Zümrüd

 

Azərbaycan musiqiçiləri fransızları heyrətləndirib

 

Parisin 18-ci rayonundakı Abess konsert salonunda Fransada yaxşı tanınan Azərbaycan musiqiçiləri Elşən və Malik Mansurov qardaşlarının konserti olmuşdur. Elşənin kamançada, Malikin tarda və onları nağarada müşayiət edən Kamran Kərimovun ifasında bir sıra xalq mahnılarımız və muğamlarımız səslənmişdir. Musiqiçilərimizin ifaçılıq tərzi fransız tamaşaçılarını heyrətə salmış və onlar hər üç musiqiçinin çıxışlarını dəfələrlə sürəkli alqışlarla qarşılamışlar.

Konsertlə əlaqədar fransız musiqişünası Jakelin Manyenin "Musiqili Fransa" jurnalında dərc olunmuş məqaləsində muğamın vətəni Azərbaycan haqqında, Elşən və Malik Mansurov qardaşları barədə ətraflı məlumat verilmişdir.

Məqaləsinin əvvəlində Azərbaycanın odlar diyarı mənasını verdiyini xatırlatmış müəllif, coğrafi baxımdan çox əlverişli sahədə yerləşən Azərbaycanın qədim tarixə və mədəniyyətə malik olduğunu qələmə almaqla yanaşı, odlar diyarı kimi xatırlanmasını ölkəmizdə yeraltı enerji mənbələrinin zənginliyi ilə bağlı olduğunu bildirmişdir.

Məqalədə qeyd olunur ki, müxtəlif vaxtlarda ərəblər, monqollar, farslar və nəhayət ruslar tərəfindən işğala məruz qalmış Azərbaycanda xalq öz mənsubluğunu, tarixini, mədəniyyətini, ədəbiyyatını və  incəsənətini nəinki qoruyub saxlaya bilmiş, hətta dərin inkişaf etdirmişdir. 1991-ci ildə müstəqillik əldə etmiş Azərbaycan mədəniyyətini və incəsənətini bütün dünyaya tanıtmaq istiqamətində mühüm addımlar atmışdır. 2003-cü ildə Azərbaycan xalqına məxsus muğam bəşəriyyətin qeyri-maddi və mədəni irsi kimi YUNESKO-nun şah əsərləri siyahısına daxil edilmişdir.

Müəllif Azərbaycan musiqisinin ən qədim növlərindən biri olan muğam ifaçıları arasında Alim Qasımovun adını çəkmiş, onun qeyri-adi ifaçılıq tərzindən danışmış, məhz fransız musiqisevərlərinə yaxşı tanış olan Alim və digər xanəndələrin muğam Fransa kimi bir ölkədə tanıtmaq sahəsindəki xidmətlərini yüksək qiymətləndirmişdir.

Fransada dəfələrlə olmalarına baxmayaraq, ilk dəfə tələbkar paytaxt tamaşaçıları qarşısında müvəffəqiyyətlə çıxış etmiş Elşən və Malik Mansurov qardaşlarının yaradıcılığına məqalədə geniş yer ayrılmışdır. Şairlər diyarı Oazaxda dünyaya gəlmiş hər iki qardaşın hələ uşaq ikən müsiqiyə böyük maraq göstərdiyini xatırlatmış müəllif, onların Bakıda konservatoriyanı bitirdiklərini Alim Qasımov, Nəzakət Teymurova, Ağa Kərim kimi tanınmış muğam ifaçıları ilə yanaşı Sevinc Sarıyeva və Rövşən Məmmədov kimi xanəndələrin konsertlərində də onları dəfələrlə müşayiət etdiklərini fransız oxucularının diqqətinə çatdırmışdır.

Jakelin Manye yazısında konsert barədə Elşənin fikrinə də istinad etmişdir. Elşən müsahibəsində müəllifə bildirmişdir ki, xanəndəsiz, yalnız tar və kamança ilə muğamın incəliklərini fransız musiqiçilərinə çatdırmaq nə qədər çətin olsa da, onlar buna var qüvvələri ilə çalışacaqlar. Konsertin gedişi göstərdi ki, hər iki qardaş istədiklərinə nail olmuşdur. Bunu tamaşaçıların onların çıxışlarını dəflərlə alqışlamaları sübut edir.

 

Səs.- 2008.- 12 yanvar.- S. 12.