Ağstafada Heydər Əliyev Mərkəzinin
açılış mərasimi
Azərbaycan
Prezidenti İlham Əliyev sentyabrın 24-də Qazax rayonuna
səfərini başa çatdıraraq, Ağstafa rayonuna
gəlmişdir.
Həmin gün Ağstafa
şəhərində Heydər Əliyev Mərkəzinin
açılışı oldu. Açılış
mərasiminə gələn dövlətimizin başçısı
əvvəlcə ulu öndər Heydər Əliyevin
mərkəzin həyətində ucaldılmış
abidəsi önünə gül dəstəsi qoydu.
Abidənin müəllifi, xalq rəssamı, akademik Ömər
Eldarovdur.
Prezident
İlham Əliyev mərkəzin
açılışını bildirən lenti kəsdi.
Mərkəzin tikintisinə bu ilin
martında başlanmışdır. 3,7 hektar ərazidə
Heydər Əliyev Muzeyi, 450 yerlik konsert salonu, 20 və 50 yerlik
konfrans salonları, kino salonu, elektron kitabxana, linqafon və
internet otaqları, sərgi salonu vardır. Burada açıq
havada tədbirlər keçirmək üçün də
şərait yaradılmışdır. Məktəblilər
burada təşkil ediləcək internet və xarici dil
kurslarında məşğul olacaqlar.
Bir-birinə
bitişik 3 korpusdan ibarət tikintinin sifarişçisi
Heydər Əliyev Fondu, podratçı isə “Akkord”
şirkətlər qrupudur.
Mərkəzin
həyəti Hollandiyadan gətirilmiş gül və ağac
kolları ilə bəzədilmişdir. Burada quraşdırılan fəvvarə
həyətə xüsusi gözəllik verir.
Dövlətimizin
başçısı Heydər Əliyev Muzeyi, konfrans
salonları, elektron kitabxana, linqafon və internet kabinetləri
ilə tanış oldu.
Mərkəzlə
tanışlıqdan sonra Prezident İlham Əliyev burada rayon
veteranları ilə görüşüb söhbət etdi.
Rayon
Ağsaqqallar Şurasının sədri Məmməd
Məsməliyev dövlətimizin başçısına
müraciətlə dedi:
- Cənab
Prezident, Ağstafa rayonuna xoş gəlmisiniz! Son illərdə respublikamızda böyük
işlər görülmüşdür. Hər yerdə
abadlıq işləri gedir, məktəblər, yeni
xəstəxanalar tikilir. O cümlədən, Ağstafa
rayonunda da yaxşı işlər
görülmüşdür. Ağstafa camaatı Sizdən
çox razıdır, Allah Sizə cansağlığı
versin. Heydər Əliyev Fondunun hesabına rayonda 3 məktəb
tikilibdir, bu mərkəz də həmin fondun hesabına
tikilibdir. Tikiş fabrikinin açılış
mərasimində də olacaqsınız. Mən deyərdim ki,
son illərdə respublikada işsizliyin aradan
qaldırılması, 700 min nəfərin işlə
təmin olunması üçün görülən
işlər həmin fabrikdə 1000 nəfərlik iş
yerinin açılması ilə yekunlaşır. Ona
görə Sizə uğurlar, uzun ömür,
cansağlığı arzu edirəm. Bu, bizim xalqımızın
müvəffəqiyyətidir, Azərbaycan xalqının
rifahının yaxşılaşmasıdır.
Ilham Əliyev:
Sağ olun, təşəkkür edirəm. Mən də sizi bu gözəl mərkəzin
açılışı münasibətilə
ürəkdən təbrik edirəm. Doğrudan da,
mərkəzin həm xarici görünüşü, həm
də daxili tərtibatı çox gözəldir. Misal
üçün, Heydər Əliyev Muzeyində olan
fotoşəkillər çox nadir şəkillərdir.
Hətta mən dedim ki, onlardan bəzilərini Bakıya, Heydər
Əliyev Fonduna göndərsinlər. Çünki o
şəkillər müxtəlif vaxtlarda çəkilib
və ola bilsin, onların bəziləri bizdə arxivdə
yoxdur.
Burada həm
böyük, həm kiçik iclas zalları, uşaqlar
üçün dərnək, rəssamlıq dərnəyi,
rəsm qalereyası, kompyuter otağı, xarici dilləri
öyrənmək üçün linqafon otağı var. Yəni, sözün əsl mənasında,
mərkəzdir və ətrafı da çox gözəldir.
Əlbəttə ki, siz yəqin yaxşı
xatırlayırsınız, burada heç nə yox idi.
İndi gözəl park salınıb, fəvvarələr,
oturacaqlar var, yəni burada insanlar həm dincələ
bilərlər, həm də vaxtlarını
səmərəli keçirə bilərlər.
Gənclər də gəlib burada elektron kitabxana
vasitəsilə dünyanın bütün kitabxanalarına
daxil ola bilərlər. Yəni bu mərkəzin çox
böyük mənası var və mən çox şadam ki,
məhz Ağstafa rayonunda belə gözəl mərkəzin
tikintisinə nail ola bilmişik. Bu mərkəzin
fəaliyyəti Ağstafa rayonunun inkişafına da
böyük kömək göstərəcəkdir.
Çünki gənclər bilikli, savadlı
olmalıdırlar. Bütün rayonlarımızda yeni
tikilən obyektlər müasir olmalıdır.
Məmməd
Məsməliyev: Bu işlər Sizin fəaliyyətiniz
nəticəsində görülübdür. Bu
mərkəzdəki 500 nəfərlik zal Heydər Əliyev
Sarayının beşdə bir hissəsi qədərdir.
İlham
Əliyev: Dörddəbir hissəsi, o, 2000 nəfərlkdir!
Burada müxtəlif tədbirlər
keçirmək olar. Ən gözəl səviyyədə
tikilibdir. İndi tikiş fabrikinə gedib baxacağam.
Məmməd
Məsməliyev: 1000 nəfər işləyəcək.
İlham
Əliyev: Bəli! Mən bilirəm,
onun şəkillərini görmüşəm. Böyük
istehsal sahələri var. Orada 1000 nəfər
işləyəcək, özü də, bildiyimə
görə, xüsusilə qadınlar
işləyəcəklər. Bu da çox vacibdir.
Məmməd
Məsməliyev: Yeni parklar salınır, xiyabanlar
salınır. Burada bizim
parkımızda indi Heydər Əliyevin büstü var.
Heydər Əliyev bizim rayonda çox olubdur. Mən onun
dövründə Mərkəzi Komitənin bürosu
tərəfindən vəzifəyə təsdiq olunmuşdum.
Həmin dövrdə Xalqlar Dostluğu ordeni, müxtəlif
medallarla təltif edilmişəm. Mən vaxtında Heydər
Əliyevə öz minnətdarlığımı
bildirmişəm. Onunla uzun müddət işləmişik.
Yaxşı da işləmişik. Bu işlər
hamısı onun gördüyü işlərin
davamıdır. Elə-belə, boş yerdən
yaranmayıbdır.
Heydər
Əliyevin fəaliyyəti nəticəsində
görülmüş işlərdir ki, bu gün də Siz
davam etdirirsiniz. Fəxr edirik ki,
Heydər Əliyevin Sizin kimi davamçısı var.
İlham
Əliyev: 1970-ci illərdə Azərbaycanın uğurlu
inkişafının təməli qoyulmuşdur. Buradakı fotoşəkillər də
göstərir ki, nə qədər böyük işlər
görülübdür. Demək olar ki, Azərbaycan
yenidən tikilib. Amma sonra, 1980-ci illərin sonu - 1990-cı
illərin əvvəllərində vəziyyət
dəyişdi. Azərbaycan iqtisadiyyatı da bərbad
vəziyyətə düşdü, sənayedə də
tənəzzül, böhran başlandı. Həm də
vətəndaş müharibəsi. Azərbaycan
müstəqilliyə qovuşanda keçmiş Sovet
İttifaqı respublikaları arasında ən ağır
vəziyyətdə idi. Amma ondan sonra yenə də Heydər
Əliyevin səyləri nəticəsində 1993-cü
ildən 2003-cü ilə qədər inkişaf dövrü
olmuşdur. Yenə Azərbaycan ayağa qalxdı, islahatlar
başladı və bütün rayonlarda işlər
görülməyə başlandı. O ki, qaldı son beş
il ərzindəki görülən işlərə, o
barədə mən çox danışmaq istəmirəm. Hər
halda çalışacağam ki, bütün rayonlarda
inkişaf, abadlıq, quruculuq olsun, məktəblər,
xəstəxanalar, belə gözəl mərkəzlər,
sənaye müəssisələri tikilsin, iş yerləri
açılsın. Azərbaycanda son beş il ərzində
700 mindən artıq iş yeri açılıb və
onlardan təxminən 550 mini daimi iş yerləridir. Bu,
çox vacibdir. Hər yerdə yeni fabriklər, zavodlar,
müəssisələr yaradılır, yollar
çəkilir. Misal üçün, Bakı-Ağstafa-Qazax
yolu.
Məmməd
Məsməliyev: Bakıda olmuşam, gözəl yol
infrastrukturu yaradılır, tıxaclar aradan
qaldırılır.
İlham
Əliyev: Bakıda öz yerində. Bakı
paytaxtdır, onun böyük potensialı var. Bakı,
əlbəttə ki, gözəl şəhərdir, daha da
gözəlləşir. Əsas Bakıdan uzaqda
yerləşən rayonların inkişafına diqqət
göstərməliyik. Sərhəd rayonlarına ilk
növbədə, o cümlədən Ağstafa rayonuna.
Mən çox şadam ki, burada işlər yaxşı gedir
və yəqin son aylar ərzində böyük
dəyişikliklər hiss edirsiniz. Altı aya tikiş fabriki
tikilibdir. Növbəti illərdə işlər daha da
sürətlə gedəcəkdir. Sizə yeni uğurlar
və cansağlığı arzulayıram! Sağ olun!
Prezident
təqaüdçüsü Yasəmən Məmmədova:
Xoş gəlmisiniz, Allah Sizə cansağlığı
versin, ailəliklə xoşbəxt olun! Heydər Əliyevin qoyduğu yolu belə davam
etdirin. Çox sağ olun, minnətdarıq! Bütün
cavanlar, qocalar, veteranlar - hamımız Sizə
cansağlığı, uzun ömür arzulayırıq.
Xalq qəzeti.- 2008.- 25 sentyabr.- S. 3.