Təranə
70 yaşın uğuru
Zaur Məhərrəmov
ömrünün 50 ildən çoxunu kinoya həsr edib
Bu gün Əməkdar
incəsənət xadimi, Dövlət mükafatı
laureatı, professor Zaur Məhərrəmovun 70 yaşı
tamam olur. Bir sıra bədii və sənədli filmlərin reyissoru,
ssenaristi və operatoru kimi tanınan Zaur Məhərrəmov
ömrünün 50 ildən çoxunu kinoya həsr edib. Onun
həm bədii, həm də sənədli kino
sahələrindəki yaradıcılığı milli
kinomuzun ən parlaq səhifələrindən birini
təşkil edir. Tamaşaçıların sevə-sevə
baxdıqları "Uşaqlığın son gecəsi",
"Dərviş Parisi partladır", "Ad
günü", "Uzun ömrün akkordları" və
s. bədii filmlərin quruluşçu operatoru olan Zaur
Məhərrəmov Azərbaycan kinosunda öz
dəsti-xətti, yüksək poetik obrazlılığı
ilə seçilən, böyük peşəkarlıq
nümunəsi olan və kinematoqrafın bütün
proseslərində aktiv iştirak edən bir
sənətçi kimi tanınır.
Fəaliyyətinə 1956-cı
ildə "Azərbaycanfilm" kinostudiyasında operator
assistenti kimi başlayan Z.Məhərrəmov bir il sonra
Moskvanın Kinematoqrafiya İnstitutunun operatorluq fakultəsinə
qəbul olunub. İnstitutu müvəffəqiyyətlə
bitirdikdən sonra - 1963-cü ildə "Azərbaycanfilm"
kinostudiyasında fəaliyyətini davam etdirib.
Professional Kinoreyissorlar
Gildiyasının Bürosunun məlumatında bildirilir ki, o,
Xan Babayev, Şamil Mahmudbəyov, Arif Babayev, Rasim Ocaqov, Tofiq
Tağızadə kimi Azərbaycan kinosunun korifeyləri
ilə birgə çalışaraq 16 tammetraylı bədii
filmin yaradılmasında quruluşçu operator kimi iştirak
edib və bu əsərlərlə kinomuzun operator
məktəbini daha da yüksək zirvələrə
qaldırıb.
Z.Məhərrəmov 1980-ci
illərin əvvəlindən reyissor və ssenarist kimi
fəaliyyətini davam etdirərək, öz
yaradıcılığını sənədli filmlər
kinosuna həsr edib. O, 1984-cü ildə "Yaddaş"
studiyasını yaradaraq, həmin studiyada ölkəmizə
böyük uğurlar gətirən "Bakı balkonları",
"Köç", "Almas İldırım",
"Üzeyir Hacıbəyov" "Həbib və
Gülxanım", "Meydan" və s. filmlərini
yaradıb.
Z.Məhərrəmovun
müəllifi olduğu filmlər bir çox Beynəlxalq
festivallarda iştirak edərək mükafatlara layiq
görülüb. "Həbib və Gülxanım" filmi
IX Nyu-York Türk filmləri fesivalında uğurla
nümayiş etdirilib.
Z.Məhərrəmov bu gün
Tükiyənin Anadolu Universitəsinin kino və TV
bölməsində dərs deyərək, türk
xalqının kinosunun inkişafına öz töhfəsini
verir. O, həmçinin Türkiyə sinemaçıları
ilə Azərbaycan kinematoqrafçıları arasında
ünsiyyət yaradılmasında körpü rolunu
oynayır.
Kaspi.- 2008.- 29 yanvar.- S. 17.