Azərbaycan Prezidenti
İlham Əliyev sentyabrın 17-də paytaxtdakı Hüseyn
Cavid parkında aparılmış əsaslı bərpa
və yenidənqurma işləri ilə tanış
olmuşdur.
Görkəmli ədibin
adını daşıyan park dövlətimizin
başçısının Bakı şəhərində
parkların və xiyabanların əsaslı təmir və
yenidən qurulması ilə bağlı verdiyi
tapşırıqlara əsasən
abadlaşdırılmışdır. İki
hektardan artıq ərazini əhatə edən parkda qısa vaxt ərzində əhalinin istirahəti üçün
ən müasir şərait yaradılmışdır.
Bakı Şəhər
İcra Hakimiyyətinin başçısı Hacıbala
Abutalıbov görülmüş işlər barədə
Prezident İlham Əliyevə məlumat verərək bildirdi
ki, Hüseyn Cavidin parkda ucaldılmış abidəsi də
yeni görkəm almışdır. Parkın
ərazisində mina texnologiyasından istifadə
edilməklə Təbriz
memarlığına xas
naxışlarla bəzədilmiş
unikal "qızıl
fəvvarə" quraşdırılmışdır.
Abidə ilə onun arasındakı ərazidə isə Kanada mütəxəssislərinin
layihəsi əsasında
50 metr uzunluğu, 15 metr eni olan
musiqili fəvvarə quraşdırılmışdır. Fəvvarələrin ətrafına
və hovuzlarına qranit, ağ mərmər döşənmişdir.
Şəhər sakinlərinin
zövqünü oxşayan
parkda təzə oturacaqlar qoyulmuş, yeni yaşıllıq zolaqları salınmış
və bəzək kolları əkilmişdir.
Dövlətimizin
başçısı parkın ərazisini gəzdi,
yaradılan şəraitlə yaxından tanış oldu,
parka gəzintiyə çıxmış sakinlərlə
görüşüb söhbət etdi.
Sonra Prezident İlham
Əliyev Milli Elmlər Akademiyasının
qarşısındakı bağa baxdı, burada da abadlıq
və yenidənqurma işlərinin aparılması ilə
bağlı müvafiq tapşırıqlarını verdi.
Azərbaycan.- 2008.- 18 sentyabr.- S. 2.