Salmanov R.
–"Onun güclü biləyi, iti barmaqları, ən başlıcası isə
gözəl ürəyi
var". Dahi bəstəkar Üzeyir Hacıbəyovun vaxtilə
16 yaşlı gənc
tarzən Firudin Ələkbərov haqqında
dediyi bu sözləri 20 ildən sonra görkəmli bəstəkarımız Fikrət
Əmirov da bir daha təsdiqləmişdir.
Bu günlərdə gözəl
ifaçılıq məharətinə
malik ustad tarzən, respublikanın əməkdar artisti, Prezident təqaüdçüsü
Firudin Ələkbərovun
anadan olmasının
85 ili tamam olur.
Ömrünün 70 ilini
tar sənətinin inkişafı və təbliğinə həsr
etmiş sənətçi yaşının bu vədəsində də sevdiyi peşədən ayrılmayıb,
bilik və bacarığını gənc
nəslə həvəslə
öyrədir. Boş vaxtlarında
isə imkan tapan kimi filarmoniyanın
yanındakı bağa
gəlir, “Vahid” poeziya evində sənət dostları ilə görüşüb
olan-keçənləri
bir xoş xatirə tək yada salır, sənət naminə yaşanmış bu ömrün hədər getmədiyini görüncə
ürəyində qürur
hissi keçirir.
Hər dəfə sənətdən söz düşəndə, — Mən
Üzeyir bəyi görmüşəm, Bülbülü,
Xan əmini, Rübabə Muradovanı,
Əbülfət Əliyevi
müşayiət etmişəm,
— deyir. Doğrudan da, Firudin müəllim
ölkəmizin, demək
olar ki, bütün tanınmış
müğənnilərini müşayiət
edib. Dünyanın bir çox ölkələrində milli
musiqi nümunələrimizi
layiqincə təmsil edib. Həyatının ən gözəl, yaddaqalan, şirin məqamları da məhz adları incəsənət tariximizə
qızıl hərflərlə
yazılan sənətçilərlə
birgə çalışmağındadır.
Muğam
sənətindən söz
düşəndə isə
o deyir: “Əgər ötən əsrin əvvəllərindən
bizə gəlib çatan Cabbar Qaryağdı oğlunun, İslam Abdullayevin, Keçəçi oğlu
Məhəmmədin, Məcid
Behbudovun, Malıbəyli
Həmidin bir neçə valları olubsa, bu gün
artıq qızıl səs xəzinəmizdə neçə-neçə ustad xanəndənin saysız-hesabsız müğam dəsgahları gələcək
nəsillər üçün
qorunub saxlanır. Muğam sənətimiz bu gün, demək
olar ki, daha da inkişaf
edib, xalq tərəfindən daha çox sevilərək geniş təşəkkül
tapıb. Sevindirici haldır ki, muğam sənətinə
bu gün dövlət səviyyəsində
qayğı var. Mədəniyyətimizin hamisi,
Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri,
millət vəkili Mehriban Əliyevanın qayğısı
ilə işıq üzü görmüş
”Qarabağ xanəndələri"
albomu, Muğam-2005, Muğam-2007 televiziya müsabiqələri,
gənc istedadlara, yaşlı nəslin incəsənət ustalarına
göstərdiyi diqqət
və qayğı deyilənlərin ən bariz nümunəsidir.
...Ustad tarzənin evdə olduğunu tarın səsindən bildim. Özünəməxsus
ifa tərzi və improvizələrlə
çaldığı “Orta
mahur” muğamı digər sənətçilərin
ifasından seçilirdi.
Muğamın son akkordunu vuranacan zəngin düyməsini basmadım. Bu gözəl ifanı kəsmək istəmədim.
Daha doğrusu, onu öz aləmindən
ayırmağı qıymadım...
1922-ci ildə Gəncə
şəhərində anadan
olan Firudin Ələkbərov erkən
yaşlarından musiqiyə,
xüsusən də tar sənətinə böyük maraq göstərmişdir. Ona bu hissi aşılayan
isə böyük qardaşı Turqut olmuşdur. Gəncə şəhər pionerlər
evində tar dərnəyində məşğul
olan Turqut balaca Firudini də tez-tez özü ilə dərsə aparır. Uşağın tara olan həvəsini və musiqi duyumunu görüncə tar müəllimi gələcək
dərslərə Turqutun
əvəzinə Firudinin
gəlməsini valideynlərindən
xahiş edir. Çox çəkmir ki, Firudin istedadı
və qabiliyyətilə
hamının diqqətini
özünə cəlb
edir, istedadlı tarzən kimi tanınır. Pionerlər evinin xalq çalğı alətləri orkestrinin rəhbəri M.Mehdiyev gənc tarzəni öz orkestrinə konsertmeystr dəvət edir. 15-16 yaşlı gənc tarzən üçün təklif
gözlənilməz olsa
da, bu kollektivdə
çalışmaq onun
çoxdankı arzusu
idi. Günü-gündən sənətdə
püxtələşən Firudin Ələkbərov az müddətdən sonra, 1938-ci ildə Gəncə filarmoniyasının
orkestrinə solist kimi dəvət olunur. Orkestrin rəhbərləri Mobil Qədimov, sonralar isə Zarif Qaibov gənc
tarzənin özünə
qarşı tələbkarlığını,
ürəyəyatımlı şirin ifasını görüncə onu tez-tez orkestr üzvlərinə nümunə
çəkər, bilmədiklərini
Firudindən öyrənməyi
tövsiyə edərdilər.
Bir il sonra Firudin
Ələkbərov orkestrə
rəhbər seçilir.
16 yaşlı gənc
tarzən ansamblın üzvləri, öz məlahətli səsi ilə hamının rəğbətini qazanmış
Musa Şuşinski, Səmayə Mirzəyeva, Nəzakət Məmmədova
və digər müğənnilərlə doğma
respublikamızı qarış-qarış gəzərək
saysız-hesabsız konserlər verir.
1941-ci ildə Böyük
Vətən Müharibəsi
başlanan gündən
Firudin Ələkbərov
Bülbül, Xan Şuşinski, Zülfü
Adıgözəlov, Əbülfət
Əliyev, Şövkət
Ələkbərova, Sara
Qədimova və dövrün digər ən tanınmış incəsənət
xadimlərilə birgə
hərbi hospital və hissələrdə
olur, igid döyüşçülərimizdə vətənpərvərlik hissi
aşılayan mahnılarla
çıxış edir.
Müharibənin davam
etdiyi illərdə Firudin Ələkbərov iki minə yaxın
konsertdə çıxış
etmişdir. Arxa cəbhədəki fədakar əməyinə
görə medalla təltif olunmuşdur.
1946-cı ildə Bülbül Gəncəyə
növbəti qastrol səfərində böyük
təkiddən sonra Firudin Ələkbərovu
özüylə Bakıya
aparmağa müvəffəq
olur. O dövr filarmoniyanın direktoru işləyən Zeynal Xəlilə Firudini təqdim edən Bülbül “gözəl
tar çalmağı
var” deyir. Gənc tarzənin ifa etdiyi “Çahargah”
muğamı maestro Niyazinin və Üzeyir bəyin çox xoşuna gəlir. Üzeyir bəyin rəyi Firudin Ələkbərovun
həyatında çox
önəmli rol oynayır. Azərbaycan Dövlət Filarmoniyasına
solist kimi işə qəbul edilən Firudin Ələkbərov musiqi savadını artırmağı
da unutmur. Asəf Zeynallı adına orta ixtisas musiqi
məktəbində Adil
Gəray, Əhməd
Bakıxanov və Səid Rüstəmovdan dərs alaraq tar sənətinin incəliklərinə daha
dərindən yiyələnir.
İşlədiyi müddətdə
SSRİ-nin əksər
respublikalarında qastrol
səfərlərində olur.
Moskvada keçirilən
festival və incəsənət ongünlüyünün
iştirakçısı olur.
Sara Qədimova, Əbülfət Əliyev,
Fatma Mehrəliyeva kimi tanınmış incəsənət ustalarımızı
böyük məharətlə
müşayiət edir.
O dövrün ən populyar qəzeti olan “İzvestiya” “Azərbaycan dekadasının solistləri”
başlığı altında
geniş məqalə
və gənc tarzən Firudin Ələkbərovun şəklini
dərc edir.
1978-ci ildən, Azərbaycan
Konsert Birliyi yaranan gündən filarmoniyanın əksər
işçiləri kimi
Firudin Ələkbərov
da bir solist
olaraq bu birliyə daxil olur. Zəngin yaradıcılıq yolu keçmiş Firudin Ələkbərovun ifasında
bu gün radionun qızıl fondunda “Çahargah”, “Orta Mahur”, “Bayatı-Şiraz”, “Şur”, “Segah”, “Çoban bayatı”, “Mahur-Hindi” və onlarca xalq və həstəkar
havaları qorunub saxlanır. Azərbaycan milli musiqi ifaçılığının layiqli nümayəndəsi
Firudin Ələkbərov
milli musiqimizin təbliği və tərəqqisində göstərdiyi
xidmətlərinə görə
1989-cu ildə respublikanın
əməkdar artisti adına layiq görülür.
85 yaşlı ustad tarzənin iti barmaqlarından, güclü
biləyindən az-çox nişanə
qalsa da, zahiri görünüşündən,
əvvəlki qədd-qamətindən, şəvə
tək gur qara saçlarından əsər-əlamət yoxdur. Əvəzində daim yol çəkən
dumanlanmış gözləri,
həmişə qayğılı
görünən pərişan
çöhrəsi, bir
də ağarmış saçları var. Tək dəyişməyən
isə daim yaradıcılıq eşqilə
döyünən qəlbi,
sevimli tara olan sonsuz məhəbbətidir.
Xalq qəzeti.- 2008.- 29 yanvar.- S. 4.