Məhərrəmova T.
Tamaşaçı böhranından
çıxmışıq
Elşad
Rəhimzadə, reyissor: "Kukla Teatrında yaradıcı
insan üçün eksperiment
aparmağa hər cür şərait var"
Teatrların yeni mövsümə başlamasını
böyüklərlə bərabər uşaqlar da
səbirsizliklə gözləyir. Onlar özlərinin sevimli
Kukla Teatrında yenə də "Göyçək
Fatma", "Qırmızıpapaq",
"Məlikməmməd" və s. nağılları
görmək istəyirlər.
Qeyd edək ki, yarandığı ilk dövrlərdən
başlayaraq Kukla Teatrında Azərbaycan, rus, Qərbi Avropa
dramaturqlarının pyesləri və Azərbycan xalq
ədəbiyyatı motivləri əsasında
hazırlanmış əsərlər səhnəyə
qoyulub. Teatrın kollektivi bu gün də
ənənəsinə sadiq qalaraq öz tamaşaçılarını
yeni-yeni tamaşalarla sevindirməkdə davam edir. Teatrin
reyissoru Elşad Rəhimzadə ilə söhbətimiz də
yeni mövsümdə teatrın planları barədədir:
- Yeni teatr
mövsümünə təmirli binada başlamaq bizim
üçün bir qədər inanılmaz oldu. Bu teatr həmişə soyuqda üşüyüb,
istidə isə havasız şəraitdə
çalışıb. Artıq iki ilə
yaxındır ki, bu teatrda hər bir şərait var.
Maliyyə də daxil olmaqla, qalan xırda problemlər
ilbəil düzəlir. Bu gün mən artıq Kukla
Teatrına aktyor dəvət etməyə
çəkinmirəm. Sakitcə elan verə bilərəm ki, "Kukla
Teatrına aktyorlar dəvət olunur". Bilirəm ki, aktyorun
perspektivini qura biləcəyəm.
- Hazırda teatrda nə qədər aktyor
çalışır?
- Bizdə həm
rus, həm də Azərbaycan bölməsindən ibarət
iki qrup fəaliyyət göstərir. 30 aktyorumuz var. Bu gün
teatrda yaradıcı kontingent sarıdan lazım olan bütün
potensialımız mövcuddur. Bu gün
artıq kukla düzəltmək üçün heç
kəsə sifariş etmirik. Öz
heykəltəraşımız, rəssamımız var. Bundan
əlavə, 30-40 ildir ki, bu teatrda çalışan aktyorlar
var. Onlar demək olar ki, bütün ömürlərini bu
teatra həsr ediblər. Ancaq kilim arxasında qalıblar.
Bəlkə də onlar başqa səhnədə
tanınmış aktyor ola bilərdilər.
- Tamaşaları hazırlayarkən dövlət
sifarişindən əlavə sponsor köməyinə də
ehtiyacınız olurmu?
- Bu, dövlət
teatrı olduğuna görə, birbaşa dövlətdən
maliyyələşir. İldə 4 tamaşa
hazırlayırıq. Onlardan biri dövlət
sifarişi ola bilər. Yerdə qalan isə öz
büdcəmiz hesabına hazırlanır.
- 6 yaşından bu teatrın səhnəsindəsiniz. İlk çıxışınız
yadınızdadırmı?
- Anam Fatma xanım
bu teatrın kadrlar şöbəsində
çalışır. Uşaqlıqda həmişə
evdə kağızlardan kiçik fiqurlar düzəldir
və dekorasiya qururdum. Bir gün anam işdən
gələndə həmin səhnəni görüb
məəttəl qaldı. O zaman teatrın repertuarında
oynanılan bütün tamaşaları evdə öz-özümə
oynayırdım. Anam məni özü ilə teatra
gətirəndə həmişə kukla otağına
qaçırdım. Bir gün Ələkbər əminin
otağında onun kuklası ilə məşq edirdim.
Teatrın baş reyissoru Rəhman Əlizadə qapını
açarkən kuklanı düzgün
oynatdığımı görüb məni yanına
çağırdı. O mənə bir rol təklif etdi
və bildirdi ki, həmin tamaşada ağlamaq lazımdır.
Reyissor finalın alınıb-alınmayacağını
maraqla gözləyirdi. Mən ilk məşqdə
ağladım. Hətta reyissorun özünün də
gözləri dolmuşdu. Bu tamaşadan sonra
mənə teatrda rollar verildi. O gündən teatr
mənim ikinci evim oldu.
- Bəs reyissorluq həvəsi necə yarandı?
- Mən Pantomim
Teatrında işləyəndə Bəxtiyar Xanızadə
bizi hər gün nəyəsə hazırlayırdı. Onda
mənim eksperimental kuklalarım var idi. Hətta
ayaqqabılarımdan da kukla düzəldirdim. Bir gün
Bəxtiyar müəllim: "Sən bu ayaqqabıları insan
obrazına salıb bir etüd göstərməlisən"
- dedi. Həmin etüdü təhvil verəndən sonra
mənə yeni tapşırıq verdi. Onları
hazırlayanda məndə artıq reyissor həvəsi
yaranmışdı. Ora mənim
üçün bir emalatxana idi. Kiçik bir
əşyanı böyüdüb tamaşa yaradırdım.
- Bu səhnədə ilk tamaşanız hansı oldu?
- Bu teatrda reyissor
kimi ilk hazırladığım tamaşa "Ələddinin
sehrli çırağı" olub. Ondan sonra xalq
nağılları əsasında doqquz tamaşa
hazırlamışam. Hazırda Abdulla Şaiqin
"Tıq-tıq xanım"ını yeni versiyada
hazırlayıram. Bu, həm kukla
tamaşası, həm də cizgi filmi variantında olacaq.
Müəllimlərimiz həmişə bizə deyib ki,
çalışın sıfırdan başlayın. Ancaq
mən nədənsə böyük tamaşadan
başladım. Düzdür, tamaşada
çatışmazlıqlar oldu. Bəziləri
bəyəndi, bəziləri bəyənmədi. Bu, təbii haldır. Çox qəribədir
ki, özüm bildiyim səhvləri tamaşada heç kim
mənə demədi. Mənə heç kim demədi ki,
hansısa texniki qüsur var. Düzdür, müəyyən
iradlar oldu, ancaq o fikirlərdə konkretlik yox idi. Ancaq
tamaşa böyük anşlaqla qarşılandı.
- Siz həmçinin bir ara Pantomim Teatrında
çalışmısınız. Deyə bilərsinizmi,
həmin teatrın səhnəsindən bura nə
gətirdiniz?
-
İlk növbədə məsuliyyət. Daha sonra
dünyagörüşün inkişafı, mütaliə,
aktyor necə olmalıdır fikirlərini
formalaşdırdım. Bəxtiyar müəllim
həmişə bizə deyirdi ki, siz tamaşaçılardan
fərqlənirsiniz. Əgər
tamaşaçı pul verib teatra gəlirsə,
"mənə tamaşa göstərin, xaltura yox" deyir.
Onun istəyi budur. Bu gün də mən
aktyorlarla işləyəndə bu fikri onlara
ötürməyə çalışıram. Kukla
oynadan aktyorun plastikası, rəssamlıq, kukla
düzəltmək qabiliyyəti olmalıdır. Onun
yaratdığı kuklanı ondan başqa heç kim oynada
bilməməlidir.
- Sizcə uşaqlar ən çox nə istəyir?
- Uşaq öz
psixologiyasına uyğun bir şey xoşlayır.
Hərdən uşaqlar düşündürücü suallar
verirlər. Eləsi var ki, tamaşaya baxır, onu məzmun yox,
dekorlar maraqlandırır. Eləsi var, çoxlu
rənglər xoşlayır, eləsi də var ki, artıq
Xeyirlə Şəri seçir. Ona görə biz
tamaşalarımızı yaş həddinə
bölürük. Hər bir şey ailədən gələn
tərbiyədən, mədəniyyətdən
asılıdır. Mən bunu tamaşaçılarda
çox sınamışam. İstəyirəm
ki, sentyabrdan tamaşaçı zalında bir qutu qoyum.
Bizim tamaşaçılarımız görmək
istədikləri nağılın, hekayənin adını
yazıb həmin qutuya salsınlar. Bu yolla
tamaşaçılara daha yaxın olmaq istəyirik. Bir
şərtlə ki, valideynlər də buna imkan versin. Moskvada
Obraztsovun teatrında uşaqlar içəri valideynsiz daxil
olur. Ancaq bizdə hələ o mədəniyyət
formalaşmayıb. Valideyn başa düşməlidir ki, 5-6
yaşlı uşaq artıq teatrda sərbəst otura
bilər. Bütün dünyada bu qaydaya riayət olunur.
Məqsəd odur ki, tamaşadan sonra uşaqlarla söhbət
edəndə onların fikrini öyrənmək olsun. Bizdə
isə "mənim uşağım qabaq cərgədə
oturmalıdır" və s. fikirlər daha çoxdur.
- Təkcə uşaqların deyil, böyüklərin
də sevimlı aktyoru Ələkbər Hüseynovun
sağlığında bu teatrın çoxlu festival uğurları
vardı. Bu
gün necə, həmin uğurlar təkrar olunurmu?
- Teatr dərəli-təpəli bir yoldur. O zaman Ələkbər əminin
"Bülbül" və "Keçəlin toyu"
adlı iki gözəl monotamaşası vardı. Bu
tamaşalar dünyanın yarısını gəzdi və
uğur qazandı. Ələkbər əmi tək idi və 3-4
kuklanı götürüb harasa getmək maliyyə
cəhətdən də əl verirdi. Mənim isə
qurduğum tamaşada ən azı 4 aktyor olur. İnternet
saytlarına daxil olmaq, xarici ölkələrlə
əlaqələri qurmaq lazımdır. Bu gün
Mədəniyyət və Turizm Nazirliyinə məktub yazanda
ki, məsələn, bizi Fransaya dəvət edirlər, nazir
dərhal razılıq verib lazımi sənədlərə
qol çəkir. Artıq xarici səfərə getmək
üçün heç bir problemimiz yoxdur və
tədricən belə səfərlər çoxalır.
Keçən yay ərəfəsində Finlandiyaya getdik.
Mədəniyyət və Turizm Nazirliyi xalq teatrlarının,
o cümlədən region kukla teatrlarının
festivalını keçirir. Dünyanın bir çox
ölkəsində məşhur kukla teatrları festivalı
təşkil olunur. Demək olar ki, hər il kuklalara aid 3-4 belə festival
keçirilir. Bu yaxınlarda İranda dünya
kukla teatrlarının festivalı keçiriləcək.
Biz də həmin festivala "Qırmızıpapaq"
və "Oyuq çələngi" tamaşaları ilə
gedəcəyik. Digər bir dəvət də Fransadandır.
Həmin festivalda çox zəngin kukla teatrları iştirak
edəcək. Festival gələn ilin
əvvəllərində baş tutacaq. Biz
bu festivalda ikinci dəfədir ki, iştirak edəcəyik.
İlk dəfə Ələkbər əmi o festivalda
"Bülbül" tamaşası ilə iştirak edib.
- Dünənə
qədər qonşuluğunuzda "Körpəm" Uşaq
Teatrı fəaliyyət göstərirdi. Bu teatr
tamaşaçılarınızı əlinizdən
almırdı ki?
- O tamam başqa bir
yanrdır. Tamaşaçıları da tamam ayrıdır.
Heç vaxt aramızda rəqabət və
bölüşdürüləsi bir şey olmayıb. Onlar
eksperimental teatrdır. Yeri gələndə kukladan da, maskadan
da istifadə edirlər.
- Təhsil Nazirliyinin məktəblərə bilet
satışına qoyduğu qadağa hələ də aradan
qalxmayıb. Bu sizin üçün
tamaşaçı problemi yaratmır ki?
- Dörd il bundan
əvvəl bu bizim üçün böyük problem idi. İndi artıq problem aradan qalxıb.
Biletləri kassadan alırlar. Düzdür, son vaxtlar
deyirlər ki, teatr tamaşaçı böhranı
yaşayır. Ancaq biz bu böhrandan 4 il qabaq
çıxmışıq. Son illərdə
cümə, şənbə və bazar günləri zal
yarıya qədər dolur. Bu bizə
kifayət edir. Qırağa çıxmaq da
böyük maliyyə tələb edir. Hamı yaxşı
tamaşa istəyir. Yaxşı tamaşanın isə
xərci böyükdür. Ona görə də məktəblərə
afişa haqqında informasiya verməklə
kifayətlənirik. İndi isə Mədəniyyət və
Turizm Nazirliyi tərəfindən yeni sistem qurulur. Hər bir
rayonda aparatlar quraşdırılacaq və hər kəs
bileti ordan əldə edəcək. Bu da o
deməkdir ki, get-gedə tamaşaçımız daha da
çoxalacaq.
- Teatrınızda reyissor qıtlığı da var.
Gənc reyissorları uşaq tamaşaları qurmaq
maraqlandırmır?
- Planda teatra
gənc reyissorları dəvət etmək məsələsi
var. Bir neçə gənc reyissor var ki, onlar Pantomim, Yuğ
və Musiqili Komediya Teatrlarında tamaşa hazırlayaraq
sınaqdan çıxıblar. Onların bir neçəsini
bu teatra cəlb etmək istəyirəm ki, gəlib burada da
özlərini sınasınlar. Kukla Teatrında
yaradıcı insan üçün eksperiment aparmağa
hər cür şərait var.
Kaspi.- 2008.- 9 sentyabr.- S. 11.