Qax şəhər
parkında ümummilli lider Heydər Əliyevin abidəsinin
açılışı
Xəbər verdiyimiz
kimi, Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 19-da
Qax rayonunda olmuşdur.
Dövlətimizin
başçısı və xanımı Mehriban Əliyeva
əvvəlcə 20 Yanvar və Azərbaycan küçələrinin
kəsişməsində yerləşən şəhər
parkına gəldilər.
Əvvəllər Veteranlar parkı kimi tanınan bu ərazinin sahəsi 1 hektardır. Bu ilin əvvəlindən burada əsaslı təmir və yenidənqurma işləri aparılmış, parkın mərkəzində ulu öndər Heydər Əliyevin abidəsi qoyulmuşdur. Abidənin müəllifi heykəltəraş Akif Əsgərovdur. Ətrafda hər biri üç hissədən ibarət olan iki fəvvarə quraşdırılmışdır.
Parkda şəhər sakinlərinin və qonaqların istirahəti üçün hər cür şərait yaradılmış, yeni oturacaqlar qoyulmuşdur. Səkkiz mindən çox dekorativ ağac, gül və kol əkilmiş, çəmənlik salınmışdır. Müasir səviyyəli yeni işıqlandırma sistemi gecələr buraya xüsusi yaraşıq verir. Parkın ərazisində milli memarlıq üslubunda Veteranlar evi də tikilmişdir.
Prezident İlham Əliyev ulu öndər Heydər Əliyevin abidəsinin üzərindən ağ örtüyü götürdü. Dövlətimizin başçısı və xanımı abidənin önünə gül dəstələri qoydular.
Parkda görülmüş işlərdən razılığını bildirən Prezident İlham Əliyev burada rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb söhbət etdi.
Rayon Veteranlar Şurasının sədri Əli Babayev dövlətimizin başçısına müraciətlə dedi:
- Hörmətli cənab Prezident!
Xoş gəlib, səfa gətirmisiniz!
Mehriban xanım, xoş gəlib, səfa gətirmisiniz!
Bütün qonaqlar xoş gəliblər!
Hörmətli Prezident, biz üçüncü dəfədir görüşürük. Birinci dəfə Mehriban xanım dəvət etmişdi. Böyük Vətən müharibəsində Qələbənin 60 illiyi ilə əlaqədar Heydər Əliyev Fondunda keçirilən tədbirdə görüşmüşdük. O vaxt bizi çox təntənə ilə yola saldınız. Onu heç vaxt unutmuram. İkinci dəfə 2006-cı il aprelin 12-də ümummilli lider Heydər Əliyevin heykəlinin qarşısında görüşmüşük. Bu da üçüncü görüşümüzdür. Arzum budur ki, biz daim görüşək.
Hörmətli İlham müəllim, bir veteran kimi, bir Azərbaycan vətəndaşı kimi mən çox sevinirəm ki, Sizin rəhbərliyinizlə və təşkilatçılığınızla respublikada, Bakıda, bütün rayonlarda böyük işlər görülür. O cümlədən respublikamızın ən kiçik rayonlarından olan Qaxda son vaxtlar geniş yenidənqurma işləri gedir, bunların hamısını görəcəksiniz. Veteranlar evi və Heydər Əliyev muzeyi yeni tikilmişdir. Veteranlar evi əvvəldən var idi, ancaq yaxşı deyildi, yenidən tikdilər. Çox sağ olsunlar.
Siz həm camaatın qeydinə çox əla qalırsınız, həm də abadlıq işlərinə xüsusi diqqət yetirirsiniz. Biz veteranlara qayğını lap yüksəyə çatdırmısınız. Çox sağ olun, həmişə var olun.
Prezident İlham Əliyev təşəkkür
edərək dedi:
- Sağ olun, təşəkkür edirəm. Mən də çox şadam ki, Qax rayonunda işlər yaxşı gedir. Siz qeyd etdiniz, mən iki il bundan əvvəl gəlmişdim. İndi yenidən gəlmişəm. Bilirəm ki, çoxlu dəyişikliklər var. Yəqin ki, siz də bunların hamısını görürsünüz. Son bir neçə ay ərzində böyük dəyişikliklər baş veribdir. Mən çox şadam ki, burada belə gözəl abadlıq, quruculuq işləri aparılır, insanların yaxşı yaşaması üçün bütün şərait yaradılır. Mən əminəm ki, gələcək illərdə də bu işlər bu sürətlə davam edəcəkdir və Qax Azərbaycanın ən qabaqcıl rayonlarından birinə çevriləcəkdir. Bunun üçün bütün imkanlar var. Gözəl təbiəti var, burada çox zəhmətkeş insanlar yaşayırlar. Həm kənd təsərrüfatının, həm də turizmin inkişafı üçün böyük potensial var. İndi Bakı-Balakən avtomobil yolunun tikintisinə başlamışıq. Bu da gözəl, çox müasir yol olacaqdır.
Bu gün mən Zaqatalada beynəlxalq aeroportun açılışında iştirak etdim. Yəni bütün bunlar bu zonanın inkişafı üçün çox vacib amillərdir. Beynəlxalq aeroportun istismara verilməsi o deməkdir ki, həm Bakıdan, həm də Azərbaycanın başqa şəhərlərindən, başqa ölkələrdən turistlər gələcəkdir. Bunun üçün burada gözəl şərait olmalıdır. Təbii şərait var, Ancaq biz elə etməliyik ki, həm gözəllik, həm rahatlıq baxımından, həm də ən müasir standartlar baxımından həm Qax rayonunda, həm də bütün ətraf rayonlarda çox yaxşı imkanlar olsun. Bax, Qaxın timsalında biz görürük ki, qısa müddət ərzində çox iş görmək olar. Əgər iradə varsa, düzgün qərarlar qəbul olunursa və əlbəttə ki, bütün fəallar bu işlərdə iştirak edirsə, istənilən məsələni həll etmək mümkündür. İndi Azərbaycanın inkişafı elədir ki, istənilən məsələ öz həllini tapır. Bütün ölkədə belə gözəl parklar, yollar, aeroportlar, xəstəxanalar, məktəblər, idman qurğuları tikilir. Bütün bunlar Qaxda da olmalıdır və olacaqdır.
Mənim yadımdadır, keçən dəfə burada olanda "Uludağ" turizm mərkəzinə baş çəkmişdim. İndi belə yerlər çox olmalıdır və çox yaxşı olar ki, belə turizm yerləri yüksək səviyyədə olsun. Yüksək səviyyədə olsa, dünyanın istənilən yerindən buraya turistlər gələeəkdir. Çünki belə təbiət az yerlərdə var. Mən dünyanı görmüşəm, çox ölkələrdə olmuşam. Çox nadir hallarda belə gözəl təbiət, təbii iqlim, hava - yəni turizmin inkişafı üçün lazım olan bütün şərait vardır. Siz Azərbaycanın belə, ən gözəl guşələrinin birində yaşayırsınız. Mən çox istəyirəm ki, burada insanların yaşaması üçün bütün şərait olsun. Azərbaycanın inkişafı hərtərəfli olsun, güclü olsun. Bu da var.
Bilirsiniz ki, indi Azərbaycan iqtisadi artım sürətinə görə
dünyada birinci ölkədir. Özü də bir il
deyil, dörd il ardıcıllıqla. Buna nail olmaq
elə də asan məsələ deyildir. Dünyada 200-dən çox ölkə var, inkişaf etmiş, inkişaf etməmiş, orta səviyyəli ölkələr var. Amma bütün bu ölkələr arasında birinci olmaq, özü də dörd il ardıcıllıqla - bu, çox böyük bir nailiyyətdir. Əlbəttə,
bu, statistik rəqəmlərdir. Amma bu statistik rəqəmlər
insanların gündəlik
həyatında da öz əksini tapır. Baxın, artan maddi imkanlar
nəyə gətirib
çıxarıbdır?! Pensiyalar artır, maaşlar artır, minimum əmək haqqı artır. Düzdür, biz istəyirik ki, daha da böyük
sürətlə artsın.
Hələ
ki, bu minimum təminat bizi qane edə bilməz.
Bu da həqiqətdir. Əgər dinamikaya baxsaq görərik
ki, son 5 il ərzində dövlət xərcləri
təxminən 8-10 dəfə artıbdır. Azərbaycan
xalqı dinc şəraitdə yaşayır. Azərbaycanda
təhlükəsizlik var, sabitlik var, insanlar çox
yaxşı yaşayırlar, bu da hər bir ölkənin
inkişafını şərtləndirən əsas
amillərdən biridir. Azərbaycanda bütün
millətlər bir ailə kimi yaşayırlar. Azərbaycan
çoxmillətli ölkədir, o cümlədən Qax
rayonunda müxtəlif millətlərin
nümayəndələri yaşayırlar. Bir ailə kimi
yaşayırlar, heç bir ayrı-seçkilik, necə deyərlər,
anlaşılmazlıq yoxdur. Həm dövlət siyasəti
belədir, həm də Azərbaycan xalqının qəlbi
təmizdir. Azərbaycan xalqı həmişə başqa
xalqlarla mehribanlıq şəraitində
yaşamışdır. Bütün Azərbaycan vətəndaşları
bir ailə kimi yaşayır. Bu da çox vacibdir. Elə
ölkələr var ki, orada başqa millətdən bir
nəfər də yoxdur. Fakt - bizim qonşuluğumuzdakı
Ermənistan monodövlətdir. Orada heç bir başqa
millət yaşamır. Amma Azərbaycanda bütün
millətlər yaxşı yaşayır. Bizim
gördüyümüz işlər - bu inkişaf, abadlıq,
quruculuq işləri Azərbaycanda yaşayan bütün millətlər
üçündür. Bax, belədir bizim nəticələrimiz.
Gələcəkdə də görüləsi çox
işlər var və biz hamımız bu işlərdə
çox fəal olmalıyıq. Həm dövlət, mənim
bölgələrdəki nümayəndələrim, həm
də rayonların fəalları. Mən burada gəncləri
də görürəm, gənclər də fəal olmalıdırlar,
digərləri də.
Şəkər Abdullayeva
(şəhər 2 nömrəli məktəb-liseyin direktoru):
- Cənab Prezident!
Respublikarnızın bu
gözəl guşəsində Sizi görməyimizə çox
şadıq. Qaxlılar Sizi çox böyük intizarla,
səbirsizliklə gözləyirdilər. Sizin keçən
dəfəki gəlişinizdən sonra, doğrudan da,
Qaxımız əsl mənada dəyişibdir. Bizim
mahnımızda deyilir ki, "Bir də dön Qaxa bax".
Doğrudan da, Qax indi elədir ki, Siz bir dəfə baxmaqla
doymayacaqsınız. Gərək bir neçə dəfə
Qaxa baxaq. Sizin dediyiniz kimi, gələcəkdə Qax
bütün Azərbaycanda ən gözəl rayonlardan
birinə çevriləcəkdir.
Sizin və Mehriban
xanımın Qax camaatına göstərdiyiniz
qayğını biz çox yüksək
qiymətləndiririk. Mən 45 ildən artıqdır,
müəllimə işləyirəm, 40 ildir məktəb
direktoruyam. İşlədiyim bu illər ərzində
Azərbaycanda heç vaxt indiki qədər sürətli
inkişaf görməmişəm. Heç vaxt təhsilə
belə qayğı göstərildiyini görməmişəm.
Siz təkcə yeni məktəblər tikməklə,
məktəbləri təmir etməklə
kifayətlənmirsiniz, təh-sil işçilərinə
mənəvi cəhətdən də dayaqsınız. Bu bizi
ürəkdən sevindirir. Sizin müəllimlər və
məktəblər üzrə keçirdiyiniz
müsabiqədən sonra müəllimlərimiz daha
böyük nailiyyətlər əldə etmək
üçün yeni yollar axtarıb tapmağa
çalışırlar. Rayonumuzun bir məktəbi, yəni
mənim rəhbərlik etdiyim məktəb-lisey də 50
məktəb sırasına düşdü və balaca rayon olsaq
da, altıncı yerdə qərarlaşdıq. Məktəbimizin
ədəbiyyat müəllimi, rayonumuzun digər bir ibtidai
sinif müəllimi də bu müsabiqədə yer tutdular.
Bunların hamısı üçün Sizə
minnətdarıq. Mən ulu öndərimizin
dövründə "Şərəf nişanı"
ordeni, Sizin dövrünüzdə isə "Əməkdar
müəllim" adı almışam. İndən sonra
bütün həyatımı dövlətimizin daha da
möhkəmlənməsinə sərf edəcəyəm. Biz
uşaqları elə tərbiyə edəcəyik ki, onlarda
yüksək vətənpərvərlik hissi
formalaşsın, dövlətçiliyə,
müstəqilliyimizə, azadlığımıza onlarda məhəbbət
hissi formalaşdıra bilək. Qalan ömrümün
hamısını buna həsr edəcəyəm. Mən
çox şadam ki, Siz həmişə xalqlasınız.
Sizin xalqla olmağınız, xalqın da Sizinlə
olmağınıza gətirib çıxarır. Biz qarşılıqlı
şəkildə bir-birimizi çox sevirik. Qaxlılar Sizi lap
çox sevirlər, Mehriban xanımı da çox
sevirlər. Mehriban xanımın təşəbbüsü
ilə Qaxda neçə-neçə məktəb inşa
olunubdur. Mən hər ikinizə öz
minnətdarlığımı bildirirəm. Sizə bir ana
kimi, bir ağbirçək kimi öz
minnətdarlığımı, öz təşəkkürümü
bildirirəm və ümidvarıq ki, Siz Qaxa olan qayğınızı
indən sonra daha da artıracaqsınız.
Camaatımızın belə bir fikrini də Sizə
çatdırmaq istəyirəm ki, Prezidentimiz Qaxda daha
çox olsun, Qaxa daha tez-tez gəlsin. Mehriban xanım da,
Prezident də Qaxa tez-tez gəlsinlər.
Qaxa gəldiyinizə,
bizi yad etdiyinizə görə, bizimlə ünsiyyətdə
olduğunuza görə Sizə
təşəkkürümü bildirirəm. Ümidvarıq
ki, Siz bizim rayonumuzun, respublikamızın
çiçəklənməsi üçün, lider
dövlət olan Azərbaycan Respublikasının dünyada
daha da yüksək zirvələrə qaldırılması
üçün bundan sonra da
çalışacaqsınız. Biz Sizə
cansağlığı, uzun ömür arzulayırıq.
Sağ olun.
İlham Əliyev:
Mən beş il bundan əvvəl Azərbaycan xalqına
söz vermişdim ki, əgər mənə etimad
göstərilərsə, doğma xalqıma xidmət
edəcəyəm. Beş il keçdi, düzdür çox tez
keçdi, amma bu beş il ərzində çox işlər
görülübdür. Daha da çox işlər
görməliyik.
Masiko Babacanaşvili (İngiloy
Kötüklü kənd orta məktəbinin direktoru):
- Cənab Prezident,
mən Sizi salamlayıram. Mən azsaylı xalqın
nümayəndəsiyəm. Çox şadam Sizin gəlməyinizə.
Heydər Əliyev Fondunun prezidentinə, Azərbaycanın
birinci xanımı Mehriban xanıma gürcü xalqı
adından təşəkkür edirəm. Gürcü dilində
olan məktəblərə dərslik verdiyinizə
görə çox sağ olun, var olun. Gürcü xalqı
adından çox minnətdaram.
Hörmətli Prezident,
Sizin xarici səfərlərinizi çox izləyirəm.
Yüz prezident olsa da, Sizi izləyirik. Ona görə ki,
Azərbaycan və gürcü xalqlarının dostluğu
əbədidir. Biz, Qax rayonunun kəndlərində yaşayan
8 minə qədər gürcülər hamısı
Sizinləyik. Sözlə yox, işlə! Eşq olsun
müstəqil Azərbaycana! Sağ olun.
İlham Əliyev:
Çox sağ olun. Azərbaycanda bütün xalqlar bir
ailə kimi yaşayır və bu, bizim uğurumuzun əsas
şərtidir. Azərbaycanda bütün millətlər
arasında yaranmış bu gözət mehriban münasibətlər
ən yüksək zirvədədir. Bir də demək
istəyirəm ki, bu, həm dövlət siyasətidir,
həm də insanların ürəyində olan
duyğulardır. Bizim gücümüz birliyimizdədir.
Azərbaycan tarixində heç vaxt milli zəmində
ayrı-seçkilik olmamışdır, heç vaxt da
olmayacaqdır. Burada yaşayan xalqların hamısı
bütün gözəl imkanlardan bəhrələnirlər.
Heç vaxt bizdə milli zəmində nəinki problem,
kiçik bir anlaşılmazlıq da olmamışdır
və olmamalıdır və əminəm ki, olmayacaqdır.
Sağ olun.
Azərbaycan.- 2008.- 21 sentyabr.- S. 1.