Mədəniyyət turizm müəssisələrində informasiya texnologiyalarının tətbiqi ilə bağlı seminarlar keçirilmişdir

 

Mədəniyyət Turizm Nazirliyinin təşkilatçılığı ilə ölkənin mədəniyyət turizm müəssisələrində informasiya texnologiyalarının tətbiqini sürətləndirmək məqsədilə zona seminarları keçirilmişdir.
Nazirliyin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, seminarlarda nazirliyin analitik təhlil proqram təminatı şöbəsinin müdiri Qabil Abbasov mədəniyyət turizm müəssisələrində yeni informasiya texnologiyalarının tətbiqi vəziyyətini əks etdirən məruzə ilə çıxış etmişdir.

Seminarlarda, həmçinin sənədlərin hazırlanması zamanı Azərbaycan əlifbasının "UNİCODE" kod standartlarından istifadə, nazirliyin rəsmi veb-saytı ilə işləmə qaydaları, "İnformasiya əldə etmək haqqında" Azərbaycan Respublikasının Qanunu, "Dövlət orqanlarının və bələdiyyələrin İnternet informasiya ehtiyatlarının yaradılması Formaları və Qaydaları" və s. haqqında ətraflı məlumat verilmişdir.
Rayon mədəniyyət turizm şöbələrinin işinin müasir tələblər səviyyəsində qurulması məqsədilə təşkil edilən seminarların müsbət əhəmiyyəti nəzərə alınaraq gələcəkdə respublikanın digər bölgələrində belə tədbirlərin keçirilməsi planlaşdırılır.

 

Azərbaycan.- 2008.- 5 sentyabr.- S. 6.