Sarıyeva İ.
Mədəniyyət
Nazirliyinin 197 hektar sahəsi zəbt olunub
Ötən ilin
sonlarında Mədəniyyət və Turizm Nazirliyi
yetgililəri tərəfindən nazirliyə məxsus qoruq
ərazilərinin yerli icra orqanları və
bələdiyyələr tərəfindən zəbt
edilərək ayrı-ayrı şəxslərə
satılması ilə bağlı açıqlamalar verilirdi.
Qeyd edək ki, Mədəniyyət və Turizm naziri
Əbülfəs Qarayev ötən ilin axırlarında
keçirdiyi müşavirələrin birində nazirliyə
məxsus 200 hektar qoruq ərazisindən cəmi 3 hektar
sahənin qaldığını bildirmişdi. Cənab Qarayevin
keçirdiyi sözügedən müşavirədə
Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi,
yerli icra strukturları, bələdiyyə rəhbərləri
və s. də iştirak edirdi.
Məlumat
üçün bildirək ki, nazirlik
nümayəndəliyının açıqlamasından
və nazirin sözügedən sahədəki vəziyyətlə
bağlı çıxışından sonra Dövlət
Torpaq və Xəritəçəkmə Komitəsi,
Mədəniyyət və Turizm Nazirliyinin və digər
əlaqədar qurumların mütəxəsislərinin
iştirakı ilə araşdırma qrupu yaradılıb
və onlar bu problemin araşdırılmasına cəlb
edilib.
Zəbt edilən 197
hektar ərazinin qaytarılıb-qaytarılmaması və bu
sahədə görülən işlər barəsində
əlavə məlumat almaq üçün Mədəniyyət
və Turizm Nazirliyinin mətbuat katibi İntiqam
Hümbətovla əlaqə saxladıq.
«Mədəniyyət
və Turizm Nazirliyi tabeliyində olan qoruqların
sərhədlərinin dəqiqləşdirilməsi və bu
sərhədlərin tam müəyyənləşdirilib
sənədləşdirilməsi istiqamətində müvafiq
təşkilatlarla birlikdə iş aparılır. Və
burada da məqsəd ondan ibarətdir ki, nazirliyin strukturunda
olan dövlət tarix və mədəniyyət
qoruqlarının ərazilərində digər icra
orqanları, bələdiyyələr tərəfindən
ediləcək hər hansı bir qanunsuz
hərəkətlərin qarşısı alınsın.
Bununla bağlı 2007-ci ilin sonlarında Dövlət Torpaq
və Xəritəçəkmə Komitəsində bizim
nazirliyin və komitə rəhbərliyinin iştirakı
ilə geniş bir müşavirə keçirilmişdi
və həmin müşavirədə Mədəniyyət
və Turizm Nazirliyinin tabeliyində olan dövlət tarix
və mədəniyyət qoruqlarının yerləşdiyi
ərazilərin icra hakimiyyətləri, qoruqların
rəhbərləri də iştirak edirdi. Bu
müşavirədə çoxlu faktlar göstərildi
və qərara alındı ki, nazirlik sistemindəki tarix
və mədəniyyət qoruqlarının əraziləri
müəyyənləşdirilsin və onlara torpaq
şəhadətnamələri verilsin. Bundan sonra o qoruqlar
birbaşa nazirliyin idarəçiliyində, tabeliyində olsun
və yerli və digər icra orqanlarının, bələdiyyələrin
hər hansı qanunsuz müdaxiləsinin qarşısı
alınsın» - deyə bildirən İ.Hümbətovun
sözlərinə görə, hazırda bu istiqamətdə
mütəxəsislər tərəfindən ardıcıl
iş aparılır və çox güman ki, bu iş
başa çatdıqdan sonra artıq nazirlik tabeliyində olan
tarix mədəniyyət qoruqlarının ərazisində
hər hansı qanunsuz hallara rast gəlinməyəcək,
yəni buna yol verilməyəcək. «Zəbt olunmuş qoruq
ərazisində inşa edilən qanunsuz tikililərin
vəziyyəti necə olacaq? Onları ərazidən
çıxarmaq mümkün olacaqmı» - deyə
İ.Hümbətovdan soruşduqda nazirlik təmsilçisi
hər şeyin qanun müstəvisində həll
ediləcəyini dedi: «Hazırda mövcud qanunvericiliyə
uyğun olaraq, tarix mədəniyyət qoruqlarının
sərhədləri tam dəqiqləşdirildikdən sonra bu
barədə, xəritələri göstərilməklə,
dövlət torpaq və şəhadətnaməsi aktı
tərtib ediləcək. Müəyyən hallar olub ki, ya
bələdiyyə, ya da icra orqanları tərəfindən
edilən qanunsuzluqlar faktlarla bölgələrdə
keçirilən müşavirələrdə qeyd edilib.
Bizdə bu barədə çoxdan məlumat vardı ki, tarix
mədəniyyət qoruqlarının əraziləri
ayrı-ayrı yerlərə verilib. Bir neçə
təşkilatın apardığı iş bu kimi halların
qarşısını almağa yönəlib».
200 hektar qoruq ərazisinin
197 hektar sahəsinin zəbt edilməsi faktına
gəldikdə isə, İ.Hümbətov bu barədə
hər hansı bir açıqlama vermədi. Hər halda
nazirliyin və əlaqədar qurumların birgə səyi
nəticəsində araşdırmalar davam edir, yəqin ki,
yaxın vaxtlarda zəbt edilən qoruq ərazilərinin azad
edilməsinin şahidi olacağıq.
Adının
çəkilməsini istəməyən, vaxtilə qoruq
sahəsində işləmiş mütəxəssislərdən
birinin dediyinə görə, qoruq əraziləri sabiq
mədəniyyət naziri Polad Bülbüloğlunun
vaxtında yerli qurumlar tərəfindən zəbt
edilərək satılıb. Mütəxəssis hesab edir ki,
bu barədə sabiq nazir məlumatlı olsa da, qoruqların
qaytarılması, onların yenidən sərhədlərinin
müəyyənləşdirilməsi yönündə
heç bir addım atmayıb.
Bakı xəbər.- 2008.- 18 yanvar.- S. 11.