Şuşa Dövlət Dram Teatrı 161-ci mövsümünə "Qız atası" tamaşası ilə başladı

 

Tamaşaçı ilə dolu salonu Şuşa teatrı aktyor kollektivinin yeni mövsümə böyük peşəkarlıq və məsuliyyətlə hazırlaşdığından xəbər verirdi. Tamaşaya qoyulan ilk əsər əməkdar incəsənət xadimi Əfqanın "Qız atası" əsəri idi. Yazıçı onu 1963-cü ildə qələmə alıb. Müəllif söhbət zamanı dedi ki, onun tamaşaya qoyulmasından teatra dəvət olunanda xəbər tutmuşam. Mənim üçün qürur doğuran məqamlardan biri "Qız atası"nın Azərbaycan mədəniyyətinin beşiyi sayılan Şuşa Dram Teatrında səhnələşdirilməsidir.

Tamaşanın quruluşçu rejissoru Nazim Rüstəmov Əfqanın yaradıcılığına müraciət etməsinin səbəbini belə izah edir:

- Bu gün müasir Azərbaycan dramaturgiyasının kənd mövzularına çox böyük ehtiyacı var. "Qız atası" ötən əsrin ortalarında yazılmasına baxmayaraq, indi aktuallığını, bədii dəyərini itirməyib.
Bir saatdan artıq davam edən tamaşa maraqla izlənildi, alqışlarla müşayiət edildi. Əsərin qəhrəmanı Cavad kişinin obrazını uğurla təqdim edən aktyor Teymur Məmmədov gənclərə kənd təfəkkürü, kənd mədəniyyəti ilə elə cavab verir ki, özünü ən sivil şəhərli sayan Məcnun - Yarulla onun qarşısında aciz komik görünür.

Tamaşanın sonunda müəllifin və yaradıcı qrupun alqışlarla səhnəyə təkrar dəvəti "Qız atası"nın uğurundan xəbər verir.

 

Azərbaycan.- 2008.- 21 sentyabr.- S. 12.