Hər bir
tamaşaçının sevdiyi Yaşar,
və ya
çağdaş milli komediya sənətinin nurlu siması
Satira
və yumor o zaman daha təsirli və yaddaqalan olur ki, onu ifa
edən aktyor yumoru, komediyanı oynamır,
peşəkarlıqla yaradır, özününkü edir
və öz imkanlarının
çərçivəsində onu tamaşaçıya
çatdırır. Komediya janrı kino
üçün tamaşaçı baxımından
həmişə öndə gələn bir janr olub və
kinematoqraf zaman-zaman bu janra müraciət etməklə
tamaşaçı yaddaşında dərin iz buraxan
maraqlı ekran əsərlərinə imza ata bilib. Dünya
kinosunda İtaliya və Fransa istehsalı olan komediya
filmlərinin, keçmiş sovet kinematoqrafında
gürcü komediya məktəbinin xüsusi yeri və
qiyməti var idi. Lakin bu, heç də o
demək deyildi ki, Azərbaycanda komediya filmləri zəif
və baxımsız olurdu, əksinə, milli kino
tariximizdə bu janrda çəkilən elə filmlər var
ki, onları dünya kinosunun inciləri siyahısına daxil
etmək olar və bu addımı atmaqda tərəddüd
etməyə də dəyməz. Bu
siyahıda Rza Təhmasibin quruluş verdiyi "Arşın
mal alan" (1945), Hüseyn Seyidzadənin çəkdiyi
"O olmasın, bu olsun" (1956) və "Qayınana"
(1978) kimi son dərəcə peşəkar səviyyəli
filmləri və milli kino tariximizdə özü üçün
əbədiyyət pasportu qazanan "Görüş",
"Bəxtiyar", "Əhməd haradadır",
"Romeo mənim qonşumdur", "Yol
əhvalatı", "Cin mikrorayonda" və s. filmləri
xatırlamaq olar.
Kinematoqraf inkişaf etdikcə
komediya forma və məzmun etibarilə öz yerini zaman və
tamaşaçı üçün daha aktual, daha
baxımlı olan tragikomediyaya verməyə başladı.
Tragikomediya son dərəcə sürətlə inkişaf
edib ədəbiyyatın və incəsənətin lap
öndə gedən bir janrına çevrildi. Tamaşaçı yüngül
gülüşün deyil, düşündürən və
onun qayğılarını komizmin imkanları ilə
çözən filmlərə üstünlük
verməyə başladı. Son dərəcə maraqlı
və fəxr ediləsi bir faktdır ki, milli kinematoqraf tragikomediyanın
imkanlarından dünya kinosu bu janra müraciət etdiyi
dövrdən etibarən bəhrələnir və ilk
dövrlərdə bu janr bəzən dramın, melodramanın
içərisində özünə yer tapıb.
Bəzən isə tragikomediya sosial mövzuları da öz
əhatə dairəsinə sala bilirdi və kinematoqraf bu
janrdan rejim üçün pərdə ola biləcək
yaradıcı priyom kimi istifadə edirdi.
Milli kino tariximizdə
özünəməxsus yeri olan "Uşaqlığın
son gecəsi" (1968) və "Bir cənub
şəhərində" (1969) filmlərini heç də
tragikomediyaya aid etmək olmaz, lakin bu filmlərin daxilindən
bir xətt kimi keçən komizm elə tragikomediyanın
özüdür.
Belə uzun-uzadı
girişdən sonra onu demək istərdim ki, bu gün milli
kinomuzda və elə milli teatrımızda da son
dərəcə önəmli və istedadlı
sənətkarlar var ki, onların yaradıcılıqları
və peşəkar imkanları dünyanın ən
məhşur və tanınmış simaları ilə müqayisə
edilməyə layiqdir. Mən sentyabrın 3-də 57
yaşını qeyd edəcəyimiz xalq artisti Yaşar Nurinin
adını çəkməklə fikirlərimi sübuta
yetirə bilərəm.
Milli kino və teatr tariximizin ən önəmli
və böyük sənətkarlarından olan bu aktyorun
sənət taleyi xoşbəxtlik ulduzunun altındadır
desəm, yanılmaram. Qırx ilə yaxın
bir zamanda tamaşaçı sevgisi ilə yaşayan, xalq
məhəbbəti qazanan sənətkar milli kinomuzda və
teatrımızın səhnəsində elə obrazlara imza
atıb ki, yuxarıda qeyd etdiyimiz kimi, həmin obrazları
dünya komediyasının incilərindən saysaq, heç
də yanılmarıq.
Hamımızın bildiyimiz kimi, Yaşar
tanınmış və unudulmaz aktyorumuz Məmmədsadıq
Nuriyevin ailəsində dünyaya gəlib. Elə bu fakt
kifayət edərdi ki, o, gələcəkdə ciddi və
tragikomik obrazlar yaratsın, bu obrazların, demək olar,
hər biri sənət tarixində yüksək qiymət ala
bilsin. Yaşar Nuri elə bir aktyordur ki, onun
səhnədə və ya ekranda hər hansı bir obrazda
görünməsi tamaşaçının dodaqlarına
təbəssüm qonması üçün kifayət edir.
İstər baş, istərsə də kiçik, epizodik
rollarında belə, Yaşar böyükdür və bu
böyüklük açıq-aşkar hiss olunur.
40 illik sənət ömrünün arxada qalan
səhifələrinə baxdıqda statistik olaraq görə
bilərik ki, sənətkar hər bir filmə
çəkilməklə ciddi uğura imza atıb. Kinorejissor
Şamil Mahmudbəyovun ekranlaşdırdığı
"Dörd bazar günü" (1975) filmində
yaratdığı Seyran obrazı Yaşarın kinoda ilk
işi oldu. Bunun ardınca isə o,
irili-xırdalı onlarla filmdə müxtəlif xarakterli
sadə insanların, müftəxorların, nakəslərin,
yaramazların, fırıldaqçıların
obrazlarını kinolentin yaddaşında yaşatdı.
Yaşarın ən maraqlı rollarından biri, mənim
aləmimdə, "Əzablı yollar" (1982)
nağıl-filmindəki kiçik div obrazıdır.
Müasirləşdirilmiş və bir qədər də
sosiallaşdırılmış filmdə mifik obraz yaradan
aktyor oynadığı divin faciəsini, onun
gücünün tükənməsini, insan ağlı
qarşısındakı acizliyini son dərəcə
məharətlə və maraqlı yarada bilib. Bu film ekranlarda
az-az göstərilməsinə baxmayaraq, Yaşar Nurini bu mifik
amplualı obrazda görən tamaşaçı, yəqin ki,
onu heç vaxt unutmaz.
Aktyorun maraqlı və yaddaqalan obrazlarından
biri də "Yol əhvalatı" (1980) filmindəki
Makintoş roludur. Bu film tamaşaçılar tərəfindən
o qədər sevilib ki, ekranda hər nümayişi
böyük rəğbətlə qarşılanır. Filmdəki maraqlı aktyor ansamblını tamamlayan
Makintoş obrazının yaradıcısı Yaşar Nuri
hər bir hərəkəti, mimikası, yalnız onun
özünəməxsus danışıq tərzi,
ciddiliklə qeyri-ciddiliyin arasında olan anlaşılmaz
xarakteri ilə 30 ilə yaxın bir zaman kəsiyində
hər kəsin sevimli obrazlarından birinə
çevrilib.
Yaşar Nuri müxtəlif kinorejissorlarla
işləyib və təbii ki, bu təcrübə ilə
də onun yaradıcılığında böyük
sənət məktəbinin bütün çalarları
cəmləşib. Lakin, aktyorun son illər ərzində (son
illərin də artıq iyirmi yaşı var), yəni 1988-ci
ildən üzübəri kinorejissor Vaqif Mustafayevlə birgə
işlədiyi rollar xüsusilə diqqəti çəkir. Bu filmlər və Yaşarın yaratdığı
obrazlar ayrı-ayrılıqda dünya sürrealist kinosunun
ən dəyərli nümunələrindəndir.
Əsasən tragikomik janrda işlənən filmlərdə
aktyor bir-birindən fərqli, lakin daxili pafosu ilə sanki bir-birini
tamamlayan xarakterləri, özü də milli xarakterləri
yaratmaqla özünün aktyorluq imkanlarını,
peşəkarlığını və təbii ki, Allah
tərəfindən verilən istedadını ortaya qoya bilib.
Vaqif Mustafayevin
müştərək işlərindən olan
(rəhmətlik Ceyhun Mirzəyevlə birlikdə) "Musiqili
xaş" və "Bəyin oğurlanması"
filmlərində də Yaşar tipik obrazlarla yadda qalır
və bunların arasında İsrafil ("Bəyin
oğurlanması") obrazının xüsusi yeri var. Evə girərkən hər dəfə
təkrarlanan ayaqqabının kənara atılması,
özünəməxsus yeriş və davranış,
ölümünə fərman verilmiş sevginin
əzabları və bir çox başqa çalarlar
İsrafil obrazının əsl dəyərini açır
və Yaşar Nuri bu maraqlı obrazı yenə də
baxımlı edə bilir.
Yaşarın obrazlar
kolleksiyasından söz açdıqda onun
"Yaramaz"dakı Maşallahını,
"Lətifə"dəki Məmmədini, "Qətl
günü"ndəki Mahmud doxturunu, "Nə
gözəldir bu dünya"dakı Asim Əliyeviçi,
"Hər şey yaxşılığa doğru",
"Nakəs", "Fransız", "Yoxlama"
filmlərindəki bir-birindən maraqlı və
yaddaqalan rollarını mütləq xatırlamalıyıq.
Bu rolları tamaşaçılara sevdirən də məhz
aktyorun böyük sənətkarlıq istedadı və
çəkdiyi sonsuz zəhmətdir. Amma yeri
gəlmişkən, bir məqama da toxunmaq istərdim ki,
Yaşar kimi böyük aktyorun ara-sıra aşağı
səviyyəli, əsl kinematoqrafiyaya, ümumiyyətlə,
sənətə dəxli olmayan filmlərə
çəkilməyə razılıq verməsini yalnız
onun çəkiliş prosesindən uzun müddət kənarda,
işsiz qala bilməməsi ilə
əlaqələndirmək olar.
Bu yaxınlarda sevimli aktyorumuz
hamımızı sarsıdaraq, taleyinin ən çətin
filmində aldığı baş rolu da adlayıb
ötüşdürdü. Bu qorxulu rolda Yaşarı yaşadan
və yaşamaq eşqini artıran yenə xalq
məhəbbəti, tamaşaçı sevgisi oldu.
Çətin və ağır əməliyyatdan sonra ilk
dəfə böyük sənət
yoldaşı, unudulmaz Həsənağa Turabovun 70 illik
yubileyində səhnəyə çıxan Yaşar Nuri
yenə də uzun-uzadı alqışlarla
qarşılandı. Akademik Milli Dram Teatrının
tamaşaçı zalına H.Turabov sənətini
sevənlər və mədəni ictimaiyyətin elitası
toplanmışdı. Xalqın öz sənətkarına verdiyi qiymətə heç kəsin
şübhəsi yoxdur, amma əksər hissəsi
sənətkarlardan, incəsənətimizin elitasını
təşkil edənlərdən ibarət bu auditoriya da
Yaşarın qorxunc xəstəliyə qalib gəlib
yenidən səhnədə görünməsinə
böyük səmimiyyətlə sevindiyini
göstərdi. Bəzi məqamlarda elitanın içində
yaşayan eqoizm də sənətkarın ayaq üstə dura
bilməsindən doğan sevincə güc gələ bilmədi
və bu unudulmaz anları gördükdə içimdən
bir səs qaynadı: Ömrün uzun olsun ustad! Allah səni
qorusun! Bir də bizi, səni sevənləri belə imtahanlara
çəkmə!
525-ci qəzet.- 2008.- 2
sentyabr.- S. 7.