Azərbaycan Prezidenti İlham Əliyev
Heydər Əliyev adına Sarayın əsaslı təmiri və
bərpasında son tamamlama işləri ilə tanış olmuşdur
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev sentyabrın 12-də Heydər
Əliyev Sarayının əsaslı təmiri və
bərpasında son tamamlama işləri ilə tanış
olmuşdur.
Heydər Əliyev
Sarayında əsaslı təmir-bərpa və yenidənqurma
işlərinə dövlət başçısının
sərəncamı ilə başlanılmışdır. Ulu
öndər Heydər Əliyevin xalqımız
üçün yaratdığı saysız-hesabsız
mədəniyyət ocaqlarından biri olan bu sarayda ötən
35 ildən sonra ilk dəfədir ki, təmir-bərpa
işləri aparılır.
Prezident İlham Əliyev əvvəlcə binanın fasadına baxdı, burada işlərin gedişi ilə maraqlandı. Dövlətimizin başçısına məlumat verildi ki, sarayın fasadı xüsusi mərmərlə üzlənib, binanın qarşı və yan tərəflərində ABŞ istehsalı olan ekran tipli şüşələr quraşdırılmışdır. Sarayın əsas özəlliklərindən olan bu şüşələr içəridə keçiriləcək tədbirləri birbaşa bayırda da izləməyə imkan verəcəkdir. Şəhərin gecə görüntüsünə də xüsusi yaraşıq verəcək bu şüşələrdən monitor kimi də istifadə olunacaqdır.
İşlərin
gedişi
ilə tanış
olan Prezidentə bildirildi ki, əsaslı təmir və yenidənqurma tezliklə tam başa çatdırılacaqdır.
İndi son tamamlama işləri gedir. Sarayın dam örtüyü dəyişdirilib,
işıqlandırma sistemi yenidən
qurulmuşdur. Binanın
tavanının üzlənməsində
xüsusi alkapon materialdan istifadə olunub ki, bu
da döşəmənin
mərməri ilə uyarlıq təşkil edir. Girişdə yaradılacaq su pərdəsi zövq oxşayacaqdır. Saraya gələnlər buradan xüsusi lazer sistemi vasitəsilə müxtəlif görüntüləri
izləmək imkanı
qazanacaqlar.
Prezident İlham Əliyev salona da baxdı. Burada tamaşaçıların rahatlığı üçün bütün şərait yaradılır. Əlillərin salona girib-çıxması üçün xüsusi avtomatlaşdırılmış qurğu quraşdırılmışdır. Gözəl çilçıraqlar salona əlavə yaraşıq verəcəkdir.
Akustikası müasir tələblərə tam cavab verəcək səhnədə işlərin əsas hissəsi başa çatıbdır. Liftlər və eskalatorlar yeniləri ilə əvəzlənib, binanın daxilində həssas avtomatik yanğınsöndürmə sistemi qurulmuşdur. Foyedə, banket salonunda və yardımçı otaqlarda bəzək-tamamlama işləri aparılır. Binada İtaliyadan gətirilmiş xüsusi havalandırma sistemi quraşdırılmışdır. Sarayın həyətinə 6 min kvadrat-metrdən çox mərmər və qranit döşənir, ətrafda yaşıllıqlar salınacaqdır.
Prezident İlham Əliyev işlərin yüksək səviyyədə
və keyfiyyətlə
başa çatdırılması,
habelə gələcəkdə
sarayın istismarının
da lazımınca təşkili barədə
tövsiyə və tapşırıqlarını verdi.
Azərbaycan.- 2008.- 13 sentyabr.- S. 3.