Günay
Əfəndiyeva: Türkiyədə yaşayan Azərbaycan
ziyalılarının
fəaliyyətindən çoxları xəbərdar deyil
Azərbaycanın
İstanbuldakı Baş Konsulluğunun konsulu Günay
Əfəndiyevanın APA-ya müsahibəsi
-
Azərbaycanın İstanbuldakı Baş Konsulluğunda
konsul olaraq mədəni əlaqələrin inkişafı
məsələlərinə nəzarət edirsiniz. Azərbaycan mədəniyyəti
Türkiyədə necə
qəbul olunur?
-
Türkiyə şanlı tarixə malik bir ölkədir. Türklər özləri
bunu iftixar hissi ilə qeyd edirlər. Hətta hərdən adama elə gəlir ki, onlar özlərini digər millətlərin nümayəndələrindən bir az yüksəkdə
tuturlar. Amma Azərbaycan tarixi, mədəniyyəti, musiqisi
və ədəbiyyatı
ilə yaxından tanışlıq onlarda azərbaycanlılara qarşı
heyranlıq və ehtiram hissləri oyadır. Onlar bizim mədəni irsimiz qarşısında
baş əyirlər,
xüsusilə son illərdə əldə etdiyimiz nailiyyətlərə
çox hörmətlə
yanaşırlar. Türkiyə
ictimaiyyətinin nümayəndələri
ilə çoxsaylı
görüşlərimizdə onlar Azərbaycanda mövcud olan zəngin mədəniyyətlə
yanaşı, bu mədəniyyətin əsasını
qoyan insanlara verilən qiyməti də xüsusilə qeyd edirlər. Onlar, Prezident İlham Əliyevin mədəniyyət və
elm xadimlərinə göstərdiyi maddi-mənəvi dəstəyə
xüsusi diqqət yetirirlər. Uzun illər İstanbulda
yaşayan və Azərbaycan incəsənətinin,
musiqisinin təbliğatı
ilə fəal məşğul olan kinorejissor Tofiq İsmayılov və violonçel ustası Eldar İsgəndərova Azərbaycanın xalq artisti fəxri adının verilməsi böyük sevincimizə səbəb oldu.
-
İstanbulda fəaliyyət göstərən Azərbaycan
ziyalıları çoxdur?
-
Həm İstanbulda, həm də ümumiyyətlə
Türkiyənin ayrı-ayrı şəhərlərində
Azərbaycanın çox sayda elm-incəsənət
adamları yaşayır və müxtəlif
sahələrdə fəaliyyət göstərirlər. Rəssamlar, müəllimlər,
həkimlər, musiqiçilər,
incəsənət adamları
və alimlərimiz burada yüksək səviyyədə təmsil
olunurlar. Bir tərəfdən burada çalışan azərbaycanlılar öz
fəaliyyətləri ilə
Türkiyə mədəniyyətinin,
təhsilinin, iqtisadiyyatının
inkişafına əvəzsiz
töhfə verirlərsə,
digər tərəfdən
onların sayəsində
Türkiyə vətəndaşları
ölkəmiz haqqında
real məlumatlar
əldə edirlər.
-
Azərbaycanın İstanbuldakı Baş Konsulluğu
tərəfindən hansı maraqlı mədəniyyət
layihələri həyata keçirilir?
-
Biz Türkiyə vətəndaşlarının, eyni zamanda bu
ölkəyə gələn turistlərin və buraya
akkreditə olunmuş xarici ölkə diplomatlarının
Azərbaycanı daha yaxşı tanımaları, mədəniyyətimiz,
ənənələrimiz, ölkəmizdə baş verən
demokratik proseslərlə daha yaxından tanış
olmaları üçün çoxsaylı tədbirlər
keçirmişik və hazırda da tərəfimizdən
belə tədbirlər təşkil olunur. Azərbaycanın İstanbuldakı
Baş Konsulluğu Heydər Əliyevin xatirəsinə həsr olunmuş bir sıra layihələr həyata keçirib. Sərgilər, konsertlər,
seminarlarla yanaşı,
Türkiyənin müxtəlif
ali məktəblərində
təhsil alan azərbaycanlı tələbələr
arasında Heydər Əliyev adına futbol turniri keçirilib. Novruz bayramı ilə bağlı da təntənəli tədbirlər
keçirmişik. Türkiyə vətəndaşları əvvəllər
özlərinin bəzi
qədim ənənələrini
nəzərə alaraq,
bu bayrama lazımi diqqət ayırmırdılar. Ötən
il Azərbaycanın İstanbuldakı baş konsulu Səyyad Aran Novruz bayramının
İstanbulun böyük
meydanlarından biri olan Sultan Əhməd
meydanında keçirilməsində
israr etdi. Bu meydana həmişə
insan axını olur, hər gün bura minlərlə
turist gəlir. Bayramı biz bir məktəbdə keçirdik, bura azərbaycanlıların yaratdığı
folklor rəqs ansamblını dəvət
etdik, milli şirniyyatlarla və səməni ilə bəzədilmiş xonça
sifariş etdik. Həmyerlimiz - rejissor Hilal Mahmudoğlu bayramın baş qəhrəmanları olan Keçəllə Kosanın
tamaşasını səhnələşdirdi.
Tonqal qalandı, yumurta sındırıldı,
pəhləvanlar güləşdi,
Azəri qızı Günel xalq mahnılarını ifa etdi. Yəni biz çalışdıq
ki, dəvət olunan qonaqlar və turistlər Azərbaycanda, Novruz bayramında özünü
göstərən ab-havanı hiss etsinlər. Bu, çox mürəkkəb,
xüsusi diqqət tələb edən bir iş idi,
amma nəticədə
möhtəşəm Bahar
bayramının keçirilməsinə
nail olduq. Bu il isə
artıq İstanbul valiliyi bizə Novruz bayramını birgə keçirməyi təklif etdi.
Dahi
bəstəkar Qara Qarayevin 90 illiyi münasibətilə
İstanbulda, Bursada və Əskişəhərdə
istedadlı dirijorumuz Yalçın Adıgözəlovun
rəhbərliyi ilə bir sıra simfonik konsertlər
keçirildi. Eyni zamanda,
Bursada elmi konfrans və konsertlərin də daxil olduğu Qara Qarayev musiqisi
günləri keçirildi.
Bursada yaşayan Azərbaycan bəstəkarı
Həsən Adıgözəlzadə
musiqi günlərinin
təşkil edilməsində
bilavasitə iştirak
etdi. Tədbirlərdə Azərbaycan Bəstəkarlar
İttifaqının sədri
Firəngiz Əlizadə,
Türkiyənin müxtəlif
şəhərlərində yaşayan həmyerlilərimiz
- musiqişünas Babək
Qurbanov, musiqiçilər
Ulduz Aslanova və Arif Manaflı,
eləcə də Bursa bələdiyyəsi və Türkiyə ictimaiyyətinin nümayəndələri iştirak etdilər. Bu kimi başqa tədbirlər də təşkil edirik.
-
Türkiyədəki Azərbaycan diasporunun fəaliyyətini
necə qiymətləndirirsiniz?
-
Bu ölkədə yaşayan Azərbaycan
ziyalılarının gördüyü işlərdən
ölkəmizdə heç də hamı xəbərdar deyil.
Bizim gözəl
balaban ifaçımız
Əlixan Səmədovun
albomları Türkiyədə
çox böyük tirajla buraxılır. O, bütün dünyada konsertlər verir, bizim musiqini təbliğ edir. Əlixan Səmədov bu yaxınlarda balaban haqqında bir neçə dildə dərs vəsaiti nəşr etdirib. Həmin kitabda bu musiqi
alətinin tarixi, quruluşu ilə bağlı məlumat verilir, ifaçılıq
sirləri açıqlanır.
Bu kitabın işıq üzü görməsi öz növbəsində ermənilərin
milli aləti olan düdüyü balaban kimi təqdim
edən “patriot” erməni plagiatorlarına bir cavabdır. Yaxud milli kino
və teatr səhnəmizdə bir sıra maraqlı obrazlar yaradan gözəl aktyorumuz, rejissor Cahangir Novruzov Adana universitetlərindən birində
müəllim olaraq çalışır. Bu
yaxınlarda İstanbulda
keçirilən tələbə
teatr festivalında onun quruluş verdiyi Maksim Qorkinin “Meşşanlar” pyesi böyük uğurla təqdim olundu. Bizim gənc
istedadlı aktrisamız
Məlahət Abbasova Türkiyədə çox
tanınıb. O, müxtəlif
teleseriallarda unudulmaz rollar ifa edib.
Məlahət Abbasova həm də rejissorluq fəaliyyəti ilə məşğuldur.
Onun Elçinin “Qatil” pyesi əsasında səhnələşdirdiyi eyni
adlı tamaşa böyük uğur qazandı, uzun müddət reytinqli teatr afişalarında göründü. Bizim musiqiçilər Sərvər
Qəniyev, Zöhrab Adıgözəlzadə, dirijorlar
Ramiz Məlikaslanov, Elşad Bağırov, bəstəkar İlyas
Mirzəyev və başqaları burada konsert proqramları ilə çıxış
etməklə yanaşı,
həm də müəllimlik fəaliyyəti
ilə məşğuldurlar.
Gözəl pianoçumuz
İslam Manafov burada özünün “Gənc” adlı kamera orkestrini təşkil edib. Orkestrdə çalışan
musiqiçilərin yarısı
azərbaycanlılardır. Dünya klassiklərinin əsərləri ilə yanaşı onlar həm də Azərbaycan bəstəkarlarının
əsərlərini ifa
edirlər. Bu sırada əsərləri
Türkiyənin müxtəlif
rəsm salonlarını
bəzəyən Səmədağa
Cəfərov, Sənan
Eynullayev, Teymur Rzayev, Ziyad Sultanov,
Sabir Mehdiyev və digər gözəl rəssamlarımızın
adlarını çəkməyə
bilmirəm. İstərdik
ki, onların buradakı fəaliyyəti, yaradıcılığı
mətbuatda geniş işıqlandırılsın.
-
Bu ay Türkiyədəki diplomatik missiyanız başa
çatır. Bu ölkədə
uğurlu fəaliyyətinizə
sübut olaraq Təhsil Strukturları Fondunun “Bürc” Kollecinin təsis etdiyi fəxri fərmanla təltif olunmağınızı göstərmək
olar.
-
Konsulluğumuz Təhsil Strukturları Fondunun “Bürc” Kolleci
ilə sıx əməkdaşlıq edir. Biz bu kollecin
təhsil müəssisələrindən
birində Azərbaycan
guşəsi açmışıq.
Burada ölkəmiz haqqında kitablar, fotomateriallar, milli geyimlər və musiqi alətləri nümayiş olunur. Bu guşəyə baş çəkənlər
Azərbaycan, tariximiz,
ədəbiyyatımız, incəsənətimiz, musiqimiz
haqqında maraqlı faktlar əldə edir, dillərimiz arasındakı mövcud fərqlərlə tanış
olurlar. Həmçinin
bu struktur müntəzəm olaraq idman yarışları və mədəniyyət
festivalları keçirir.
Biz belə festivallara Naxçıvandan
“Şərur” qədim
yallı qrupunu, Afaq Məlikovanın Dövlət Rəqs Ansamblını dəvət
etdik, ümumiyyətlə
Azərbaycanda müxtəlif
tədbirlərin keçirilməsinə
dəstək olduq. Nəticədə onlar məni dövlətlərarası
əlaqələrin möhkəmlənməsi
sahəsində fəxri
fərmana layiq gördülər. Təqdimetmə
mərasimində təşkilatçılar
qeyd etdilər ki, təsis olunduğu beş il ərzində bu mükafat ilk dəfə olaraq xarici vətəndaşa
təqdim olunur. Azərbaycanın çox
qədim və zəngin mədəniyyətinin
qardaş Türkiyədə
təbliğində mənim
də kiçik bir payım olduğuna sevinirəm.
İki sahil.- 2008.- 2 sentyabr.- S. 6.