M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasında virtual oxu zalı açılmışdır

 

AzərTAc xəbər verir ki, sentyabrın 12-də M.F.Axundov adına Milli Kitabxanada Rusiya Milli Kitabxanasındakı dissertasiyaların elektron kitabxanasına fərdi kompüterlərlə təchiz edilmiş virtual daxilolma zalı açılmışdır.

Rəmzi açılış lentini mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva və Rusiya Dövlət Kitabxanasının baş direktoru Viktor Fyodorov kəsmişlər. Milli Kitabxananın direktoru Kərim Tahirov, Sevda Məmmədəliyeva və V.Fyodorov virtual zalın oxucular üçün çox əhəmiyyətli olacağını vurğulamışlar.

Tədbirdə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədri, akademik Arif Mehdiyev, AYB-nin katibi, Milli Kitabxananın məsləhət şurasının sədri, xalq yazıçısı Çingiz Abdullayev, Azərbaycanda Atatürk Mərkəzinin rəhbəri, Milli Məclisin Mədəniyyət məsələləri daimi komissiyasının sədri, AMEA-nın müxbir üzvü Nizami Cəfərov, "Miniatür kitab" muzeyinin direktoru, Respublika "Kitab" Cəmiyyəti idarə heyətinin sədri, məsləhət şurasının üzvü Zərifə Salahova xalqlarımız arasında mədəni əlaqələrin inkişafında kitabxananın böyük rol oynayacağını söyləmişlər. V.Fyodorov kitabxanaya xatirə hədiyyəsi bağışlamışdır. Rusiya Dövlət Milli Kitabxanasındakı elektron dissertasiya fonduna giriş prosesi nümayiş etdirilmişdir.

Qeyd edək ki, indən belə Azərbaycan oxucuları Rusiya Dövlət Kitabxanasındakı dissertasiyaların elektron kitabxanası vasitəsilə bu ölkədə 1998-2008-ci illərdə müdafiə olunmuş namizədlik və doktorluq dissertasiyalarının elektron versiyasından ödənişsiz istifadə edə biləcəklər.

 

Azərbaycan.- 2008.- 13 sentyabr.- S. 5.