Sentyabrın
24-də Azərbaycan Dövlət Rəssamlıq
Akademiyasında tanınmış Avstriya rəssamı,
qrafik-dizayner, litoqrafiya ustası Diter Yozefin
əsərlərinin sərgisi açılmışdır.
Bu sərginin
keçirilməsi Avstriya Federal Xarici İşlər
Nazirliyinin Azərbaycan Respublikasının Avstriyadakı
səfirliyi və Azərbaycan Dövlət Rəssamlıq
Akademiyası ilə sıx qarşılıqlı
əlaqəsi sayəsində mümkün olmuşdur.
Ekspozisiyada
rəssamın 30-dan artıq əsəri nümayiş
etdirilir. Bu əsərlər əsl qrafika sənətinin sirləri ilə yenicə tanış olan tələbələrlə yanaşı,
dünya litoqrafiyasının
nailiyyətləri ilə
maraqlanan yetkin rəssamlar üçün
də maraqlıdır.
Bu gözəl
əsərlərə tamaşa edərkən inanmaq olmur ki,
rəssam üçün əsas material adi mətbəə
kağızı və makulatura olmuşdur. O, əvvəlcə həmin materialları emal etmiş, rəngləmiş, sonra isə klassik litoqrafiya daşlarından
istifadə etməklə
onları kətan üzərinə sıxmışdır.
Rəssamlıq Akademiyasının
rektoru, xalq rəssamı, akademik Ömər Eldarov sərgini açaraq demişdir:
- Bəxtimiz
gətirib ki, belə bir gözəl sənətkar bizimlə
işləmək, öz yaradıcılıq sirlərini
bölüşmək üçün Azərbaycana
gəlmişdir. Biz bütün dünyada tanınmış
bir sənətkarın
gözəl işləri
ilə tanış olmaq imkanı əldə etmişik. Bu işlərin "sadəcə" gözəl
olduğunu demək azdır, onlar texniki cəhətdən də virtuozluqla icra edilmişdir. Gənc Azərbaycan rəssamlarına özünün
yaradıcılıq sirlərini
açmaq, onların sənət zirvələrinə
ucalmasına kömək
etmək arzusu isə əsl sənət fədaisinin böyüklüyüdür.
Diter Yozef
demişdir ki, bir həftə müddətində o,
magistrlər də daxil olmaqla təhsilin bütün
səviyyələrində ustad dərsləri
keçəcək, tələbələrə öz
yaradıcılıq sirlərini öyrədəcək,
onları ən müasir texnologiyalarla tanış
edəcəkdir. Qonaq AzərTAc-ın
müxbirinə qısa
müsahibəsində bildirmişdir
ki, iki il
bundan əvvəl onu Vyanada Azərbaycana
həsr edilmiş böyük sərgiyə
dəvət etmişdilər.
Azərbaycana səfər
etmək, burada öz sərgisini təşkil etmək ideyası elə o vaxt yaranmışdır.
Rəssam Azərbaycan
Respublikasının Avstriyadakı
səfirliyi ilə sıx əlaqə yaratmış, Azərbaycan
Dövlət Rəssamlıq
Akademiyası ilə məktublaşmağa başlamışdır.
Bu əməkdaşlığın
nəticəsində onu
Azərbaycana dəvət
etmişlər. Diter Yozef Bakıya gələrkən burada işləmək üçün
zəruri olan alətləri və boyaları da özü ilə gətirmişdir.
Qeyd etmək
lazımdır ki, dünyanın bir sıra
ölkələrində sərgiləri təşkil
edilmiş Diter Yozef həmin ölkələrin hər
birində ustad dərsləri keçmişdir. Bu
sadə, təvazökar
insan ünsiyyətdə
çox səmimidir və əsl sənətkar kimi gözəlliyə xidmət
etməyi özünün
ali vəzifəsi hesab edir.
Azərbaycan.- 2008.- 25 sentyabr.- S. 10.