“Çox
istəyirəm ki, hərb himnimizi də yazım”
"Üzeyir bəyin bünövrəsini
qoyduğu bəstəkarlıq məktəbinin bənnası
Qara Qarayev oldu"
Həmsöhbətim
tanınmış bəstəkar, Musiqi Akademiyasının
müəllimi, Dövlət Himnimizi bərpa etmiş Aydın
Əzim Kərimoğludur
- Aydın müəllim, xoş gördük,
necəsiniz?
- Sağ olun, hamı kimi
çalışıram ki, mən də bu zamanla dil tapıb
yaşayım.
- Aydın müəllim, biz bir xoş
təsadüfdən görüşdük,
açığı çox arayıb-axtarmışdım,
haralardaydınız, niyə görsənmirdiniz?
- Mən o qədər də uzaqda deyildim,
qardaş məmləkətdə, Türkiyədə idim. Bir
səyahətə çıxmışdım. 1995-ci ildə
iş elə gətirdi ki, orada da təsadüf
nəticəsində məni Mersin universitetinə dəvət
etdilər və təklif olundu ki, bu universitetdə
bəstəkarlıq fakültəsini yaradım. Mən də
razılıq verdim. Düşündüm ki, bir ilə
işləri yoluna qoyub, vətənə qayıdaram. Amma bir
də onda baxıb gördüm ki, artıq 10 il keçib.
Fakültə də yaranıb, onun üçün lazım
olan xeyli işlər də görülüb, ilk
məzunlarım da var. Onlardan dörd nəfəri dövlət
Konservatoriyasına bəstəkarlıq kafedrasında simfoniya
sinfini, biri isə fortopiano sinfini bitirdi. Yəni bir az da konkret
desəm mən nəzəri cəhətdən lazım ola işləri
də gördüm, praktiki olaraq tələbələrim
də bu gün Türkiyənin musiqi aləmində öz
sözünü deməkdədir. Mən orada
ürəkdən işlədim, amma fikrim yenə
Azərbaycanda idi. Səmimi deyəcəm,
təhsil aldığım Üzeyir Hacıbəyov adına
Dövlət Konservatoriyasının məzunu və Qara
Qarayevin tələbəsi kimi Türkiyədə çox
vicdanla hər iki böyük bəstəkarımızın
adına layiq işləməyə çalışdım.
Sevinirəm ki, orada qazandığım uğurlar hər
kəs tərəfindən dəyərləndirildi. Məni
Vətən çəkirdi. Bu gün Türkiyədəki
tələbələrimlə əlaqə saxlasam da, burda da
qayıdandan sonra çox hörmətli Arif Məlikovun
məni işlə təmin etməsi ürəyimcə oldu,
necə deyərlər unudulmadığımı hiss etdim.
- Aydın müəllim, hər bir sənət
adamı, o cümlədən də bəstəkar həm
öz müəllimi ilə, həm də yaratdığı
əsərlərlə tanınır. Yəni kimin
tələbəsi olduğu, nəyə əl
atdığı cəmiyyətin diqqətində olur. Bu
mənada sizin keçdiyiniz yol mənim üçün,
eləcə də oxucularımız üçün
maraqlıdı.
- Əvvəla mən Qara Qarayevin sonuncu
tələbələrindən biriyəm, necə
deyərlər sonbeşiyəm. Onu da deyim ki,
Qara Qarayev Üzeyir Hacıbəyovun bünövrəsini
qoyduğu məktəbin bənnasıdı. Onun yaratdığı
bəstəkarlıq məktəbi təkcə sovet
dönəmində deyil, bu günün özündə
də dünyanın hər yerində qəbul olunur və
tanınır. Çünki Q.Qarayev dünyanın
iki-üç ən böyük bəstəkarlarından
biridir ki, o həm bəstəkar kimi, həm də pedaqoq kimi
çox yüksək mərtəbəni qazanıb. Hər bir
sənətdə fərd olaraq sənətinin biricisi,
yaradıcısı olmaq mümkündü, amma onun
müəllimi olmaq, artıq bu ikinci dahilik, ikinci
böyüklükdür. Q.Qarayev də həm bəstəkar
kimi, həm də müəllim kimi çox uca bir
zirvədə dayanır. Mənim bəxtimə Asəf Zeynallı
adına musiqi məktəbində Xəyyam
Mirzəzadədən, Konservatoriyada isə Qara Qarayevdən
dərs almaq xoşbəxtliyi düşüb. Onu da deyim ki,
Üzeyir Hacıbəyovun xidmətləri o qədər
böyükdür ki, hələ bundan sonra on-on beş
əsrə də gedib çatacaq. Qara Qarayev, Fikrət Əmirov,
Soltan Hacıbəyli, Tofiq Quliyev, Cahangir Cahangirov və
digərləri Üzeyir bəyin məktəbinin
davamçıları və yaşadanlarıdırlar.
Təəssüf ki, Qara Qaryevlə onun yaratdığı
məktəb bitsə də, digər
bəstəkarlarımız Arif Məlikov, Xəyyam
Mirzəzadə və başqaları o məktəbin ikinci bir
həyatını yaratdılar. Və bu gün də həmin
məktəb öz fəaliyyətini davam etdirməkdədir.
Qara Qarayevin yaratdığı bəstəkarlıq
məktəbi özünün ənənələri ilə
bütün ondan sonrakı dövrlər üçün
birmənalı qəbul olunmaq haqqı qazandı. Və
sevinirəm ki, mən də o məktəbin məzunu
olmuşam.
- Siz öncə qeyd etdiniz ki,
Türkiyədə bəstəkarlıq məktəbini
yaradıb, onun nəzəriyyəsini
tələbələrizə öyrətdiniz. Yəni, həyatınızda
təkcə yazıb-yaratmaq yox, həm də
öyrətmək mərhələsi də müəyyən
yer tutur...
- Bəli, bu doğrudan da məsuliyyətli
və çətin bir işdi. Böyük Qara
Qarayev həmişə deyirdi ki, siz oxuyub məktəbi
qutaracaq, diplom da alacaqsınız, ancaq əsil məktəb
həyatın özüdü. Siz o məktəbin
dərslərini kamil öyrənə bilsəniz, onda
həyatda uğurlar qazana biləcəksiniz və böyük
ustadım bunun ardınca onu da vurğulayırdı ki,
mən bağbanam siz isə meyvə tinkləri. Onu
becərdikcən qurumuş budaqlarını kəsdikcə
mən sevinirəm, barını görəndə daha da
xoşbəxt oluram. Amma o tink quruyanda, bar verməyəndə
ürəyim ağrayır, təəssüflənirəm.
Çalışmaq lazımdır ki, əkib-becərdiyinin
barın görəsən. Bu mənada mən də həm
Türkiyədə, həm də bu gün çalışdığım
kafedrada hər bir öyrənciyə həmin o sevgiylə, o
istəklə yanaşıram.
- Aydın müəllim, mən sizi daha çox
bu gün bizim şövqə gətirən, az qala
döyüşə çağıran himnimizin
bərpacısı kimi tanımışam.
Ümumiyyətlə yaradıcılıq yolunuz
barəsində nə deyə bilərsiniz?
- Mənim həyatımın ən maraqlı,
ən gözəl anlarından biri də böyük
Üzeyir bəylə təmasda olmağımdı. Sovet
dönəmində biz "Azadlıq" radiosuna gizli də
olsa qulaq asırdıq. Mən həmin radioda Üzeyir
bəyin yazdığı Cümhuriyyət himnin bir
neçə dəfə eşitmişdim. Rəhmətlik Yusif
Səmədoğlunun təhriki ilə mən arxivə üz
tutdum. Arxivdə Üzeyir bəyin əsərinin yalnız
melodiyaları, cizgiləri qalmışdı. Böyük
həvəslə son dərəcə diqqətlə
çalışıb həmin eskizlər üzərində
himnimizi bərpa etdim və bundan da qürur duyuram. O ki,
qaldı yaradıcılığa mən xeyli mahnılar,
simfonik əsərlər müəllifiyəm. Simfonik
əsərlərim sovet dönəmində SSRİ
Bəstəkarlar İttifaqının Plenumunda, eləcə
də dünyanın bir çox möhtəşəm
zallarında və tədbirlərində səslənib. Daha
çox isə teatr, eləcə də kinofilmlər üçün
musiqilər yazmışam.
- Aydın müəllim, sirr deyilsə daha
çox hansı sənət adamları ilə
işləməyə üstünlük vermisiniz?
- Unudulmaz rejissorumuz Hüseynağa
Atakişiyevlə 60-dan çox tamaşaya musiqi
yazmışam, onlardan üçü beynəlxalq festivallarda
birinci yer tutub. Bunlar Şandor Petefinin (bu Macar festivalı idi)
"Pələng və kaftar", Brextin "Arturo Uinin
karyerası" və Raço Sayananın "Ustalar"
(Bolqar festivalı) əsərləri idi. Sonra
"Romeo və Cülyetta"ya musiqi yazmışam, hətta
Şəki teatrı üçün yazdığım
musiqi, bu gün Rusiyanın mədəniyyət naziri olan
Şvıdkoy Moskva qostrolundan sonra "Pravda"
qəzetində yazdığı məqalənin böyük
bir hissəsini də mənim musiqimə həsr etmişdi.
Bu həmin dövr üçün çox böyük
qiymət idi. O cümlədən çox
böyük rejissorumuz olan Mehdi Məmmədovun
hazırladığı Hüseyn Cavidin "İblis"
tamaşasına musiqi yazdım və bu tamaşa dövlət
mükafatı aldı. Və bir faktı da deyim ki, bu gün
hamının sevdiyi Brillant Dadaşova mənim həmin
musiqimdə Çingənənin mahnısını ifa
edibdi. Mənim son dərəcə yaxın dostum olmuş
rəhmətlik Vaqif Mustafazadə mahnılarımın ən
gözəl ifaçılarından idi. Onunla birlikdə
oxumuşduq Asəf Zeynallıda. Mən Əhməd Cavadın
"Bayrağım" şerinə xor və solist ifası
üçün simfonik əsər də yazmışam. Bu da bundan öncəki qurultayda səslənibdi.
Çox istəyirəm ki, hərb himnin də yazım, ancaq
bunun üçün hələlik elə bir uğurlu söz
mətni tapa bilmirəm. Ümumiyyətlə məqsədim
dövlətin simvolları ilə bağlı mahnılar
yazmaqdı. Bir şeyi də əlavə edim ki, bu gün
Türkiyədə hakimiyyətdə olan baş nazir
Ərdoğan İstanbulun meri olanda mənə müraciət
etdi və mən onun sifarişi ilə "Mehmetlər"
marşlarını yazdım. Bu gün də həmin
marşlar Türkiyədə ifa olunur və buna görə
çox məmnunam. Və qürur duyuram ki, həmin 6-7
marş Türkiyədə simfonik orkestrin ifasında
səslənir.
- Aydın müəllim, siz şairlərdən
kimlərin yaradıcılığına müraciət
edirsiniz?
- Daha çox Aşıq Ələsgərin,
Nəsiminin, Füzuli, Hüseyn Cavidin, Abbas Tufarqanlının
sözlərinə tez-tez üz tuturam. Mən hazır şer
mətninə musiqi yazıram. Musiqini hazırlayıb, şeri
axtarmağı xoşlamıram. Yəni mən bu yolu
tutmuşam. Bu günkü şairlərimizdən Dilsuz
Mustafayevin şerlərinə də müraciət
etmişəm. Elə ilk mahnımı da onun şerinə
yazmışam, bu da onun ilk mahnısı idi. Həmin vaxtlar
bir yerdə işləyirdik. Mahnı "El içində bir
yar sevdim" adlanır. Onu Brillant Dadaşova oxuyub. Mənim
mahnılarımı Flora xanım, Akif İslamzadə ifa
ediblər. Rəhman Əlizadənin sözlərinə də
mahnılar yazmışam. Özü də mən
mahnını yazandan sonra onu hər müğənniyə
vermirəm. Mütləq o ifanın sahibini axtarıb
tapıram, sonra mahnı ortalığa çıxır.
Ümumiyyətlə isə Flora xanımla, Mübariz
Tağıyevlə işləmək çox xoşdur. Aşıq Ələsgərin sözlərinə
böyük bir əsər yazmışam, lakin orkestrdə ud
və saz ifaçıları, yəni mənim ürəyim
istədiyi səviyyədə hələlik tapa
bilmədiyimdən bu əsərin də ifası hələ
öz vaxtını, məqamını gözləyir.
Təsəvvür edin ki, mən Hüseyn Cavidin
"İblis"də "Sərməsti eşq ol..."
misraları ilə başlayan mahnısını özüm
oxumuşam. Çünki o səsə uyğun ifaçı
tapa bilmədim. Ola bilsin ki, bu mənim şəxsi problemimdi.
Hər səsi bəyənmirəm.
- Aydın müəllim, bir məqama da toxunmaq
istərdim. Bu gün qəribə bir mühit yaranıb,
necə deyərlər az qala bütün müğənnilər
həm mahnının mətnini, həm musiqisini yazır,
həm də ifa edirlər. Biz sözlə musiqi
mədəniyyətimizdə bir şou yaşanır.
- Burada qorxulu heç nə yoxdur.
Dünyanın hər yerində bu cür proseslər baş
verib. Zaman özü hər şeyi ələkdən
keçirib. Nə yaxşıdırsa, nə
dəyərlidisə o yaddaşda, tarixdə qalır. O ki,
qaldı həvəskar bəstəkarlara bu sovet
dönəmində də olubdu və bu gün də həmin
həvəskarların bir çox gözəl mahnıları
ifa olunmaqdadır. Professonal bəstəkarların
yaradıcılığında qüsurların olması
isə bağışlanmaz haldır. Çünki onlar bu
sənətin nəzəriyyəsini də bilirlər,
texnikasını da. Onların nöqsana yol verməyə
haqqı çatmır. Mənim çoxlu mahnılarım
var, hələki ifaçılarını axtarıram.
Ümumiyyətlə bu gün hay-küy salanların bir
gün gələcək ki, "barıtı" qurtaracaq.
Çünki onlar bu günlə, bazarla yaşayırlar.
Əsil sənət isə qalacaq. Ona görə də narahat
olmağa dəyməz. Bircə zövqümüzü
korlayırlar. Bax, bu bağışlanmaz haldır.
Çünki Səid Rüstəmovun, Cahangir Cahangirovun, Tofiq
Quliyevin mahnılarının yanında bu cür
"bəstəçilik" çox ömür
sürməz.
- Aydın müəllim, son olaraq
bir məsələyə də münasibətinizi
öyrənmək istərdim. Çoxsaylı
əsərlərin müəllifi, bəstələri
ölkənin hüdudlarından kənarda səslənən
bir bəstəkarın gözdən iraq olması, az-az
aranıb axtarılması sizə necə təsir bağışlayır?
- Doğrusu mən bu cür yanaşma ilə
razılaşmıram. Türkiyədə olanda da məni
buradakı dostlarım, musiqi biliciləri
arayıb-axtarıblar, indi də axtarırlar. Təsadüfi
deyil ki, Vətənə dönən kimi Arif Məlikov
məni işlə təmin etdi. Bunun özü mənə
olan böyük bir diqqətdi. Mənim əsas vəzifəm
tələbələrimə bildiklərimi öyrətmək
və yaradıcılığımla məşğul
olmaqdır. Qalanları isə hər kəsin öz
insafına. Bu mənada sizə də minnətdaram ki, məni
redaksiyanıza dəvət edib, həmsöhbət oldunuz.
İnanıram ki, dediklərim hər kəs
tərəfindən anlayışla qarşılanacaq. ə
Ədalət.- 2008.- 25 yanvar.- S. 4.