Xəlilzadə F.
Ötən əsrin ortalarında
Azərbaycan televiziyasının ekran və radio
dalğalarından tez-tez bir təqdimat eşidilərdi:
"Oxuyur Sona Aslanova". Ətrafa dalğalanan qəribə
bir səsin ahəngində sanki bulaq çağlayardı.
Ruhumuzu qeyri-adi hisslər oxşayardı. İllərin
dizlərini qatlayaraq əsrdən-əsrə qanadlanan qədim
bir xalq mahnısının qəlboxşayan hərarəti
ürəyimizi isidərdi:
Gözəlim, sənsən,
gözümün nuri,
Cənnətdə yoxdur, sənintək huri.
Öldürdü məni yarımın cövri,
Ona mən vuruldum,
Ona mən yar oldum.
Bu həzin etirafdan sonra səsin
ahəngi dəyişərdi:
Sevgilimə dəymə,
dəymə, dəymə,
Gülümün butasın əymə, əymə.
Musiqi tərtibatı Fikrət
Əmirova məxsus olan bu mahnının ifaçıları
çox olub. Amma bir məsələ təsdiqlənib ki,
hər bir ifaçının zirvəyə çatdıra
biləcəyi, öz möhürünü vurduğu mahnılar
var ki, onu başqaları oxuyanda həmin effekti vermir.
"Gözəlim sənsən" mahnısı Sona
Aslanovanın yaradıcılıq zirvəsi idi. O
illərdə Sona xanım saysız-hesabsız xalq
mahnıları və bəstəkar nəğmələri
oxuyub. Ustad vokalistin ifasında səslənən hər bir
şərqi dinləyicilər tərəfindən maraqla
qarşılanıb. Sona Aslanova sevilən, arzulanan
müğənnilərdən biri olub.
Vaxtilə Azərbaycan Dövlət Konservatoriyasının
professoru olmuş, Üzeyir Hacıbəyovdan dərs
almış əməkdar artist Sona Aslanovanın dövlət
televiziyasının Qızıl fondunda 205-ə qədər
mahnısının lent yazıları saxlanılır. Opera
səhnəmizdə Gülçöhrəni, Nigarı,
Əslini böyük məharətlə oynamış bu
müqtədir sənətkar həm də 12 bədii filmə
çəkilib. İndi də sevə-sevə
baxdığımız filmlərdə onun səsini
eşidəndə, mahnılarına qulaq asanda "nostalgiya"
keçirməli olursan. Çünki bu səsin
ahəngində duyduğun ovqat sənə əlin çatmaz,
ünün yetməz gənclik illərini xatırladır.
Sona Aslanova 1924-cü ildə Bakı şəhərində
anadan olub. Ali və orta təhsilini doğma
şəhərində alıb. Burada ailə qurub,
xoşbəxt olub, sənət zirvəsinə yüksəlib.
Özünə yüzlərlə pərəstişkar
qazanıb. Azərbaycanın hər bölgəsində Sona
Aslanovanı sevərdilər. Dahi Üzeyir Hacıbəyov onun
avazını "qəlbləri ovsunlayan səs"
adlandırmışdı. 1952-ci ildə Konservatoriyanı
bitirəndən həmin tədris ocağında pedaqoq kimi
çalışan Sona Aslanova 20 ildən artıq
gələcək kadrların yetişməsində
fədakarlıq göstərmişdir.
İtaliyalı Sofe İkonovna Qorskadan dərs almış Sona
Aslanova uzun illər Azərbaycan televiziyası, Dövlət
Filarmoniyası və estrada orkestrinin solisti olmuş,
Azərbaycan və xarici ölkə
bəstəkarlarının nəğmələrini
böyük coşqu və məharətlə ifa etmişdir.
Səsi və mahnıları ilə yaddaşımıza
dərin iz salmış, mükəmməl
yaradıcılığı və pedaqoji fəaliyyəti
ilə Azərbaycan musiqisinin inkişafında özünəməxsus
xidmətləri olan Sona Aslanovanın unudulması
mümkün deyildi. Nəhayət, bu yaxınlarda
aldığımız bir xəbər bizi xeyli fərəhləndirdi.
Kaliforniyada yaşayan həmkarım Gülbəniz
Arifqızı mənə telefonda bildirdi ki, Sona xanım
Aslanova hazırda Amerikanın bu ştatında
soydaşlarımızın sevimlisidir. Azərbaycanla
bağlı keçirilən bütün tədbirlərin,
mərasimlərin, məclislərin başında əyləşir.
Qəriblikdə ömür sürən
soydaşlarımız Sona xanımın oxuduğu xalq
mahnılarımızı göz yaşları ilə
dinləyirlər. Onlar bu səsdən güc və
qüvvət alaraq vətəndən uzaqda da özlərini
doğma yurdun cazibəsində hiss edirlər.
Milli musiqi tariximizdə özünəməxsus iz qoymuş
məlahətli səs sahibi, gözəl ifaçılıq
qabiliyyətinə malik Sona Aslanova Azərbaycan musiqisinin
təbliğatçısı kimi öz vətəndaş
missiyasını ləyaqətlə yerinə yetirir.
Kaliforniyada qeydiyyatdan keçmiş Amerika-Azərbaycan
Qadınlar Cəmiyyəti vaxtaşırı Sona xanımın
fəaliyyətini diqqət mərkəzində saxlayır. Bir
azərbaycanlı kimi milli musiqimizin gözəl
təbliğatçısı və ifaçısı olan
Sona Aslanova ömrünün ahıl çağında da
sevimli sənətinə bağlılığını
böyük ustalıqla nümayiş etdirməkdədir.
Kaliforniyada fəaliyyət göstərən
Amerika-Azərbaycan Qadınlar Cəmiyyətinin bütün
üzvlərinin bircə xahiş və tövsiyəsi var. Qoy
xalqımız bilsin ki, 84 yaşlı Sona Aslanova ömrün
müdriklik çağına çatsa da, səsi
əzəlki qədər təravətlidir. Gül
üstünə şeh düşsə də, bu
jalələr heç vaxt onun gözəlliyinə,
təzəliyinə, ətrinə xələl gətirə
bilməz. Yenə də qulaqlarımıza Sona xanımın
böyük coşqu ilə oxuduğu bir mahnıdan şən
avazlar gəldi: "Uca dağ başında bitər
lalələr".
Azərbaycan.- 2008.- 29 yanvar.- S. 7.