Seyidov H.T.

 

Ötən il mədəniyyət sahəsində hansı işlər görülüb?

 

Mədəniyyət və Turizm Nazirliyində 2007-ci ilin yekunları ilə bağlı kollegiya iclası keçirilib

 

Bu günlərdə Mədəniyyət və Turizm Nazirliyində 2007-ci ilin yekunları ilə bağlı kollegiya iclası keçirilib. İclasda Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev çıxış edib. Nazir ötən ildə görülən işlərin uğurlu nəticələr verdiyini bildirib. Hesabat dövründə müvafiq sahələr   üzrə 150-yə yaxın dövlət  əhəmiyyətli tədbir keçirildiyini bildirən nazir dövlət teatrlarında 80 tamaşa hazırlandığını, ənənəvi olaraq Azərbaycan incəsənət ustalarının dünyanın müxtəlif ölkələrinə səfərlərin təşkil edildiyini qeyd edib. Cari ildə Almaz İldırım, Hüseyn Cavid, Molla Pənah Vaqif və digər görkəmli sənətkarların yubileyləri qeyd edilib.

Nazir Ə.Qarayev daha sonra H.Cavidin 125 illik yubileyinin, M.Rastropoviç adına I Beynəlxalq Musiqi Festivalının, Azərbaycan Musiqi Festivalının keçirilməsini, eləcə də Dövlət Kukla Teatrının əsaslı təmirindən sonra istifadəyə verilməsini ilin önəmli mədəni tədbirlər sırasında yer aldığını vurğulayıb. 2007-ci ilin 15-19 aprelində Moskvada, 21-24 may tarixlərində Belarusda, 26-29 mayda Moldovada Azərbaycan mədəniyyət günləri böyük uğurla həyata keçirilib. İyunun 7-də ilk dəfə olaraq Venesiyada Azərbaycan pavilyonunun açılışını mədəniyyətimizin tarixində çox böyük hadisə olduğunu bildirən nazir ötən ilin avqustunda İsveçrədə keçirilən Caz Festivalında Şahin Növrəslinin ikinci yer qazanmasını uğurlarımız kimi xarakterizə etdi. Nazir onu da bildirdi ki, bir il ərzində dövlət başçısının sarəncamları ilə 200 nəfərdən çox mədəniyyət xadimi yüksək dövlət mükafatlarına, fəxri adlara, xüsusi təqaüdlərə layiq görülüb. Nazirin sözlərinə görə, 2007-ci il ərzində kitabxana və muzey sahəsinin inkişafı üçün bir sıra addımlar atılıb. Hazırda Mədəniyyət və Turizm Nazirliyinin kitabxana-informasiya şəbəkəsində 4500-dən artıq kitabxana və kitabxana filialı fəaliyyət göstərir. İl ərzində kitabxanalara 800 mindən çox yeni kitab daxil olub. Bundan başqa, Azərbaycanda 19 yeni muzey yaradılıb və onların fəaliyyəti rəsmiləşdirilib. Nazir həmçinin 2007-ci ildə Mədəniyyət və Turizm Nazirliyinin tikinti planına əsasən, ötən ildə bir sıra işlər də görülüb. O cümlədən Üzeyir Hacıbəyovun ev muzeyinin inzibati binasında təmir və yenidənqurma işləri, Məmməd Səid Ordubadinin xatirə muzeyində və M.Rastropoviçin ev muzeyində təmir-bərpa işləri görülüb. 2007-ci ildə nazirliyin sifarişi ilə Qəbələ rayonunun Rustov kənd məscidində, Balakən şəhərindəki Minarəli məsciddə, Zaqatala şəhərindəki qala divarlarında, Hacıqabul rayonunun Qubalı Baloğlan kəndlərindəki Pir Hüseyn Xanəgahında, Astara rayonunun Ərçivan kəndindəki "Ələm"-də təmir-bərpa prosesi həyata keçirilib. Qax rayonunun İlisu kəndindəki Sumuqqala  abidəsinin  sel-sularından mühafizəsi ilə bağlı lazımi işlər görülüb.

Daha sonra nazir 2007-ci ildə mədəniyyət siyasətinin əsas istiqamətlərindən biri olan kino sənətinin inkişafı barədə də danışıb. O, qeyd edib ki, Dövlət Film Fondunda 30 minə yaxın film-eksponatının saxlanması üçün şərait yaradılıb. Fonddakı fotolar kompüter vasitəsilə arxivləşdirilib. Azərbaycanın xaricdəki nümayəndələrinin istifadə etməsi üçün milli filmlərin DVD ehtiyatı yaradılıb və 100-dən artıq film Xarici İşlər Nazirliyinə təqdim edilib.

Nazir müqayisə üçün onu da bildirib ki, 2004-cü ildə dövlət sifarişi film istehsalına büdcədən 860 min manat ayrılmışdısa, 2007-ci ildə bu rəqəm 5 dəfə artırılaraq 4,4 milyon manata çatdırılıb. Son 4 il ərzində dövlət sifarişi ilə 10 tammetrajlı film çəkilib. 2008-ci ildə dövlət sifarişi ilə film istehsalı üçün isə büdcədən 6 milyon manat ayrılıb.

2008-ci ildə Mədəniyyət və Turizm Nazirliyi daha böyük işlər görüləcəyini planlaşdırıb. Bu plan əsasında işlər davam etdiriləcəkdir.

Biz də inanırıq ki, Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşları yeni ildə daha önəmli islər görəcəklər.

 

Azad Azərbaycan.- 2008.- 9 yanvar.- S. 3.