Niyazov X.

 

Qlobal informasiya mübadiləsi geosiyasi zərurətə çevrilir

 

OANA-nın Bakıda keçirilmiş 30-cu iclasının yekunları bu reallığı bir daha təsdiqləyir

 

Napoleon imperiyasının diplomatı, dövrünün dahi mütəfəkkiri Taleyran deyirdi ki, kimin informasiyası çoxdursa, onun üstünlüyü labüddür. Daha çox məlumata sahib olan tərəf nəinki intellektual müstəvidə, hətta döyüş meydanında belə qalibiyyəti əldən vermir. Bəşəriyyətin tarixi təkamül prosesi bu fikrin reallığa nə qədər adekvat olduğunu təsdiqləməklə yanaşı, informasiyanın insanın taleyində, yaşam tərzində necə vacib rol oynadığını, maddi-mənəvi ehtiyac meyarına çevrildiyini bir daha təsdiqləyir. Sosiomədəni və iqtisadi inkişafın xarakterinə uyğun olaraq informasiya hər bir cəmiyyətin dəyərli əmtəəsi, əvəzsiz sərvəti sayılmış, mütərəqqi inkişafın vacib atributuna çevrilmişdir.

İnformasiya  “inqilabı”

Müasir dövrdə informasiyanın strateji əhəmiyyətinə görə insan və cəmiyyət həyatında əlahiddə mövqeyə malik olması ilk növbədə XX əsrin ortalarından informasiya-kommunikasiya texnologiyalarının inkişafı ilə start götürmüş evolyusion inqilabla şərtlənir. Xüsusən də elektron kütləvi informasiya vasitələrinin, habelə qısa zamanda hiberinformasiya məkanına çevrilmiş internetin kosmik inkişaf tempi informasiyanın təkcə ictimai münasibətlər sistemində deyil, ümumən sosial-iqtisadi həyatın ən müxtəlif sahələrində - biznesdə, beynəlxalq iqtisadi və siyasi əlaqələrdə, elm və təhsildə, qlobal təhlükəsizlik məsələlərində rolunu görünməmiş dərəcədə gücləndirmiş, informasiyalı cəmiyyətə sürətli keçid prosesini təmin etmişdir.

İnformasiya cəmiyyətinin əsas kapitalı informasiya və bu informasiyanın daşıyıcısı olan texnologiyalarla yanaşı, həm də müasir biliklərə yiyələnmiş insandır. Bu cəmiyyətə keçidi təmin edən və informasiya texnologiyaları inqilabına səbəb olan texnologiyalar isə kompüterlər, kommunikasiya texnologiyaları, mikro-elektronika, robotlar, bio və nanotexnologiyalar, fiber optiklərdir. İnformasiya cəmiyyətində yeni dəyər mənbəyi informasiya, yəni intellektual sərmayədir. Müşahidələr göstərir ki, informasiya tutumlu əmtəə və xidmətlərə artan tələbat qlobal iqtisadiyyatın strukturunu dəyişdirir. Hazırda dünyanın ən böyük bazar dəyərinə malik biznes nəhəngləri arasında informasiya texnologiyaları sahəsində fəaliyyət göstərən şirkətlərin sayı durmadan artır. Həmin şirkətlərin maliyyə göstəricilərini təhlil edərkən informasiya idarəetməsinin dünya iqtisadiyyatında nə qədər vacib olduğu bir daha təsdiqlənir.

Müasir dövrdə informasiya qiymətli əmtəə olmaqla həm də bəşəriyyətin tarixən can atdığı demokratiya və vətəndaş cəmiyyəti kimi idealların inkişafına zəmin yaradır, hər bir cəmiyyətdə sərbəst düşüncə tərzinin, şəffaflığın, siyasi plüralizmin, insan hüquq və azadlıqlarının, tolerantlığın mühüm amili kimi çıxış edir. Açıq, demokratik, şəffaf və sivil idarəetmə sisteminin yaradılması ilk növbədə cəmiyyətin azad, obyektiv, qərəzsiz informasiya almaq tələbatının ödənməsindən - hər bir fərdin söz, fikir, düşüncə və vicdan azadlıqlarının maksimum səviyyədə təminatından keçir. Bu hüquq və azadlıqlar açıq cəmiyyətin qurulmasının, siyasi plüralizmi şərtləndirməklə, insanların beynəlxalq konvensiyalar və digər normativ hüquqi aktlarda təsbit edilmiş hüquqlarının etibarlı müdafiəsinə geniş imkanlar açır.

Söz, fikir, informasiya və mətbuat azadlıqları cəmiyyətin normal inkişaf ahəngini, liberal bazar münasibətlərinin formalaşmasını, demokratikləşmə prosesinin sürətlənməsini təmin edir. Öz fikir və ideyalarını azad şəkildə ifadə etmək demokratik cəmiyyətin özəyi olmaqla yanaşı, onun tərəqqisinin və ayrılıqda hər bir fərdin inkişafının başlıca şərtlərindən biridir. Bu dəyərləri fəaliyyətində daha çox təcəssüm etdirən kütləvi informasiya vasitələri cəmiyyət həyatının bütün sahələrinə təsir göstərən qüdrətli vasitələrdən biri kimi, ictimai rəyin formalaşmasında, ictimai-siyasi proseslərin inkişaf istiqamətlərinin müəyyənləşməsində mühüm rol oynayır. Söz, fikir, informasiya və mətbuat azadlıqları bir sıra beynəlxalq konvensiyalar və sazişlərlə, o cümlədən BMT-nin 10 dekabr 1948-ci il tarixli Ümumdünya İnsan Hüquqları Bəyannaməsində ali dəyərlər kimi təsbit edilmişdir.

Sözün azad məkanı

Qloballaşma və inteqrasiya proseslərinin geniş vüsət aldığı müasir dünyada hər bir kəsin obyektiv və qərəzsiz informasiya almaq imkanının olması obyektiv zərurətə çevrilmişdir. Açıq və şəffaf cəmiyyət quruculuğu yolu ilə gedən müstəqil Azərbaycanda da demokratik inkişafın və vətəndaş cəmiyyətinin mühüm təminatçısı, informasiya istehsalçısı və yayımçısı olan kütləvi informasiya vasitələrinin roluna mühüm yer verilir. Son 13 ildə Konstitusiya müddəaları əsasında həyata keçirilən hüquqi islahatların nəticəsi olaraq bu gün Azərbaycan Respublikası söz, fikir və mətbuat azadlığının yüksək səviyyədə qorunduğu tolerant və plüralist məkan kimi tanınır. Ulu öndər Heydər Əliyevin 6 avqust 1998-ci il tarixli "Azərbaycan Respublikasında söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində tədbirlər haqqında" fərmanı ilə kütləvi informasiya vasitələri üzərində senzura ləğv olunmuş, bu sahənin inkişafını stimullaşdıran bir sıra zəruri tədbirlər həyata keçirilmişdir. 2001-ci ildə Avropa Şurası kimi mötəbər bir təşkilatın tamhüquqlu üzvlüyünə qəbul olunan Azərbaycan ölkədə söz, mətbuat azadlığının, fikir plüralizminin gücləndirilməsi istiqamətində yeni təcrübə və imkan əldə etmişdir.

Son 10 ildə qəbul edilmiş çoxsaylı qanunlar vətəndaşların Konstitusiya ilə təsbit edilmiş söz, fikir və mətbuat azadlıqlarının təminatına və hüquq müstəvisində tənzimlənməsinə sivil imkanlar yaratmışdır. Bu baxımdan 10 iyun 1997-ci il tarixli "Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında", 19 iyun 1998-ci il tarixli "Məlumat azadlığı haqqında", 3 aprel 1998-ci il tarixli "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında", 7 dekabr 1999-cu il tarixli "Kütləvi informasiya vasitələri haqqında", 12 mart 2002-ci il tarixli "Ətraf mühitə dair informasiya almaq haqqında" Azərbaycan Respublikasının qanunlarının əhəmiyyətini xüsusi qeyd etmək lazımdır.

Azərbaycanda bu gün insan hüquqlarının, siyasi plüralizmin, vətəndaş cəmiyyətinin mövcudluğu təsdiqini həm də demokratik institut kimi formalaşmış kütləvi informasiya vasitələrinin müstəqil fəaliyyətində, onların inkişafı üçün yaradılmış hüquqi təminatlarda tapır. Respublikamızın ictimai-siyasi, sosial-iqtisadi həyatında demokratik dəyərlərin daha geniş şəkildə bərqərar olması, müstəqil dövlətçiliyin siyasi, iqtisadi və hüquqi dayaqlarının möhkəmlənməsi prosesi sürətləndikcə, Azərbaycan iqtidarı da söz və mətbuat azadlığının qanunvericilik bazasının demokratikləşdirilməsi istiqamətində yeni-yeni addımlar atır. Respublikada mətbu nəşrlərin sərbəst fəaliyyətinə, jurnalistlərin öz iradələrini azad ifadə etməsinə, vətəndaşların obyektiv informasiya almasına bütün imkanlar yaradılmışdır.

31 iyul 2008-ci il tarixdə imzalanmış "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına Dövlət Dəstəyi Konsepsiyasının təsdiq edilməsi haqqında" sərəncam da əhatə dairəsinə və aktuallığına görə xüsusi əhəmiyyət kəsb edir. Sərəncamda vurğulanır ki, Azərbaycan Respublikasının sürətli sosial-iqtisadi inkişafı, ictimai həyatın bütün sahələrinin yeniləşməsi fikir, söz və məlumat azadlığının, plüralizmin daha geniş təmin olunması üçün əlavə tədbirlər görülməsini zəruri edir. Hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunun dərinləşməsi, Azərbaycanın dünya informasiya məkanına daxil olması və informasiya cəmiyyətinə keçid şəxsiyyətin, cəmiyyətin və dövlətin informasiyaya olan tələbatının daha dolğun ödənilməsinə, kütləvi informasiya vasitələrinin fəaliyyətinin təkmilləşməsinə və müasir dövrün tələblərinə uyğunlaşmasına ehtiyac yaradır. Mətbuata Dövlət Dəstəyi Konsepsiyasının imzalanması dövlət orqanları ilə kütləvi informasiya vasitələri arasında səmərəli əməkdaşlıq münasibətlərinin inkişaf etdirilməsi, kütləvi informasiya vasitələrinin iqtisadi müstəqilliyinin və jurnalistlərin peşəkarlığının artırılması, vətəndaş cəmiyyəti quruculuğunda kütləvi informasiya vasitələrinin rolunun gücləndirilməsi məqsədinə xidmət edir. Azərbaycanda cəmiyyətin obyektiv və azad informasiya təminatı naminə atılan bu və digər addımlar beynəlxalq ictimaiyyət tərəfindən də razılıqla qarşılanır.

Geosiyasi reallıqlara əsaslanan qlobal informasiya mübadiləsi

Yeni dünya nizamı informasiya azadlığını, söz və mətbuat azadlıqlarının sərhədlərinin genişləndirilməsini sivil və davamlı inkişafın prioritet istiqaməti kimi meydana çıxarmış, sivilizasiyalararası dialoqun əsas amili kimi müəyyənləşdirmişdir. Xüsusən də bəşəriyyətin siyasi qarşıdurmalar, terrorizm, separatizm, dini ekstremizm, transmilli cinayətkarlıq kimi təhlükələrlə üzləşdiyi bir vaxtda insanların obyektiv və qərəzsiz informasiya almağa daha çox ehtiyacı vardır. İnsanların məhz belə informasiya ala bilməsi onlara təkcə öz ölkələrində deyil, həm də ümumən dünyada baş verən hadisələri doğru-düzgün qiymətləndirməyə imkan verir. Bu isə son nəticədə xalqların və ölkələrin bir-birini daha yaxşı tanımasına, onların yaxınlaşmasına xidmət edir.

Bakıda Asiya və Sakit Okean Ölkələri Xəbər Agentlikləri Təşkilatı (OANA) İcraiyyə Komitəsinin "Qloballaşan dünyada informasiya hamı üçün" mövzusunda keçirdiyi 30-cu iclas qloballaşan dünyada informasiya mübadiləsinin hər bir ölkə üçün strateji əhəmiyyətini bir daha aşkara çıxarmışdır. AzərTAc-ın təşəbbüsü ilə Bakıda keçirilmiş bu yüksək səviyyəli tədbir beynəlxalq aləmə hərtərəfli inteqrasiya yolu seçmiş müstəqil Azərbaycanın ictimai-siyasi həyatında mühüm hadisələrdən biri kimi yadda qalmışdır. İlk dəfə olaraq OANA-nın prezidenti, İndoneziyanın Antara agentliyinin baş icraçı direktoru Əhməd Muxlis Yusuf, o cümlədən Türkiyənin, Rusiyanın, Yaponiyanın, Çinin, İranın, Koreya Respublikasının, Malayziyanın, Qazaxıstanın, Qırğızıstanın, Vyetnamın, Qətərin, Küveytin, Suriyanın, Birləşmiş Ərəb Əmirliklərinin, Yəmənin - ümumiyyətlə 21 ölkənin milli informasiya qurumlarının rəhbərləri və yüksək vəzifəli təmsilçiləri Azərbaycanın paytaxtına toplaşmışlar.

Belə bir beynəlxalq tədbirin Bakıda keçirilməsi respublikada söz və mətbuat, habelə informasiya azadlığı üçün yaradılmış münbit zəminə əsaslanmaqla yanaşı, eyni zamanda Azərbaycanın Cənubi Qafqaz və ümumilikdə, Avropa geosiyasi arealında artan rolunu şərtləndirir. Şübhəsiz, regionun inkişafına və ümumilikdə Şərqlə Qərbi birləşdirən, Avropanın enerji təhlükəsizliyində əsaslı rol oynayan layihələrin təşəbbüskarına çevrilən Azərbaycanda cərəyan edən proseslər dünya dövlətlərini, o cümlədən aparıcı beynəlxalq xəbər agentliklərini ciddi şəkildə maraqlandırır. Cənubi Qafqazda, əsasən də Azərbaycanda iqtisadi və siyasi sahələrdə müşahidə olunan canlanma regionun xəbər potensialını da əhəmiyyətli dərəcədə artırır. Bu baxımdan AzərTAc-ın OANA ilə əməkdaşlığının genişlənməsi bir tərəfdən respublikamızla bağlı obyektiv informasiyaları Asiya və Sakit okean ölkələrinə çatdırmaq, eyni zamanda respublika ictimaiyyətini bu coğrafi məkanda cərəyan edən proseslər barədə məlumatlandırmaq, informasiya mübadiləsini genişləndirmək baxımından ciddi əhəmiyyət kəsb edir.
Bir vaxtlar Azərbaycan ətrafında mövcud olmuş informasiya blokadasının çoxdan aradan qalxmasına rəğmən etiraf etməliyik ki, xüsusən də coğrafi baxımdan bizə uzaq dövlətlərdə respublikamız haqqında informasiyalar azdır. Müasir Azərbaycanın sürətli sosial-iqtisadi inkişafı, hüquqi islahatların keyfiyyətcə yeni mərhələyə qədəm qoyması, vətəndaş cəmiyyəti quruculuğunun dərinləşməsi ölkəmizlə bağlı dolğun informasiyaya olan beynəlxalq tələbatı da artırır. Bəzi hallarda bədnam erməni lobbisinin apardığı məkrli təbliğat respublikamız haqqında dolğun və obyektiv təsəvvürlərin formalaşmasına mane olur. Bu baxımdan sözügedən beynəlxalq tədbirin Azərbaycan üçün uğurlu nəticələrindən biri də odur ki, OANA-da təmsil olunan dünyanın aparıcı xəbər agentliklərinin rəhbərləri bir neçə gün ərzində respublikamızla əyani şəkildə tanış olmaq, inkişaf prosesini yaxından izləmək imkanı qazandılar. Tədbir iştirakçıları çıxışlarında Azərbaycanın dinamik sosial-iqtisadi inkişaf yolunda olduğunu vurğulamaqla yanaşı, respublikanın qısa müddətdə söz və mətbuat, informasiya azadlığı sahəsində mühüm nəticələrə imza atdıqlarını vurğuladılar. Şübhəsiz, informasiya agentlikləri arasında bu cür əməkdaşlıq dövlətlərarası münasibətlərin müsbət istiqamətdə inkişafına, ən müxtəlif sahələrdə təcrübə mübadiləsinin genişlənməsinə və digər məsələlərə pozitiv təsirini göstərir.

Müasir dövrdə İKT-nin qlobal inkişafı yoxsulluğun aradan qaldırılmasında, təbii fəlakətlərlə, epidemiyalarla, terrorizmlə mübarizədə, xalqlar arasında sivil münasibətlərin qurulmasında, insan hüquqlarının qorunmasında, ümumiyyətlə, ümumdünya firavanlığının yaradılmasında əsas vasitədir. Bu mənada, OANA-nın 30-cu iclasının Azərbaycanda keçirilməsi həm də respublikamızın informasiya-kommunikasiya texnologiyaları sahəsində artan rolunun nəticəsidir. Qlobal Rəqabət İndeksinin açıqlamalarına görə, hazırda Azərbaycan İKT-nin inkişaf səviyyəsinə görə MDB-nin aparıcı dövlətlərindən biridir. Son onillikdə informasiya-kommunikasiya texnologiyalari gündəlik həyatımızın tərkib hissəsinə çevrilmişdir - müasir Azərbaycanı internetsiz, "email"sız və qlobal kiberməkanın çoxsaylı digər atributlarısız təsəvvür etmək çətindir. Biz artıq yeni cəmiyyət tipi - informasiya cəmiyyəti haqqında, yeni idarəçilik tərzi - "elektron hökumət"in yaradılması vacibliyi haqqında danışırıq. Hazırda respublikamızda 800 mindən artıq internet istifadəçisi mövcuddur, eyni zamanda orta ümumtəhsil məktəblərində hər 29 şagirdə 1 kompüter düşür.

2008-ci ilin birinci yarısında İKT sektorunda məhsul və xidmət istehsalının artım tempi son illərdəki inkişaf səviyyəsini saxlayaraq 37,3 faiz olmuş və bu sahə üzrə ümumdünya orta inkişaf tempini 3 dəfədən çox qabaqlamışdır. İnternet provayderlərin əksəriyyəti internet xidmətlərinin qiymətlərini 6 ay ərzində 30-35 faiz endirmişdir. Bu gün Azərbaycan hər internet istifadəçisinə düşən orta xarici çıxış tutumuna görə Yaponiya, Koreya Respublikası, Sinqapur kimi ölkələrlə bir sırada gedir və bu ildən Azərbaycan internet xidmətlərinin regionda ixracçısına çevrilmişdir. 2008-ci ildə Davosda keçirilən Ümumdünya İqtisadi Forumu öz texnoloji hesabatında Azərbaycanı İKT-nin inkişaf səviyyəsinə görə MDB ölkələri arasında birinci yerə çıxarmışdır. Bu yüksək qiymətin arxasında təkcə İKT sektorunun və informasiya infrastrukturunun inkişafı yox, həmçinin son illər İKT-nin ölkəmizin sosial-iqtisadi inkişafının bütün istiqamətlərində kütləvi tətbiqi və istifadəsi durur. Eyni zamanda super informasiya magistralının yaradılması İKT-nin çox yüksək inkişafına malik olan iki nəhəng regionu - Qərbi Avropanı və Sakit okean hövzəsində olan Şərqi Asiyanı birləşdirərək magistral üzərində yerləşən, qonşu olan və həmin regionlarla müqayisədə zəif inkişaf etmiş 20 ölkəni əhatə edəcəkdir. Bu layihənin reallaşması dünya miqyasında informasiya texnologiyalarının genişmiqyaslı tətbiqinə və ümumiyyətlə, regional iqtisadi inkişafa yeni təkan verəcəkdir. Respublikamız həm də bu sahədə qazandığı uğurlarla dünyanın aparıcı informasiya agentliklərinin diqqətini çəkir.

Qərəzli informasiya münaqişələrin həllində baryerə çevrilir

Bu gün Azərbaycan eyni zamanda dünyada sülhün, təhlükəsizliyin möhkəmlənməsinə töhfəsini verməyə çalışır, sivilizasiyalararası dialoq təşəbbüslərində fəal iştirak edir. OANA-nın 30-cu iclasında da vurğulandığı kimi, müasir dövrdə bütün dünyada insanlar üçün obyektiv, qərəzsiz, vicdanlı informasiyanın açıq olması son nəticədə həm də Yer üzündə sülhün, təhlükəsizliyin möhkəmlənməsinə, ölkələr və xalqlar arasında əməkdaşlığın, sivilizasiyalararası dialoqun genişlənməsinə xidmət edir. Bu baxımdan Azərbaycanın nüfuzlu xəbər agentliyi ilə əməkdaşlığın dərinləşdirilməsi, beləliklə regionla informasiya mübadiləsinin gücləndirilməsi quruma üzv informasiya agentliklərinin maraq dairəsindədir.

OANA-nın 30-cu iclasında da xüsusi vurğulandığı kimi, müasir dövrdə informasiya sərhədləri çox sürətlə aşaraq gerçəklik haqqında yeni anlayış formalaşdırır, yeni qlobal diskussiyalara zəmin yaradır. Dünya miqyasında inteqrasiya ictimai həyatın bir hissəsinə, inkişaf amilinə, yeni dövrün rəmzinə çevrilmişdir. Bu və ya digər nöqtədə baş verən dəyişikliklər isə çox vaxt məhz kütləvi informasiya vasitələri sayəsində tezliklə bütün planetə yayılır. KİV-lərin sayəsində dünya daha şəffaf və açıq görünür - informasiyanın açıqlığı problemləri daha tez həll etməyə, onları daha asan istiqamətləndirməyə imkan verir. Bu baxımdan hər bir kütləvi informasiya vasitəsinin peşə etikasına riayət etməsi, qərəzsiz, obyektiv, vicdanlı olması vacib şərtlərdəndir. Təəssuf ki, hazırkı reallıqda Azərbaycanda bir çox kütləvi informasiya vasitələri bu ümdə prinsiplərə əməl etmək istəmirlər.

Yəqin çoxları razılaşar ki, Azərbaycanın bəzi mətbuat orqanlarında bilərəkdən yalan, böhtan xarakterli, yaxud qeyri-dəqiq informasiyaların dərci, vəzifəli şəxslərin, ictimai-siyasi xadimlərin heysiyyatına toxunan, onların nüfuzuna xələl gətirən əsassız, sifarişli yazıların dərci də adi hal almışdır. Bu cür qəzetlərdə qərəzsizlik, obyektivlik, vicdanlılıq, hadisələrə düzgün baxış kimi ümdə jurnalistika prinsiplərindən danışmaq isə sadəcə mümkün deyildir. Kütləvi informasiya vasitələrində özünü göstərən belə neqativ tendensiyalar heç də ölkə Konstitusiyasının və qanunlarının kobud şəkildə pozulması, peşə etikasına riayət olunmaması ilə məhdudlaşmır. Normal jurnalist fəaliyyəti ilə auditoriya əldə edə bilməyən və yaxud buna peşəkarlığı çatmayan bu cür kütləvi informasiya vasitələri "çıxış yolu" kimi əsasən sensasiya xarakterli, insanları qorxu, vahimə, gərginlik və stress içində saxlayan informasiyalara daha çox yer verirlər. Əslində, bu neqativ meyilləri məsuliyyətsiz və qeyri-peşəkar jurnalistlərin "mənəvi terror"u kimi də səciyyələndirmək olar.

Hazırda Azərbaycan vətəndaşlarının həyatındakı problemlər təkcə ekoloji problemlərlə deyil, həm də neqativ enerjili, qeyri-real informasiyaların qəbulu ilə bağlıdır. Belə neqativ informasiyanın insan səhhəti üçün fəsadları ümumən havanın, suyun, ətraf mühitin çirklənməsindən dəyən zərərdən heç də az deyil. İş o yerə çatıb ki, bəzi vətəndaşlar sakit həyat tərzi keçirmək, stress, kəskin emosiya, depressiya, frustrasiya kimi mənfi psixoloji hallardan uzaq olmaq üçün informasiya eşitmək istəmir, az qala özlərini kütləvi informasiya vasitələrindən təcrid edirlər. OANA-nın 30-cu iclasında obyektiv və qərəzsiz informasiya mübadiləsinin vacibliyi ilə bağlı fikirlər də məhz bu reallıqlardan qaynaqlanır.

Prezidentin İcra Aparatının siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov OANA-nın son iclasındakı nitqində bu fikri xüsusi önə çəkmişdir ki, qərəzli mövqedən çıxış etməmək, aşkarlıq müasir mass-media məkanının mühüm və vacib aspekti olmalıdır. Beynəlxalq səviyyədə obyektiv reallığa əsaslanmayan məlumatların yayılması bəzən ciddi münaqişələrin, problemlərin həllinə də mane olur. Beynəlxalq terrorizm, təcavüzkar separatizm, etnik diskriminasiya kimi bəşəriyyəti təhdid edən qlobal problemlərin həllində obyektiv və qərəzsiz informasiya amili heç də az əhəmiyyət daşımır. "Yer kürəsinin müəyyən hissəsi hələ də etnik-ərazi münaqişələrin məngənəsindədir və bu münaqişələrin həllinin ləngiməsinin əsas səbəbi, adətən, media strukturlarının formalaşdırdığı kütləvi şüur və ictimai rəydir. Siyasətçilər və mühüm məsələləri həll edənlər çox vaxt informasiya siyasətinin girovlarına çevrilir, bu siyasət isə bəzən çox şeyi həll edir" - deyən Elnur Aslanov əlavə etmişdir ki, Azərbaycan ərazisinin 20 faizini işğal altında saxlayan təcavüzkar Ermənistan danışıqlarda qeyri-konstruktiv mövqe tutur. Və bu məsələdə informasiyanın düzgün təqdim edilməsi çox vacibdir. Dünya birliyi, xüsusən mass-media məkanı beynəlxalq hüquq prinsiplərinin pozulmasına, bir dövlətin digərinə qarşı təcavüzünə və onun ərazisini işğal etməsinə laqeyd qalmamalıdır.

OANA-nın Bakıda keçirilmiş 30-cu iclası bir sıra mühüm nəticələrlə yadda qalmış, ən başlıcası müasir dövrdə informasiyanın müasir inkişafın mühüm tərkib hissəsinə çevrildiyini təsdiqləmişdir. Bu gün bütövlükdə dünyada cərəyan edən proseslər, ikitərəfli və çoxtərəfli münasibətlər - bir sözlə, bütün geosiyasi və geoiqtisadi əlaqələr məhz informasiya amili üzərində köklənmişdir. Bu baxımdan dünyanın aparıcı xəbər agentliklərinin ümdə jurnalistika prinsiplərinə riayət etməsi, eyni zamanda fəaliyyətlərini əlaqələndirməsi obyektiv zərurətdən irəli gəlir.

Azərbaycan.- 2008.- 13 sentyabr.- S. 10.