İnformatika və kibernetikanın problemləri
Bu mövzunda
Beynəlxalq konfrans keçirilir
Dünən Bakıda
Nəzəri Fizika üzrə Abdus Salam Beynəlxalq
Mərkəzi, Azərbaycan Milli Elmlər Akademiyasının
(AMEA) Kibernetika və İnformasiya Texnologiyaları institutları,
Bakı Dövlət Universitetinin birgə
təşkilatçılığı ilə “İnformatika
və kibernetikanın problemləri” mövzusunda ikinci
beynəlxalq konfrans keçirilib.
“APA-Economics”in
məlumatına görə, konfransın
açılış mərasimində çıxış
edən AMEA-nın prezidenti Mahmud Kərimov bildirib ki,
Azərbaycanda İKT-nin 50 illiyinə həsr olunan bu
tədbirdə Rusiya, Özbəkistan, İspaniya, İtaliya,
Türkiyə, ABŞ, Belarus, Ukraynanın
nümayəndələri iştirak edir. Azərbaycanda
İKT-nin inkişafının
daha dərin tarixinin olduğunu deyən M.Kərimovun sözlərinə görə,
ötən 50 il ərzində ölkə alimlərinin informatika və kibernetikanın problemlərinin həllində
böyük rolu olub.
Azərbaycanın
rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov
isə əlavə edib ki, son illər respublikada İKT-nin
inkişafı dövlət siyasətinə daxil edilib və
bu məsələyə dövlət başçısı
şəxsən nəzarət edir. Nazirin
sözlərinə görə,
2007-ci ildə Azərbaycanda
telekommunikasiya sektoru üzrə ümumilikdə
158,4 mln. manat, bu ilin birinci
yarısında isə
71,1 mln. manat investisiya yatırılıb.
Ə.Abbasov hesab edir ki,
bu gün İKT iqtisadiyyatın inkişafına
çox ciddi təsir göstərir. İqtisadiyyatın getdikcə rəqəmsallaşdırıldığını
deyən nazir onu da əlavə
edib ki, ölkələr arasında
məlumatların ötürülməsi
ilə bağlı çətinliklər var,
bu problemin həll olunmaması isə bir necə
ildən sonra iqtisadiyyatın inkişafına
təsir göstərə
bilər. Konfrans
plenar sessiyalarla davam etdirilir. Tədbir sentyabrın 12-də yekunlaşacaq.
İki sahil.- 2008.- 11 sentyabr.- S. 3.