Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva "Muğam televiziya müsabiqəsi-2007"nin qalibləri münsiflər heyətinin üzvləri ilə görüşmüşdür

 

Yanvarın 22-də Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva "Muğam televiziya müsabiqəsi-2007"nin qalibləri və münsiflər heyətinin üzvləri ilə görüşmüşdür.
Mehriban ƏLİYEVA görüşü açaraq dedi:
- Əziz qonaqlar, mən sizi Heydər Əliyev Fondunda salamlayıram, xoş gəlmisiniz. Görüşümüzün əvvəlində mən böyük kədər hissi ilə qeyd etməliyəm ki, Azərbaycanın musiqi sənətinə böyük itki üz vermişdir. Görkəmli incəsənət xadimi, məşhur müğənni Lütfiyar İmanov dünyasını dəyişmişdir. Mən əminəm ki, onun yaradıcılığı, onun səsi, mədəniyyətimizdə qoyduğu iz insan ömründən çox-çox uzun yaşayacaqdır. Allah rəhmət eləsin.
Əziz dostlar, mən sizi görməyə çox şadam. Bu gün biz birlikdə "Muğam televiziya müsabiqəsi-2007"nin uğurlu nəticələrini müzakirə edəcəyik. Siz bilirsiniz ki, bu layihə Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyətinin Dostları Fondunun dəstəyi ilə həyata keçirilmişdir. Biz bu layihəni başlayanda əsas məqsədlərimiz qədim Azərbaycan muğamını təbliğ etmək, zəngin muğam məktəbi üçün yeni səslər axtarmaq və əlbəttə ki, gənc ifaçılar üçün, onlara potensialını tam şəkildə reallaşdırmaları üçün şərait yaratmaq idi. Hesab edirəm ki, qarşıya qoyduğumuz bütün məqsədlərə biz nail olmuşuq. Muğam müsabiqəsi çox böyük uğurla başa çatdı və bir daha muğamın möhtəşəmliyini hamıya göstərdi. Bir daha sübut etdi ki, muğam Azərbaycanda ən sevilən, ən dəyərli musiqi janrlarından biridir. Mən bu üç ay ərzində həm Azərbaycandan, həm də xaricdən çoxsaylı məktublar alıram. Bu məktubları göndərən insanlar muğama olan sevgilərindən, hörmətindən yazırlar və bizim bu müsabiqəni dəstəklədiklərini bildirirlər. Demək olar ki, artıq bu muğam müsabiqəsi xalq arasında çox böyük populyarlıq qazanmışdır və mən hesab edirəm ki, yəqin ki, ənənəvi xarakter daşımalıdır. Muğam müsabiqəsinin bütün iştirakçılarını, xüsusilə laureatları, sizi bu parlaq qələbə münasibətilə ürəkdən təbrik edirəm.
Mən bilirəm ki, üç ay ərzində siz çox böyük narahatlıq hissləri keçirmisiniz. Çünki müsabiqə çox ciddi rəqabət şəraitində keçirdi. Bütün iştirakçılar gözəl səsə malik idi və gözəl ifa qabiliyyəti nümayiş etdirdilər. Əlbəttə, belə bir yolun sonunda qalib gəlmək çox şərəflidir.
Mən bir daha sizi təbrik edirəm və gələcəkdə uğurlar arzulayıram. Onu da qeyd etmək istərdim ki, bu müsabiqə ərzində siz öz səslərinizlə, qabiliyyətinizlə xalq məhəbbətini qazanmısınız. Bu, ən vacib amildir və inanıram ki, gələcəkdə bu məhəbbət daha da artacaqdır. Sizin bacarığınız daha da artacaqdır. Ona görə də sizi bir daha ürəkdən təbrik edirəm, yeniyeni uğurlar arzu edirəm.
Mən bu gün münsiflər heyətinin üzvlərinə öz dərin minnətdarlığımı çatdırmaq istəyirəm. Bilirəm ki, bu müsabiqənin hazırlıq mərhələsində siz nə qədər ağır iş görmüsünüz. Ölkəmizin müxtəlif regionlarında olmusunuz, iştirakçıları seçmisiniz, onların ifalarını obyektiv və peşəkarlıqla qiymətləndirmisiniz. Münsiflər heyətində bizim hörmətli muğam ustadlarımızın iştirakı bütün bu müsabiqəni, demək olar ki, açıq bir muğam dərsinə çeviribdir. Hər bir adam buna ustadlarla gənclərin ünsiyyət qurmaq dərsi kimi baxırdı, bu cür qiymətləndirirdi.
Muğam bizim mədəniyyətimizin, Azərbaycan mədəniyyətinin əsas sütunlarından biridir və əlbəttə, onu qorumaq, inkişaf etdirmək, gələcək nəsillərə çatdırmaq hər bir azərbaycanlının mənəvi borcudur. Mən bu gün fürsətdən istifadə edərək bizim ünlü sənətkarlarımıza, muğam ustadlarına muğamın inkişafı, təbliği sahəsində səylərinə görə öz dərin minnətdarlığımı bildirmək istəyirəm. Çox sağ olun!
Siz bilirsiniz ki, Heydər Əliyev Fondu olaraq biz, həmçinin Azərbaycan Mədəniyyətinin Dostları Fondu bu istiqamətdə bir çox layihələr həyat keçiririk. "Qarabağ xanəndələri" musiqi albomu buraxılıb, "Muğam" jurnalı nəşr olunur, "Muğam" ensiklopediyasının həm çap, həm də elektron versiyası hazırlanır. Ən əsası isə hamımızın təməlqoyma mərasimində bərabər iştirak etdiyimiz Muğam Mərkəzi tikilir. Mən inanıram ki, bu ilin avqust ayında birlikdə onun açılışında iştirak edəcəyik. Bu, çox böyük nailiyyətdir. Çünki bu, hər bir muğam ustadı üçün və hər bir muğamsevər üçün doğma ev olacaqdır. Biz müsabiqələrimizi Mahnı Teatrında, filarmoniyada keçirdik, amma mən inanıram ki, gələcəkdə orada keçirəcəyik. Çünki bu, əslində muğamın öz doğma evi olacaqdır. Eyni zamanda bu layihə YUNESKO tərəfindən dəstəklənir və bu, beynəlxalq mərkəzdir. Biz orada beynəlxalq tədbirlər də keçirə bilərik və bütün dünyaya öz muğamımızı tanıtmalıyıq. Bir sözlə, Azərbaycan mədəniyyətinin ən dəyərli irsi olan muğam hər bir azərbaycanlı üçün qiymətlidir, hər bir azərbaycanlı üçün seviləndir. Mən bir daha bu gün sizə öz minnətdarlığımı bildirmək istəyirəm. Çünki siz bu sənətin qorunmasında çox böyük işlər görürsünüz.
Çox sağ olun.
* * *
Muğam müsabiqəsinin münsiflər heyətinin üzvləri - xalq artistləri Əlibaba Məmmədov, Arif Babayev, Ağaxan Abdullayev, Səkinə İsmayılova, Mənsum İbrahimov, Azərbaycan Bəstəkarlar İttifaqının katibi, sənətşünaslıq doktoru, professor Ramiz Zöhrabov, "Muğam televiziya müsabiqəsi" layihəsinin icraçısı, əməkdar incəsənət xadimi Nadir Axundov Azərbaycan mədəniyyətinə göstərilən qayğıya görə Mehriban xanıma minnətdarlıq etdilər. Bildirdilər ki, üç ay ərzində davam edən bu müsabiqə istedadlı ifaçıları aşkara çıxarmaqla yanaşı, mədəniyyətimizin zənginləşməsinə xidmət etmiş, habelə yeni ifaçılar nəslinin yetişməsinə təkan vermişdir. Musiqimizin daha da geniş təbliği üçün gələcəkdə muğamla bağlı beynəlxalq simpoziumların, festivalların keçirilməsi arzu olunur.
Mehriban xanım Əliyeva gələcəkdə Azərbaycan xalq çalğı alətləri ifaçılarının müsabiqəsinin keçirilməsi barədə təklifi razılıq hissi ilə qarşıladı. O, Azərbaycan mədəniyyətinin zəngin ənənələrini bütün dünyada təbliğ etməklə qədim irsimizin bədnam qonşularımız tərəfindən mənimsənilməsi cəhdlərinin qarşısının alınmasında istedadlı gənclərimizin rolunu xüsusi vurğuladı. Bu il Belqradda keçiriləcək "Avroviziya" mahnı müsabiqəsində ölkəmizin iştirak edəcəyini deyən Mehriban xanım Əliyeva Ermənistan təmsilçisinin bu müsabiqəyə təqdim etdiyi mahnının Azərbaycan musiqisi parçalarından ibarət olduğunu xatırlatdı. Bildirdi ki, bu cür halların qarşısını almaq üçün Azərbaycanın istedadlı gəncləri bütün dünyada qədim və zəngin tarixə malik muğamımızı, xalq mahnılarımızı tanıtmaq, sevdirmək üçün çalışmalıdırlar.

 

Azərbaycan.- 2008.- 23 yanvar.- S. 2.