Cabbarlı A.
Muğam adlı kəhkaşanın
Azərbaycandan böyük dünyaya açılan
pəncərəsindən 14 həftə, başqa
sözlə, düz 300 saat böyük səhnəyə vəsiqə
qazanmaq istəyən 160 nəfərin içərisindən
seçilmiş 20 gənc ifaçının qızılla
ölçüləsi səsini milyonların diqqətinə
çatdırmaq missiyası milli-mənəvi
dəyərlərimizin təbliğində və
inkişafında böyük xidmətləri olan AzTV-nin
üzərinə düşmüşdü. Bəri başdan
deyək ki, qocaman telekanal bu vəzifənin
öhdəsindən uğurla gəldi.
Heydər Əliyev Fondunun və Azərbaycan
Mədəniyyətinin Dostları Fondunun misilsiz
dərəcədə köməyini və dəstəyini bu
marafonun gedişində hər an müşahidə edən
seyrçilər ölkəmizdə muğam
sənətinə, incəsənətimizə, musiqi və
mədəniyyətimizə göstərilən
qayğının əvəzedilməzliyinin bir daha şahidi
oldular. Yanvarın 15-də müsabiqənin yekun
mərhələsində Heydər Əliyev Fondunun prezidenti,
YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri
Mehriban xanım Əliyevanın gənc istedadlara təbrik
məktubu bu qayğının mahiyyətindən, daha
uğurlu perspektivlərə hesablanmasından xəbər
verir.
Beləliklə, üç aydan çox davam edən
qızıl səslər bəhsləşməsinə yekun
vuruldu. Əslində isə bunu muğam sənətinin daha
böyük gələcəyinə, dünya miqyaslı
uğurlarına bir strat kimi də yozmaq olar. AzTV-nin canlı
yayımlarını izləyən milyonlarla insana
bağışlanan sevinci, xoş ovqatı sözlə
ifadə etmək olduqca çətindir. Televiziyanın elektron
poçtuna ünvanlanan 2500 məktub, yüzlərlə
telefon zəngi tamaşaçı məhəbbətinin,
muğama, sənətə bağlı insanların
yaşadığı duyğuların barometridir.
"Muğam müsabiqəsi - 2007" bir çox
məqamları ilə qiymətli, əvəzedilməzdir.
Başlıcası, bu tədbirin
təşkilatçılarının birgə səyi,
yaradıcı əməyi ilə əslində, salonda və
ekranda belə müsabiqədə SMS-ə qətiyyətli bir
"yox!" nidası da səsləndi. Bu müsabiqə
2005-ci il müsabiqəsindən bir sıra önəmli
cəhətləri ilə fərqlənirdi. Münsiflər
heyətinin tərkibi, ustadların qətiyyətli, prinsipial
mövqeyi, eyni zamanda, humanist davranışı,
musiqiçilərin ifaçıları son dərəcə
nümunəvi müşayiəti, teleaparıcıların
səriştəliliyi, salonda əyləşən
söz-sənət xiridarlarının həssas
münasibəti müsabiqəni bir kompleks halına
gətirir, bütövləşdirirdi. Artıq elə bir
ab-hava yaranmışdı ki, dəvətlilər,
eləcə də televiziya tamaşaçıları heyrətlərini
gizlədə bilmirdilər. İştirakçılar
segahı, təsnifi, rastı bir-birindən gözəl ifa
edirdilər. Qələbə, uğur, Böyük Muğam
Evinin əzəli sakinlərinin, Azərbaycan musiqi
sənəti korifeylərinin, səhnəyə
təzəcə qədəm qoyan yeniyetmə və
gənclərin müəllimləri olan ustad
sənətkarların ünvanına yazılırdı.
Hər dəfə konsert proqramından əvvəl
Rəşid Behbudov adına Mahnı Teatrının
səhnəsindəki ekrandan Cabbar əminin, Seyid və Xan
Şuşinskilərin, Rübabə xanımın, Hacıbaba
Hüseynovun, Əbülfət Əliyevin, Sara xanımın
ecazkar, ürəkləri fəth edən ifasını,
avazını eşidəndə, xalqımızın
böyüklüyü, şərəfli keçmişi
və xoşbəxt gələcəyi ilə bağlı
duyğulara bürünürdük. Bu duyğuların
qanadında, əlbəttə, Elməddinin,
Güllünün, Abgülün, Nasirin, Ehtiramın,
Rəvanənin köməyi ilə xəyalımız
Qarabağda, Cıdır düzüngə, Qarqarın
sahilində, Şirvan çöllərində, Təbriz
səmasında qanad açıb uçmadımı?
Bu qızıl səslilərin heç biri birinci yer
üçün iddialı deyildi. Bu cavanların
bəziləri heç düz-əməlli musiqi təhsili
də görməyib. Onlardakı eşq, ucalıq hər
birinin iç dünyasından, genetik yaddaşından
qaynaqlanır. Səslənən ifaların hər biri
əslində bu gün yaşı əsrlərlə ölçülən
Azərbaycan Muğam Kitabının heç vaxt pozulmayacaq,
itib-batmayacaq səhifələri kimi
dəyərləndirilməlidir. "Sarı gəlin"imizin
ayaqqabısını silməyə layiq olmayan Hayk
yetimçələri, vaxtilə Bakının
Zavağzalnıy adlanan küçəsində
veyillənən Boka kimiləri görəsən
uşaqlığında ağsaqqallaşan Elməddindən,
səsini ucaltmağa zirvə axtaran Abgüldən,
püxtələşmiş sənətkar təsiri
bağışlayan Ehtiramdan, abır-həya
mücəssiməsi Güllüdən, Rəvanədən,
dili, ləhcəsi ilə Güneyi-Quzeyi bir daha qovuşduran
Nasirdən utanıb xəcalət çəkəcəklərmi?
Ermənilər bizim musiqi alətlərimizdən muzeylər
düzəldə bilərlər. Amma bircə dəfə
də olsun mizrabı düz vurmağı, hansısa
zənguləyə ayaq verməyi bacarmazlar. Okeanın o
tayından gəlib aylarla muğamatımıza qulaq
kəsilən amerikalılar, musiqimizin
pərəstişkarları olan avropalılar necə,
görəsən Qarabağın hansı millətin, hansı
xalqın olduğunun fərqindədirlərmi?
Musiqisevərlər bəlkə də "Muğam
müsabiqəsi - 2007"-nin bu cür təmtəraqlı,
möhtəşəm keçəcəyini
təsəvvür etməzdilər. Lakin tam ürəkaçıqlığı
ilə demək lazımdır ki, təşkilatçılar
bizə bənzərsiz mahnı bayramı yaşatdılar.
İfaçıların təkrarən səhnəyə
dəvət olunması, zərb muğamların oxunması,
Abgüllə Güllünün "Leyli və Məcnun"
operasından məktəb səhnəsini
özünəməxsus tərzdə ifa etmələri,
nəhayət, "Azərbaycan himni"nin
səslənməsi çox güman ki, muğam
sənətimizin tarixinə yazılan nadir
hadisələrdəndir. Münsiflər heyətinin üzvü,
xalq artisti Əlibaba Məmmədovun
çıxışı da yadda qaldı. Onun
təşkilatçılara, ilk növbədə, Mehriban
xanım Əliyevaya təşəkkürü əslində
bütün muğamsevərlərin yekdil fikrinin ifadəsi
idi.
Bu yazı isə müşahidələrimizin və
müsabiqədən aldığımız xoş
təəssüratın nəticəsidir. Muğam
müsabiqəsi - 2007 tarixdə qalsa da, hələ uzun
müddət musiqi bilicilərinin, təhlilçilərin
və eləcə də opponentlərin başlıca yazı-pozu
və söz-söhbət mövzusu olacaq. Müsbət
cəhətlər, çatışmazlıqlar barədə
mülahizələr söyləniləcək, fikirlər
səslənəcək. Amma bir onu demək istərdim ki,
müsabiqə muğam sənətimizin inkişafında
gerçəkdən-gerçəyə əsl hadisədir
və qızıl səslər sərgisinin əyani
nümayişi kimi təqdir olunmağa layiqdir.
Azərbaycan.- 2008.- 17 yanvar.- S. 6.