Bakıda böyük özbək şairi və mütəfəkkiri Əlişir Nəvainin abidəsi açılmışdır

                                      

Açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev və Özbəkistan Prezidenti İslam Kərimov iştirak etmişlər

AzərTAc xəbər verir ki, sentyabrın 12-də Bakının Nərimanov rayonunda, Azadlıq prospekti ilə Nəcəf Nərimanov küçəsinin kəsişdiyi yerdəki parkda böyük özbək şairi və mütəfəkkiri Əlişir Nəvainin abidəsi açılmışdır.

Azərbaycan Prezidenti İlham Əliyev və Özbəkistan Prezidenti İslam Kərimov mərasimdə iştirak etmişlər.

Parka toplaşmış şəhər sakinləri dövlət başçılarını ehtiramla qarşıladılar. Prezidentlər yeni parkda görülmüş abadlıq işləri ilə tanış oldular. Bildirildi ki, abidənin müəllifi özbəkistanlı memar Ravşan Mirtajiyevdir.
Mərasimi Azərbaycan Prezidenti İlham Əliyev açdı.

Azərbaycan Prezidenti İlham Əliyevin çıxışı

- Hörmətli İslam Abduqəniyeviç!

Hörmətli dostlar!

Bu gün Özbəkistan və Azərbaycan xalqları arasında münasibətlərin tarixində çox əlamətdar gündür. Bu gün Bakıda, şəhərimizin mərkəzi küçələrindən birində özbək xalqının böyük oğlu, böyük şair, mütəfəkkir, dövlət xadimi Əlişir Nəvainin abidəsi açılır. Bizə çox xoşdur ki, bu gün abidənin açılışında Özbəkistan Prezidenti İslam Abduqəniyeviç Kərimov iştirak edir.

Azərbaycanda Nəvainin yaradıcılığına çox bələddirlər. Bu böyük şairin, demək olar ki, bütün əsərləri Azərbaycan dilinə tərcümə edilmişdir. O, Özbəkistan ədəbiyyatının, Şərq xalqları ədəbiyyatının inkişafına çox böyük təsir göstərmişdir.

Bu abidə bu böyük insanın xatirəsinə ehtiram əlaməti olmaqla bərabər, həm də əsrlər boyu bir-biri ilə sülh, həmrəylik şəraitində yaşamış, həmişə dostluq etmiş özbək və Azərbaycan xalqları arasında münasibətlərin xarakterini və ruhunu əks etdirir. Bu münasibətlər bu gün də davam edir. İndi, mən deyərdim ki, ölkələrimizin tərəqqisi dövründə, Özbəkistanın və Azərbaycanın müstəqilliyinin, dövlət suverenliyinin möhkəmləndiyi və inamla inkişaf etdiyi dövrdə ölkələrimiz arasında münasibətlər yeni xarakter kəsb edir. Biz keçid dövrünə, transformasiya dövrünə xas olan çətinliklərin, demək olar, hamısını keçmişdə qoymuşuq.
Bu gün artıq heç kəs şübhə etmir ki, həm Özbəkistan, həm də Azərbaycan gələcəkdə də fəal inkişaf edəcək, inteqrasiya, kooperasiya edəcək və ölkələrimizin xalqları daha yaxşı yaşayacaqlar. Ona görə də bizim firavanlığımız da, Mərkəzi Asiya və Qafqaz regionunda sülh və sabitlik də ölkələrimiz arasında sıx münasibətlərdən asılıdır. Biz bu münasibətləri çox əziz tuturuq, onlar qardaşlıq münasibətləri xarakteri daşıyır, ənənələrə, möhkəm tarixi bazaya əsaslanır və bu gün çox uğurla inkişaf edir.

Mən çox şadam ki, biz hörmətli qonağımız, Özbəkistan Prezidenti İslam Abduqəniyeviç Kərimovu Bakıda qəbul edirik. Biz dünən və bu gün bir daha yəqin etdik ki, münasibətlərimiz nə qədər yaxındır. Mən dünən İslam Abduqəniyeviçə dedim ki, özbək xalqının bəxti gətirib: onun tarixinin ən məsul dövründə, Özbəkistanın müstəqil dövlət kimi formalaşdığı vaxtda bu ölkəyə İslam Abduqəniyeviç Kərimov rəhbərlik etmişdir.

Bu mənada bizim bəxtimiz az gətirdi. Azərbaycan dövlətçiliyinin formalaşması müstəqilliyin əldə edilməsi ilə eyni vaxtda deyil, iki il sonra başlandı. Bu iki il ölkəmizi geri saldı və müstəqilliyin ilk illərinin ağır nəticələrini aradan qaldırmaq və inkişaf yoluna çıxmaq üçün Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin çox gərgin səylər göstərməsi lazım gəldi. Bu gün ölkələrimiz arasında yaranmış münasibətlər də çox cəhətdən xalqlarımızın iki liderinin fəaliyyəti, onların dostluğu və şəxsi münasibətləri sayəsində formalaşmışdır.
Biz Azərbaycanda ötən illər ərzində, o cümlədən ölkələrimiz arasında münasibətlərdə seçilmiş xətti davam etdiririk və gələcəkdə də bu münasibətləri inkişaf etdirmək, onları yeni səviyyəyə qaldırmaq üçün lazım olan hər şeyi edəcəyik.

Bakıda Əlişir Nəvainin abidəsinin açılması, şəhərin mərkəzi küçələrindən birinə böyük alim, böyük özbək xalqının nümayəndəsi Mirzə Uluqbəyin adının verilməsi kimi xalqlarımızın həyatındakı mühüm hadisələr isə, sadəcə, münasibətlərimizi səciyyələndirən, qarşılıqlı rəğbət hisslərimizin dərinliyini, qarşılıqlı sevgi və qardaşlıq münasibətlərini əks etdirən səciyyəvi cəhətlərdir.

Mən sizin hamınızı - həm qardaş Özbəkistan xalqını, həm də Azərbaycan xalqını bu əlamətdar hadisə münasibətilə bir daha təbrik etmək istəyirəm. Əminəm ki, bu hadisə gələcəkdə ölkələrimiz arasında daha sıx münasibətlər yaranmasına kömək edəcəkdir.

Sağ olun.

Sonra Özbəkistan Prezidenti İslam Kərimov çıxış etdi.

Özbəkistan Prezidenti İslam Kərimovun çıxışı

- Əziz dostlar!

Mən, ilk növbədə, Azərbaycan Prezidenti İlham Əliyevə, sizə - Azərbaycan ictimaiyyətinin nümayəndələrinə ən səmimi hörmət hisslərimi və sizin şəxsinizdə Azərbaycan xalqına öz məhəbbətimi bildirmək istərdim. Mən xoşbəxtəm ki, bu gün Azərbaycanın necə yüksəlməsinin şahidiyəm. Xoşbəxtəm ki, Heydər Əliyevlə birlikdə işləməli olmuşam. Xüsusən ona görə xoşbəxtəm ki, mən burada, Bakıda rəsmi səfərdə olarkən görürəm ki, Heydər Əliyevin oğlu İlham Əliyev öz atasının işini davam etdirmək üçün, adı böyük hərflə yazılmağa layiq İnsan hesab etdiyim şəxsiyyətin işini davam etdirmək üçün hər şeyi edir.
Mən tarixdə çox şəxsiyyətlər tanıyıram və artıq çox illərdir ki, təkcə postsovet məkanında deyil, onun hüdudlarından kənarda da baş verən hadisələri izləyirəm. Mən Heydər Əliyev miqyaslı və ən başlıcası isə, öz ölkəsinə, öz torpağına, öz xalqına Heydər Əliyev qədər sədaqətli olan insanlara çox az-az rast gəlmişəm. Bu fürsətdən istifadə edərək, mən bir daha, dönə-dönə demək istəyirəm: onun öz xalqı üçün, öz xalqının gələcəyi üçün gördüyü işlərin qədir-qiyməti əvəzsizdir və gənc nəsil təməli Heydər Əliyev tərəfindən qoyulmuş işlərin nəticələrini artıq bu gün görür. Demək istəyirəm ki, biz Özbəkistanda onu təkcə öz ölkəsi üçün gördüyü işlərə görə, təkcə öz ölkəsinin vətənpərvəri adlandırıla biləcək insan olduğuna görə deyil, həm də ona görə yüksək qiymətləndiririk ki, o, Özbəkistan və Azərbaycan arasındakı münasibətləri, çoxəsrlik dostluq, qarşılıqlı hörmət, qarşılıqlı məhəbbət münasibətlərini müstəqilliyin ilk illərində burada təsadüfi adamların ölkəyə rəhbərlik etdiyi vaxtda məruz qaldığı bütün hücumlardan qorumaq üçün hər şeyi etmişdir.

Mən o adamların adlarını çəkməyəcəyəm, çünki onlar buna layiq deyil, xeyirxah işlər görmüş insanlar haqqında, bu gün xalqın taleyində, ayrılıqda götürülmüş hər bir insanın taleyində hiss etdiyimiz yaxşı işləri görmüş insanlar haqqında daha çox danışmaq lazımdır.

Sizə demək istəyirəm ki, dörd il bundan əvvəl İlham Əliyevlə birlikdə Daşkəndin ən mənzərəli, ən gözəl meydanlarından birində, yeri gəlmişkən, Nizaminin adını daşıyan meydanda - Daşkənd Dövlət Pedaqoji Universitetinin binası qarşısında Nizaminin abidəsini açmışdıq. O vaxt mən özbək dilində danışdım, o isə Azərbaycan dilində. Bu gün Özbəkistana, onun böyük oğlu Əlişir Nəvaiyə hörmət əlaməti olaraq Bakının bu çox gözəl meydanına toplaşdığımız kimi, o vaxt Nizaminin abidəsinin açılışına gəlmiş insanlar da həm özbək dilində, həm də Azərbaycan dilində deyilənləri başa düşürdülər. Yaxşı yadımdadır, o vaxt İlham Heydər oğlu ilk dəfə belə dedi: "Bu, çox böyük sərvətdir - siz özbək dilində danışırsınız, mən Azərbaycan dilində danışıram, amma adamların gözlərindən də görünür ki, heç kəsdə heç bir sual doğmadı, heç kəs yanındakından soruşmadı: "O, nə dedi?". Hamı bir-birini başa düşürdü və bu, böyük sərvətdir, bizim ən ciddi şəkildə qorumalı olduğumuz böyük irsdir.

Demək istəyirəm ki, Özbəkistanın dünyanın çox ölkələri ilə münasibətləri var. Həmin ölkələrlə təkcə diplomatik, siyasi münasibətlər saxlamırıq, həm də hazırda bütün dünyada olduğu kimi, əməkdaşlıq münasibətləri qurmuşuq. Lakin mənim əzizlərim, mən sizə nəyi demək istərdim: indi dünyada vəziyyətin çox mürəkkəbləşdiyi, heç də sadə olmadığı bir vaxtda təkcə diplomatik, çox böyük əhəmiyyəti olan siyasi, iqtisadi münasibətlər, mədəni əlaqələrin, mədəniyyətlərin qarşılıqlı təsirini əhatə edən mədəni münasibətlər deyil, həm də mənəvi birlik çox vacibdir.

Bu mənada bizim Azərbaycanla münasibətlərimiz başqa dövlətlərlə münasibətlərdən yaxşı mənada, hətta, sadəcə yaxşı mənada yox, keyfiyyətcə əsaslı şəkildə fərqlənir, çünki bizim mənəvi birliyimiz var. Demək istəyirəm ki, insanı quşa bənzətmək olar. Quş bir qanadla uça bilmədiyi kimi, xalqlar, insanlar da təkcə maddi maraqlarla yaşaya bilməzlər. Hər cür sərvətə, firavanlığa nail olmaq mümkündür, lakin quş bir qanadla uça bilmədiyi kimi, mənəviyyat olmayan yerdə insan da öz gələcəyini, özünün ahəngdar inkişafını görə bilməz. Bunu görə bilmək isə hər bir insan üçün, hər bir xalq üçün vacibdir. Maddi və mənəvi sərvətlər yanaşı olmalıdır. Maddi sərvət bir qanaddırsa, ikinci qanad mənəvi sərvətdir. Onda insan tam olur, onda xalq öz gələcəyinə inamla baxa bilər.

Bu gün biz İlham Heydər oğlu ilə birlikdə özbək xalqının böyük oğluna, özbək ədəbiyyatının banisinə, özbək poeziyasını yaratmış insana ucaldılmış abidəni açırıq. Bu insan bizim də müasirimizdir. Ona görə ki, Nizaminin və Əlişir Nəvainin gördükləri işlər bu gün bizim həyatımızda yaşayır. Nizaminin və Əlişir Nəvainin irsi olmadan bizim bugünkü nəsil tərbiyə oluna bilməz. Onların irsi bizim güc aldığımız mənəviyyat və əxlaq xəzinəsidir.

Ona görə də mən mənəviyyat haqqında danışanda obrazlar vasitəsilə, bizim küçələrimizdə ucaldılan bu cür gözəl abidələr vasitəsilə təcəssüm edən mənəviyyatı nəzərdə tuturam. Biz Mərkəzi Asiyada yaşayırıq, bizim dil birliyi, din birliyi və bir sıra başqa amillərlə bağlı olduğumuz qonşularımız çoxdur. Lakin həmin qonşularımız bu gün Azərbaycanda görülən işi görməyiblər, onlar mənim fikrimcə, Əlişir Nəvainin adını daşıyacaq belə bir meydan yaratmayıblar.
Buna görə mən Prezidentə, bütün Azərbaycan ictimaiyyətinə, mənim əzizlərim, sizə ürəkdən təşəkkür etmək istəyirəm, əməkdaşlığı möhkəmlətmək üçün, bu gün birlikdə, bir-birimizə güvənərək öz həyatımızı qurmaq üçün gördüyünüz işlərə görə çox sağ olun demək istəyirəm. Əminəm ki, biz sabahkı günümüzü də birlikdə quracağıq. Biz qarşıya qoyduğumuz məqsədlərə yalnız birlikdə çata bilərik.
Mən sizə təşəkkür edirəm, dərin hörmət və ehtiramımı bildirir, sizə xoşbəxtlik arzulayıram.

Sağ olun.

Sonra Prezident İlham Əliyev və Prezident İslam Kərimov abidənin önünə əklil qoydular, xatirə şəkli çəkdirdilər.
Dövlət başçıları tanınmış ədəbiyyat və incəsənət xadimləri ilə görüşüb söhbət etdilər.

İslam Kərimov: Sizin Prezidentiniz İlham Əliyevin qeyd etdiyi kimi, Özbəkistan Prezidenti Azərbaycanı yaxşı tanıyır və sevir. Prezident İlham Əliyev mənim üçün başlıca olan məqamı söylədi: həqiqətən, mən Azərbaycanı elə tanıyıram ki, dünyanın ən böyük dövlətlərinin bizim ölkəmizə də tez-tez gələn nümayəndələri Azərbaycanı o dərəcədə tanımır. Mən azərbaycanlıları öz qardaşlarım kimi tanıyıram. Siz necə varsınızsa, mən sizi elə tanıyıram. Mən sizin tarixinizi bilirəm, sizin nə ilə yaşadığınızı, nəyin sayəsində öz millətinizə görə, öz Prezidentinizə görə qürur hissi keçirdiyinizi bilirəm.

Həmişə belə olun. Bu, mənim sizə çox böyük arzumdur.

Fərhad Xəlilov (xalq rəssamı): Sağ olun. Sizə xoşbəxtlik və firavanlıq arzulayıram. Özbək xalqı bizimlə qardaş xalqdır, biz həmişə ünsiyyətdə olmuşuq və ünsiyyətimiz davam edir. Bizim əlaqələrimiz kəsilmir. Sizin və bizim rəssamlar bir-birini tanıyırlar. Sizin rəssamlar Bakıya gəlirlər. Sizin mahir heykəltəraşınız belə gözəl abidə yaratmışdır.

İslam Kərimov: Yeri gəlmişkən, bu abidə bizim milli parkın ən görkəmli yerində qoyulmuş abidənin surətidir. Müəllif mənə Nəvainin əyləşmiş vəziyyətdə təsvir edildiyi başqa bir abidə göstərəndə dedim: "Yox, abidəni elə düzəlt ki, şair sanki Azərbaycana doğru addımlayır". Fikir verin, o, sizə doğru gəlir, qollarını açaraq sanki deyir: "Mən sizin yanınıza gəlirəm, mənim balalarım". Necə bilirsiniz, bu, yaxşıdırmı?

İlham Əliyev: Çox yaxşıdır. Elə abidələr var ki, sanki hərəkət edirlər. Yəqin ki, Özbəkistanda bu cür abidələr çoxdur.

Fikrət Sadıq (xalq şairi): Nəvai türk dünyasının ən böyük şairidir.
İslam KƏRİMOV: Mən İlhamla birlikdə burada, sizin aranızda olmağıma ürəkdən şadam. Mən sizin bu gün hansı hisslər keçirdiyinizi başa düşürəm. İndi Qafqaz mürəkkəb bir dövr yaşayır və Azərbaycan bu cür olduqca mürəkkəb şəraitdə davamlı inkişafa, öz ölkəsində sülhə və sabitliyə nail olur. Bu, Heydər Əliyevin qoyub getdiyi və bu gün onun oğlunun layiqincə davam etdirdiyi irsdir. Mən onu ürəkdən təbrik edirəm.

 

Azərbaycan.- 2008.- 13 sentyabr.- S. 2-3.