Mükərrəmoğlu M.
Əsl ulduzlar sönmür
Böyük
sənət fədailəri haqqında yazmaq çox
çətin və məsuliyyətli bir işdir. Mən Azərbaycanımızın
sənət "ulduzları" haqqında
dəfələrlə oxucularımızı
məlumatlandırmışam və hər dəfə bu
yazılar dərc olunandan sonra hiss etmişəm ki, çox
şeylər unudulub, çox şeylərə dürüst
aydınlıq gətirə bilməmişəm. Bu
günlərdə anadan olmasının 85 ili tamam olan,
xalqımızın çox sevimli sənətkarı, xalq
artisti, Dövlət mükafatları laureatı Leyla
Bədirbəyli haqqında yazmaq isə daha məsuliyyətlidir.
Çünki o elə bir şərəfli ömür yaşamışdır
ki, bunu adi bir qəzet məqaləsinə
sığışdırmaq qeyri-mümkündür.
Ömrünün 50 ilə yaxın bir dövrünü Azərbaycan
milli teatr və kino sənətinin inkişafına həsr
etmiş bu böyük sənətkarın bizə yadigar qoyub
getdiyi nə qədər rolları, obrazları var. Mən
düşünürəm ki, Leyla xanımın sənəti
milli aktyorluq peşəsi sahəsində böyük bir akademiyadır.
Nə qədər insanlar bu sənətdən
bəhrələnib, Azərbaycan teatr və kinosunda
böyük uğurlar qazanıblar.
Leyla xanımın yaradıcılığı ötən əsrin yarısından çoxunu əhatə edir. Bu sənətin öz rəngi, öz aləmi var. Mənə elə gəlir ki, Leyla xanımın sənətə gəlişi milli aktyorluq sənətimizə çox güclü stimul verib. Şərq dünyasının qadınsız oynanılan səhnə əsərləri uzaq tarixin yaddaşı deyil. Amma bizim teatrımıza, kinomuza qısa bir dövrdə tanınmış aktrisalar gəlmişdi. Akademik İzzət Orucovanın milli kinomuzda açdığı sənət yolunu Mərziyə xanım, Həqiqət xanım, Leyla xanım davam etdirdilər.
Leyla xanım sənətə təsadüfən gəlməyib. O, əvvəl dərnəkdə kiçik rollar oynayıb, sonra isə 13 yaşında olanda "Çılğın uşaqlar" fılmində epizodik uşaq rolunda çəkilib.
Leyla xanımın peşəkar sənət yolu rəqqasəlikdən başlayıb. O ilkin olaraq 1937-ci ildə M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında yenicə təşkil edilmiş rəqs qrupunda çalışmış, sonra isə Dövlət Mahnı və Rəqs Ansamblına çevrilmiş bu kollektivdə solist kimi çıxış etmişdir. Kim bilir, bəlkə "Arşın mal alan" filminin çəkilişləri başlamasaydı, Leyla xanım Azərbaycanın çox görkəmli rəqqasələrindən biri olacaqdı. Deyirlər ki, o vaxt məşhur rəqqas Əlibaba Abdullayevlə birgə hazırladıqları "Naz eləmə" rəqsini ifa edəndə tamaşaçılar hərarətli alqışlarla qarşılayarmış onları.
Leyla xanımın istedadı, söz yox ki, teatr və kino xadimlərinin diqqətindən yayına bilməzdi. "Ayna" filminə dəvət olundu. Müharibə bu filmi yarımçıq qoydu. Ancaq həmin filmin materiallarından sonralar "Sovqat" fılmində rejissorlar Hüseyn Seyidzadə və Niyazi Bədəlov kifayət qədər istifadə edə bildilər.
1941-ci ildə "Səbuhi" fılmi Leyla xanımın bir növ həyat yolunu dəyişdi. O elə kinonu seçmək istəyirdi və Tanrı da onun istəyini sanki eşitdi. Doğrudur, uzun müddət, teatrda işləməli olub. Mirzə İbrahimovun tövsiyəsi ilə Akademik Dram Teatrında işləyərkən "Məhəbbət" (M.İbrahimov), "Tufan" (A.N.Ostrovski), “Vaqif”, "Xanlar" (S.Vurğun), "Solğun çiçəklər", "Oqtay Eloğlu", "Almaz" (C.Cabbarlı), "Şeyx Sənan" (H.Cavid) və başqa onlarca dram əsərlərində dramatik qadın rollarını ifa edib.
Əsl kinoya 1942-ci ildə
gəlib.
Leyla xanım həmin il "Azərbaycanfilm" kinostudiyasında
işləməyə başlayır. Bununla
ömrünün çox böyük bir dövrünü bu
sənət ocağı ilə bağlayır. Burada ilkin olaraq yaratdığı rollar ona
böyük şöhrət gətirdi. Dünyanın
100-dən çox ölkəsinin ekranlarında böyük
uğurla göstərilən "Arşın mal alan" filmində onun
Gülçöhrəsinin öz yeri var. Bu rol haqqında
çox yazılıb, çox deyilib. Ancaq burada Tacir Əsgər
rolunun ifaçısı, xalqımızın böyük
sənətkarı Rəşid Behbudovun Leyla xanıma
göndərdiyi təbrik məktubundan bu sətirləri
nəzərə çatdırmaq istərdik: '"Əzizim
Gülçöhrə! Sizin
yaratdığınız gözəl obrazlar qalereyası istedadlı
rəssamın böyük əsərləri kimi
xalqımız tərəfindən qiymətləndirilmişdir.
Lakin siz xalqımızın
incəsənətinin tarixinə dünyanın bütün
tamaşaçılarının sevdikləri Azərbaycan
gözəlinin təkrarolunmaz obrazını parlaq
şəkildə həkk etmisiniz". Bəli,
doğrudan da, Leyla xanım Gülçöhrəni
sevə-sevə yaratmışdı və qəlbinin
bütün hərarətini ona vermişdi. Odur ki, Gülçöhrə neçə
illərdir ki, bizim sevimli ekran qəhrəmanı kimi
yaşamaqdadır. Filmin SSRİ
Dövlət mükafatına layiq görülməsində,
heç şübhəsiz ki, Gülçöhrənin
də öz payı vardır.
Leyla xanımın
sənəti həmişə yüksək
qiymətləndirilir, ona şeirlər, mahnılar qoşulurdu. Şairlərdən
Süleyman Rüstəm, İslam Səfərli və
başqaları bu istedadlı aktrisanın sənətini
və mənəvi gözəlliyini dəfələrlə
öz şeirlərində vəsf etmişlər. Mən İslam Səfərlinin şeirlə
birgə Leyla xanıma göndərdiyi təbrik məktubunu
oxucuların diqqətinə çatdırmaq istəyirəm.
O yazırdı: "Leyla xanım, təbiət sənə
üç nemət bəxş etmişdir: ilahi qadın
gözəlliyi, insanı bihuş edən mənəvi bir
aləm, hər iki keyfıyyəti öz munis
varlığmızda öpüşdürən əsl
sənətkar xoşbəxtliyi".
Bütün bu
keyfiyyətlər Leyla xanımın rollarının xarakterinə
hopmuşdu.
"Koroğlu", "Görüş", "Dəli Kür",
"Onun böyük ürəyi", "Gənc qadın
üçün kişi", "Kişi sözü",
"Dərviş Parisi partladır", "Gözlə
məni" kimi filmlərdə yaratdığı
bir-birindən gözəl rolları ilə Leyla xanım bizim
kino salnaməmizdə özünə layiqli yer tutur. O,
gözəl qadınların rollarını elə
gözəl də yaradırdı. Qəhrəmanları
əksər vaxt dramatik xarakterli rollar idi. Nigarı
çox gözəl yaratmışdı. Tuti
Bikə ondan da gözəl idi. Amma bu
qadınlar təkcə zahiri görünüşləri
ilə deyil, həm də mənəviyyatları ilə
gözəl idi. O, əsl Azərbaycan qadını
obrazını yaradırdı.
Mən Leyla xanımla
"Azərbaycanfilm" kinostudiyasında,
Kinematoqrafçılar İttifaqında
dəfələrlə görüşmüşəm. Çox
səmimi insan idi. Ailəsinə,
övladlarına çox bağlı idi. Nəvələrini
də hədsiz məhəbbətlə sevirdi.
Leyla xanımın
yüksək təşkilatçılıq bacarığı
var idi, O, kinostudiyada teatr-studiyası yaratmaq istəyirdi ki,
boş qalan aktyorları bu teatra cəlb etsin və tamaşalar
hazırlasın. Belə tamaşalar hazırlandı da.
Lakin SSRİ-nin dağılması bu teatrın
da taleyinə öz təsirini göstərdi.
O, canlı salnamə idi. Azərbaycan radiosu, televiziyası vasitəsilə
kino və teatr tariximizin çox maraqlı
səhifələrini dinləyicilərə və
tamaşaçılara xatırladırdı. Həmin verilişlərin əksəriyyəti indi
onların qızıl fondlarında saxlanılır.
Dəfələrlə xarici
ölkələrdə, SSRİ-nin müxtəlif
respublikalarında Azərbaycan mədəniyyətinin
təmsilçiləri sırasında olmuşdu. Amma ən
yadda qalanı, özünün dediyi kimi, Moskvada
keçirilən Azərbaycan mədəniyyəti dekadası
idi.
Leyla Bədirbəylinin
yaradıcılığı dövlət
tərəfindən yüksək qiymətləndirilmiş,
hələ sovetlər dövründə - 1949-cu ildə
əməkdar artist, 1959-cu ildə xalq artisti fəxri
adlarına layiq görülmüşdü. 1972-ci ildə
Azərbaycan Respublikasının Dövlət mükafatı
laureatı olmuşdur.
1999-cu ildə amansız
ölüm onun həyatına son qoydu. Bu
böyük sənətkarın işıqlı xatirəsi
sənətsevərlərin qəlbindən heç vaxt
silinməyəcək.
Xalq qəzeti.- 2008.- 13 yanvar.- S. 4.