Ağaoğlu T.

 

Təmir və bərpa işləri başa çatır

 

Tarixi yaranışı, şöhrəti olan Bakı gündən-günə gözəlləşir. Bir neçə il əvvəl şəhəri görənlər yenidən bura gələndə heyrətlərini gizlədə bilmirlər. Çünki hündür mərtəbəli evlər inşa olunur, qədim yaşayış evlərinin, inzibati binaların əsaslı təmirinə bərpasına ciddi qayğı göstərilir. Belələrindən biri Heydər Əliyev adına Respublika sarayıdır.
Bu möhtəşəm binanın bünövrəsi 35 il əvvəl qoyulub.

Son vaxtlar sarayın əsaslı təmir-bərpa işlərinə və yenidən qurulmasına ehtiyac vardı. Respublikanın bütün regionlarında tarixi abidələrə, mədəniyyət ocaqlarına qayğı göstərən dövlət başçısı İlham Əliyev Heydər Əliyev adına sarayın da yenidən qurulması, müasir texniki ləvazimatlarla təchiz edilməsi haqqında sərəncam vermişdir. Budur, bir neçə ay ərzində yüksək keyfiyyətlə aparılan işlər başa çatmaq üzrədir.

Sarayın fasadı xüsusi mərmərlə üzlənib. Binanın qarşı yan tərəflərində Amerika Birləşmiş Ştatlarında istehsal olunmuş ekran tipli şüşələr quraşdırılıb. Həmin ekranlarda sarayda keçiriləcək tədbirləri birbaşa izləmək mümkün olacaq. Paytaxtın gecə görüntüsünə yaraşıq verəcək şüşələrdən monitor kimi istifadə olunacaq.

Binanın dam örtüyü dəyişdirilib. İçəridə işıqlandırma sistemi yenidən qurulub. Tavanın üzlənməsində xüsusi materialdan istifadə olunub ki, bu da mərmər döşəmə ilə uyarlıq təşkil edir. Girişdə yaradılan su pərdəsinin quraşdırılması başa çatmaq üzrədir.

Tərtibatçı İsgəndər Haşımov dedi:

- Sarayda tamaşaçıların rahatlığı üçün hər cür şərait yaradılıb. Ahılların, əlillərin salona girib-çıxmaları üçün xüsusi avtomatlaşdırılmış qurğu quraşdırılıb. Əlvan çıraqlar zövq oxşayır. Səhnə, demək olar, yenidən tərtib edilib. Liftlər, eskalatorlar müasirləri ilə əvəzlənib. Binanın daxilində həssas avtomatik yanğınsöndürmə sistemi qurulub. Foyedə, banket salonunda bəzək-tamamlama işləri başa çatmaq üzrədir. İçəridə İtaliyadan gətirilən xüsusi havalandırma sistemi quraşdırılıb. Sarayın həyətinə 7 min kvadratmetrə yaxın mərmər qranit döşənəcək. Ətrafda yaşıllıq salınacaq.

Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 35 il əvvəl ucaldılan, indi də onun adını daşıyan Respublika sarayı dövlət qayğısıyla əsaslı şəkildə yenidən qurulur. Aparılan bərpa təmir işləri başa çatmaq üzrədir. Bina yaxın günlərdə istifadəyə veriləcək.

Azərbaycan.- 2008.- 18 sentyabr.- S. 5.