Heydər Əliyev seyrəngahı cəlilabadlıların sevimli istirahət yeridir

 

Prezident İlham Əliyev sentyabrın 7-də Cəlilabad şəhərinin mərkəzindəki Heydər Əliyev seyrəngahı ilə tanış olmuşdur.
Beş hektar sahədə yerləşən seyrəngahda süni göl, fəvvarə, pilləli şəlalə yaradılmışdır, uşaq-əyləncə mərkəzi və beş istirahət kotteci də vardır. Burada üçmərtəbəli hotel, kafe, çayxana, yeməkxana fəaliyyət göstərir. Bu obyektlərdə 40 nəfər işlə təmin olunmuşdur.

Dövlətimizin başçısı seyrəngahda şəhər ictimaiyyətinin nümayəndələri ilə görüşdü.

Mirağa Salmanov (sakin): Cənab Prezident, Sizin keçən gəlişinizdən ötən bir ildə Cəlilabad simasını o qədər dəyişib ki, tanınmaz olubdur. Bunların hamısını bizə Siz bəxş etmisiniz. Sizin sayənizdə bunlara nail olmuşuq, cənab Prezident.Cəlilabadda quruculuq işləri göz qabağındadır. Sizin keçənilki tapşırığınıza əsasən Yardımlı-Cəlilabad yolu çəkilibdir. Bu yolun üstündə 60 kənd var. Cənab Prezident, keçmişdən belə bir adət var, deyirlər ki, yol çəkənin atasına rəhmət! Allah Sizin atanıza qəni-qəni rəhmət eləsin. 1998-ci ildə mənə ulu öndərlə görüşmək nəsib olmuşdur. Bu gün də Sizin o nurlu simanızı görürəm. Vallah, mən səmimi adamam, hamı başa düşür, həmin nur Sizin üzünüzdən yağır. Allah Sizi uca etsin, bəd-nəzərdən qorusun, cənab Prezident!

Cənab Prezident, çox sağ olun, bütün cəlilabadlılar Sizə minnətdarlıq edir ki, indi biz həkim müayinəsindən keçməyə yüz kilometrlərlə yol ölçüb Bakıya yox, Lənkərana gedirik. Amma Sizin sayənizdə xəstəxana yaradılıb, biz daha heç Lənkərana da getməyəcək, elə Cəlilabadda müayinə olunacağıq.

Cənab Prezident, Siz bizim gələcəyimizi düşünürsünüz, uşaqlarımızın qayğısına qalırsınız. Biz çox fəxr edirik ki, belə bir Prezidentimiz var. Elə bil, bu, Allahın bizə bəxş etdiyi bir nemətdir. Hazırda burada da idman kompleksi tikilir, bunlar Azərbaycan xalqının gələcək nəsillərinin sağlamlığına xidmət edəcəkdir. Sizi Olimpiadada da gördük. Biz fəxr etdik, Siz idmançılarımıza ruh verirdiniz.

Cənab Prezident, bu gün Cəlilabadda gedən işləri saymaqla qurtarmaq olmaz. Heydər Əliyev Fondunun təşəbbüsü ilə tikilən məktəblərimiz var. Bu seyrəngahı bizə Siz bəxş etmisiniz. Vaxtilə bura zibillik idi. Siz özünüz də görmüşdünüz. Deyirəm ki, Allah bizə bir 20 il də ömür versin, Sizin bu yaratdığınız cənnətdə biz də yaşayardıq.
İlham Əliyev: Sağ olun. Bu inkişafı görəndə mən də çox sevinirəm. Yadımdadır ki, keçən il mən burada olarkən işlər hələ tam başa çatmamışdı, yarımçıq idi. Amma görünürdü ki, gözəl bir seyrəngah olacaqdır. Son bir il ərzində burada çox güclü işlər görülüb. Siz burada yaşayırsınız, görürsünüz, hiss edirsiniz. Mən də vaxtaşırı gəlirəm və görürəm, həm yeni-yeni yollar salınır, işıq dirəkləri qoyulur, binaların xarici görkəmi dəyişir. Gözəl park - Heydər parkı, Heydər Əliyev Muzeyi, bir neçə məktəb tikilib, biz açılışını qeyd elədik. Bu da çox vacibdir. Azərbaycanın gələcək inkişafı üçün mütləq bilikli vətəndaşlar olmalıdır. Uşaqlar yaxşı şəraitdə oxumalıdırlar. Müəllimlər üçün də yaxşı şərait yaradılmalıdır. İndi Olimpiya kompleksi tikilir, yəqin ki, gələn il onun da açılışında iştirak edəcəyəm.

Müalicə-Diaqnostika Mərkəzi tikilir. Əvvəllər biz hər bir bölgədə, hər bir regionda diaqnostika mərkəzinin tikintisinə nail olmuşduq, amma indi bütün rayonlarda yaradılır. Ən yüksək tibbi xidmət göstəriləcəkdir, yəni bu, insanların rahatlığı üçündür. Bütün bu qoyulan investisiyalar - Olimpiya Kompleksi, məktəblər, xəstəxana - bunlar hamısı kommersiya xarakteri daşımır, sadəcə olaraq, insanların daha da yaxşı yaşaması üçündür. Cəlilabad-Yardımlı yolunun tikintisinə də başlamışıq. O vaxt mənə müraciət olunmuşdu ki, belə bir layihə var və bu yola böyük ehtiyac var. Yol tikilib qurtarandan sonra, əminəm ki, kəndlərdə yaşayan insanların həyat səviyyəsi xeyli dərəcədə yaxşılaşacaq, mərkəzi yollarla əlaqə yaxşılaşacaqdır. Bu kəndlərə daha da çox insanlar gedib iş görəcəklər. Müxtəlif biznes imkanları yaranacaqdır.

Yəni bütün bunlar ona görə edilir ki, insanlar daha da yaxşı yaşasınlar. Cəlilabadda həm sənaye potensialı inkişaf edir, - mənə verilən məlumata görə, son dörd ildə sənaye istehsalı iki dəfədən çox, ümumi daxili məhsul iki dəfədən çox artıb, bu, böyük nəticə, böyük nailiyyətdir, - həm də burada işlər böyük zövqlə, səliqə ilə aparılır. Biz görürük ki, bu parklar, burada əkilən ağaclar necə gözəldir. Bu, xüsusi diqqət tələb edir və mən çox şadam ki, burada yerli rəhbərlik də çox fəal işləyir. Əslində, bizim uğurumuzun səbəbi bundadır. Biz düzgün qərarlar qəbul edirik, vəsait ayırırıq, büdcə xərcləri ildən-ilə artır. Yerlərdə bütün fəallar, bütün vəzifəli şəxslər, ictimaiyyət - hərə öz yerində gərək səmərəli işləsin ki, inkişaf daha da sürətlə getsin.

Mən çox şadam ki, Cəlilabadın simasında biz Azərbaycanda son illər ərzində gedən işlərin nəticələrini görürük. Siz də bunu görürsünüz. Siz burada yaşayırsınız, bəlkə də, bu yaxşı dəyişikliklərə tez öyrəşirsiniz, bu da çox yaxşıdır. Amma mən, misal üçün, keçən il gəlmişdim, ondan əvvəl 2005-ci ildə gəlmişdim və hər dəfə gələndə bu dəyişiklikləri görürəm və sizinlə bərabər mən də buna sevinirəm.

Mirağa Salmanov: Hamımız gördük ki, çətin vəziyyətlərdə necə təmkinli qərarlar qəbul etdiniz. Xalq bunu görür, hamı duyur, hamı danışır. Vallah, bunu demək lazımdır.

İlham Əliyev: Biz ölkəmizi qorumalıyıq, Azərbaycanın müstəqilliyini qorumalıyıq, möhkəmləndirməliyik, ölkəmizin milli maraqlarının təmin olunması üçün nə lazımdırsa, onu da edəcəyik və edirik. Hər bir atılan addım istər daxildə, istərsə də bölgədə Azərbaycanı gücləndirir. Bizim bölgədə mövqelərimiz böyük dərəcədə möhkəmlənibdir.

Son illər, aylar ərzində, bölgədə Azərbaycanın nüfuzu, Azərbaycanın çəkisi, regionda aparıcı ölkə kimi dünya birliyinə özünü təqdim etməsi - bütün bunlar reallıqlardır. Bütün dünya bunu görür, bunu dərk edir, dəstəkləyir. Azərbaycan bölgədə sabitləşdirici rol oynayır və bu rol getdikcə artır. Bizim hamımızın məqsədi ondan ibarət olmalıdır ki, ölkəmizin maraqlarını müdafiə edək, ölkəmizi bütün bəlalardan qoruyaq, sabitliyi, inkişafı davam etdirək. Azərbaycan xalqı sülh, əmin-amanlıq, təhlükəsizlik və rifah içərisində yaşamalıdır. Bunu etmək üçün bizim bütün imkanlarımız var: ölkədə qəbul edilmiş proqramlar, artan maddi imkanlarımız, uğurlu neft strategiyamız, sosial məsələlərin həlli. Hansı istiqamətə baxsaq görərik ki, inkişaf var. İqtisadi inkişaf baxımından dünyada ikinci belə bir ölkə yoxdur ki, son dörd il ərzində iqtisadi artım bu qədər sürətlə getsin. Yəni, biz dünya miqyasında bir nömrəli ölkəyik.
Sosial məsələlərin həlli baxımından təkcə Cəlilabad rayonunda deyil, bütün başqa rayonlarda da, hər yerdə məktəblər, xəstəxanalar, yollar, yeni fabriklər, zavodlar tikilir. Bölgələr inkişaf edir, yeni iş yerləri açılır. Son beş il ərzində 700 mindən çox yeni iş yeri açılmışdır. Bu, böyük bir nailiyyətdir. Hər bir iş yeri insanlara daha da yaxşı şərait yaradır, onları daha da yaxşı əmək haqqı ilə təmin edir, eyni zamanda, daxili istehsal artır.

Azərbaycan indi özünü ən zəruri əksər ərzaq məhsulları ilə 85-95 faiz səviyyəsində təmin edir. Heç vaxt belə olmamışdır. Burada ağsaqqallar, təcrübəli insanlar var, bilirlər, vaxtilə Sovet İttifaqında hər bir respublika üzrə xüsusi iqtisadi planlar var idi. Məsələn, Azərbaycanda kənd təsərrüfatı əsasən üzümçülük, pambıqçılıq istiqamətində inkişaf edirdi. Başqa respublikalardan isə ət, yağ, digər ərzaq məhsulları gətirilirdi. İndi biz özümüzü təmin edirik. Şəkərlə 100 faiz, bitki yağları ilə 100 faiz təmin edirik. Kərə yağı, süd, ət, yumurta ilə, meyvə-tərəvəzlə Azərbaycanda istehsal olunan məhsullar hesabına təmin edirik. Təkcə taxıl istehsalında biz hələ ki, xarici idxaldan asılıyıq. Ancaq son qərarlar, kənd təsərrüfatının inkişafına dair atılmış addımlar bu istiqamətdə də böyük irəliləyişə gətirib çıxaracaqdır. Biz indi elə etməliyik ki, taxıl istehsalı tam şəkildə Azərbaycanı təmin etsin. Beləliklə, Azərbaycanda ərzaq təhlükəsizliyi məsələsi həll olunur.

Enerji təhlükəsizliyini təmin etmişik, indi başqa ölkələrə enerji daşıyıcıları ixrac edirik. Nəqliyyat təhlükəsizliyini təmin etmişik. Qonşu ölkələrlə bizim nəqliyyat əlaqələrimiz güclənibdir. İndi Bakı-Astara avtomobil yolu tikilir, bir hissəsi tikilibdir. Dəmir yolu, hava nəqliyyatı və ərzaq təhlükəsizliyi - bax, bu üç əsas məsələ indi demək olar ki, bütün ölkələri narahat edir. Dünyada enerji daşıyıcılarının, ərzaq məhsullarının qiyməti artır. Əgər biz idxaldan asılı olsaq, Azərbaycanda da qiymətlər artacaqdır. Bizdə də bu var - inflyasiya, qiymət artımı var. Amma elə etməliyik ki, daxildə istehsal olunan məhsullar qiymətin aşağı salınmasına gətirib çıxarsın. Əlbəttə ki, bütün bu nəticələrə çatmaq üçün ölkəmizdə sabitlik, əmin-amanlıq davam etməlidir.
Azərbaycan öz əməyi ilə bütün bu uğurları əldə edibdir. Əminəm ki, gələcək illər üçün nəyi nəzərdə tutmuşuqsa, onu da edəcəyik.
Lyubov Danilova (sakin): Çox hörmətli cənab Prezident, axır ki, mən vaxtilə Sizin atanıza dediyim kimi, ən səmimi, xoş sözlərimi indi də Sizə ünvanlamaq imkanı əldə etdim. Bu gün biz Sizi bərəkətli Cəlilabad torpağında salamlamağımıza çox şadıq. Axı, Siz ümummilli liderin davamçısısınız, elə böyük insanın, əsrin insanının işlərini davam etdirirsiniz. Biz Sizin ailənizi sevirik. Sizin ünvanınıza çox xoş sözlər söyləmək olar. Heydər Əliyev bizim rayonda tez-tez olur, onu sevirdi. Bəlkə də mən eqoist adamam, əlbəttə, o, başqa rayonları da sevirdi, lakin hələ uşaq vaxtımdan yadımdadır ki, o, bizim rayonu çox sevirdi. Həmişə deyirdi ki, nə üçün Cəlilabadda üzüm yoxdur, nə üçün Cəlilabadda, Privolnoye kəndində gül-çiçək, ağaclar yoxdur. Bu gün biz hiss edirik ki, Siz də rayonumuza çox böyük qayğı göstərirsiniz. Ona görə də rayonumuz vaxtilə Heydər Əliyevin sayəsində olduğu kimi, indi də Sizin sayənizdə tərəqqi edir. Bu gün bizim hamımızın sevimlisi, ölkəmizin birinci xanımı Mehriban xanım haqqında söz deməmək olmaz. O, Sizin bütün qərarlarınızı həyata keçirmək üçün çox iş görür. İdmana xüsusi diqqət yetirilir.

Biz artıq 200 ildən çoxdur ki, bu gözəl, xeyirxah diyarda yaşayırıq. Heç vaxt din, dil, təhsil və mədəniyyətlə bağlı problemlərlə üzləşməmişik. Biz hamımız bir beynəlmiləl ailədə yaşayırıq. Bu fikri belə bir fakt da təsdiqləyir ki, bu gün mənim rəhbərlik etdiyim “Ruçeyok” rus folklor ansamblı 1987-ci ildən bəri respublikada keçirilən bütün tədbirlərdə iştirak edir. Bir haşiyə çıxmaq istəyirəm: Mən Heydər Əliyevi çox sevirdim, ömrümün axırına qədər də onu unutmayacağam. Mən ona həmişə deyirdim: Heydər Əliyeviç, mənim atam yoxdur, Siz mənə ata əvəzi olmusunuz. Heydər Əliyeviçin andiçmə mərasimi münasibətilə qoşduğumuz çastuşka bütün dünyaya yayılmışdı, çünki bir çox ölkənin telekanalları bu hadisəni lentə çəkmişdi. Hörmətli İlham Heydəroğlu, mən Sizin üçün də bir çastuşka hazırlamışam.

Çox sağ olun ki, Siz ümummilli liderin işini davam etdirirsiniz. Siz həmişə xalqın yanındasınız. Sizin həmişə beləcə cavan, əzmkar olmağınızı arzu edirik. Qoy, bizim çiçəklənən doğma Azərbaycan bundan sonra da tərəqqi etsin, qoy, bütün dünyada Heydər Əliyevi tanıdıqları kimi, bu diyarı da tanısınlar. Heydər Əliyev bizim hamımız üçün yeni yol açmışdır. Onun sayəsində ölkəmizdə sülh və əmin-amanlıq bərqərar olmuşdur. Respublikamız onun sayəsində dünya səhnəsinə çıxmış, bütün beynəlxalq təşkilatların tamhüqüqlu üzvü olmuşdur. İlham Heydər oğlu, Sizə, ailənizə, uşaqlarınıza, xoşbəxtlik diləyirik. Qoy, ailənizdə həmişə firavanlıq olsun, Siz də həmişə ailənizin üstündə olun.
İlham Əliyev: Sağ olun, bu səmimi sözlərinizə görə təşəkkür edirəm. Doğrudur, Heydər Əliyev Cəlilabadı həmişə çox sevirdi. Siz düz dediniz ki, Heydər Əliyev dəfələrlə burada olmuşdur. Demək olar ki, hər il buraya gəlirdi. 1970-ci illərdə sizin rayon tərəqqi edirdi. Burada başqa rayonlardan daha çox üzüm istehsal olunurdu. Rayonda çoxsaylı sosial obyektlər tikilmişdi. Heydər Əliyev Azərbaycandan gedəndən sonra nə oldu - tənəzzül başlandı, hər şey dağıldı. Ölkəmiz müstəqillik əldə edəndən sonrakı ilk illərdə onun inkişaf perspektivi yox idi, müstəqilliyi itirmək təhlükəsi yaranmışdı. Təxminən 1980-ci illərin ortalarından 1993-cü ilə qədər sözün tam mənasında Azərbaycanda ən ağır dövr idi. 1993-cü ildə Heydər Əliyev hakimiyyətə qayıdandan sonra isə dirçəliş prosesi başlandı. Bu gün Azərbaycan ən dinamik inkişaf edən ölkədir. Bizdə bütün xalqlar bir ailə kimi yaşayır. Bizdə milli, dini və dil mənsubiyyətinə görə heç bir ayrı-seçkilik yoxdur və bu, həmişə belə olacaqdır. Bu baxımdan, Azərbaycan dünya dövlətlərinin çoxu üçün nümunədir. Çünki bizim ölkədə millətlərarası həmrəylik hökm sürür, bütün xalqlar arasında sülh, dostluq, qardaşlıq münasibətləri möhkəmlənir, hər kəsin öz ənənələrini, öz dinini, dilini, mədəniyyətini qoruyub saxlamaq və onları zənginləşdirmək imkanı var. Ölkəmizin xüsusiyyəti bundadır. Bizim əhatəmizdə elə ölkələr var ki, orada yalnız bir millət yaşayır, başqa millətlər yoxdur, yalnız monomillət vardır. Bu isə heç bir yaxşı nəticəyə gətirib çıxarmayacaqdır. Bu onu göstərir ki, həmin ölkələrdə başqa xalqların yaşaması çətindir. Onlar bir-biri ilə yola getmir, təzyiqlərə, təqiblərə, müxtəlif mənfi təsirlərə məruz qalırlar. Azərbaycanda isə əksinə, hamı bir ailə kimi yaşayır, hamı sevinir, fərəhlənir.

Lyubov Danilova: Hətta vaxtilə bizim kənddən köçüb getmiş adamlar da indi geri qayıdırlar. Ən başlıcası isə, hörmətli İlham Heydər oğlu, deməliyəm ki, mən tez-tez Rusiyada oluram. Bilirsinizmi, Cəlilabaddan köçüb gedənlər onun haqqında necə səmimi sözlər söyləyirlər, nə qədər xoş xatirələri var. Qadınlardan biri deyirdi ki, biz tarlada işlədiyimiz vaxt Heydər Əliyev gəlmişdi, mənim əllərim çirkli idi, o isə mənim əlimi sıxdı. Bu, insana xas olan səmimiyyətdir. İnsanlar məhz belə cəhətləri xatırlayırlar. Bütün görüşləri xatırlayırlar - əsas məsələ budur. Allah Heydər Əliyevə rəhmət eləsin. Heydər Əliyev həmişə qəlbimizdədir - dar günümüzdə də, fərəhli anlarımızda da.
İlham Əliyev: Onun işləri davam etdirilir.

Lyubov Danilova: O, daim bizim qəlbimizdə yaşayacaq, heç kəsin yadından çıxmayacaqdır. Kaş, hamının belə prezidentləri olsun.

Prezident İlham Əliyev parkda ictimaiyyətin nümayəndələri ilə birgə xatirə şəkli çəkdirdi.

 

Xalq qəzeti.- 2008.- 9 sentyabr.- S. 4.