Yalla Bakıda konsert verdi

 

"Bakı şəhəri tanınmayacaq qodər dəyişib. Azərbaycan ötən illər ərzində çox inkişaf edib və bu bizi sevindirir", - bu sözləri sentyabrın 9-da Bakıda konsert verən Özbəkistanın tanınmış "Yalla" qrupunun bədii rəhbəri və solisti Fərrux Zakirov deyib. Konsertdən əvvəl jurnalistlərin suallarını cavablandıran qrupun rəhbəri uzun fasilədən sonra yenidən Bakıda konsert verməkdən məmnunluq duyduğunu bildirib: "Biz Azərbaycan mahnılarını dinləyərək böyümüşük və elə indi də repertuarımıza Azərbaycan mahnılarını daxil edirik. Azərbaycan musiqisi çox zəngin olduğu üçün hamını cəlb edir".

F.Zakirov sonuncu dəfə Bakıda Heydər Əliyev adına Sarayda konsert verdiklərini, həmin konsertdə Heydər Əliyevin də iştirak etdiyini və onun konsertdən sonra səhnə arxasına keçərək qrupa xoş sözlər söylədiyini xatırlayıb (APA).

Bakılı pərəstişkarları üçün çox darıxdıqlarını etiraf edən qrup üzvləri saat 21.00-da Yaşıl Teatr Bakı Konsert Kompleksinin səhnəsində konsert proqramlarına start veriblər. Saat 20:00-a təyin olunan konsertin bir saat gec başlamasına səbəb isə qrupun deyil, "Yalla"nın bakılı pərəstişkarlarının konsert məkanına gec gəlməsi səbəb olub.

Hər zaman olduğu kimi, "Yalla" qrupunun üzvləri Özbəkistanın milli geyimində səhnəyə çıxıblar və solist Fərrux Zakirov tamaşaçıları Azərbaycan türkcəsində salamlayıb. Konsert boyu qrup repertuarında yer alan ən populyar mahnıları ifa edib.

 

Ekspress.- 2008.- 11 sentyabr.- S. 11.