Fidan Hacıyeva:
İncəsənətin istənilən
növü ilə əsl peşəkarlar məşğul olmalıdırlar
Oktyabrın 6-da Kiyev Filarmoniyasının
böyük salonunda Azərbaycanın əməkdar
artisti, Beynəlxalq müsabiqə laureatı,
Azərbaycan Dövlət
Akademik Opera və Balet Teatrının
solisti Fidan Hacıyevanın solo konserti olacaqdır. Onu fortepianoda əməkdar incəsənət
xadimi Cavan Zeynallı müşayiət
edəcəkdir. Müğənni
özünün yeni layihəsi haqqında bu yaxınlarda AzərTAc-ın qonağı olarkən söhbət açmışdır.
Fidan xamın demişdir: "Konsertin təşkilatçısı Azərbaycan-Ukrayna Dostluğu Beynəlxalq Xeyriyyə Cəmiyyətidir. Biz maraqlı repertuar seçmişik. Bura Azərbaycan və əcnəbi xalq mahnıları, romanslar daxildir. Bu dəfə
klassik əsərlərə
az yer verilmişdir.
Mahir musiqiçi Cavan Zeynallı və mənim müəllimim, Bakı Musiqi Akademiyasının professoru Hüseyn Əliyevlə birlikdə məxsusi olaraq bu proqram üçün
gözəl caz kompozisiyaları, məşhur
əsərlərə improvizasiyalar
hazırlamışıq. Zənnimcə,
maraqlı olacaqdır.
Konsertə çoxlu qonaq, Ukraynadakı diasporumuzun nümayəndələri,
səfirliyin əməkdaşları
dəvət edilmişdir.
Bakı tamaşaçısı
isə proqramı ilin axırında qiymətləndirə biləcəkdir.
Planlarımıza Cavan
Zeynallı ilə birlikdə disk buraxmaq da daxildir".
Bu, müğənninin Ukraynaya
artıq ikinci səfəridir. Öz nömrələrindən birini
Azərbaycan poeziyasına
həsr etmiş "Kiyevskaya Rus" ("Kiyev rus dövləti")
ədəbi jurnalı
bu münasibətlə
təşkil etdiyi tədbirə Azərbaycanın
yazıçı və
şairlərini, aktyor
və musiqiçilərini
dəvət etmişdi.
Fidan Hacıyeva Azərbaycan və xarici bəstəkarların
əsərlərini ifa
etmişdi. Onun çıxışı Ukrayna
cəmiyyətində böyük
əks-səda doğurmuş və nəticədə yeni dəvət gəlmişdir.
Müğənni
opera səhnəsində yaradıcılıq planlarını
da bizimlə bölüşdü: "Hazırda teatrda
Coakkino Rossininin "Sevilya bərbəri" operasını
tamaşaya qoymaq istəyirlər. Mən Rozinanın partiyasını
ifa edəcəyəm.
Burada məndən tamamilə başqa ifaçılıq texnikası
tələb olunacaq. Əvvəllər yaratdığım
bütün obrazlar - Azuçena, Karmen, Amneris dramatik obrazlardır. Rozina surətini yaratmaq üçün isə oynaqlıq, deyərdim ki, bir qədər
xəyalpərəstlik tələb
olunur. Tamaşa ilin axırınadək hazır olacaqdır".
Ümumiyyətlə,
son illər müğənni üçün kifayət
qədər səmərəli olmuşdur. O, solo konsertlər
vermiş, bir çox opera tamaşalarında
rollar almışdır.
Bu yaxınlarda İsveçrədən
gəlmiş çəkiliş
qrupu Fidanı Azərbaycana həsr olunmuş filmə dəvət etmişdir. Azərbaycan mədəniyyətinin
bir səhifəsindən
söhbət açan
"Opera müğənnisi ilə keçirilən gün" filmi sentyabrın axırında
İsveçrə televiziyası
ilə nümayiş etdiriləcəkdir. Həmsöhbətimiz
"Belə sıx iş cədvəlini həyat yoldaşı və ana vəzifəsi
ilə uyğunlaşdırmaq
çətin deyilmi"
sualına cavabında
dedi: "Bilirsiniz, burada ən başlıcası düzgün
plan tərtib edib, ona uyğun hərəkət etməkdir.
Mən öz işlərimi əvvəlcədən
planlaşdırdığım üçün onların
öhdəsindən gəlirəm.
Hər gün yeddinin yarısında durub səhər yeməyi hazırlayıram,
uşaqları bağçaya
yola salıram. Anam mənə çox kömək edir. Ona son dərəcə
minnətdaram. Əlbəttə, uşaqlarımın mənim
yolumu davam etdirəcəkləri barədə
danışmaq tezdir, çünki hələ balacadırlar. Lakin artıq indidən oğlumun şəkil çəkməyə böyük
həvəsi olduğunu
hiss edirəm. Onun müxtəlif əşyalara
öz baxışı
var və zənnimcə, pis alınmır. Ümumiyyətlə,
hesab edirəm ki, incəsənətin hər hansı növü ilə əsl peşəkarlar məşğul olmalıdırlar.
Həm teatrda, həm də Musiqi Akademiyasında yaxşı səsi olan gənclərimizin sayı çoxdur. Fitri istedadı olan bu insanlar
həm də zəhmətkeşdirlər. Əminəm ki, onların gözəl gələcəyi
olacaqdır".
Azərbaycan.- 2008.- 28 sentyabr.- S. 19.