“Payız
festivalı-2008” layihəsi
başa çatdı
"Azəristar" prodakşnın təşkil
etdiyi "Payız festivalı-2008" layihəsi
çərçivəsində türk sənətçisi
Özcan Dənizin Azərbaycanda konserti baş tutdu. Qeyd edək ki,
bu, "Payız festivalı" çərçivəsində təşkil olunan son
konsert proqramı idi. Yaşıl Teatrın səhnəsindən
tamaşaçılarını
salamlayan müğənni öncə sevilən mahnılarından bir
neçəsini səsləndirdi. Sonra isə Azərbaycan mahnılarına müraciət etdi. Azərbaycanın qədim mahnılarını
ifa edən türk sənətçisi bizim mahnılara vurğunluğunu da gizlədə bilmədi: "Mən Azərbaycan mahnılarını o qədər
bəyənirəm ki,
hətta yeni albomuma bu mahnılardan bir neçəsini daxil etmək
fikrindəyəm. Ümumiyyətlə, sizin musiqi çox zəngindir. Ona görə də Türkiyədə də sevilərək
ifa olunur". Həm tamaşaçılarla təmas quran,
həm də onları ifaları ilə əyləndirən Özcan
Dəniz öz pərəstişkarlarından gül
hədiyyələrini də qəbul etdi: "Azərbaycanda tamaşaçıların səviyyəsi
tamamilə başqadır. Sizdə sənətçiyə münasibət də bir qədər
fərqlidir. Məsələn, sizin müğənniyə gül
vermək adətinizi çox bəyənirəm.
Ümumiyyətlə, ölkənizi öz
vətənimdən ayırmıram. Türkiyə və Azərbaycan ayrılmaz
iki dövlətdir. Bu
gəlişimdə Bakıda çox yeniliklər gördüm. Çox sevindim və fərəh hissi keçirdim. Bir-iki ildən sonra
Bakı Avropanın ən gözəl şəhərlərindən birinə çevriləcək və buranı
ümumiyyətlə, tanımaq olmayacaq. Bundan başqa, insanların və şəhərin görüntüsü
buraya gələn insanda gözəl ab-hava yaradır". Bir sözlə, şəhərimizin gözəlliyindən valeh olan türk sənətçisi hətta Bakıda ev almaq
fikrinə də düşüb. Burada qalmaq arzusunda olan Özcan Dəniz zala müraciət edərək "istəyirəm
Bakıda evim olsun"
- dedi. Konsertin sonunda o, yeni
albomu işıq üzü gördükdən sonra yenidən Bakıya
gələcəyinə
söz verdi.
Üç nöqtə.- 2008.- 23
sentyabr.- S. 13.