Dünyada gedən proseslər göstərir ki,
ölkədə demokratikləşmə, insan
hüquqlarının qorunması, vətəndaşların
sosial müdafiəsi, sürətlə qloballaşan
dünyaya inteqrasiya, müasir iqtisadiyyatın əsasını
təşkil edən texnoloji yeniliklərin tətbiqi,
habelə beynəlxalq münasibətlər sahəsində
uğurlar hərtərəfli inkişafın əsas
amillərindəndir. Qabaqcıl ölkələrin
təcrübəsi sübut etmişdir ki, elm, təhsil və
iqtisadiyyatı əhatə edən sistemli siyasət hər bir
ölkənin davamlı və dayanıqlı
inkişafının başlıca
təminatçısıdır. Bu siyasətin
aparıcı qüvvəsi olan informasiya-kommunikasiya
texnologiyaları (İKT) son illərdə sürətlə
inkişaf edərək, bütün sahələrdə və
gündəlik həyatda insan fəaliyyətinin, sosial-iqtisadi
münasibətlərin tərkib hissəsinə
çevrilmişdir. İKT-nin ən yeni
nailiyyətləri idarəetmə, təhsil, səhiyyə,
biznes, turizm və bank sahələrində tətbiq
edilərək, cəmiyyətin hər bir üzvünə
mövcud imkanlardan faydalanmağa şərait yaradır.
Bu baxımdan, yeni texnologiyalar üzrə
dövlət siyasəti cəmiyyətin ictimai və siyasi
təfəkkürünü qabaqlamalı, yaxın
onilliklər üçün bu istiqamətdə
görüləcək işlərin strateji xəttini
müəyyənləşdirməlidir. Azərbaycan
Respublikasında da İKT sahəsinin inkişaf etdirilməsi
üzrə dövlət siyasəti bu prinsip
üzərində qurulur və beynəlxalq
təcrübəyə əsaslanır.
Azərbaycanın inkişaf tarixinin son 40 ilinə
nəzər salsaq, gələcəyə
istiqamətlənmiş, elm və texnologiyaların
inkişafını şərtləndirən, iqtisadiyyatın
hər bir sektorunun davamlı tərəqqisinə yönəlmiş
və cəmiyyətin hər bir üzvünün rifahına
xidmət edən müdrik siyasətin təzahürlərini
və nəticələrini görərik. Bu siyasətin tərkib
hissəsi kimi, Azərbaycanda telekommunikasiya və informasiya
texnologiyaları sektorunun inkişafının geniş
vüsət alması məhz ümummilli liderimiz Heydər
Əliyevin adı ilə bağlıdır. Hələ Sovet
İttifaqının tərkibində olarkən
Azərbaycanın inkişaf perspektivlərinin respublikanın
sənaye potensialının gücləndirilməsi,
xüsusən də elmtutumlu sahələrin
genişləndirilməsi ilə birbaşa bağlı
olduğunu görən Heydər Əliyev artıq ötən
əsrin 70-ci illərində bu sahəyə diqqət
yetirmiş və İKT sektorunun bugünkü
inkişafının təməlini qoymuşdur.
Ümummilli lider Heydər Əliyevin səyləri
nəticəsində 1970-80-ci illərdə Azərbaycan
Elmlər Akademiyasında, ali məktəblərdə və
sahə institutlarında elektron avadanlıqlar və
telekommunikasiya texnologiyaları üzrə kadr
hazırlığı genişləndirildi, istedadlı
alimlər və təcrübəli mütəxəssislər
yetişdirildi, istehsalat müəssisələri tikildi.
Kibernetika İnstitutu, Kosmik Tədqiqatlar Mərkəzi,
İnformasiya-Telekommunikasiya Elmi Mərkəzi, “Neftqazavtomatika”
və s. kimi elmi-tədqiqat müəssisələri
yaradıldı, “AZON”, “NORD” elm-istehsalat birlikləri, radio,
elektron hesablama maşınları zavodları, “Peyk”, “Ulduz”
kimi nəhəng istehsalat kompleksləri tikilib istifadəyə
verildi. Diqqətəlayiq haldır ki, ümumən 30-dan
artıq belə müəssisə təkcə Bakıda deyil,
həmçinin Naxçıvanda, Mingəçevirdə,
Gəncədə, Sumqayıtda, indiki Tərtər və
Şirvanda da işə salınmışdır.
Ulu öndər Heydər Əliyevin birbaşa
köməyi ilə Azərbaycana ilk böyük elektron
hesablama maşını - BESM-6 gətirildi. Bu hadisə
idarəetmədə ilk tətbiqlərdən olan respublika
avtomatlaşdırılmış idarəetmə sistemi - “RASU
Azərbaycan”ı yaratmağa və respublika iqtisadiyyatı
üçün ciddi hesablamalar tələb edən
müxtəlif məsələlərin
avtomatlaşdırılmış həllinə imkan verdi. Daha
sonra respublika kompyuter şəbəkəsi,
akademşəbəkə, bütün SSRİ-də
tanınan və istifadə olunan
avtomatlaşdırılmış neftçıxarma
idarəetmə sistemləri və kompleksləri işlənib
hazırlandı. Beləliklə, respublikada yeni və son
dərəcə perspektivli bir sənaye sahəsi təşkil
olundu və onun elmi potensialı yaradıldı.
Elmi-tədqiqat işlərinin səmərəliliyini
artırmaq və nəticələrini əyani olaraq
sınaqdan keçirmək üçün elmi-tədqiqat
institutları nəzdində “Kristal”, “Registr”, “Tellur”,
“Kibernetika”, “Biotex”, “Mikroelektronika”, “Kaskad” xüsusi konstruktor
büroları fəaliyyətə başladı. İndiki
Bakı Dövlət Universiteti, Dövlət Neft
Akademiyası, Azərbaycan Texniki Universiteti, Dövlət
İqtisad Universiteti, Sumqayıt Dövlət Universiteti,
Lənkəran Dövlət Universiteti, Naxçıvan
Dövlət Universiteti kimi ali təhsil
müəssisələrində İKT ixtisasları
üzrə mütəxəssislər hazırlanması
üçün maddi-texniki baza yaradıldı.
Müstəqilliyin ilk illərində ölkənin
düçar olduğu gərgin vəziyyətdə xalqın
təkidi və etimadı ilə hakimiyyətə qayıdan
ümummilli lider Heydər Əliyev, hətta bu
şəraitdə də informasiya-kommunikasiya texnologiyalarının
tətbiqinə xüsusi diqqət yetirməyə imkan
tapır və bu sahədə inkişafa nail olmaq
üçün daim səylər göstərirdi. 1993-cü
ilin avqustunda Heydər Əliyev Azərbaycanla Amerika qitəsi
arasında birbaşa rabitənin yaradılmasına imkan
verən peyk-rabitə sisteminin açılışını
etdi. Onun bu diqqəti nəticəsində ölkə
iqtisadiyyatında ilk xarici investisiyalar məhz telekommunikasiya
sahəsinə qoyuldu. 1994-cü ildə «Bakcell» və
1996-cı ildə «Azercell» birgə müəssisələri
yaradıldı və Azərbaycanda mobil rabitənin
inkişafının əsası qoyuldu. 1996-cı ildə
isə “AzEvroTel” və “Ultel” birgə
müəssisələri lokal telekommunikasiya
şəbəkəsi üzrə xidmət
göstərməyə başladı. 1995-ci il dekabrın 9-da
Bakı şəhərində Azərbaycanda ilk beynəlxalq
telefon stansiyasının, habelə yenidən qurulmuş
Şəhərlərarası Telefon Stansiyasının
açılışı oldu. Azərbaycanda yeni
texnologiyaların tətbiqinə, telekommunikasiya infrastrukturunun
modernləşdirilməsinə start verildi, ilk elektron
ATS-lər quruldu. Bütün bunlar Heydər Əliyevin
Azərbaycanın müstəqilliyinin ilk illərində rabitənin
inkişafına göstərdiyi diqqətin əyani
nümunələridir.
Azərbaycanda radio-televiziya yayımının dünya
standartlarına uyğun təşkilindəki uğurlar da
məhz ümummilli lider Heydər Əliyevin
xidmətləridir. Müstəqil Azərbaycanın reallıqlarını
dünya ictimaiyyətinə çatdırmaq, həmçinin
blokada şəraitində olan Naxçıvan Muxtar
Respublikasının əhalisinin milli televiziya
proqramlarını seyr edə bilməsini təmin etmək
məqsədilə 1996-cı ildə AzTV1 milli televiziya
proqramı TÜRKSAT süni peyki vasitəsilə yayımlanmağa
başladı. Əsası 1981-ci ildə Heydər Əliyev
tərəfindən qoyulan Teleqüllənin tikilib başa
çatdırılması da məhz onun səyləri
nəticəsində reallaşdı və 1996-cı ildə
Teleqüllə istifadəyə verildi. Azərbaycanda dünya
standartları səviyyəsində teleradio yayımını
təmin etmək üçün müvafiq qanunvericilik
bazası yaradıldı və tədbirlər
görüldü. 5 oktyabr 2002-ci il tarixdə ümummilli lider
Heydər Əliyev teleradio sahəsində dövlət
tənzimlənməsini həyata keçirən
müstəqil qurumun - Milli Televiziya və Radio Şurasının
yaradılması haqqında fərman imzaladı.
Bu gün Azərbaycan Respublikasında İKT
sahəsindəki fəaliyyət ümummilli liderimiz Heydər
Əliyevin müəyyənləşdirdiyi strateji xətt
üzrə aparılır. Onun 2003-cü ildə təsdiq
etdiyi “Azərbaycan Respublikasının inkişafı
naminə informasiya-kommunikasiya texnologiyaları üzrə Milli
Strategiya (2003-2012-ci illər)” bu istiqamətin ölkəmiz
üçün vacibliyini və əhəmiyyətini
vurğulayan ilk rəsmi sənəd oldu. Cənubi Qafqazda ilk
olaraq qəbul edilmiş bu sənəd Azərbaycanın İKT
sahəsinə diqqətini cəmiyyətimizə və
bütün dünyaya bəyan etdi.
2003-cü il oktyabrın 15-də Heydər Əliyev siyasi
kursunun layiqli davamçısı cənab İlham Əliyevin
xalqın etimadını qazanaraq Prezident seçilməsi
ilə Azərbaycanın inkişafında yeni bir
mərhələ başlandı. Son 5 ildə
iqtisadiyyatımızın davamlı və dayanıqlı
inkişafı, ictimai-siyasi sabitliyin daha da möhkəmləndirilməsi,
yeni iş yerlərinin açılması, əmək
haqlarının və pensiyaların bir neçə
dəfə artırılması, ünvanlı sosial
yardımların tətbiqi, yoxsulluğun azaldılması,
regionların sosial-iqtisadi inkişafının
sürətləndirilməsi, yeni müasirtipli
məktəblərin tikilməsi, beynəlxalq qurumlarla sıx
əməkdaşlıq münasibətlərinin qurulması
və digər bu kimi nailiyyətlər Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin
həyata keçirdiyi məqsədyönlü islahatların
uğurlarındandır.
Bu islahatlar sırasında və sürətlə inkişaf
edən yüksək texnologiyalar fonunda Rabitə Nazirliyi
ləğv edilərək onun bazasında Rabitə və
İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN)
yaradılması bu sahənin gələcək
inkişafı, hər bir vətəndaşın müasir
informasiya-kommunikasiya texnologiyalarından
bəhrələnməsi imkanları baxımından
diqqətəlayiq oldu. Qısa müddət ərzində bu
istiqamətdə bir çox işlər görüldü
və mühüm addımlar atıldı.
Təsadüfi deyildir ki, Azərbaycan
Respublikasının Prezidenti seçildikdən sonra cənab
İlham Əliyevin ilk beynəlxalq səfəri 2003-cü il
dekabrın 12-də Cenevrədə keçirilən
İnformasiya Cəmiyyəti üzrə Dünya Sammitində
iştirakla bağlı oldu. Sammitdə “Qara qızılı
insan qızılına çevirək” tezisini
səsləndirməklə cənab Prezident ölkə
iqtisadiyyatında yeni inkişaf mərhələsinin
əsasının qoyulduğunu bütün dünyaya
bəyan etdi və respublikamızda informasiya cəmiyyətinin
qurulması istiqamətində dövlət
səviyyəsində məqsədyönlü işlərə
başlanğıc verdi. Bu, regionda ilk olaraq Azərbaycanda
informasiya cəmiyyəti quruculuğu prosesinə
başlandığını bəyan edən, yaxın on il
üçün Milli Strategiyada
müəyyənləşdirilmiş strateji xəttin
icrasının həyata keçirilməsinə
yönələn İlham Əliyev siyasətinin ilk
təzahürü oldu. Bunun ardınca o, Milli Strategiyadan
irəli gələn vəzifələrin həyata
keçirilməsi məqsədilə “Azərbaycan
Respublikasında rabitə və informasiya
texnologiyalarının inkişafı üzrə 2005-2008-ci
illər üçün Dövlət Proqramı”nı
(Elektron Azərbaycan)” təsdiq etdi. Dövlət Proqramında
informasiya cəmiyyəti quruculuğunun birinci
mərhələsində rabitə və informasiya
texnologiyaları sahəsində islahatlar aparılması,
sahə üzrə normativ-hüquqi bazanın inkişaf
etdirilməsi, yeni texnologiyaların tətbiqi ilə müasir
tələblərə cavab verən informasiya-kommunikasiya
infrastrukturunun formalaşdırılması və elektron
xidmətlərin təqdim olunması, həmçinin
təhsil, səhiyyə, elm, mədəniyyət və
digər sahələrdə də İKT-nin geniş
tətbiqi ilə bağlı layihələrin həyata
keçirilməsi geniş əks olundu.
Beləliklə, bilik və yüksək texnologiyalara
əsaslanan yeni iqtisadiyyatı formalaşdırmaq
üçün İKT-nin inkişafı və
hərtərəfli tətbiqi Azərbaycan
Respublikasının iqtisadi siyasətinin əsas
istiqamətlərindən birinə çevrildi.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi,
sahə üzrə məsul dövlət qurumu və
Dövlət Proqramının əlaqələndiricisi olaraq,
telekommunikasiya infra-strukturunun modernləşdirilməsi, yeni
texnologiyaların tətbiqi, tənzimləmə
funksiyasının təkmilləşdirilməsi, İKT
bazarının tənzimlənməsi və
liberallaşdırılması, eləcə də sahənin
istehsal potensialının artırılması
istiqamətlərində çoxşaxəli fəaliyyəti
təşkil etdi.
Mövcud potensialdan səmərəli istifadə
edilməsi və onun inkişaf etdirilməsi, rabitə və
informasiya texnologiyaları sahəsinin təşkilati,
hüquqi, texniki, kadr baxımından
modernləşdirilməsi, İKT sənayesinin
formalaşdırılması, bu sahəyə yeni
investisiyaların cəlb edilməsi və
sahibkarlığın genişləndirilməsi, azad bazar
və sağlam rəqabət prinsiplərinin
gözlənilməsi, sosial əhəmiyyətli
layihələrin həyata keçirilməsi və
nəticədə Azərbaycanda informasiya
cəmiyyətinə keçidin təmin edilməsinə
yönəlmiş mühitin formalaşdırılması
İKT sektorunda aparılan fəaliyyətin ana xəttini
təşkil etdi.
Bu istiqamətdə ilk
növbədə sahə üzrə normativ-hüquqi
bazanın yaradılmasına diqqət yetirildi. “Elektron imza və
elektron sənəd haqqında”, “Elektron ticarət haqqında”,
“İnformasiya əldə etmək haqqında”, “Telekommunikasiya
haqqında”, “Poçt rabitəsi haqqında” və bu kimi
digər mühüm qanunlar və “Azərbaycan
Respublikasında telekommunikasiya sahəsinə dair siyasət
planı” qəbul edildi. Bu normativ aktlar və
sənədlər rabitə və informasiya texnologiyaları
sahəsi üzrə qanunvericilik bazasını
təkmilləşdirərək, sahənin inkişafı
üçün yeni imkanların yaradılmasını və
İKT-dən hərtərəfli istifadənin
səmərəliliyinin artırılmasını təmin
edir.
Azərbaycanın ümumi sosial-iqtisadi inkişafı
üzrə dövlət siyasətinin tərkib hissəsi
olaraq İKT sahəsində görülmüş
işlər nəticəsində son 5 ildə sahə
üzrə gəlirlərin artım tempi ümumdünya
inkişaf tempini 3 dəfə üstələyərək
hər il üçün orta hesabla 30-35% təşkil
etmişdir. Bu, İKT sektorunda inkişafa,
rabitə və informasiya xidmətlərinin tərkibinin
genişlənməsinə və keyfiyyətinin
yüksəlməsinə səbəb olmuşdur.
Sahə üzrə inkişaf göstəricilərinə
əsasən, 2003-2008-ci illər ərzində hər 100
nəfər əhaliyə düşən əsas telefon
aparatlarının sayı artaraq təxminən 15,1
ədəd təşkil etmişdir. Əhalinin hər 100
nəfərinə düşən mobil
abunəçilərin sayı 4 dəfədən çox
artaraq 56,5 ədəd, ATS-lərin elektronlaşma
səviyyəsi təqribən 2 dəfə artaraq ölkə
üzrə 80,5%, o cümlədən Bakı şəhəri
üzrə 85%, kənd yerləri üzrə isə 3 dəfə
artaraq 73,6% təşkil etmiş, genişzolaqlı rabitə
xidməti istifadəçilərinin sayı isə on
minlərlə olmuşdur.
Sektor üzrə əməkhaqqı 3 dəfə
artmış, 5000-dən çox yeni iş yerləri
yaradılmış, 612 yeni poçt şöbələri
tikilmiş, sabit telefon şəbəkəsi üzrə
ümumi nömrə tutumu 416 618 ədəd artırılaraq
1 445 526 ədəd olmuşdur. Fiziki xətlə
telefonlaşdırılması mümkün olmayan ucqar
yaşayış məntəqələrinin peyk
texnologiyası vasitəsi ilə
telefonlaşdırılması istiqamətində
görülmüş məqsədyönlü işlər
nəticəsində qısa müddət ərzində
respublikamızda telefonlaşdırılmamış
yaşayış məntəqəsi qalmayacaqdır.
Ölkədə İnternetdən istifadə və
bilavasitə xidmətlərin göstərilməsi
səviyyəsi yüksəlmişdir. Respublikanın
İnternet provayderlərinin qlobal İnternet
şəbəkəsinə giriş-çıxış
trafikinin həcmi təqribən 66 dəfə artaraq 6 Gb/s.-ni
ötmüş və nəticədə respublikamızdan
beynəlxalq İnternet şəbəkəsinə informasiya
ixracının həcmi 25 dəfə, idxalının
həcmi isə 17 dəfə artmışdır.
İnternetdən istifadə qiymətləri 7 dəfə
aşağı düşmüş, İnternet istifadəçilərinin
sayı təqribən 2 dəfə artaraq hər 100
nəfərə 12 nəfər olmuş, respublikada
fəaliyyət göstərən İnternet provayderlərinin
sayı təqribən 3 dəfə artaraq 30-u
keçmişdir. Bu gün Azərbaycan hər İnternet
istifadəçisinə düşən orta xarici
çıxış tutumuna görə Yaponiya, Koreya
Respublikası, Sinqapur kimi ölkələrlə bir sırada
gedir və bu ildən artıq Azərbaycan İnternet
xidmətlərinin regionda ixracatçısına
çevrilmişdir. “AZ” domeni zonasındakı saytların
sayı təqribən 5 dəfə artaraq 6000-dən çox
olmuşdur. Eyni zamanda, mütəmadi olaraq www.azerbaijan.az
baş portalı vasitəsilə Azərbaycanda gedən
proseslər və inkişaf barədə məlumatlar bir
neçə dildə dünya ictimaiyyətinə
çatdırılır.
Respublikanın rayon və kəndlərində
əhalinin rabitə və informasiya xidmətlərinə olan
tələbatını ödəmək, paytaxtla regionlar
arasında mövcud olan fərqi aradan qaldırmaq
məqsədilə “AztelekomNet” İnternet xidmətinin
təşkili nəticəsində respublikanın 34 rayon
mərkəzində İnternetə yüksəksürətli
qoşulma, digər rayonlarda və
telefonlaşdırılmış kəndlərdə isə
parolsuz qoşulma xidmətindən və kartla qoşulma
üsulundan istifadə etməklə İnternetə
çıxış imkanı yaradılmışdır.
Cənubi Qafqaz və Mərkəzi Asiyada konveyer üsulu
ilə kompyuter istehsal edən ilk kompyuter zavodu (KÜR)
Mingəçevir şəhərində istifadəyə verilmişdir.
Radio-televiziya yayım
şəbəkəsinin inkişafı üçün
geniş imkanlar yaranmışdır. Cənubi Qafqazda və Orta
Asiyada ilk dəfə olaraq Azərbaycanda rəqəmli TV
sistemi sınaqdan keçirilmiş, yayım keyfiyyətini
yüksəltmək üçün Ağsu rayonu ərazisində
yeni radio-televiziya yayım kompleksi istismara verilmişdir, peyk,
kabel, efir-kabel, İnternet televiziya və radio sistemləri
vasitələrindən istifadə olunmaqdadır. Hazırda
Azərbaycan televiziyası və dövlət radiosunun
respublika ərazisində əhatə dairəsi 100 faizə,
İctimai televiziya və radionun əhatə dairəsi
təxminən 82-85 faizə, özəl televiziya və radio
yayımlarının əhatə dairəsi isə
təxminən 75-80 faizə çatdırılmışdır.
2007-ci il fevralın 13-də “Azərbaycan Respublikası
regionlarının sosial-iqtisadi inkişafı Dövlət
Proqramının (2004-2008-ci illər)” üç illiyi
münasibətilə keçirilmiş konfransda Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyev
“...Mən informasiya-kommunikasiya texnologiyalarının
Azərbaycanda tətbiqini prioritet məsələ elan
edirəm. Mənim informasiya-kommunikasiya texnologiyaları
sahəsində dünyanın aparıcı şirkətlərinin
rəhbərləri ilə görüşlərim də
məhz bundan qaynaqlanır ki, onlar Azərbaycana
gəlsinlər. Azərbaycana yeni investisiyalar gəlsin, biz
özümüz dövlət tərəfindən,
Dövlət İnvestisiya Şirkəti tərəfindən
bu investisiyaları qoyaq. Texnoparklar yaradaq, Azərbaycanda
çox güclü informasiya-kommunikasiya mərkəzi yaradaq.
Bu, gələcəkdir, gələcəyin inkişafıdır”
tezisini səsləndirməklə bu məsələnin
ölkəmiz üçün əhəmiyyətini
önə çəkdi.
Nazirlər Kabinetinin 2007-ci il aprelin 13-də
keçirilmiş və 2007-ci ilin birinci rübü
üzrə sosial-iqtisadi inkişafın yekunlarına həsr
olunmuş iclasında cənab Prezident bu məsələni bir
daha vurğulamışdır: “Prioritetlərdən biri də
informasiya-kommunikasiya texnologiyalarıdır. Mən buna
çox böyük əhəmiyyət verirəm. Bu, ölkənin ümumi inkişaf
dinamikasını göstərən bir sahədir. Bu
sahədə çoxlu yeniliklər, çoxlu ixtiralar var.
Azərbaycan da bu sahədə qabaqcıl yerlərdədir. Biz bu sahəyə böyük investisiyalar qoymaq
fikrindəyik. Xarici şirkətləri, dünyanın
aparıcı informasiya-kommunikasiya şirkətlərini
Azərbaycana dəvət etmişik və onların da
Azərbaycanla işləməyə böyük maraqları
var. Biz indi texnoparkların yaradılması üzərində
işləyirik. Bir də demək istəyirəm ki,
dövlət öz tərəfindən bu sahəyə
investisiya qoymağa hazırdır. Biz
tanınmış şirkətlərlə, sadəcə
tərəfdaşlıq etmək istəyirik. Bu
sahənin çox böyük gələcəyi var və
bəlkə də, neft sektorundan sonra ölkəmizi inkişaf
etdirən ikinci sahə ola bilər.”
Azərbaycan beynəlxalq aləmdə neft ölkəsi
kimi tanınsa da, aparılan dövlət siyasəti və
iqtisadi islahatlar nəticəsində qeyri-neft sektoru da
inkişaf etdirilməkdədir. Ölkəmizdə İKT
sahəsində uğurla həyata keçirilən
dövlət siyasəti və xüsusən də bu
sahəyə Prezident İlham Əliyevin diqqət
göstərməsi dünyanın aparıcı İKT
şirkətlərinin Azərbaycana böyük
marağına səbəb olur. Bu şirkətlərin
rəhbərlərinin ölkəmizə səfərləri
və 2007-2008-ci illərdə Davos İqtisadi Forumunda
“Microsoft”, “Cisco” və “İntel” kimi dünyamiqyaslı
şirkətlərin prezidentlərinin Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevlə
görüşləri bir daha göstərir ki,
Azərbaycanın İKT sektoru potensial investorların
diqqət mərkəzindədir və bu sahədə geniş
əməkdaşlıq imkanları mövcuddur.
“Microsoft” şirkətinin prezidenti Bill Qeytsin Bakıda
keçirilmiş “Bakutel-2006” XII beynəlxalq telekommunikasiya
və informasiya texnologiyaları sərgisinə
göndərdiyi məktubda bu məqam xüsusi olaraq vurğulanır:
“Microsoft” şirkəti Azərbaycanın dünyanın ən
dinamik inkişaf edən ölkələrindən birinə
çevrilməsini böyük maraqla izləyir. Sürətli
iqtisadi inkişaf hökumətinizin iqtisadi artımla
bağlı qəbul etdiyi strateji qərarların
düzgün olduğunu göstərir. Prezident İlham
Əliyevin informasiya texnologiyalarının
əhəmiyyətini vurğulaması böyük
önəm kəsb etmişdir. Onun bu sahədə
dəstəyi bir çox beynəlxalq biznes dairələrini
Azərbaycana gələcək investisiyalar üçün
böyük potensiala malik olan ölkə kimi baxmağa
təşviq edir. Mən Azərbaycan hökumətinin
iqtisadiyyatın qeyri-neft sektorunun inkişafı ilə
bağlı gördüyü işlərdən
heyrətlənir və müasir texnologiyalar, elmi və texniki
tərəqqi, təhsil və insan ehtiyatları
sahəsinə investisiya qoymaq qərarını
alqışlayıram. Azərbaycan özünün
təhsilli və bacarıqlı işçi qüvvəsi
ilə elm, texnologiya, mühəndislik və digər
sahələrdə böyük potensiala malik olduğunu
açıq şəkildə göstərir.”
Elm və təhsil xalqımızın tarixi irsini
səciyyələndirən xüsusiyyətlərdən
olduğundan, həmçinin, inkişaf üçün
intellektual, texnoloji, ən əsası isə
səriştəli kadr potensialı yaratdığından, bu
sahələr həmişə Azərbaycan dövlətinin
diqqət mərkəzində olmuşdur. Elm və təhsil
işçilərinə və ümumiyyətlə,
ziyalılara göstərilən xüsusi dövlət
qayğısı ümummilli liderimiz Heydər Əliyev
tərəfindən həssaslıq və
qayğıkeşliklə həyata keçirilmiş və bu
gün də Azərbaycan Respublikasının Prezidenti
cənab İlham Əliyev tərəfindən böyük
hörmət və ehtiramla davam etdirilir. Təhsil
müəssisələrinin maddi-texniki və tədris-metodiki
bazasının möhkəmləndirilməsi, tədris
müəssisələrinin müasir informasiya-kommunikasiya
texnologiyaları ilə təmin olunması, yeni ixtisasların
açılması və tədris binalarının
tikilməsi istiqamətində böyük nailiyyətlər
qazanılmışdır. Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyevin 21.08.2004-cü il tarixli
Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan
Respublikasında ümumtəhsil məktəblərinin
informasiya və kommunikasiya texnologiyaları ilə
təminatı Proqramı (2005-2007-ci illər)” üzrə
3500-dən çox məktəb kompüterləşdirilmişdir
və hazırda respublika üzrə 29 şagirdə 1
kompyuter, dövlət ali məktəblərində isə
hər 28 tələbəyə 1 kompyuter düşür. Hazırda
respublikanın ümumtəhsil məktəblərinin 82 faizi,
texniki-peşə məktəblərinin 42 faizi, dövlət
orta ixtisas təhsil məktəblərinin 91 faizi, ali
məktəblərin isə hamısı kompyuter
avadanlığı ilə təmin olunmuşdur.
2009-cu il ərzində Bakı, Sumqayıt
şəhərlərində və Abşeron rayonunda
yerləşən məktəblərin
yüksəksürətli İnternetə çıxışının
təmin olunması üçün tədbirlər
görülür. Bu işlərin daha geniş formatda
həyata keçirilməsi və bütün təhsil
müəssisələrini əhatə etməsi dövlət
başçısının 10 iyun 2008-ci il tarixdə
təsdiq etdiyi “Azərbaycan Respublikası təhsil sisteminin
informasiyalaşdırılması üzrə Dövlət
Proqramı (2009-2012-ci illər)”
çərçivəsində təmin olunacaqdır.
İKT sektorunun gələcəyi
üçün insan resurslarının inkişafı da
zəruri şərt kimi qiymətləndirilir. Hazırda İKT
üzrə ixtisaslı kadr hazırlığı
məqsədilə dünyanın bir neçə
tanınmış informasiya texnologiyaları universiteti ilə
əlaqələr qurulmuşdur. ABŞ-ın Corc Meyson,
San-Xose Dövlət və Los-Anceles Kaliforniya, İsveçin
Çalmers Texnologiya və İnformasiya Texnologiyaları
universitetləri ilə anlaşma memorandumları
imzalanmışdır. Artıq bu müqavilələr
əsasında 25 nəfər azərbaycanlı gənc
dünyanın müxtəlif tanınmış
universitetlərində müasir informasiya-kommunikasiya
texnologiyaları ixtisasları üzrə təhsil alırlar. 30-dan çox gənc isə ixtisasları
üzrə xarici ölkələrdə qısamüddətli
hazırlıq kursları keçmişlər. Bu
prosesə daha da təkan vermək üçün respublikada
fəaliyyət göstərən yerli və xarici informasiya
texnologiyaları şirkətlərinin
həmtəsisçiliyi ilə İKT-nin İnkişafı
Naminə İnsan Resursları Fondu yaradılmışdır.
Ancaq bu sahədə ən əhəmiyyətli addım
Azərbaycan Respublikasının Prezidenti cənab İlham
Əliyevin 16.04.2007-ci il tarixli Sərəncamı ilə
təsdiq edilmiş “2007-2015-ci illərdə Azərbaycan
gənclərinin xarici ölkələrdə təhsili
üzrə Dövlət Proqramı”dır.
Dövlət siyasətinin tərkib hissəsi kimi İKT
sahəsində genişmiqyaslı beynəlxalq münasibətlər
qurulmuşdur, ölkəmizin yüksək texnologiyalar
sektorunun imkanları və perspektivləri nəinki regionda,
həmçinin dünyanın aparıcı
ölkələrində və beynəlxalq təşkilatlarda
geniş təbliğ edilir. Qısa müddət
ərzində respublikamızda bir çox tanınmış
telekommunikasiya və informasiya texnologiyaları
şirkətlərinin nümayəndəlikləri
açılmış, milli şirkətlər region
bazarında özlərini tanıda bilmişlər.
Ölkəmizin İKT sahəsində beynəlxalq
əlaqələrinin genişlənməsi
nəticəsində son illərdə dünyanın
müxtəlif ölkələri ilə (Amerika, Avropa, Asiya,
MDB ölkələri) 9 saziş, 15 memorandum, 15 protokol, 5
müqavilə və 1 qərar layihəsi
imzalanmışdır. Həmçinin, ABŞ-Azərbaycan,
Sloveniya-Azərbaycan və Azərbaycan-İsrail İKT Biznes
Forumları təşkil olunmuş, müxtəlif
beynəlxalq forum, konfrans və seminarlar keçirilmişdir.
Bu tədbirlərdə dünyanın müxtəlif
ölkələrindən çoxsaylı
iştirakçılar, o cümlədən sahələr
üzrə nazirlər, beynəlxalq təşkilatların
və tanınmış şirkətlərin
rəhbərləri, Nobel mükafatı laureatları bir araya
gələrək, ölkəmizin İKT sektorunda baş
verən müsbət dəyişikliklərlə əyani
olaraq tanış olmuş, bu sahənin respublikamızda
perspektivləri barədə Prezident İlham Əliyevin
fikirlərini bilavasitə onunla görüşlərdə
öyrənmişlər. Təsadüfi deyildir ki,
İnformasiya Cəmiyyəti üzrə Dünya Sammitinə
hazırlıq prosesində respublikamızın fəal
iştirakı Təşkilat Komitəsi tərəfindən
yüksək qiymətləndirilmiş və Şərqi
Avropa və MDB ölkələri sırasından yalnız
Azərbaycana xüsusi təşəkkür elan edilmişdir.
Bu illər ərzində “Bakutel” beynəlxalq sərgi və konfransı
regionun İKT üzrə ən nüfuzlu tədbirinə
çevrilmişdir.
Regionun ən dinamik inkişaf edən ölkəsi kimi
Azərbaycan bu gün İKT sahəsinin
genişləndirilməsi üçün böyük
imkanlara malikdir. Cəmiyyətimiz bu imkanlardan maksimum
bəhrələnərək, dünya birliyinə inteqrasiyanı
özünün ən başlıca vəzifəsi kimi
görür. Bunun nəticəsidir ki, Davos İqtisadi Forumunun
hesabatında Azərbaycan 2007-ci ildə informasiya-kommunikasiya
texnologiyalarından istifadə səviyyəsinə
görə 127 qabaqcıl ölkə sırasında 67-ci yeri
tutmuşdur. Azərbaycan bu cədvəldə MDB
ölkələri sırasında lider olmuşdur. Economist
Intelligence Unit və IBM şirkətlərinin illik
hesabatlarında respublikamızın 2006-cı ildə
2.92-yə bərabər olmuş inkişaf əmsalı 2007-ci
ildə 3.26-ya yüksəlmişdir. Sahə üzrə
bütün göstəricilərin orta ümumdünya
həddinə çatdırılması nəzərdə
tutulur.
Bu yüksək nəticələrin
arxasında təkcə İKT sektorunun və informasiya
infrastrukturunun inkişafı yox, həmçinin son illər
İKT-nin ölkəmizin sosial-iqtisadi inkişafının
bütün istiqamətlərində kütləvi tətbiqi
və istifadəsi durur. Belə ki, “Azərbaycan Respublikasında
rabitə və informasiya texnologiyalarının inkişafı
üzrə 2005-2008-ci illər üçün Dövlət
Proqramı”na (Elektron Azərbaycan)” uyğun olaraq,
dövlət orqanlarının vətəndaşlara və
təşkilatlara təqdim etdiyi xidmətlərin
keyfiyyətinin yaxşılaşdırılması və
onların təqdim olunma müddətlərinin
azaldılması, dövlət orqanlarının işinin
səmərəliliyinin artırılması
məqsədilə müxtəlif məzmunlu layihələr
həyata keçirilir. Əhalinin dövlət reyestrinin
formalaşdırılması, vergi ödəyicilərinə
E-xidmətlərin göstərilməsi, sahibkarlıq
subyektlərinin qeydiyyata alınması üçün “Vahid
pəncərə”, elektron sağlamlıq kartı xidməti,
gömrük rəsmiləşdirilməsi və
nəzarətinin avtomatlaşdırılmış
sistemlərinin tətbiqi, daşınmaz əmlakın milli
kadastrı və qeydiyyatının şəbəkə
informasiya sisteminin, təhsilin idarəolunmasının
məlumat sisteminin yaradılması, elektron satınalmalar
sisteminin, İnternet vasitəsilə ali
məktəblərə tələbə qəbulu üzrə
xidmət sisteminin yaradılması deyilənlərə
əyani misal ola bilər.
Elektron idarəetmə şəbəkəsinin
yaradılması istiqamətində BMTİP və RİTN-in
birgə həyata keçirdiyi “E-idarəçilik
təşəbbüsü” layihəsi
çərçivəsində respublikanın bütün
bölgələrini əhatə edəcək “AzDATACOM”
şəbəkəsinin qurulmasına başlanılmışdır.
Bu şəbəkə 10 Gb/san. sürətlə ölkədaxili məlumat
ötürülməsinə imkan verəcəkdir. Bu
imkanlardan elektron hökumət, distant təhsil, elektron
kommersiya, biznesin məsafədən idarə olunması və
s. kimi məsələlərdə istifadə etmək
mümkün olacaqdır. Artıq layihənin ilk
mərhələləri başa çatmışdır
və Bakı, Sumqayıt şəhərlərində və
Abşeron yarımadasında şəbəkə
fəaliyyətdədir. Bu il ərzində
şəbəkə ölkə ərazisində tam
fəaliyyətə başlayacaqdır. Həmçinin,
Dünya Bankının dəstəyi ilə həyata keçirilən
“Maliyyə xidmətlərinin inkişafı” layihəsi
poçt sistemində vahid şəbəkə infrastrukturunun
yaradılmasına və vətəndaşlara maliyyə
və bank xidmətləri göstərməyə imkan
verəcəkdir.
Ölkəmizdə yüksək texnoloji tutumlu və
yüksək rəqabətli iqtisadiyyatın qurulmasında
İKT-nin rolunu genişləndirmək, infrastrukturun
modernləşdirilməsi, sahə üzrə
iqtisadi-təşkilati islahatların aparılması,
e-imzanın tətbiqi üçün Milli Sertifikat Xidməti
Mərkəzinin və Milli Superkompyuter Mərkəzinin
yaradılması, e-hökumətin
formalaşdırılması üçün müxtəlif
layihələrin həyata keçirilməsi
nəzərdə tutulmuşdur. Həmçinin,
Azərbaycanın informasiya tranziti ölkəsinə
çevrilməsinə xidmət edəcək daha bir
neçə perspektiv layihəyə də hazırda
baxılmaqdadır. Onların sırasında olan milli süni
peyk layihəsi ölkəmizin telekommunikasiya və teleradio
yayımı tələbatını ödəməklə
yanaşı, region ölkələrinə xidmətlər
göstərməyə imkan verərək, ölkəmizdə
kosmik sənayenin inkişafı üçün
əlverişli şərait yarada bilər. Qazaxıstan və
ya Türkmənistan ilə Xəzəraltı optik kabel
əlaqəsinin yaradılması Trans-Asiya-Avropa (TAE)
magistralını ən qısa yolla qapamağa və
ölkəmizin tranzit məkana çevrilməsinə
xidmət edə bilər. Əhalinin İKT-nin imkanlarından
istifadəsi məqsədilə “Microsoft” və “İntel”
şirkətləri ilə birgə həyata
keçirilməsi planlaşdırılan “Xalq kompyuteri”
layihəsi əhalinin güzəştli kreditlə kompyuter
əldə etməsinə imkan verəcəkdir.
Tarixi İpək Yolunun keçdiyi Şərqi Avropa, Yaxın
Şərq və Mərkəzi Asiya ölkələrini
birləşdirən “Qərb-Şərq
yüksəksürətli informasiya magistralı”nın
texniki-iqtisadi əsaslandırılması layihəsi
üzərində də iş aparılır. Bu magistral
İKT-nin ən çox inkişaf etdiyi dünyanın iki
nəhəng regionunu - Qərbi Avropanı və Şərqi
Asiyanı birləşdirərək, magistral
üzərində yerləşən, qonşu olan və
həmin regionlarla müqayisədə zəif inkişaf
etmiş təxminən 20 ölkəni əhatə
edəcəkdir. Layihə Azərbaycanın coğrafi
mövqeyindən, inkişaf səviyyəsindən və
başlıcası, onun regionda aparıcı iqtisadi potensiala
malik olmasından asılı olaraq ölkəmizdə
beynəlxalq kommutasiya mərkəzinin və qlobal informasiya
bankının yaradılmasını nəzərdə tutur.
Mütəxəssislərin fikrincə, bu layihənin
reallaşması dünya miqyasında informasiya
texnologiyalarının genişmiqyaslı tətbiqinə
və ümumiyyətlə, regional iqtisadi inkişafa yeni
təkan verəcəkdir. İnanırıq ki, Azərbaycanın
siyasi və iqtisadi nüfuzunu yüksəldən nəhəng
enerji və nəqliyyat layihələrinin sırasına
dövlətimizin başçısının
təşəbbüsü ilə yeni bir layihə -
“Qərb-Şərq yüksəksürətli informasiya
magistralı” da daxil olacaqdır.
Ölkənin gələcək inkişafına
xidmət edəcək innovativ fəaliyyəti təmin
etmək məqsədilə RİTN tərəfindən
Azərbaycanda yüksək texnologiyalar üzrə Regional
İnnovasiya Zonalarının yaradılmasına hazırlıq
işləri aparılır. Bu zonalar
iqtisadiyyatın müxtəlif sektorlarında yüksək
texnologiyaların tətbiqinə, kiçik və orta
sahibkarlığın inkişafına, xarici
şirkətlərin və potensial investorların
ölkənin İKT sektoruna cəlb edilməsinə, insan
resurslarının inkişafına, respublikada elektron
avadanlıqların və proqram təminatının
istehsalına xidmət edə bilər. İKT
sektorunun inkişafı və ümumən ölkənin
iqtisadi, elmi, texniki potensialı bunu söyləməyə
imkan verir. Regional İnnovasiya Zonası layihəsinin
tərkib hissəsi kimi Beynəlxalq İnformasiya
Texnologiyaları Universitetinin yaradılması da
Azərbaycanın İKT sektoru üçün yüksəksəviyyəli
kadrlar hazırlanması və bu prosesə region
ölkələrinin cəlb edilməsi baxımından
əhəmiyyətli hesab olunur.
Azərbaycanda İKT-nin inkişaf dinamikası, uğurla
həyata keçirilən neft strategiyası
nəticəsində ölkəyə olan inamın artması,
beynəlxalq qurumlarla uğurlu əməkdaşlıq
nümunələri, yüksək texnologiyaya əsaslanan
iqtisadiyyatın formalaşması üzrə qarşıya
qoyduğumuz vəzifələr və ən nəhayət,
dövlət siyasətinin tərkib hissəsi kimi İKT
sahəsinə göstərilən böyük diqqət
və qayğı, ölkəmizin yaxın gələcəkdə
yüksək texnologiyalar sahəsində böyük
uğurlar qazanacağına zəmanət verir. Bu gün
İKT sektorunda çalışanlar bu fikirdə
yekdildirlər ki, informasiya texnologiyaları sahəsində
ümummilli lider Heydər Əliyevin ideyaları Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin
uğurla davam etdirdiyi siyasət və həyata keçirdiyi
kompleks tədbirlər nəticəsində tam həllini
tapacaq və Azərbaycan inkişaf etmiş ölkələr
sırasında olacaqdır.
`
Rabitə dünyası.- 2008.- 1 sentyabr.- S. 9-11.