Car kəndində mədəniyyət evi istifadəyə verildi

 

Dünən Zaqatala Rayon İcra hakimiyyətinin başçısı Asif Əsgərov, hüquq-mühafizə orqanlarının rəhbərləri və digər rəsmi şəxslər Car kəndində olmuş, kənd ictimaiyyəti ilə görüşmüş, rayonun daxili imkanları hesabına yenidən tikilərək müasir avadanlıqlarla təmin edilmiş kənd mədəniyyət evinin açılısında istirak etmislər.

1960-cı ildə tikilib istifadəyə verilən kənd mədəniyyət evinin binası 1993-cü ildə yanaraq tam yararsız vəziyyətə düşmüşdü. Lakin qısa müddət ərzində müasir standartlara cavab verən, ümumi sahəsi 220 m2, 250 nəfərlik zalı olan kənd mədəniyyət evi tikilərək kənd sakinlərinin istifadəsinə verilmşidir. Açılış mərasimində çıxış edən Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov ilk öncə hamını əlamətdar hadisə münasibəti ilə təbrik etmişdir. Daha sonra rayon rəhbəri Azərbaycan dövlətinin qurucusu və memarı, ulu öndər Heydər Əliyev siyasi kursunun bu gün də uğurla davam etdirildiyini, ölkə başçısının regionların sosial-iqtisadi inkişafına yüksək diqqət və qayğısı nəticəsində respublikanın hər bir guşəsində olduğu kimi, Zaqatalada da böyük tikinti-quruculuq işlərinin həyata keçirildiyini qeyd etmişdir.

Tədbirdə çıxış edən kənd ağsaqqaları, ziyalılar və gənclər son iki ildə Zaqatala rayonunda, eləcə də Car kəndində görülmüş tikinti-quruculuq işlərindən geniş söhbət açmış, bütün diqqət və qayğıya görə ölkə rəhbərliyinə öz təşəkkürlərini bildirmişlər.

Daha sonra tədbirdə Azərbaycanın tanınmış yazıçısı, professor Gülrux Əlibəyli çıxış edərək son üç 1 ayda Car kəndində istirahət edərkən Zaqatalada gedən tikinti-quruculuq işlərindən məmnun qaldığını, rayonun təmizliyinə, təbiətinə və insanlarına valeh olduğunu qeyd etmişdir.

Car kənd mədəniyyət evinin açılışını bildirən rəmzi qırmızı lent kəsildikdən sonra mərasim iştirakçıları burada yaradılmış şəraitlə yaxından tanış olmuşlar.

Tədbir Car kənd mədəniyyət evinin özfəaliyyət kollektivinin konsert proqramı ilə yekunlaşmışdır.

 

Xalq qəzeti.- 2008.- 4 sentyabr.- S. 7.