlarla
barışmaq məcburiyyətindəyik.
Teatrın gözəl
sənətkarları vardı
ki, onları itirdik... Mən son vaxtlarda komediyalarda
oynayırdım. Amma mənim də özümə görə
həyat təcrübəm
və həyatda çəkdiyim acılar var. Özümə görə problemlərim mövcuddur. Bunlar hamısı mənim ürəyimin içindədir.
Yaxşı mənada
fikirləşmişəm ki,
gəlib "Varlı
qadın"a tamaşaçı baxıb
gülə-gülə
gedirsə, "Yad qadının məktubu"
pyesinə baxanda isə göz yaşları içində
gedəcəklər. Mən
daha əvvəl teatra gələndə hansı tamaşa oldusa oynayırdım. İndi isə hər bir təklif
olunan rolu ələkdən keçirirəm.
Böyük-kiçikliyinə
baxmayaraq ürəyimə
yatan rol təklif olunsa, oynamağa razılıq verirəm. Az olsun, yaxşı olsun. Hazırda teatrda olan repertuardan
tamaşaların 5-ində rol
almışam. Demək
olar ayda 5 - 6 dəfə tamaşaçılarla
görüşürəm. - Sənətdə kifayət
qədər uğur əldə etdiyiniz üçün özünüzü
xoşbəxt hiss edirsinizmi?
- Əlbəttə, xoşbəxt hiss edirəm.
Birinci ona görə ki, Gülnar obrazı ilə yadda qaldım. Tamaşaçılar
indiyə qədər
mənə Gülnar deyirlər. Ən böyük xoşbəxtliyim
isə odur ki tamaşaçı sevgisini itirmədim. İndi də hiss edirəm ki, uşaqlı-böyüklü hamı
məni çox istəyir. Xoşbəxtəm
ki, dövlət tərəfindən layiqincə
qiymətləndirilmişəm. Mərhum prezidentimiz Heydər Əliyev tərəfindən prezident
təqaüdünə layiq
görülmüşəm, indiyə kimi onun daşıyıcısıyam
və dövlət tərəfindən mənə
ev hədiyyə olunub. Bunlar çəkdiyim böyük
əziyyətlərin qazancı,
uğurlarımın nəticəsidir.
- Bəzi aktyorlar tamaşaların azlığından
şikayətlənir... - Qeyd
edim ki, istedadlı aktyora bütün pyeslərdə,
tamaşalarda yer var. Yəni rejissor əsəri gözdən keçirəndə səni
nəzərdə tutursa,
deməli, sən yaşayırsan, istedadın
var. Yox, yaddan çıxmısansa, bu sənin öz günahındır. Mənim
oynadığım bütün
tamaşalar böyük
anşlaqla qarşılanır.
Amma oynamaq istədiyim, lakin oynamadığım rol da olub. Bu da ya səhhətimlə
əlaqədar olub, ya da rol
məni tutmayıb.
Özümü rolda görmədiyimdən oynamaqdan
imtina etmişəm. -
Səhnəyə gələn
cavan aktyorların bir çoxu kliplərə, ucuz reklamlara üz tutur. Buna münasibətiniz
necədir? - Mən
özüm də 1 -
2 kommersiya məqsədli
filmlərə çəkilmişəm.
Lakin onlara tamaşa edəndən sonra fikirləşdim ki, bir daha
bu filmlərdə görünməyim. Bədii
film istehsal edən kinostudiyalar işə düşəndən sonra,
əgər onlardan dəvət alsam, həmin filmlərdə - ciddi ssenari olsa
- çəkilməyə razılıq
verərəm. Gənclərə
tövsiyəm budur ki, səbirli olsunlar. Biz demokratik
ölkəyik, keçid
dövrü yaşamışıq,
hər şey yaxşılığa doğrudur.
Əgər onlar sənətə
gəliblərsə, deməli,
aktyorluq sənətini
seviblər. Mən
indi reklama çəkilsəm, kimsə
ünvanıma heç
nə deməz. Çünki artıq 25 ildən çoxdur səhnədəyəm. Mənə
elə gəlir indiki gənc istedadlar akademik səviyyədə maaş
alsalar, onlar yalnız teatrda çalışar və heç yerə getməzlər. - Son vaxtlar
Azərbaycanda filmlər
az çəkildiyindən
gələcəkdə özünün
mənfi izlərini qoya bilərmi? - Yox, bu, dünyanın
hər yerində olub. Dövlətlər keçid dövrü yaşayanda belə olur. - Uzun illər
teatrda görkəmli aktyorlarla çalışmısınız.
Onlardan hansının
yeri görünür?
- Hamısının. - Əvvəlkitək tamaşaçı,
sevgi və alqış varmı?
- Bəli, var. İnanın,
son 4 - 5 ayda mənə
elə gəlir ki, teatra gəldiyim
ilk illərdir. Deyəsən,
tamaşaçıların da sayı çoxalıb.
Özü də çox qəribədir, tamaşaçı tamaşa
bitəndən sonra da getmək istəmir. Biz 3 dəfə
baş əyməliyiksə,
gərək 7 - 8 dəfə
baş əyək.
Bu da bizim
sənətimizə olan
dəyər və hörmətin əlamətlərindəndir.
Həftə
içi.- 2008.- 17 sentyabr.- S. 6.