Samirə

 

Latviya baletinin azərbaycanlı qanı

 

Ülvi Əzizov: "Riqa mənim ürəyimcədir"

 

Azərbaycan balet sənəti Şərqdə ilk "qaranquş" olandan bəri çeşidli peşəkarlıq təzahürləri ilə incəsənət aləminə biganə olmayanları təəccübləndirməkdə davam edir. Budəfəki qəhrəmanımızın izinə "www.intelligent.lv" saytı vasitəsilə düşdük. Ülvi Əzizov Latviya Opera Balet Teatrının balet truppasının gənc "ulduz"larından biridir. Riqa "balet məktəbi" anlayışının sehrinə düşüb özünü latış səhnəsində, Avropa mədəniyyətinə çox yaxın ab-havada tərbiyə almış Baltikyanı auditoriya qarşısında sınayan bu sınaqdan üzüağ çıxan gənc balerinlər arasında əvvəllər daha çox Belarusdan (Aleksey Aveçkin) ya Rusiyadan (Sergey Neykşin) olan artistlərə rast gəlinirdisə, indi bu siyahıda azərbaycanlı balerin "Ülvi Əzizov" adının yer alması faktı ilə tanış olmaq son dərəcə xoşdur. Bu 23 yaşlı gənc Riqanın balet səhnəsində özünü təsdiq edənə qədər Bakının Şən Hazırcavablar Klubunun üzvü olub hətta kinologiya ilə məşğul olmağa da vaxt tapıb, spanieli isə MDB üzrə çempion adına layiq görülüb. Riqanın balet səhnəsinə gəlib-düşməyinin tarixçəsini isə Ü.Əzizov belə xatırlayır: "3 il öncə mart ayında mən Nyu-Yorkda keçirilən beynəlxalq festivala yollanmışdım. Çox geniş liftdə yuxarı mərtəbəyə qalxanda fikir verdim ki, salonda məndən savayı 20 nəfərədək adam var. Hamısı da susur. Uca səslə soruşdum: "Burda kimsə rusca danışa bilir?". Liftin o biri başından cavab verdilər ki, biz rusca danışırıq. Tanışlıqdan sonra bəlli oldu ki, bunlar Latviya baletinin solistləri Raymond Martınov Elza Leymanendir. Onlar da müsabiqədə iştirak etməyə gəlmişdilər. Tezliklə dostlaşdıq. Ümumiyyətlə, həmin qrupdakı uşaqların hamısı çox ünsiyyətcil səmimi idi. Artistlər üçün mehriban kollektiv çox vacib amildir. Latviya Opera Balet Teatrının direktoru Ayvar Leymanis Elza Leymanenin atasıdır. O, praktik düşünmək qabiliyyətini nümayiş etdirərək dedi: "Gərək atama deyim ki, səni yayda "Balet ulduzları Yurmalada" qala-konsertində iştiraka dəvət etsin". Təəssüf ki, 2008-ci ildə baş tutan bu konsertdə Ülvi iştirak edə bilməmişdi. Çünki həmin vaxt Mərsin şəhəri Opera Balet Teatrının balet truppasının solisti kimi fəaliyyət göstərirdi. 2007-ci ildə isə Latviyaya səfəri viza sənədlərinin hazır olmaması səbəbindən baş tutmadı. Riqaya Ü.Əzizov həmin ilin sentyabrında gəlib-çıxa bildi. Riqa hava limanında onu qarşılayan olmasa da, soraqlaşa-soraqlaşa gəlib-çıxdığı Latviya Opera Balet Teatrının giriş qapısında həmyerlimizi Ayvar Leymanisin özü qarşıladı. Ü.Əzizov: "Noyabr ayında Ukraynada keçirilən qala-konsertlərdə iştirak etməyə başladım. Donetsk, Lvov, Xarkov şəhərlərində baş tutan konsertlərdə "Korsar" baletindən pa-de-de partiyasını Latviya baletinin solisti Yuliya Qurviçlə ifa edirdim. Bu, əsl bayram idi! Xüsusən məni təqdim edəndə: "Çıxış edir beynəlxalq müsabiqələr laureatı Ülvi Əzizov, Latviya". Mən isə bundan sonra pa-de-de partiyasından savayı özümün quruluşumda 2 Azərbaycan milli rəqsini ifa edirdim. Özüm Latviyanı təmsil edə-edə. Bu mənə böyük həzz verirdi". Balerin fəaliyyətinə 16 yaşında "Sonalar gölü" baletində Təlxək partiyası ilə başlayan, xoreoqrafiya ansamblının rəhbəri Mədəniyyət Turizm Nazirliyinin xoreoqrafiya şöbəsinin rəhbəri, bu yaxınlarda dünyasını dəyişmiş Rafiq Əzizovun ailəsində dünyaya gələn Ülvi Əzizov hazırda "Don Kixot"da Bazil, "Korsar"da Kölə partiyalarını ifa edir. Kifayət qədər təmkinli, hətta soyuqqanlı olan Riqa sənətsevərləri onu hər dəfə alqışlarla qarşılayırlar. Ü.Əzizov: "Korsar"dakı Kölə mənə çox yaxındır. Çünki o, gənc qızın uğrunda həlak olur. Bazil mənə çox yaxındır. Çünki o da coşqun ruhludur. Əslində, Bazil adi kənd oğlanıdır. Amma əlbəttə, mənim arzum "Jizel"dəki Alberti ifa etməkdir. mənim repetitorum Modris Sers bunu hiss edir. "Jizel"də böyük Qəlb döyünür. Albert axı bilmirdi Jizelin ürəyi xəstədir, bircə sarsıntıdan ölə bilər. Bilsəydi, onunla belə rəftar etməzdi. Sonra da peşmançılıqdan qovrulmazdı! Əsas odur ki bu əsərdəki emosional gərginlik elə böyükdür ki, artist bircə baxış, bircə hərəkətlə tamaşa zalının ən uzaq guşəsində oturmuş tamaşaçıya da öz düşüncə duyğularını göndərə bilər". Yeri gəlmişkən, 1980-ci illərdə Riqada Fikrət Əmirovun dahiyanə bəstələrindən biri olan "Min bir gecə" baleti oynanılırdı. Ülvi bu əsərdə Türkiyə balet truppasının solisti olarkən çıxış edib. İndi F.Əmirovun baletini Riqa səhnəsində bərpa edən baletmeyster tapılsa, bu, tamaşaçılar üçün , artistlər üçün əsl bayrama çevrilər. Hələliksə Ü.Əzizov beynəlxalq layihələrdə iştirak edir. Ötən ay Helsinkidə keçirilən qala-konsertin iştirakçıları arasında o da olub. Ü.Əzizov: "Atamın vəfatından sonra ailənin bütün ağırlığı mənim üzərimdədir. Ola bilər ki, anamla kiçik qardaşım da Riqaya köçdülər. Burda yaşamaq rahatdır. Rus dilində danışan insanların sayı kifayət qədərdir. Təəssüf ki, çox zaman istirahətə, əyləncəyə vaxt tapmıram. Hətta Tarkanın Riqada verdiyi konsertə gedə bilmədim - o konsertdə o qədər emosiya sərf edəcəkdim ki, ertəsi gün "Korsar"da çıxış etməyə gücüm çatmayacaqdı".
   

Həftə içi.- 2008.- 9 sentyabr.- S. 6.