Azərbaycanda
səfərdə olan Gürcüstanın birinci xanımı
Sandra Elizabet Rulofs yanvarın 12-də Bülbül adına
Orta İxtisas Musiqi Məktəbinə gəlmişdir.
Məktəbin foyesində Sandra Rulofsa və qonağı
müşayiət edən Ailə, Qadın və Uşaq
Problemləri üzrə Dövlət Komitəsinin sədri
Hicran Hüseynovaya gül-çiçək dəstəsi
təqdim olundu.
Məktəbin direktoru Nigar Cərullaqızı
rəhbərlik etdiyi təhsil ocağının
fəaliyyəti haqqında məlumat verdi. Gürcüstan
Prezidentinin xanımı kamera orkestrinin ifasında Ştrausun, Şopenin
və digər tanınmış bəstəkarların
əsərlərinə qulaq asdı. Qonaq xalq
çalğı alətləri, skripka şöbələrində
keçirilən fərdi dərslərdə iştirak etdi.
Məktəbin şagirdlərinin ifasında
səslənən dahi bəstəkarların
əsərləri Gürcüstanın birinci
xanımını və onunla birgə səfərdə olan
Zakariya Paliaşvili adına 1 nömrəli musiqi
mərkəzinin nümayəndələrini valeh etdi.
Fortepiano şöbəsinin şagirdlərinin istedadı
isə qonaqları riqqətə gətirdi. Azərbaycanın
xalq şairi Səməd Vurğunun nəticəsi Vurğun
Vəkilovun Macarıstan bəstəkarı Ferents Listin
fortepianoda ifa etdiyi "12-ci etüdü" Sandra Rulofsa
xoş təsir bağışladı. Qonaq balaca Vurğuna
uğurlar arzulayaraq onunla xatirə şəkli
çəkdirdi.
Xalq çalğı alətləri orkestri və
məktəbin"Qız Qalası" xorunun ifasını
dinləyən Sandra Rulofs Azərbaycan musiqi
mədəniyyətinin qədimliyinə və
zənginliyinə bir daha əmin oldu.
Sonda Gürcüstanın birinci xanımına dahi
Azərbaycan bəstəkarları Üzeyir Hacıbəyov,
Qara Qarayev və Fikrət Əmirovun klabirləri və not
materialları hədiyyə edildi.
Burada gördüklərindən məmnun
qaldığını söyləyən Sandra Rulofs
məktəbin rəhbərliyi və şagirdlərini
Gürcüstana dəvət etdi.
Sandra Rulofs məktəbin direktoruna özünün
müəllifi olduğu "Rasskaz idealistki" avtobioqrafik
əsərini hədiyyə etdi.
Azərbaycan.- 2008.- 13 yanvar.- S. 3.