Erməni qəsdinin qurbanı olan
Azərbaycan sənətçisi
Görkəmli yazıçı
Seyid Hüseynin istedadlı aktyor qardaşı Mirpaşanin
faciəli taleyi faktların diliylə
Görkəmli tənqidçi,
istedadlı hekayə ustası, 37-ci ilin amansız
repressiyalarının qurbanı olan Seyid Hüseyn Kazım
oğlu Sadıqzadənin milli faciələrlə
yüklü taleyində kiçik qardaşı
Mirpaşanın da xüsusi payı var. S.Hüseyn 1928-ci
ildə həyat yoldaşı şairə
Ümgülsümə ünvanladığı
"Həqiqət illüzyonu" adlı məktubunda
yazırdı: "Fəqət hər bir kəsin ehtiram etdiyi
əziz bir şey olar ki, onu özünün çirkin və
yalan nəfləri üçün əlində alət
etməz. Mənim bir qardaşım var idi. Bu, məndən
yaş etibarilə kiçik olduğu üçün daha
əziz idi. Faciəli bir surətdə tərki-həyat etdiyi
üçün, hələ get-gedə unudulduğu
üçün onun ruhuna ehtiram etməyim lazımdır.
Mən sənin qarşında Mirpaşanın Qarabağda
verdiyi canına və həsrət gözlərinə and
içirəm".
Kim idi Mirpaşa? Mirpaşanın
ölümü nə ilə bağlı idi ki, qardaşı
S.Hüseyn onun unudulmasından böyük
təəssüflə danışır? Elə bu maraqla da
gəlib yenə milli faciələrimizin izinə
çıxırıq. Həqiqətən də
təəssüfəlayiq haldır. Elə o
unutqanlıqdır ki, bugünkü faciələrə
zəmin yaradır. Hər faktın altından bir qətliam
çıxır...
"Kommunist" qəzetinin
1921-ci il 23 fevral tarixli Azərbaycan dilindəki nömrəsi
birinci səhifəsi qara haşiyəyə alınmış,
burada Azərbaycan aktyorları Ə.Anaplının və
Mirpaşanın (Sadıqovun) faciəli ölümü haqqında
dərin hüzn ilə xəbərlər dərc
edilmişdir. Qəzetin ikinci səhifəsində
M.S.Ordubadi "Sənaei-nəfisənin birinci qurbanları"
adlı məqaləsinin axırını bu
sözlərlə tamamlayır : "Bu
gün qırmızı Bakı səhnəsinin tarixinin
birinci günüdür. Eşq olsun inqilab yolunda fədai-can
edən qəhrəmanlara". Amma həqiqətdə isə
bu itkilər "İnqilab yolunda fədai-can"
deyildilər. Həqiqəti rus dilində buraxılan
"Kommunist" qəzetinin 23 fevral 1921-ci il tarixli
nömrəsi elan edirdi:
"Nastoəhaə poxoronnaə komissiə po
poxoronam mauzeristami-daşnakami artistov Qostteatra tovarihey Anapliskoqo
i Mir-Paşi uçastvovavşix v aqitpoezde, vovodit do svedeniə
vsex, çto ostanki ubitıx budut predanı zemle 24-qo
fevralə".
"Kommunist" qəzetinin həmin
nömrəsi daha bir elan verirdi:
"Vostoçnaə Konservatoriə qotovilsə
k ustroystvu traurnoqo veçera v çestü pavşix qeroev -
artistov Qostteatra t.t. Anaplinskoqo i Mir-Paşi.
Proqramma:
1). Reçi: bioqrafiə qeroev i znaçenie
poteri ix v oblasti Vostoçnoy muzıki.
2). Muzıka: Poxoronnıy marş, tasnif
posvəhennıy qeroəm - ispolnit Vostoçnıy
Simfoniçeskiy Orkestr. Vse ostalünıe nomera proqrammı
qrustnoqo soderjaniə.
Zavvostkons Oqanezaşvili".
Bu matəm mərasiminin
təşkilini isə erməni daşnaklarının
qanlı soyqırım siyasətinin istehzasından başqa
bir şey kimi qəbul etmək olmur. Çünki erməni
vəhşiliklərinin qurbanlarının matəm mərasiminin
başında yenə də erməni dururdu -Aleksandr
Arkadyeviç Oqanezaşvili.
BİR HAŞİYƏ: "Oqanezaşvili
Aleksandr Arkadyeviç (may 1887, Tiflis - 31.5.1932, Tiflis) -
Azərbaycan sovet musiqiçisi, kamançaçalan, musiqi
xadimi. Milliyyətcə ermənidir. Cabbar Qaryağdıoğlu
ilə tanışlığından sonra (1905, Gəncə)
onunla və Q.Pirimovla birlikdə trioda
çalmışdır..."
Yuxarıda qeyd olunanlar Azərbaycan Sovet
Ensiklopediyasının (ASE) F.Şuşinskinin
"Azərbaycan xalq musiqiçiləri" (1970)
əsərinə istinadən verdiyi məlumatlardır.
Qayıdaq əsas mövzumuzun
üzərinə.
1921-ci ilin fevral ayında Azərbaycan
artistlərindən bir qrupu - Aqitbriqada (Təbliğat
briqadası) respublikanın rayonlarına
göndərilmişdi. Həmin briqadanın tərkibinə
H.Q.Sarabski, H.A.Hacıbababəyov, R.Darablı, Ə.Vahid,
Q.Pirimov, Ə.B.Zülalov (Əzizə xanım
Məmmədovanın atası), Ə.Anaplı, Mirpaşa,
Ə.H.Rzayev, Moses dayı, B.Cabbarzadə, Ə.Əhmədov
daxil idi. Bu briqada Yevlaxda iki hissəyə ayrılır.
Briqadaya daxil olan artistlərdən bir qrupu - Nuxa, Qax, Zaqatala
rayonlarına, digəri isə Qarabağa yola düşür.
Hər iki briqadaya Əliheydər Qarayev və Qambay Vəzirov
rəhbərlik edirdi.
Ə.Anaplı və Mirpaşanın daxil
olduğu briqada 1921-ci ilin fevral ayında respublikamızın
bir neçə rayonunda konsert verdikdən sonra Şuşa
yaxınlığında Keşiş kəndinə
gəlmişdi. Konsert kəndin geniş meydançasında
olacaqdı. Buna görə də Bakıdan artistlərin
gəldiyini eşidən kənd camaatı, hətta
əsgərlər də kəndin meydançasına
toplaşıb səbirsizliklə konsertin
başlanmasını gözləyirdilər. Ə.Qarayev meydançaya
toplaşan kənd camaatının qarşısında nitq
söylədi, sonra bədii briqadanın
iştirakçıları çıxış etdi.
Konsertdə Ə.Anaplı və Mirpaşanın
məzhəkəli çıxışı
tamaşaçıların xüsusilə xoşuna
gəlmişdi.
Mənbələrin verdiyi məlumatlara
görə, Ə.Anaplı və Mirpaşanı
gecələmək üçün bir evə qonaq
aparmış ermənilər onları elə gecə
yatdıqları yerdə qətlə yetirmişdilər. Bu
hadisədən qəzəblənən xalq isə qatilləri
ələ keçirib cəzalandırmışdı.
Keşiş kəndində artistlərlə
bərabər üç hərbçi də qətlə
yetirilmişdi. "Kommunist" qəzetinin 25 fevral 1921-ci il
tarixli nömrəsində onların dəfni haqqında
"Şəhidlər dəfni" başlığı
altında belə məlumat verilirdi:
"Qarabağda inqilab uğrunda
facianə bir surətdə şəhid olan artistlərdən
Əbülhəsən Anaplinski və Mirpaşa Sadıqovu
və zabitlərdən Əbdülhəmid Yusifxanov,
yunkerlərdən Mir Əhməd Mirhəsənov ilə
Hüseyn Əsgərov yoldaşları dəfn etdilər.
Əvvəlcə bu beş cənazə böyük
izdiham ilə Təzə Pir məscidindən
qaldırılıb Dövləti Tiyatro qarşısına
gətirildi".
Bütün artistlər qollarına
üstündə mərhumların şəkli olan qara
lentlər bağlamışdılar. Matəm
mitinqində Azərbaycan teatrı işçilərindən,
artistlər komitəsindən, fəhlə klublarından,
səyyar teatr dəstəsindən, erməni və yəhudi
aktyor truppalarından, "Satir-Aqit" teatrından
gəlmiş nümayəndələr çıxış
edib Ə.Anaplı və Mirpaşanın xaincəsinə
öldürülməsinin Azərbaycan teatrı
üçün böyük itki olduğundan
danışdılar. Matəm mərasimi Bakının
küçələrində irəlilədikcə
müxtəlif təşkilat və komissarlıqların
qarşısında mitinqlər keçirilirdi.
Xalq Maarif komissarı
D.Bünyadzadə, Maarif Xadimləri İttifaqı
tərəfindən M.Maqomayev, Hərbiyyə Məktəbi
qarşısında Mirzə Davud Hüseynov, Həbib
Cəbiyev, İnqilab Komitəsi tərəfindən
N.Nərimanov, Bakı İcraiyyə Komitəsi
qarşısında Mir Bəşir Qasımov və başqa
təşkilatların nümayəndələri
mərhumların xatirəsinə həsr olinmuş alovlu
nitqlər söyləmişdilər.
Ə.Anaplının və Mirpaşanın
Azərbaycan teatrı səhnəsindəki yerini
işıqlandırmaq üçün Əliabbas Rzazadə
"Kommunist" qəzetinin 23 fevral 1921-ci il tarixli
nömrəsində "Böyük itkilər" adlı
məqalə ilə çıxış edərək
yazırdı: "Neçə yıllardır ki, türk
səhnəsini fələk nəzərdə tutub. O
səhnəyə hər bir az müddət fasiləsində
bir zərbə yetirmək ilə sənayei-nəfisə
xadimlərini dağidar etməkdədir".
Müəllif Ərəblinskinin, Vəlinin,
Cahangir Zeynalovun, Hacıbaba Şərifovun
ölümünü xatırlatdıqdan sonra davam
edərək yazırdı: "Bu gün də Qarabağdan
qəmli xəbərlər eşidirik. Məlum olur ki,
Əbülhəsən Anaplını və Mirpaşa
Sadıqovu qanlı canilər - daşnaklar qətl
etmişlər.
Anaplının zərifanə
çıxışlarını, Mirpaşanın Əli
İslam ilə söylədikləri "meyxana"nı
görən və eşidənlər əlbət bilirlər
ki, səhnəmiz nə qədər böyük itki verir.
Bu gün əgər avropalılar
bir sənayei-nəfisə işçisini itirər isə,
bütün nasif təhrirlər ilə bərabər
özünə təsəlli vermək üçün
yüzünü özlərinin sənayei-nəfisəyə
dair məktəblərinə dikib söylüyorlar: bu itkinin
əvəzinə qalan məktəb
bizə neçə dəfə artıq işçi
verər.
Əcəba biz Türk və Şərq
səhnəsinin, Türk və Şərq
sənayei-nəfisəsinin işçiləri ikinci Anaplı
və Mirpaşaları yetirən hansı məktəbə
öz yaş ilə dolu gözlərimizi dikib onlardan
kömək gözləyək?
Hanki məktəb bizə Anaplı
verəcək ki, öz istedadıyla ümumnasın
məhəbbətini qazansın?
Hanki məktəb bizə Əli İslama
yoldaş olmaq üçün Mirpaşa verəcək ki,
onların səhnəyə çıxışını
dörd göz ilə gözləyən camaat təsəllivan
olsun?"
Amma bütün bu gerçəkliklərə
baxmayaraq S.Hüseynin təəssüflə qeyd etdiyi kimi
Anaplı və Mirpaşanın xatirələri uzun illər
sükuta qərq edilərək unutduruldu. Bu da həqiqətdir
ki, insanın yalnız dilini susdurmaq olar, könlü isə
həmişə danışır. Əziz
yoldaşlarının xatirəsini qəlbində yaşadan
sənətkarlar azacıq bir imkan tapan kimi onların
haqqında bildiklərini yazmağa və danışmağa
başladılar. Bu isə ilk dəfə iyirminci əsrin
əllinci illərinin sonlarına təsadüf edir. Mətbuat
səhifələrində H.Hacıbababəyovun, Hacağa
Abbasovun məqalələri, xatirələri
görünür.
Cabir Səfərov da Mirpaşa kimi aktyorların
özündən sonrakı nəslin yetişməsinə
təsirindən bəhs edərək yazırdı:
"Hacağa Abbasovun "Tənqid-Təbliğ"
teatrının səhnəsində aparıcı sifəti
ilə müvəffəqiyyətlə çıxış
etməsi heç də təsadüfi deyildi. Konsertləri
idarə etməkdə mühüm vasitə olan aparıcı
Azərbaycan teatrı və artistləri üçün yeni
sənət idi. Azərbaycanda ictimai hərəkatın
yüksəlişi dövründə Mirpaşa,
Əbülhəsən Anaplı, Əhməd Anatollu, Rza
Darablı və başqa kupletçi artistlər
yetişmişdi. H.A.Abasov da hələ inqilabdan
əvvəl Bakıda və Azərbaycanın başqa
şəhərlərində təşkil olunan
konsertlərdə aparıcı kimi çıxış
edərək ictimaiyyətin hörmətini
qazanmışdı" (Cabir Səfərov. Hacağa
Abasov. Bakı, 1963).
Tədqiqatlar imkan verir ki, Mirpaşa haqqında
yalnız kupletçi və meyxanaçı kimi deyil , həm
də görkəmli aktyorlarla bir sırada
çıxış edən aktyor kimi danışaq.
S.Hüseynin "Azərbaycan" qəzetinin 6 avqust 1912-ci il
tarixli nömrəsində "Ölülər"in
tamaşası haqında dərc etdirdiyi resenziyadan məlum
olur ki, Mirpaşa da bu tamaşada çıxış etmişdir:
"Hacı Baxşəli, Hacı Kərim, Məşədi
Oruc, Kərbəlayi Vəli rollarındakı Əli İslam,
Darablı Rza, Mirpaşa, Xəlil Hüseynov, Anaplı
ümumiyyətlə həddindən artıq şarj
edirdilər".
Yeri gəlmişkən qeyd
edək ki, Seyid Hüseyn özündən iki yaş
kiçik olan qardaşını həmişə himayəsi
altına almış, onun təlim və təhsil məsələlərinə
özündən artıq qayğı ilə
yanaşmışdır. Qardaşlar ilk
təhsillərini İçərişəhərdə
Sınıq Qala deyilən yerdəki məsciddə, Mirzə
Hüseynin yanında almışdılar. Ərəb-fars
dillərini layiqincə bilən Mirzə Hüseyn onlara da bu
dilləri layiqincə öyrətmişdi. 1902-ci ildə Seyid
Hüseyn və Mirpaşa
İçərişəhərdə üçüncü
rus-tatar məktəbinə daxil olurlar.
Məktəbi bitirən il 1904-cü ildə
babaları 90 yaşlı Seyid Sadıq vəfat edir. Seyid
Hüseyn təhsilini davam etdirməyi çox
arzulayırdı. Ancaq ailədə yaranmış
vəziyyəti nəzərə alan Seyid Hüseyn
qardaşı Mirpaşanı seminariyaya qoyub özü
işləmək qərarına gəlir. Ayda 14 manat maaşla
əvvəlcə "Kaspi" mətbəəsində
mürəttib şagirdi, bir neçə aydan sonra isə mühərrir
işləyir, haqqı iki qat artır.
Mirpaşa Cümhuriyyət dönəmində
Azərbaycan Dövlət Teatrının aktyoru idi. Onun
fəaliyyəti və istedadı haqqında məlumat
verən ən qiymətli sənəd M.F.Axundov adına
Azərbaycan Milli Kitabxanasının Azərbaycanın
Ədəbiyyat Arxivi şöbəsində saxlanılan
meyxana mikrofilmidir. Göstərilən mənbədən
məlumat alırıq ki, Mirpaşanın söylədiyi
meyxanalar kitab şəklində işıq üzü
görmüşdür. Kitabda Əli İslamla Mir
Paşanın "Görürəm", "Hara
çıxdı getdi", "Bizim oldu", "Ata və
oğul" adlı deyişmələri
toplanmışdır. Meyxanalar ictimai-siyasi motiv
daşıyır və bolşevizmin, rus hakimiyyətinin
əleyhinə söyləndiyi üçün sovet rejimi
dönəmində üzə
çıxarılmamışdır və bu günə
qədər də olduğu kimi elmi-ədəbi
ictimaiyyətə belə təqdim olunmamışdır.
Kitabın sonunda "Mabədi var" qeydindən məlum olur
ki, aktyorların meyxanaları bununla bitmir və
gələcəkdə çap olunması nəzərdə
tutulur. Lakin Aprel çevrilişi Mirpaşanın
həyatı kimi, görəcəyi işləri də
yarımçıq qoyur.
Aprel çevrilişindən sonra Seyid Hüseyn
müəllim sifətiylə ailəsi ilə birlikdə
Xızı rayonuna gedir. Bolşevizmin qanlı
qələbəsi ilə barışmayan yazıçı
bütün ədəbi, publisistik, ictimai
fəaliyyətindən əl çəkməyi
özünün ən doğru yolu kimi qəbul edərək
1921-ci ilin 23 fevralına kimi ucqar dağ rayonunda sadə
müəllimlik həyatı ilə
kifayətlənməyə çalışır...
1921-ci il 21 fevralda yazıçının
ilk övladı Oqtay Xızı rayonunda anadan olur. Bu sevincin
üstündən iki gün keçməmiş ictimai-siyasi
mühitin zərbələri altında yoğrulmuş Seyid
Hüseynin taleyinə Mirpaşanın qətli kimi amansız bir
zərbə endirilir. 23 fevral 1921-ci ildə Seyid Hüseyn
Bakıya qayıdır. "Həqiqət
illüzyonu" məktubundan gördüyümüz kimi
ömrü boyu sevimli qardaşının faciəsi və
xüsusən də onun unutdurulması ilə barışa
bilmir. Əsərlərindən də görürük ki,
yaradıcılığının lap erkən
çağlarından Qarabağ mövzusu Seyid Hüseynin
yaradıcılığının ən
ağrılı məqamlarından biri olub.
BİR FAKT: 23 noyabr 1920-ci il.
Ədliyyə İşləri üzrə xalq
komissarının 2 fevral 1920-ci il tarixli əfvetmə
haqqındakı qanununa əsasən, 1918-ci ildə Bakıda
və Şirvanda qanlı cinayətlər törətmiş
Stepan Lalayev və onun əlaltılarının işinə
baxan 1-ci Şamaxı İstintaq Komissiyası Stepan Lalayev
və onun əlaltılarının
törətdikləri cinayətlər 1918-ci ildə, yəni
milli ədavət üstündə meydana
çıxmış vətəndaş müharibəsi
dövründə baş verdiyini əsas
götürərək 1920-ci ilin 23 noyabr tarixində işi
xətm etmişdir.(Erməni terrorizmi və cinayətləri:
Azərbaycanda, Türkiyədə və
dünyada hadisə və faktların xronikası. Bakı,
1994.)
Təəssüf doğuran haldır ki,
yuxarıda göstərilən mənbədə Keşiş
kəndində baş vermiş o dəhşətli faciə
haqqında heç bir məlumat verilməmişdir. Elə
bunun özü də təəssüf doğurur ki, biz
hələ də elə Seyid Hüseyn kimi buna yalnız
təəssüflənə bilirik.
525-ci qəzet.- 2008.- 5 sentyabr.- S. 7.