Kamilqızı K.
Alim Qasımov
haqqında ən yaxşı yazıların
müəllifləri mükafatlandırılıb
Azərbaycanın xalq
artisti, muğam ustası Alim Qasımovun 50 illik yubileyi və
sənət fəaliyyətinin 30 illiyilə əlaqədar son
bir neçə ildə xanəndə haqqında qələmə
alınan ən yaxşı yazılar müsabiqə yolu
ilə müəyyənləşdirilib. 1000-ə yaxın
yazı arasından ən yaxşıları seçmək
üçün 3 ay ərzində iş aparılıb. Onlardan
cəmi 9-u mükafata layiq yazı kimi seçilib. Həmin
yazıların müəllifləri xüsusi
hədiyyələrlə mükafatlandırılıb. Bundan
əlavə, 10 nəfər tanınmış
mədəniyyət adamı da hədiyyələrlə
təltif olunub. "Yanar qəlbli Alim"
məqaləsinə görə Azər Rzayev, "Alim
teatrının sehri" yazısına görə Vaqif
İbrahimoğlu, "Sözümüzü Allaha de"
məqaləsi üçün millət vəkili Rəfael
Hüseynov, "Gün işığı" məqaləsilə
Kamil Vəli Nərimanoğlu mükafata layiq
görülüblər. "Vokalımızın Alim
zirvəsi"nə görə Tofıq Hüseynov,
həmçinin qələmə aldıqları yazılara
görə Afaq Vasifqızı, Natəyan Faiqqızı, Vaqif
Yusifli və Lalə mükafatlandırılıb. Mailə
Muradxanlı tərəfindən seçilən
məqalələr müxtəlif mövzularda olsa da,
onları Alim Qasımov sənətinə vurğunluq və
onun yaradıcılığının müxtəlif
aspektlərdən təhlili birləşdirir.
Tədbirdə çıxış edən laureatlar Alim Qasımov sənətindən, onun şəxsiyyətindən, insani keyfıyyətlərindən danışıblar. Millət vəkili Rəfael Hüseynov bu tədbirin gələcəkdə ənənəvi hal almasını və hər il bu mükafatın gözəl muğam ifaçılarına verilməsini təklif edib: "Təklif edirəm ki, gələcəkdə Alim və muğam sənəti ilə bağlı elmi araşdırmalar aparılsın. Bundan başqa, mükafat kimi verilən əl fiqurları gələcəkdə Alimin öz əlinin forması əsasında hazırlansın. Bununla da, hər bir mükafatlandırılan şəxs Alim Qasımovdan bir hissəni öz evində hiss etsin".
Tədbirin sonunda ustad xanəndə Alim Qasımovun özü Hacı Eldar tərəfindən
hazırlanan xalça
ilə təltif olunub. Amma sənətkar
iki butanı - özü ilə qızı Fərqanənin
təsvir olunduğu əsəri
onun yaradıcılığında
və bu tədbirin keçirilməsində
böyük rolu olan həyat yoldaşı Tamilla xanıma verib.
525-ci qəzet.- 2008.- 8 yanvar.- S. 7.