Macarıstan parlamentinin sədri Milli Azərbaycan Tarixi Muzeyi ilə tanış olmuşdur

 

Ölkəmizdə səfərdə olan Macarıstan Parlamentinin sədri xanım Katalin Sili sentyabrın 6-da Milli Azərbaycan Tarixi Muzeyində olmuşdur.

Qonağa məlumat verilmişdir ki, 1920-ci ildə yaradılmış muzeydə qədim dövrdən başlayaraq Azərbaycan tarixinin bütün mərhələlərinə dair 300 mindən çox eksponat toplanmışdır. 1895-1897-ci illərdə tikilmiş Bakının memarlıq abidələrindən sayılan bu bina Azərbaycan milyonçusu, məşhur xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin mülkü olmuşdur. Muzeydə Tağıyevin həyat fəaliyyətinə dair fotoşəkillər, tarixi sənədlər, ona məxsus qiymətli əşyalar da toplanmışdır.

Azərbaycanın ərazisində mövcud olmuş Atropatena, Albaniya, Şirvanşahlar, Ağqoyunlular, Səfəvilər dövlətləri dövrünə aid maddi mədəniyyət nümunələri ölkəmizin qədim dövlətçilik ənənələrindən xəbər verir.

Xanım Katalin Sili orta əsr Azərbaycan əhalisinin məişətdə işlətdiyi əşyalara xüsusi maraq göstərmişdir.

Qonağa məlumat verilmişdir ki, 130-dan çox işçisi olan muzey həm Milli Elmlər Akademiyasının strukturunda elmi tədqiqat mədəni-maarif müəssisəsi funksiyasını yerinə yetirir. Muzeyin binası Azərbaycan Prezidenti İlham Əliyevin göstərişi ilə əsaslı təmir olunmuş yeni görkəm almışdır.

Qonaq muzeydən xoş zəngin təəssüratlarla ayrılmışdır.

Xalq qəzeti.- 2008.- 7 sentyabr.- S. 2.