Mehdiyev M.
Yaranışının 110 illiyini
qeyd etməyə hazırlaşdığımız Azərbaycan kino sənətinin inkişafında
xidmətləri olanlardan
biri də Rasim Ocaqovdur. O, Ümumittifaq Dövlət
Kinematoqrafiya İnstitutunda
təhsil almışdı.
"Azərbaycanfilm" kinostudiyasında
fəaliyyət göstərdiyi
ilk illərdə bir çox ekran əsərlərində
ikinci operator kimi çalışmışdı.
"Onun böyük ürəyi", "Əsl
dost", "Bizim küçə", "Sən
niyə susursan",
"Bir cənub şəhərində", "Ömrün ilk günü" tammetrajlı bədii filmlərin əsas operatoru olmuşdur.
R.Ocaqov respublikamızın dilbər
guşəsi Şəkidə
dünyaya göz açmışdı. Həmyaşıdları
xatırlayırlar ki,
hələ uşaq çağlarından o, təbiət vurğunu idi, təbiət mənzərələrinə həvəs
göstərərdi. Buna
görə atası Mirqasım ona fotoaparat alır. O da diqqətçəkən
nə görərmişsə,
lent yaddaşına köçürərmiş. Günlərin
birində Bakıya gəlir, çalışmaq
üçün "Azərbaycanfilm"
kinostudiyasına müraciət
edir. Elə ki, arzusuna çatır,
orada həvəslə
işləməyə başlayır.
Axtarır, arayır, bilmədiyini soruşub öyrənir. Qısa müddət ərzində
həmkarlarının, dost-tanışlarının, görkəmli
kino xadimlərinin rəğbətini qazanır.
Bacarığına görə
unudulmaz ssenarist-quruluşçu
rejissor Həsən Seyidbəyli onu ikinci operator kimi "Uzaq sahillərdə" filminin
çəkilişinə qatır.
Sözügedən ekran
əsəri uğurlu
alınır. Filmin əsas qəhrəmanı
- "Mixaylo" rolunun
ifaçısı Nodar
Şaşıqoğlundan R.Ocaqov
haqqında dəfələrlə
xoş söhbətlər,
xatirələr eşitmişik.
Rasim Ocaqovun operator kimi çəkdiyi
kadrlar bu gün də maraqla baxılır.
1969-cu ildə lentə
alınmış "Bir
cənub şəhərində"
bədii filmi keçmiş SSRİ-nin müxtəlif qurumları
tərəfindən heç
də birmənalı
qarşılanmır. Lakin
sənət qələbəsi
öz yerini tapır. "İstintaq"
filminə münasibət
də birmənalı
olmur. Niyə? Çünki operator, rejissor kimi Rasim
Ocaqov az diqqət çəkən
nüanslarda o dövr üçün xarakterik olmayan incəlikləri canlandırmağı
bacarmışdı. Bu
baxımdan, onun quruluşçu rejissor olduğu "Tütək
səsi" filmi də diqqət çəkir. Həmin ekran əsərində rejissor ümumi yox, obrazları, təbiət təsvirlərini
iri planda verməklə əsərin
mahiyyətini qabarıq
şəkildə tamaşaçılara
çatdırmışdır. Onun lentə aldığı hadisələr
sənət nümunələrindən
daha çox həyat həqiqətini xatırladır. Filmdə
orijinal bir epizod var. Oğlunun
cəbhədən sağ-salamat
qayıtmasını gözləyən
ata (M.Şeyxzamanov) qəfil diksinir, övladının müharibəyə
getdiyi yola doğru qaçır. Xəyalından keçən
arzular gözləri önündə canlanır.
Amma... Arzunun, istəyin həqiqətə
çevriləcəyini R.Ocaqov
bənzərsiz istedadı
ilə ekranda canlandırmağı bacaran
operator-rejissor nüfuzu
qazandı.
O, xarakterik obrazlar yaradan ifaçılar, qələm sahibləri ilə dostluq edər, onlarla yaradıcılıq əlaqəsi
saxlayardı. Görkəmli
kinodramaturq, xalq yazıçısı Rüstəm
İbrahimbəyovla birgə əməkdaşlığı
onun fəaliyyətinə
müsbət təsir
göstərmişdir. Rüstəm
müəllimin ssenarisi
əsasında çəkilən
bədii filmlərdə
həm operator, həm də rejissor olmuşdur. R.Ocaqovun quruluş verdiyi "Ad günü" və
"Təhminə" filmlərinin
telekanallarda hər nümayişi tamaşaçılara
xüsusi zövq verir.
"Həm ziyarət,
həm ticarət"
bədii filmi görkəmli rejissorun bioqrafiyasından qırmızı
xətt kimi keçir. Ekran əsərində incə
yumorla sərt mövqe paralel inkişaf edir. Gələcəyə, xoş
güzərana, el-obaya
bağlı insanların
ümumiləşmiş obrazları
olduqca inandırıcı,
bədii, eləcə
də satirik planda lentə alınıb. Filmdə əsas ifaçı, Mustafa rolunu məharətlə oynayan xalq artisti Hacı
İsmayılov böyük
sənətkarla birgə
çəkiliş dövrünü
belə xatırlayır:
- O vaxt "Ad günü" filminə
dəvət alanda sevindim. Rasim Ocaqov haqqında çox eşitmişdim. Ancaq onunla yaxın
yaradıcılıq əlaqəmiz
olmamışdı. O, səmimi,
mehriban insan idi. Sənətinə vurğunluğu ilə yanaşı, qayğıkeşliyi
ilə də seçilirdi. Hər aktyora diqqət
yetirərdi. Ömrüm
boyu onun xeyirxahlığını, mərhəmətini
unutmaram.
İstedadlı operator,
sevilən rejissor, xalq artisti, iki
dəfə Dövlət
mükafatı laureatı
Rasim Ocaqov ömrünün 75 ilində
sənət qədri bilənlərə "əlvida"
dedi. Lakin o unudulmur, daim
ehtiramla xatırlanıb,
yad edilir. Milli kinomuzun inkişafındakı xidmətləri
ikinci ömrünü
yaşadır.
Azərbaycan.- 2008.- 29 yanvar.- S. 7.