Abbaszadə G.
Musiqili Komediya
Teatrının növbəti uğuru
Ötən ay türk
dünyasının ortaq atası sayılan Dədə Qorqudun
şəninə düzənlənən şölən
yenə də qardaş elləri bir araya topladı. Müxtəlif
ölkələrdən Türkiyəyə yol alan 17 kollektivin
iştirak etdiyi 14-cü Dədə Qorqud Beynəlxalq
müsabiqəsində bir kollektiv də var idi ki,
tamaşaçı marağı və alqışları onlardan
bir an belə kənarda qalmadı. Sevindirici hal budur ki, bu il
festivalda Azərbaycan Dövlət Musiqili Komediya
Teatrının kollektivi də iştirak edirdi. Qürurverici xəbərlərdən
öncə ölkəmizin hər il iştirak etdiyi bu festival
haqqında qısa məlumat vermək tam yerinə
düşərdi.
Dədə Qorqudun dediyi
kimi, "Bu şölənlər birliyimizə, dirliyimizə
güc versin" deyə artıq 14-cü ildir ki,
Türkiyənin Bayburt şəhəri qapılarını
qardaş türk xalqlarına açır. Hətta bu il
"Qonağı gəlməyən qara evlər
yıxılsın" deyimini şüar seçən
bayburtlular türk qonaqpərvərliyindən,
mədəniyyətindən xəbər tutsunlar deyə
başqa xalqlara da ev sahibliyi etdilər. Azərbaycan, Çeçenistan,
Dağıstan, Gürcüstan və s. kollektivlərlə
yanaşı Türkiyənin müxtəlif
şəhərlərindən, bölgələrindən
iştirakçılar da var idi.
Mərasimlər hər
il qonaqların Dədə Qorqud türbəsini ziyarət
etməsiylə başlayır və Soğanlı dağında
keçirilən tədbirlərlə sona yetir.
Festivalın açılış günü yüksək səviyyədə bəzədilən şəhərin mərkəzində keçirilirdi. Bu möhtəşəm tədbirdə TBMM sədri Köksal Toptan və baş nazirin müavini Cəmil Çiçək də yerini aldı. Ziyarətin ardından 'Türk dünyası" parkında təntənəli açılış mərasimi oldu. Bu il isə adıçəkilən festivalda, respublikamızı Dövlət Musiqili Komediya Teatrının balet truppası, həmçinin əməkdar artist Xanım Qafarova və gənc ifaçı Ramil Qasımovun daxil olduğu 20 nəfərlik heyət təmsil etdi. Festivalda kollektiv tam mənada tarixi izlər qoydu. 5 gün davam edən festivalda hər konserti əməkdar artist Xanım Qafarovanın "Azərbaycan" mahnısı ilə açan kollektiv çıxışlarını yallı rəqsi ilə sonlandırırdı. Kollektivimiz müsabiqədə peşəkarlığı ilə kəskin dərəcədə fərqlənirdi. Bu fərqi festivalın ilk günündən hiss edən Bayburt Bələdiyyəsi istedadlı kollektivə hər çıxış üçün daha çox vaxt verirdi. Festivalın hər günü axşamlar "Gənc Osman" stadionunda təşkil olunmuş məşhur türk sənətçilərinin konserti ilə sonlanırdı. Festivalın 3-cü günündə kollektivimiz Bayburt Bələdiyyəsi tərəfindən "Gənc Osman" stadionunda saat yarımlıq solo konsert vermək təklifi aldı. Və həmin gün Bayburt xalqı sənətə doydu. Xalqın qürurverici istəyi qarşısında həyəcanlanan və çox sevinən kollektiv bu dəqiqələrdən məharətlə istifadə etdi. Zakir Ağayevin rəhbərlik etdiyi balet truppamız ifa etdiyi "Salam Azərbaycan", "Naz eləmə", "Arşın mal alan", "Qaytağı" və s. kimi rəqslərlə bayburtluları özlərinə heyran etdi. Bu çıxışların ardından teatrın gənc və istedadlı solisti, tamaşaçıların Sərvər kimi (Ü.Hacıbəyov – “O olmasın, bu olsun”dan) tanıdıqları Ramil Qasımov tamaşaçıların hüzuruna çıxdı və dahi Üzeyir bəyin "Koroğlu" operasından Koroğlunun ariyası, "Ağacda alma" və aşıq mahnılarını səsləndirdi. Çıxışının sonunda ifa etdiyi "Sarı gəlin" mahnısıyla elə bütünləşmişdi ki, yalnız bayburtlulara deyil, bütün dünyaya bu əsərin bizim olduğunu hayqırırdı sanki. Bu duyğunu hiss edən izləyici qulaqbatıran alqışlarla "bir daha, bir daha" deyərək gənc solistə öz sevgilərini bildirirdi. Əməkdar artist Xanım Qafarovanın "Azərbaycan" mahnısı hamını şövqə gətirdi. Mahnının nəqarətində hamı bir yerdə "Yaşa, Azərbaycan!" deyirdi. Səngiməyən alqışlar altında ifa olunan "Reyhan" və "Leylam" mahnılarını isə tamaşaçılar da onunla birlikdə oxuyurdular. Konsertin sonundä Zakir və Leyla Ağayevlərin hazırladığı "Yallı" rəqsı ilə konsert sürəkli alqışlarla başa çatdı.
Kollektivimizə ən böyük hədiyyə
isə festivalda yalnız möhtəşəm
Azərbaycan bayrağının
asılması və iri hərflərlə yazılmış Azərbaycan
yazısının konsert
platformasını bəzəməsi
oldu.
Palitra.- 2008.- 3 sentyabr.- S. 13.