Xalq artisti Şəfiqə Axundovanın ad günü

 

Şərqdə ilk opera yazan qadın bəstəkarın 84 yaşı tamam oldu

 

Dünən şərqdə ilk opera yazan bəstəkar qadın, xalq artisti, «Şöhrət» ordenli Şəfiqə Axundovanın ad günü idi. Bəstəkarın 84 yaşı tamam oldu.

O, 1924-cü ildə Şəkidə anadan olub. Şəfiqə Axundova dahi bəstəkar Üzeyir Hacıbəyovun tələbələrindədir. O, ilk musiqi təhsilini Asəf Zeynallı adına Bakı musiqi məktəbihdə tar sinfi üzrə alıb. Daha sonra Azərbaycan Dövlət Konservatoriyasında Üzeyir Hacıbəyovun rəhbərliyi altında xalq musiqisinin əsaslarını mükəmməl öyrənir və məhz onun xeyir duası ilə sənətdə ilk uğurlu addımlarını ataraq mahnılarını yazıb.«Neyçin gəlməz», «Nədən oldu», «Nə sən mənsiz, nə mən sənsiz» kimi mahnılarla dinləyici qəlbinə yol tapıb. Bununla kifayətlənməyən Şəfiqə Axundova mürəkkəb və çətin bir janra əl ataraq uğurla qələmini sınayır, şərqdə ilk opera yazan qadın kimi adını tarixə yazdırıb. 1971-ci ildə «Gəlin qayası» operası ilə müsiqi aləmini valeh edir. Hazırda 500-dən artıq bəstəsi olan sənətkar xanım hələ də yazıb yaradır.

Daha uzun ömür, cansağlığı arzulayırıq, Şəfiqə xanım!

 

Ədalət.- 2008.- 22 yanvar.- S. 6.