Təranə

 

"Hər bir tamaşada özümü ifadə etmək imkanım olub"

 

Yay mövsümü başa çatır. Teatrlar yenidən pərdələrini tamaşaçılarının üzünə açıblar. Akademik Milli Dram Teatrının kollektivi isə teatrın binası təmirə dayandığından yeni mövsümü Dənizçilərin Mədəniyyət Evində qarşılayır. İki illik təmir dövründə yaradıcı heyətin tamaşaçılara hansı səpkili tamaşalar təqdim etməsi hələlik onların mətbəxinin sirri olsa da, açıqlanacaq. Əsas odur ki, tamaşaçılarını perik salmamağa öz nüfuzlarını qorumağa çalışacaqlar. Teatrın rejissoru Əsgər Əsgərov müsahibəmizdə yeni planlarını açıqladı:

- Yeni mövsüm üçün Aqata Kristinin "Tələ" əsərini səhnələşdirəcəyəm. Əslində, tamaşanın məşqləri keçən mövsümün axırlarında başlamışdı. Əsər detektiv janrdadır. Tamaşada, demək olar ki, teatrın bütün aparıcı aktyorlarına rol vermişəm.

- Siz ən çox psixoloji və detektiv janrlarda əsərlərə yozum verirsiniz. Bu janrlardan başqa, sizi daha maraqlandırır?

- Mən, demək olar ki, bütün janrlarda əsərlər səhnələşdirmişəm. Psixoloji janr deyəndə yəqin ki, "Ağlasığmaz qətl"i nəzərdə tutursunuz. Psixoloji teatr artıq Azərbaycanda öz yerini tapıb. İndi özümü detektiv janrda sınamaq istəyirəm. Görüm bu necə alınacaq aktyorlar özünü burada necə göstərəcək?

- Ümumiyyətlə, quruluş verdiyiniz əsərlərin fəlsəfi yükü çox ağırdır. Hər bir yaradıcı adamın da gördüyü işin arxasında öz fəlsəfi ideyası olur. Nədir sizin fəlsəfi ideyanız?

- Mən əsərdən çıxış edərək bu əsərləri səhnələşdirmişəm. Müəlliflərin özləri müəyyən fəlsəfi ideyaları həmin əsərlərə qoyurlar. Mən müəllifin yazdığını tamaşaçıya çatdırmağa çalışıram. Düzdür, hər bir tamaşada özümü ifadə etmək imkanım olub. Bir vətəndaş, insan kimi bu imkanı əldən verməməyə çalışıram. Bizim sənətimizin gözəlliyi aktyorların, tamaşanın vasitəsilə özümüzü ifadə edə bilməkdir.

 - Şekspirin "Romeo və Cülyetta"sını səhnələşdirmək istəyirdiniz. Bu planınız necə oldu?

- Bu, hələ sözdə qalıb. Hələ bu əsər üçün şərait yaradılmayıb. Teatrımız iki il təmirə dayanıb. Bu müddətdə kompakt əsərlər səhnələşdiriləcək, elə böyük əsərlərə yer ayrılmayacaq.

- Müsahibənizdə "plandankənar işlərim var" demişdiniz. Onları həyata keçirə bildinizmi?

- Plandankənar işlərim çoxdur. Bu işlər mənimçün , aktyorlar üçün maraqlı olar. Elə əsərlər var ki, bu günə qədər işlənməyib. Məsələn, "Tələ" əsəri İngiltərənin bir teatrında 12 min dəfə oynanılıb. Tamaşa Ginnesin rekordlar kitabına düşüb. Ümumiyyətlə, mən klassikləri çox sevirəm. Əgər onlar bu günə qədər yaşayırlarsa, demək, yaradıcılıqları bu əsərlərə yenidən müraciət etməyə imkan verir. Dünya durduqca Şekspirin, Molyerin əsərləri yaşayacaq. Kamyunu da onların siyahısına salmaq olar. Mənim yaradıcılığımda, ümumiyyətlə, müasir dramaturqlara az yer verilib.

- Bu gün teatrlarda dünya və müasir dramaturqların əsərlərinə çox müraciət olur. Klassikləri çıxmaq şərtilə, demək olmaz ki, oynanan əsərlərin hamısı layiqlidir. Sizcə, zəif əsərin səhnəyə yol tapmasının günahı kimdədir? Aktyorda, rejissorda, teatr rəhbərliyində, yoxsa tamaşaçıda?

- Mən belə düşünürəm ki, zəif əsər olmur. Sokratın belə bir sözü var: "Hər bir insanda Günəş var, imkan verin, o parlasın!" Əgər teatr əsəri qəbul edirsə əsər müəyyən instansiyalardan keçib gəlirsə, o, artıq zəif əsər deyil. Zəif tamaşa alına bilər. Sadəcə, əsəri açmaq, təqdim etmək lazımdır. Əlbəttə, zəif əsər teatra yaxın buraxılmamalıdır. Çünki əsərlər ələnə-ələnə gəlib teatra çıxır. Əgər gəlib çıxırsa, artıq o əsərə münasibət tam ciddi olmalıdır.

- Sizcə, bu gün teatr özündə hansı komponentləri ehtiva edir?

- Mən Naxçıvan Teatrında rəhbər işləyəndə xalqın bugünkü istəyini nəzərə alaraq tamaşa hazırlamağa çalışırdım. Tamaşaçının nəbzini tutaraq, bu gün onun könlünü oxşayan əsərlərə müraciət etmək üçün teatrın özünün ayrıca bir düşüncəsi olmalı, bəşəri problemləri qarşısına qoymalı, heç vaxt dar çərçivədə işləməməlidir. Teatr yalnız bir xalqın, bir kütlənin olmamalıdır. Biz elə tamaşa qurmalıyıq ki, insanın psixoloji problemləri təkcə Azərbaycanla yox, hətta dünya ilə səsləşsin. Çünki insani problemlər ümumbəşəri, hər yerdə mövcud olan problemlərdir. Teatr yalnız belə birləşə bilər. Mən fevral ayında Moskvada Anatoli Vasilyevin dramatik teatrında təcrübədə oldum. Bu mənim üçün çox maraqlı idi. Oradan çox şey götürdüm.

- Müsahibələrinizin birində sizi Naxçıvan Teatrında ideal hesab etdikləri üçün Bakıya gəldiyinizi demisiniz. Yəni bu gəlişinizlə bir növ əvəzolunmaz missiyasını boynunuzdan atmaq istəmisiniz. Bu, həddən artıq təvazökarlıq idi, yoxsa imic yaratmaq jesti?

- Naxçıvan Teatrında elə şərait yaranmışdı ki, özüm qurub baxırdım. Elə yer olur ki, insan orda özünü tamamlayır ona yeni bir məzmun lazım olur. Mən orda tamamlanmış formada idim başqa bir qəlibə girməyim lazım gəlirdi. Burda artıq yeni bir cığıra düşdüm. Mən orda baş rejissor işləyirdim. Çox cavanikən böyük bir teatra rəhbərlik edirdim. Müəllimim Həsən Turabov "Azdrama"da bədii rəhbər idi. Dəfələrlə mənə Bakıya gəlməyi təklif edirdi. Qismət oldu, Bakıya gəlib müəllimimin yanında işləməyə başladım. Biz birlikdə teatrda çalışmaqla bərabər İncəsənət İnstitutunda kurs aparırdıq.

- Naxçıvan Teatrında baş rejissor kimi çalışanda, təbii ki, orda səlahiyyətləriniz, yaradıcı imkanlarınız daha geniş olub. Burada isə sıravi bir rejissorsunuz. Hansı fəaliyyətinizi daha uğurlu hesab edirsiniz?

- Sözün düzü, burada gördüyüm işlər daha peşəkar və dərindir. Naxçıvan Teatrında qurduğum Cəfər Cabbarlının "Aydın", Əziz Nesinin "Ölən adam" tamaşasını öz yaradıcılığımda yüksək rəfə qoyuram. Lakin burada yeni bir cığırla irəliləməli oldum. Dünya teatr prosesini izləyirəm. Mənə elə gəlir ki, belə ifadə vasitələri, belə oyun tərzi bu gün lazımdır. Düzdür, bəzən köhnədən yeniyə keçmək çox çətin olur. Bəzən rejissorların adı da onların qurduğu tamaşada oynayır. Onların adı tamaşaya başqa gözlə baxmağa məcbur edir.

- Tamaşa hazırlamaq üçün Naxçıvan teatrına dəvət alırsınız?

- Çox teatrlardan dəvət alıram. Amma heç yerə getmirəm.

- Bayaq Sokratın məşhur deyimini xatırlatdınız. Bu teatra gələndən sonra sizdəki Günəşin qarşısını buludlar almadı ki?

- Yox, bəxtim ona görə gətirdi ki, teatrın bədii rəhbəri mənim müəllimim idi və onun dəvəti ilə gəlmişdim. Həsən Turabov məni teatrda qanadları altında qoruyub saxlayıb. Mən hər dəfə tamaşa quranda ənənəni sındıran məqamların çox olacağını o bilirdi. Həsən müəllim məşqlərimə baxır məsləhətlərini verirdi. "Skapenin kələkləri"ni qurduqda artıq Əlabbas Qədirov direktor idi. Həsən müəllim məşqlərə baxmağa gəlirdi. Heyf ki, tamaşanı görə bilmədi!

Bu yaxınlarda "Lider"də Həsən Turabov haqqında filmim göstərildi. Onun haqqında hər şeyi filmə salmaq istəyirdim. İstək o qədər idi ki, bu məni peşəkarlıqdan uzaqlaşdırırdı. Şükür olsun, film haqqında həm ailəsindən, həm sənət yoldaşlarımdan yaxşı sözlər eşitdim!

- Yenə də İncəsənət Universitetində kurs aparırsınızmı?

- Həsən Turabovdan sonra instituta getmirəm. O, məni dəvət etmişdi, mən getmişdim. Ondan sonra isə dərs demək istəmirəm.
   - İndicə etiraf etdiniz ki, o, sizi teatra da çəkib gətirmişdi. Ondan sonra sizin üçün çətin olmadı ki?

- Əlbəttə, Həsən müəllimin ölümü böyük itkidir. Həsən Turabov böyük dayaq idi.

 

Mövqe.- 2008.- 20-22 sentyabr.- S. 13.