Hüseynov A.

 

Xalqın muğam xəzinəsi

 

Heydər Əliyev Fondu bu xəzinənin qapilarini musiqisevərlərin üzünə geniş açdi

 

Azərbaycan yerüstü və yeraltı sərvətlərinə görə zəngin bir ölkədir. Hazırda ərazicə çox da böyük olmayan bu ölkədə dünyanın bütün cöğrafi gözəlliklərinə təsadüf edilir. Zirvəsi əbədi qar örtüyünə bürünmüş dağlarımız, şırıltısında musiqi təranələri dinlənilə bilən çaylarımız, ceyranların oylağı düzənlərimiz, qız və gəlinlərimizin ətirli və rəngbərəng güllərdən tac bəzədikləri geniş çöllərimiz, dünyada bənzəri olmayan bitki örtüyünə malik zəngin meşələrimiz, gözəlliklər məskəni olan alp çəmənlərimiz, lacivərd suları ilə könül oxşayan dənizimiz dediklərimizə misaldır. Vətən övladlarımız Tanrının verdiyi təbii gözəlliklərdən zövq alaraq lap qədim zamanlardan musiqiyə, heykəltəraşlığa, rəngkarlığa maraq göstərmiş, qarğıdan, ağac parçasından düzəltdikləri primitiv musiqi alətlərində ilkin musiqi "əsərləri" bəstələmiş, ovladıqları vəhşi heyvanların sərt sümüklərindən düzəltdikləri tişə ilə qaya rəsmləri yaratmışlar. Əlbəttə, insanı yaradıcılığa şirnikləndirən amillərdən ən ümdəsi onun fərasəti sayəsində əldə etdiyi qida məhsulları ilə təmin olunması idi. İbtidai insan yeyib doyduqdan sonra gördüklərini qaya təsvirlərində maddiləşdirməyə çalışırdı. Tarixin gedişi boyu yaranmış incəsənət nümunələrindən biri də minilliklərin sınağından çıxaraq ölməzlik qazanmış muğamlarımızdır. Azərbaycanda bütün mahnılar, rəqslər muğam əsasında ərsəyə gəlmişdir. Muğam sehrli musiqidir, onun çox mürəkkəb quruluşu var. Xalq artisti, bənzərsiz muğam ustadı Hacıbaba Hüseynov deyirdi ki, muğamı dərindən öyrənə bilmək hələ heç kimə müyəssər olmamışdır. Muğamı mən də dərindən bilmirəm, o, əfsanəvi dünyanın əfsanəvi nümunəsidir.
Muğam şifahi xalq yaradıcılığı nümunəsidi. Onun nə vaxt və kimlər tərəfindən yarandığı bir sirr olaraq qalır. Muğam ecazkarlıq nümunəsidir. Muğam bütün musiqi əsərlərinin açarıdır. Ona görə ki, bütün musiqi əsərləri bu və ya digər muğam üstündə yazılır. Muğam bir sıra tarixi səbəblərə görə xüsusi bir sistemə malikdir və tamamilə formalaşmış müstəqil bir incəsənətdir. Hər muğamın xüsusi əhəmiyyəti, özünəməxsus xüsusi koloriti var.
XIX əsrdə muğamların sayı 18-dən artıq idi: Kərəmi, Omani-Gərayi, Qəribi, Qara kürd, Arazbarı, Bayatı, Osmanlı, Cığatayı, Ovşarı, Şikəsteyi-Şirvan, Şikəstəyi-Fars, Qarabağ şikəstəsi, Kəsmə şikəstə, Əşiran, Keşiş oğlu, Heydəri, Aşığı, Bağlama və həmin muğamların ifası bəzən 3-4 saat çəkirdi. Dahi Üzeyir bəy öz kolleqalarını ətrafına toplayaraq muğamların sayını 12-yə endirmişdi. Muğam dəstgahları aşağıdakılardır: Rast - Rast ailəsinə daxil olan muğamlar: Mahur-hindi dəstgahı, Orta Mahur, Bayatı-Qacar, Dügah; Şur; Segah (Zabul Segahı); Çahargah; Şüştər; Bayatı-Şiraz; Humayun.
Kiçik həcmli muğamlar - Qatar, Rəhab, Şahnaz, Bayatı-Kürd, Dəşti.
Zərbi muğamlar - Heyratı, Arazbarı, Mənsuriyyə, Səmayi- Şəms, Mani, Ovşarı, Heydəri, Qarabağ şikəstəsi və Kəsmə şikəstə.
Üzeyir bəy genişmiqyaslı əsərlərin ərsəyə gəlməsində muğamın rolunu belə açıqlamışdı: "Segah" muğamı lirik aşiqanə xarakterlidir. Bütün aşiqanə incə xalq nəğmələri bu muğam üstündə qurulmuşdur. Buna görə də mən öz operalarımda aşiqanə səhnələri bu muğamdan faydalanmaqla vermişəm.
Musiqi boyaları ilə xalqın məzlum vəziyyətini, yaxud istismarçı siniflərin qəddarlığını ifadə etmək lazım gəldikdə mən "Çahargah" muğamından faydalanıram. Bundan savayı, mərdlik, sevinc, mübarizə xarakterli "Rast" muğamı da vardır. Şəxsən bu fikirdəyəm ki, muğam sistemi ümumi musiqi mədəniyyətinə bir çox yeniliklər və təravət gətirəcəkdir. Təcrübə göstərdi ki, "Koroğlu" operası bütünlükdə geniş tamaşaçı kütləsinə çata bilmişdir. Bunun səbəbi də operanı yazarkən onun musiqi mətnində və həmçinin yaradıcılıq fantaziyamda muğam sistemini əsas götürməyim olmuşdur".
Böyük muğam bilicisi Əlibaba Məmmədov deyir ki, "müxtəlif muğamlar üstündə yüzdən artıq mahnı bəstələmişəm, amma hansısa bir muğam şöbəsi yaratmaq təşəbbüsüm heç vaxt baş tutmayıb. Yəqin etmişəm ki, muğam özünün yaranma sirlərini əbədi olaraq özündə qoruyub saxlayacaqdır. Muğam və Azərbaycan bir-birini tamamlayan ayrılmaz məfhumlardır. Pifaqorun, Aristotelin (Ərəstunun), Platonun, Əl-Fərabinin, İbn Sinanın, Səfiəddin Urməvinin əsərlərini oxumuş Azərbaycan musiqişünası, əslən şuşalı olan Mir Möhsün Nəvvab muğamın yüksəkliyinə görə dörd əsas elementini (od, hava, su və torpaq) müəyyənləşdirmişdir. Milli muğamlarımızla tanış olanlar bilirlər ki, muğam şöbələrinin yeri onların səs yüksəkliyinə görə müəyyənləşir. Məsələn, Çahargah - (Bərdaşt), Mayeyi Çahargah, Bəstənigar, Hasar, Müxalif, Mənsuriyyə şöbələrindən ibarətdir. Azərbaycan muğam dəstgahının ifaçısı oxumağa aşağı tonlardan başlamalı, get-gedə yüksəklərə qalxmalı, kulminasiyaya çatmalı və axırda əvvəlki yerinə düşməlidir. Beləliklə, Azərbaycan məqamındakı "Od" inkişafın yüksək pilləsidir, bu isə öz növbəsində fiziki xassəyə uyğun gəlir. "Musiqi/muska/muğam məfhumlarının bir-biri ilə əlaqələndirilməsi göstərir ki, muğam termini ərəblərin Azərbaycana gəlişindən qabaq da mövcud olmuşdur. Bunu muğamlarda Novruz, Mani, Xürrəm, Kebri şöbələrinin olması da sübut edir.
Azərbaycan şəhərlərində XIX əsrin 20-ci illərindən başlayaraq XX əsrin başlanğıcına qədər davam etmiş ədəbi-musiqi məclisləri muğam ifaçılığının yayılmasında, ustad muğam ifaçılarının meydana gəlməsində əvəzsiz rol oynamışdır. Şuşadakı "Məclisi fəramuşan", Şamaxıda Mahmud Ağanın "Musiqiçilər cəmiyyəti" və "Beyt-üs səfa", Bakıdakı "Məcməüş-şüəra", Gəncədə "Divani hikmət", Ordubadda "Əncümən-üş-şüəra", Lənkəranda "Fövcül-fusəha" çox məşhur məclislər kimi tanınmışdır. Dövrün tanınmış şairləri, ədəbiyyatçıları, musiqiçiləri, ziyalıları, klassik poeziyanın xiridarları və biliciləri belə məclislərə toplaşaraq oxunan muğamların və qəzəllərin incəliklərinə varır, hamını maraqlandıran mətləbləri müzakirəyə çıxarırdılar. Bir sözlə, həmin məclislər muğam ifaçılığı mərkəzləri sayılırdı.
Muğam ifaçılıq mədəniyyəti bütün Qafqazda və İranda məşhur olan ustad musiqiçi-xanəndələrin yaradıcılıq nailiyyətləri zəminində təşəkkül tapmışdı. Mirzə Səttar, Hacı Hüsü, Əbülhəsən xan Azər İqbal, Mirzə Muxtar Məmmədzadə, Cabbar Qaryağdıoğlu, Ələsgər Abdullayev, Əbdülbaği Zülalov, Ağasəid Ağabala oğlu, Mirtağı Mirbabayev, Məcid Behbudov, İslam Abdullayev, Məşədi Məhəmməd Fərzəliyev, Hüseynqulu Sarabski, Seyid Şuşinski və Xan Şuşinski, Keçəçi oğlu Məhəmməd, Bülbül və Zülfüqar Adıgözəlov həmin xanəndələr sırasında idilər. Tarzənlərdən Mirzə Sadıq Əsəd oğlu, Mirzə Fərəc Rzayev, Məşədi Cəmil Əmirov, Şirin Axundov, Məşədi Zeynal Haqverdiyev, Mirzə Mansur Mansurov, Qurban Pirimov, Bakıxanov qardaşları, Paşa Əliyev, Firudin Əlizadə, kaman ustalarından İsmayıl Talışinski, Qılman Salahov, qarmonçalan Abutalıb Yusifov, Əhəd Əliyev, Kərbəlayi Lətif, Teyyub Dəmirov, zurnaçı Əli Kərimov ustad musiqiçilər kimi tanınırdılar. Muğam tariximizin sovet dövründə Əbülfət Əliyevin, Qulu Əsgərovun, Nəriman Əliyevin, Həqiqət Rzayevanın, Yavər Kələntərlinin, Cahan Talışinskayanın, Fatma Mehrəliyevanın, Rübabə Muradovanın, Sara Qədimovanın, Şövkət Ələbərovanın, Töhfə Əliyevanın, Hacıbaba Hüseynovun, Yaqub Məmmədovun, tarzənlərdən Əhsən Dadaşovun, Bəhram Mansurovun, Baba Salahovun, Kamil Əhmədovun, Hacı Məmmədovun, Həbib Bayramovun, Məmmədağa Muradovun, Xosrov Məlikovun, Əmrulla Məmmədbəylinin, Adil Gərayın, kaman ustalarından Qılman Salahovun, Tələt Bakıxanovun, Elman Bədəlovun, Ədalət Vəzirovun, qarmonçalanlardan Lətif Əliyevin, Abutalıb Yusifovun, Əhəd Fərzəli oğlunun (Kor Əhədin), Məşədi Əlinin, Teyyub Dəmirovun, nəfəs alətlərində çalanlardan Nadir Axundovun, Ağasəf Səidovun, Firuz Zeynalovun muğam ifasına böyük töhfələr vermələri qeyd olunmalıdır.
Sonrakı dövrdə Əlibaba Məmmədov, Arif Babayev, Ağaxan Abdullayev, Alim Qasımov, Qəndab Quliyeva, Səkinə İsmayılova, Gülyaz Məmmədova, Mənsum İbrahimov, Mələkxanım Əyyubova və başqaları, tarzənlərdən Möhlət Müslümov, Sərvər İbrahimov, Ağasəlim Abdullayev, Vamiq Məmmədəliyev, Firuz Əliyev, kamançaçalanlardan Habil Əliyev, Mirnazim Əsədullayev, Şəfiqə Eyvazova, Fəxrəddin Dadaşov və başqaları muğam ifaçılığının böyük sənətkarlarıdır.
Azərbaycan musiqiçiləri müsəlman Şərqində ilk dəfə olaraq Avropada qastrol konsertləri verməklə əcnəbi dinləyici auditoriyasını muğamlarımızın gözəllikləri ilə tanış edir, həm də ifalarını qramofon vallarına yazdırırdılar. İlk dəfə 1906-cı ildə ingilis səhmdar cəmiyyəti "Qrammafon" Azərbaycan musiqisini məşhur xanəndə Cabbar Qaryağdıoğlunun və digər Azərbaycan musiqiçilərinin ifasında vala yazdırmışdı. 1906- 1914-cü illərdə bir neçə Avropa qramyazı firması, o cümlədən Fransanın "Pate qardaşları" şirkəti, Almaniyanın "Sport-Rekord" səhmdar cəmiyyəti, Rusiyanın "Ekstrafon", "Konsert-Rekord", "Monarx-Rekord", "Qrammafon-Rekord", "Premyer-Rekord" şirkətləri Azərbaycan muğamları, təsnifləri və rəngləri yazılmış çox sayda valları satışa çıxarmışdılar.
Azərbaycanda sovet rejimi hakimiyyətə gələndən sonra muğamlarımıza etinasızlıq göstərilməyə başlanıldı. Muğamlarımızın keçmişin primitiv musiqi nümunələri olduğunu və xalqın zövqünü korlamaq məqsədi daşıdığını deyənlər də meydana çıxmışdı. Xalqımızın əzəli musiqi aləti olan tara düşmən münasibət kəsilmişdi. Deyirdilər ki, Avropa gitarası olan yerdə Azərbaycan tarına ehtiyac varmı?
Sovet hökumətinin apardığı "Dəmir pərdə" siyasəti musiqimizin dünya arenasında səslənməsinə qadağa qoymuşdu. Həmin dövrdə Qərb aləmində Şərq musiqisinə marağın artdığı bir zamanda (XX əsrin ilk onilliklərində) xalqımızın çox istedadlı musiqiçilərinin Avropaya çıxış yolu tamam bağlanmışdı. Qərbin bədii bazarında ərəb, İran və türk ənənəvi musiqisi təbliğ olunurdu.
20-ci illərdən etibarən 70-ci illərin başlanğıcına qədərki dövrədək Azərbaycan cəmiyyətində muğama primitiv incəsənət nümunəsi kimi baxılmasına baxmayaraq, xalqımızın muğama olan sevgisi azalmırdı. XX əsrin 70-ci illərindən başlayaraq YUNESKO-nun himayəsi altında keçirilən beynəlxalq ənənəvi musiqi simpoziumları və festivallarından sonra muğam incəsənətinə münasibət yaxşılığa doğru dəyişməyə başladı. Bu tədbirlər sovet cəmiyyətində geniş rezonans yaratdı. Muğam musiqisi yüksək professional incəsənət nümunəsi kimi dəyərləndirilməyə başlanıldı. XX əsrin 90-cı illərindən etibarən Azərbaycanın muğam incəsənəti bütün dünya dinləyicilərinin, mütəxəssislərinin və menecerlərinin maraq dairəsində özünə yer tapdı. Bizim Alim Qasımovun və digər fenomenal xanəndələrimizin dünya səhnələrində uğurları xalqımıza başucalığı gətirir. Ölkəmizin birinci xanımı Mehriban Əliyevanın Heydər Əliyev Fondunun prezidenti kimi fəaliyyətə başladığı vaxtdan incəsənətimizin bir çox sahələrinin, xüsusilə də şifahi xalq incəsənətinin incisi sayılan muğamlarımızın vətənimizin sərhədlərini aşaraq dünya miqyasında sevilməsinə yönəldilmiş təşəbbüsləri uğurla nəticələndi, Azərbaycan muğamı YUNESKO-nun Qeyri-maddi irs dünyası siyahısına salındı. Ölkə daxilində gənclərimizin muğam biliciləri səviyyəsinə qalxması üçün musiqi məktəblərində xüsusi muğam şöbələri açıldı. Muğamlarımızın sorağını alan əcnəbi ölkə musiqiçiləri bu sahədə ilk addımlarını atdılar. Onlardan biri də ABŞ vətəndaşı Cefri Verbok idi. Cefri hazırda xarici ölkələrdə və vətəndaşı olduğu ABŞ-da muğamlarımızın qızğın təbliğatçısıdır. Bu yaxınlarda Rəşid Behbudov adına Mahnı Teatrında Cefri Verbokla keçirilmiş görüşdə çıxış edən ABŞ-ın Azərbaycandakı səfiri xanım Ani Ders iki ölkə arasında münasibətlərin inkişafından danışmış, Verbokun Azərbaycan muğamlarının təbliğində əməyini xüsusi vurğulamışdır. Azərbaycana sonsuz məhəbbət bəsləyən, muğamlarımızı yüksək professionallıqla ifa edən Cefri Verbok verdiyi konsertdə tarda, kamançada və udda "Bayatı-Şiraz", "Şur", "Şüştər" muğamlarını və s. çalmışdır. Amerikalının bu ifaçılıq məharəti onu dinləyənləri heyran qoymuşdur. Cefrinin ana dilimizdə də səliqəli danışığı ona ümumxalq sevgisi qazandırmışdır. Azərbaycanda muğam ifaçılığını həvəskarların da malı etmək üçün səy göstərən Az.TV-nin musiqi departamentinin rəisi Nadir Axundovun əməyi xüsusi qeyd edilməlidir. O, hələ 2005-ci ildə "Space" telekanalında musiqi departamentinin rəisi olan zaman ilk dəfə muğam müsabiqəsi keçirilərkən özünün bütün təşkilatçılıq qabiliyyətini meydana qoymuşdu. Həmin ildə keçirilən muğam müsabiqəsində regionlardan seçilmiş istedadlar iştirak edirdilər.
Müsabiqənin laureatı olmuş Təyyar Bayramov hazırda Opera və Balet Teatrımızın solistidir. O, çoxdan bəri əsl ifaçı həsrətində olan Şah İsmayılın (M.Maqomayevin "Şah İsmayıl" operasında) obrazını uğurla yaradır, ifa baxımından əlçatmaz pərdələrdə asanlıqla gəzişə bilir, bir sözlə, özünü yüksəlməkdə olan solist kimi aparır. Həmin müsabiqənin digər ifaçıları da enişli-yoxuşlu muğam yolları ilə irəliləməkdədirlər.
Təqribən 3 ay bundan əqdəm Heydər Əliyev Fondunun dəstəyi ilə Azərbaycan Mədəniyyəti Dostları Fondunun layihəsi əsasında keçirilən "Muğam televiziya müsabiqəsi-2007"nin uğurla sonuclanmasında Az.TV-nin Musiqi Verilişləri Departamentinin rəisi, müsabiqənin baş icraçı təşkilatçısı Nadir Axundovun böyük zəhməti olmuşdur. Başda Nadir müəllim olmaqla respublikanın xalq artistləri Əlibaba Məmmədovdan, Arif Babayevdən, Ağaxan Abdullayevdən, Səkinə İsmayılovadan, Mənsum İbrahimovdan, elmlər doktoru, professor Ramiz Zöhrabovdan, elmlər namizədi İbrahim Quliyevdən ibarət münsiflər heyəti Azərbaycan bölgələrində - Şamaxıda, Şəkidə, Gəncədə, Bərdədə, Lənkəranda təqribən 500 gənc ifaçı dinləmiş, ifa tərzini bəyəndikləri 60 nəfəri Bakıya gətirmiş, seçim edərək 20-sini müsabiqəyə buraxmağı qərara almışdı. Müsabiqə zamanı istedadı SMS ilə yox, mütəxəssislərin rəyi ilə seçmək qərara alınmışdı. Bakıda müxtəlif telekanallar ilə keçirilən müsabiqələrin SMS əsasında yekunlaşdırılması təcrübəsi göstərmişdir ki, SMS seçimi bu və ya digər istedadın ifa qabiliyyətini düzgün müəyyənləşdirməyə imkan vermir. Arxası güclülər zəif olsalar da, SMS bolluğuna görə "qalib" sayılırlar. Bu isə ədalətin boğulması deməkdir.
Sonda 20 ifaçıdan ən yaxşıları sayılan 6-sının Dövlət Filarmoniyasında birinci-üçüncü yerlər uğrunda yarışması qərara alınmışdı. Bu yarışmada münsiflərin qiymət xalları verməyəcəkləri razılaşdırılmışdı. Xəbər verilmişdi ki, hər bir iştirakçı 2 dəfə oxuyacaq - birinci dəfə muğam, ikinci dəfə isə zərb-muğam və şikəstə oxuyacaqlar. Müsabiqənin sonunda münsiflər müəyyən qərara gəlmək üçün məşvərət otağına toplaşacaq və yer bölgüsünü müəyyənləşdirəcəkdilər.
Onu da deyək ki, müsabiqə başlayan gündən respublikamızın bütün bölgələrində muğam bayramı ovqatı yaratmışdı. Böyükdən tutmuş kiçiyə kimi hamı müsabiqənin keçirildiyi ikinci və dördüncü günləri səbirsizliklə gözləyirdi. Bakı sakinləri muğama vurğunluqlarını ifadə etmək üçün tələsirdilər. Hətta indiyədək muğama bir o qədər də əhəmiyyət verməyənlər də onun aludəçisinə çevrilmişdilər. Bir sözlə, vətənimizdə muğam bumu yaşanırdı. Bunun bir səbəbi də münsiflərin bu və ya digər ifaçının oxumaq qabiliyyətini açıq-aydın bildirmələri idi. Onların fəaliyyəti ancaq obyektivlik üzərində qurulmuşdu. Heç kimin mənliyinə toxunan hərəkət edilmirdi (digər telekanallarda keçirilən ifaçılıq müsabiqələrinin çoxunda belə hərəkətlərə yol verilməsi adi haldır). Muğamları dərindən bilən münsiflər hər bir ifadan sonra öz subyektiv fikirlərini bildirirdilər. Onlar gənc istedadlarla sanki muğam dərsi keçirdilər. Məsələn, şəxsiyyətinə pərəstiş etdiyim Əlibaba Məmmədovu "muğam akademiki" adlandırmaqdan fəxarət duyurdum. Ona görə ki, Əlibaba müəllim oxunan muğam parçalarını şöbə-şöbə elə məharətlə xırdalayırdı ki, ifaçının ağzı açıla qalırdı, bilmədiklərini öyrənməyə, tutulan iradları aradan qaldırmağa çalışırdı. Muğam professoru Arif Babayevin gənc ifaçılara münasibəti istəyən valideyn səciyyəsi daşıyırdı. Çıxış uğurlu olanda sevinir, uğursuz olanda az qala kədərlənirdi. Bu, istəyən və istənilən müəllimə xas olan cəhətdir. Yaxşı ifaçı olmaqla yanaşı, həm də istedadlı pedaqoq olan xalq artisti Mənsum İbrahimov müsabiqənin gedişi zamanı ifa incəliklərinə yiyələnmək vərdişləri təlqin etdiyi ifaçılırın öz uğurlarından dərhal lovğalanmamalarını arzulayırdı. Deyirdi ki, siz nə qədər istedadlı olsanız da, hələ tələbə olduğunuzu unutmamalısınız. İstedad ancaq böyük zəhmət sayəsində cilalanır. Professor Ramiz Zöhrabovun hər deyimində muğam elminin incəliklərindən, onun tərkib hissələrinin xüsusiyyətlərindən bəhs etməsi peşəkarlarda da, qeyri-peşəkarlarda da maraq doğururdu. Hamı deyilənlərdən nəsə əxz etməyə çalışırdı. Nəğməkar xanım, xalq artisti Səkinə İsmayılova müsabiqə ifaçılarına intəhasız istəklə yanaşırdı. O, gənc istedadların hamısının oxumasından böyük zövq alırdı. Münsif həmkarlarına ifaçıların hələ püxtələşməmiş olduqlarını xatırladırdı. Buraxılan səhvlərin tezliklə aradan qaldırılması üçün müsabiqə iştirakçılarına yol göstərirdi. Çöhrəsində həmişə razılıq ifadələri sezilirdi.
Dünyada 1 nömrəli muğam ifaçısı kimi məşhurlaşmış xalq artisti Alim Qasımovun ixtisas müəllimi olmuş xalq artisti Ağaxan Abdullayev müsabiqənin gedişi zamanı iştirakçılara öz iradlarını bildirərkən xoşniyyətli müəllim kimi danışırdı. Muğamları və qəzəliyyatı son dərəcə yaxşı bilən Ağaxan müəllim həmişə çalışırdı ki, gənclərə professionallıqdan doğan məsləhətlər versin. Sənətşünaslıq sahəsində istedadlı alim kimi tanınan elmlər namizədi, Azərbaycan Mədəniyyətinin Dostları Fondunun icraçı direktoru İbrahim Quliyev ifaçı gənclərin dil mədəniyyətindən düzgün yararlanmaları üçün nə etməli olacaqlarını xüsusi vurğulayırdı. Deyirdi ki, oxunan qəzəllərin sözlərinin düzgün tələffüzü uğurun yarısıdır, çünki muğam musiqinin və qəzəllərin sintezindən ərsəyə gəlmiş incəsənət nümunəsidir. Münsiflərin hamısının özlərini ləyaqətlə aparması onlara dinləyici məhəbbəti yaratmışdı.
Müsabiqənin gedişi zamanı hansı iştirakçının daha fərqli olduğu tədricən üzə çıxırdı. Müsabiqədə 11 yaşlı Elməddin İbrahimovun uğurlu çıxışları Azərbaycan diyarının, demək olar ki, bütün bölgələrində ona solmaz aura yaratmışdı. O, ilk dəfə estrada podiumunda görünən zaman bəzi bədgümanlar deməyə başlamışdılar ki, Elməddinin müsabiqə iştirakçısı olmaq istəyi heç vaxt reallaşmayacaqdır. Onlar deyirdilər ki, bu uşaq çətin ki, müsabiqənin ağırlığına tab gətirə bilsin. Yəqin ki, üç-dörd çıxışdan sonra müsabiqəni tərk etməli olacaq. Lakin Elməddin öz qoçaqlığı sayəsində müsabiqənin bütün mərhələlərindən qalib çıxdı. Qəribə cəhət odur ki, Elməddin hər bir turda yeni-yeni muğamlarla özünü göstərirdi, özünü uşaq kimi yox, ağlı başında kişi tək aparırdı. Səhnəyə çıxanda həyəcan hissindən əsər-əlamət olmurdu. Az qala elə özü ağırlığında qavalda da məharətlə çalmağı öyrənmişdi. Bizə elə gəlir ki, Elməddinin yaşının bu vaxtında qaltanlı səslə oxuya bilməsi onun fizioloji inkişaf - yetkinlik dövrünü xətərsiz-ətərsiz keçirəcəyinə inam yaradır. Kaş belə olaydı. Böyük Tanrı Elməddini xalqımıza ərməğan edib. Onun çox geniş diapazonlu, xoş tembrli səsi, muğamları cani-dildən duyma qabiliyyəti var. Elməddin ifadan qorxmur, həmişə ifa şücaəti göstərir. Turların birində "Şahnaz" muğamı ilə çıxışa hazırlaşan Elməddinə sənət müəllimi Mənsum İbrahimov məsləhət görmüşdü ki, muğamın "Şəddi Şahnaz" hissəsini oxumasın. Ona görə ki, Elməddin soyuqlamışdı və müəllimi qorxurdu ki, muğamın çox zil pərdələrində ilişə bilər, yəni səsi çatmaz. Lakin Elməddin prinsipiallıq göstərərək müəllimini əmin etmişdi ki, zil pərdələrdə gəzişmək iqtidarındadır, müəlliminin təlaş keçirməsi üçün heç bir əsas yoxdur. Oxucuların nəzərinə çatdırmaq istəyirik ki, "Şahnaz" muğamının çox mahir ifaçısı ölməz ifa qabiliyyəti və əfsunlayıcı səsi ilə qəlbləri riqqətə gətirən Xan Şuşinski olub. Üzeyir bəyin "O olmasın, bu olsun" operettasının kinoversiyasını görənlər Xan əminin 2-3 dəqiqə ərzində bu muğamı necə də bənzərsiz məharətlə oxuduğunun şahidi olublar. Sevindirici haldır ki, Elməddin öz müəllimi Mənsum İbrahimovun məsləhəti ilə Xan əminin "Şahnaz" ifaçılığı üslubuna üstünlük verməyi qərarlaşdırmışdı. Həmin muğamın başlanğıcında onun qəflətən çox zil pərdəyə ayaq etməsi dinləyici-tamaşaçıları yerindən tərpətdi. "Zil Şahnaz"da Elməddin heyranedici gedişləri ilə yaddaşlara həkk olundu. Elməddin "Qarabağ şikəstəsi"ni də eynilə Xan əminin yolu ilə oxudu. Bütün bunlar onu göstərir ki, Elməddin dünyaya muğam qanadları üstündə gəlib. Onun qanı və canı muğam kökü üstündə təşəkkül tapıb. Sağ olsun münsiflər ki, Elməddinin bu böyük qeyri-adi istedadını layiqincə qiymətləndirdilər və o, müsabiqə nərdivanının ən yuxarı pilləsində öz yerini tutdu.
Müsabiqədə Elməddin ilə birlikdə birinci yerə layiq görülən Güllü Muradovanın bu uğuru muğamsevər millətimiz tərəfindən çox düzgün proqnozlaşdırılmışdı. Güllünün səsinin ürəkaçan tembri və tarın ən zil pərdəsi ilə yarışda qalib çıxan səsi, demək olar ki, bütün dinləyicilərin qəlbinə heyranedici təsir göstərə bilmişdi. Onun tələffüz tərzi də tərifəlayiqdir. Zəngulə yerlərində Güllünün sürəkli cəh-cəhi bəlkə də bülbülləri də mat qoymaq iqtidarındadır. Son dərəcə sevindirici haldır ki, Güllü müsabiqənin çox ağır imtahanlarından qalibiyyətlə çıxdı və yüksək mükafata layiq görüldü.
Ehtiram Hüseynovla birlikdə ikinci yerə layiq görülmüş Abgül Mirzəliyev ifaçılıq baxımından çox böyük tərifəlayiq xanəndədir. O, yüksək ifa mədəniyyətinə sahibdir. Abgülün ifasını dinləyənlər onun həm də böyük səhnə mədəniyyətinə malik ifaçı olduğunu lazımınca dəyərləndirə bildilər. Misilsiz muğam ustadı Xan əmiyə xas oxu mədəniyyətinin izləri Abgüldə də izlənir. Xan əmi oxuyanda yalnız 2-3 qabaq dişləri görünərdi, bəzi ifaçılar kimi ağzını geniş açıb dilçəyini göstərməzdi. Abgül də ifa zamanı özünü gücə salmadan sərbəst oxumaq qabiliyyətinə malikdir. O da oxuyan zaman ağzını cüzi açır və estetik baxımdan çox yaxşı təsir bağışlayır. Onun bütün ifaları xoşagələndir. Çünki tükənməz səs imkanları var. Ancaq "Şirvan şikəstəsi"nin ifası gözəldən də gözəldir.
Ehtiram Hüseynov artıq yetkinləşmiş xanəndə kimi tanınmaqdadır. Onun həzin səs tembri və zəngin boğaz xırdalıqları oxuduğu muğam parçalarına xüsusi gözəllik verir. Ehtiramın ifasında səslənən "Sarı gəlin" mahnısı öz axıcılığı və vurğuları ilə bizimlə həmsərhəd olan ərazidə məskunlaşan acgöz millətin hər bir musiqi parçamıza sahib çıxmaq arzusunu ürəklərində qoydu. Həmin millətin musiqiçi nümayəndələrinin həmişə başqalarının yaradıcılıq nümunələrini özününküləşdirmək hesabına yararlanmaq niyyətləri puç oldu. Onlar bilməli idilər ki, azərbaycanlı ifaçıların ayaqqabılarını geyə bilərlər, amma onların yerişlərini yeriyə bilməzlər. İnamla deyə bilərik ki, Ehtiramın muğam duyumu anadangəlmə olduğu üçün müsabiqə repertuarındakı bütün muğamlar və təsniflər xoşagələndir. Buna görə də dinləyici Ehtiramın ifasından doymaq bilmir.
Müsabiqənin üçüncü pilləsinin sahibi Rəvanə Ərəbova özünün və səsinin qəlboxşayan incəlikləri ilə dinləyicilərin ovqatını gözəllik aləminə kökləyir. O, səsini çox bacarıqla idarə etməklə dinləyici ruhunu ustalıqla oxşaya bilir.
Üçüncü yerə layiq görülmüş digər ifaçı Nasir Ətapur geniş ifa imkanlı xanəndədir. Səs diapazonu yetərincə genişdir. İfası xoş təsir bağışlayır. Səhnə mədəniyyəti də başqalarına nümunə ola bilər.
Onu da deyək ki, müsabiqədə iştirak hüququ almış ifaçıların 20-si də tərifəlayiq gənclərdir. Onlara - Aida Əliyevaya, Vüsal Zamanova, Şəmsəddin İbrahimova, Nişanə Baxışovaya, Qızılgülə, Aysel İsmayılovaya, Rəhman Məmmədova, Ülkər Axundovaya, Könül Tağıyevaya, Rəna Qafarovaya, Sevda Nurəliyevaya, Malik Həsənova, Cabir Həsənova, Tale Balakişiyevə və digər ifaçılara mənəvi dayaq kimi diplomant diplomlərı verilməsi gələcək uğurları üçün yaxşı zəmindir.
Bütün müsabiqə iştirakçılarını əvvəldən-axıradək müşayiət edən sazəndələr - tarzən Sahib Paşazadə, kamançaçı Toğrul Əsədullayev virtuoz instrumentalçı olduqlarını böyük ustalıqla sübuta yetirdilər.
Müsabiqə həm də oxumağın sirləri açıqlanan məktəb kimi də dəyərləndirilə bilər. Çünki istedadların müsabiqənin gedişi zamanı professionallıq xüsusiyyətlərinə nail olduqları göz qabağında idi.

Ölkəmizin layiqli əmək və sənət adamları ilə dolu Dövlət Filarmoniyasında müsabiqənin yekun konsertinin Azərbaycanın Dövlət himni ilə yekunlaşması xalqımızın həm mədəniyyət, həm iqtisadiyyat sahəsində möhtəşəm bir durumda olduğunu sübuta yetirdi. Ən yayiqli ifaçıların üzə çıxarılaraq xalqın xidmətinə verilməsi məramı baş tutdu. Tədbir iştirakçıları dəfələrlə geniş muğam yaradıcılığına dəstək verən Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın və ölkə Prezidenti İlham Əliyevin ünvanına gurultulu alqışlar səsləndirdilər. Bu, xalq ilə Prezident arasında sarsılmaz birliyin ifadəsi idi.

 

Azərbaycan.- 2008.- 23 yanvar.- S. 6.