Əlizadə Ş.
Azərbaycan və
Özbəkistan arasında əlaqələr
qarşılıqlı faydalı
əməkdaşlığa, qardaşlıq və dostluq
prinsiplərinə əsaslanır
Azərbaycan və
Özbəkistan münasibətlərinin çoxəsrlik
tarixi var. Milli dəyərlərimizin, adət-ənənələrimizin,
mədəniyyətlərimizin və dilimizin
doğmalığı, yaxınlığı ölkələrimizin
fəal əməkdaşlığında çox
əhəmiyyətli rol oynayır. Özbəkistan prezidenti
İslam Kərimovun Azərbaycana yüksək səviyyədə
keçən rəsmi səfəri bunu bir daha
təsdiqlədi. Dövlət başçılarının
təkbətək və geniş tərkibdə
görüşündə ikitərəfli
əlaqələrin müxtəlif aspektləri, regional
əməkdaşlıq və beynəlxalq vəziyyət
barədə məsələlər müzakirə edildi,
qarşılıqlı maraq doğuran fikir mübadiləsi
aparıldı.
Özbəkistän
prezidenti İslam Kərimovun ölkəmizə səfəri
və aparılan danışıqlar bir daha sübut edir ki,
ölkələrimiz arasında münasibətlər çox
yüksək səviyyədədir. Dövlət
başçılarının görüşündə
qarşılıqlı maraq doğuran
məsələlərin çox geniş dairəsi -
ikitərəfli münasibətlər, regional siyasət,
Qafqazda baş verən proseslər, bir sözlə,
tərəfləri narahat edən və həlli tələb
olunan məsələlər nəzərdən keçirildi.
Tərəflərin ümumi qənaəti bu oldu ki, dialoq,
işbirliyi və qarşılıqlı surətdə
faydalı əməkdaşlığın potensialını
artırmaq yolu ilə bir çox problemləri həll
etmək mümkündür. Azərbaycan və Özbəkistan
bu istiqamətdə səylərini davam etdirir. Hər iki
dövlətin iqtisadi potensialı və
müstəqilliklərini möhkəmləndirən müsbət
proseslər, yürüdülən müstəqil siyasət
də buna böyük zəmin yaradır.
Azərbaycan ilə Özbəkistan arasında dərin hörmət və etimadın təcəssümü Özbəkistanın xalq şairi, Azərbaycanın böyük oğlu, taleyin hökmü ilə Özbəkistan torpağında yazıb-yaradan Maqsud Şeyxzadənin məşhur rübailərində də öz əksini tapıb. Hər bir azərbaycanlı üçün xüsusilə xoşdur ki, Maqsud Şeyxzadə milli mədəniyyətin inkişafında xidmətlərinə görə Özbəkistanın ən yüksək mükafatlarına layiq görülüb. Bu il Daşkənddə bu böyük şairin 100 illik yubileyi təntənə ilə qeyd ediləcəkdir.
Bakıda görkəmli özbək şairi, mütəfəkkiri və dövlət xadimi Əlişir Nəvainin möhtəşəm abidəsinin açılışı və Azərbaycan paytaxtının mərkəzi küçələrindən birinə böyük özbək astronomu və maarifçisi Mirzə Uluqbəyin adının verilməsi ölkələrimizin mənəvi yaxınlığının, qardaşlıq və dostluğunun rəmzidir. Bütün bunlara böyük önəm verən, Daşkənd Dövlət Pedaqoji Universitetinin binası qarşısında Nizaminin abidəsinin ucaldığını xatırladan cənab İslam Kərimov özbək ədəbiyyatının banisinə Bakıda abidə açılması münasibətilə bildirdi: "Bu insan bizim də müasirimizdir. Ona görə ki, Nizaminin və Əlişir Nəvainin gördükləri işlər bu gün bizim həyatımızda yaşayır. Nizaminin və Əlişir Nəvainin irsi olmadan bizim bugünkü nəsil tərbiyə oluna bilməz. Onların irsi bizim güc aldığımız mənəviyyat və əxlaq xəzinəsidir".
Xatırladaq ki, əsrlər boyu sevinc və kədərini bir-birilə bölüşən xalqlarımız həyatın çətin sınaqlarına tab gətirmək üçün də həmişə bir-birinə dost əl uzadıb. Belə ki, 1930-cu illərdə kütləvi repressiyalar dövründə on minlərlə azərbaycanlının Özbəkistan torpağında sığınacaq tapması, özbəklərin onları öz doğmaları kimi açıq ürəklə qəbul etməsi, qarşılaması, evlərində sığınacaq verməsi hamımızın yadındadır. Hazırda Özbəkistanda 40 mindən çox azərbaycanlı yaşayır. Azərbaycanlılar ölkənin sosial-ictimai, iqtisadi həyatında və digər sahələrdə fəal iştirak edirlər. Təkcə son illərdə Azərbaycan diasporunun altı nümayəndəsi yüksək dövlət mükafatlarına layiq görülmüşdür. Bunlar ürəkaçan faktlardır və qürur hissi gətirən xəbərlərdir.
Özbəkistanın Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində Azərbaycanı birmənalı şəkildə dəstəklədiyini bəyan edən prezident İslam Kərimov bildirib: "Bu problem, əlbəttə, dinc yolla və vurğulamaq istərdim ki, yalnız beynəlxalq normalara əməl edilməklə və Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə hökmən riayət olunmaqla həll edilməlidir".
Dövlət başçısı İslam Kərimovun Azərbaycana rəsmi səfərini geniş işıqlandıran Özbəkistan qəzetləri bu səfərin nəticələrini yüksək qiymətləndirir, səfərin ikitərəfli əlaqələrin möhkəmləndirilməsində və dərinləşdirilməsində mühüm mərhələ olacağını qeyd edirlər.
Azərbaycan və Özbəkistan münasibətlərinin ruhu,
məzmunu və imzalanan sənədlər
göstərir ki, ölkələrimiz bir-birinə nə qədər yaxındır
və bütün məsələlərdə mövqelərin
üst-üstə düşməsi böyük
uğurdur. Cənab
İslam Kərimov əmindir ki, Azərbaycan və Özbəkistan bir-birinə nə qədər yaxın olsa, həm Azərbaycanın, həm də Özbəkistanın
məsələlərini həll
etmək bir o qədər asan olacaqdır.
Respublika.- 2008.- 18 sentyabr.- S. 4.